ƏDƏBİ HƏYAT

 

  Bir el şairinin şeirləri haqqında

 

  Polad İlyas... Ömür yolu Laçın rayonunun Alxaslı kəndindən başlayıb. Orada yeddiilllik məktəbi, Laçın şəhərində isə orta məktəbi bitirib. Sonra Politexnik İnstitutunda oxuyub. İnstitutu bitirəndən sonra Rusiyanın Tomsk şəhərində, meşə təsərrüfatında mühəndis-mexanik işləyib. Sonra Azərbayjana qayıdıb, yenə tikinti və nəqliyyat sahəsində müxtəlif vəzifələrdə çalışıb. 68 il il (1931-1999) yaşayıb.

   Bir insanın bir neçə jümləyə sığa bilən ən qısa tərcümeyi-halıdır bu. Təbii ki, belə bir tərcümeyi-halda o insanın keçdiyi ömür yolu, bu yolun enişləri, yoxuşları, qışı, baharı, payızı, sevinci, kədəri haqda heç nə öyrənə bilməzsən.

   Amma Polad İlyas dediyimiz bu şəxs həm də şair idi. Ölümündən sonra onun övladları Poladın müxtəlif illərdə yazdığı qoşmaları, təcnisləri, qəzəlləri, hecada yazdığı digər şeirləri bir araya toplayıb kitab kimi çap etdilər. Tanınmış şairlər-İlyas Tapdıq və Zəlimxan Yaqub "Dünya, sənin qəm yükünü daşıdım" adlı bu kitaba ön söz də yazmışlar.

   Kitabın adı "Dünya, sənin qəm yükünü daşıdım" adlanır. Onu oxuyub başa çatdırandan sonra istər-istəməz bu kitaba QƏM DASTANI kimi baxdım. Bizim dastanlarda çox nadir hallarda final səhnəsi ölümlə-itimlə başa çatır. O dastanlarda qəhrəmanlar fələyin gərdişinə, düşmənlərin hiyləsinə ya namərdlərin məkrinə düçar olur. Polad İlyasın kitabındakı şeirlər də bütövlükdə QƏM DASTANINI xatırladır. Amma o dastanlardan fərqli cəhəti orasındadır ki, bu QƏM DASTANI heç də ümidsizlik doğurmur, qəhrəman ölmür, həyatında, yaşadığı məmləkətdə məmləkətdə nə qədər cövrü-cəfa çəkirsə, sabaha inamını itirmir.

   Polad İlyasın şeirlər kitabı "Qarabağ"la açılır:

  

   Səndə var cahi-cəlal;

   Kür qırağı, Xan meşəsi,

   İldə dörd fəsli-bahar

   cənnəti-rizvan guşəsi,

   Gecənin, gündüzünün

   getməz ürəkdən nəşəsi,

   Səni kim görsə əgər,

   sınar könlün qəm şişəsi,

   Bir gələn, bir də gələr, şux

   sənəmimsən Qarabağ,

   Sevirəm mən səni-yurdum,

   vətənimsən Qarabağ.

   Bağlıyam mən sənə,

   düz əhd ilə, peymanım ilə,

   Əssə yel, qopsa tufan,

   sədd çəkərəm canım ilə,

   Yuyaram dəysə ləkə

   şanına, öz qanım ilə,

   Haqqıdır fəxr eləyim,

   mən belə ünvanım ilə,

   Ana tək duyğulara

   hökm edənimsən Qarabağ,

   Sevirəm mən səni, yurdum,

   vətənimsən Qarabağ.

     

   Kitabda QARABAĞ OBRAZI iki aspektdə diqqəti cəlb edir. Birincisi; gözəlliklər məskəni, dünyanın muğam guşəsi, gözəl şairləri, sənətçiləri ilə və gözəl insanları ilə tanınan Qarabağ. İkincisi: yaralı Qarabağ. Birinci halda şair tərənnümə, vəsfə meyl edir, Qarabağın füsunkar gözəılliklərinə nəğmələr qoşur. İkincisində isə qəmlidir, hüznlüdür, gözü qan ağlayır.

   Polad İlyasın qəm dastanında lirik qəhrəman (şairin özü) "Vətəndə vətənsiz qalmışam, Laçın", "Qara gün başıma çəkib əllərin, Vaxtsız qocalmışam, ay mənim Şuşam", "Laçındadır o nisgilli dağlarım, qan ağlayır ürəyimin telləri" deyir. O dağların, o bülbüllü bağçaların, o çöllərin, o meşələrin həsrətini çəkir. Bu həsrət, bu nisgil, bu sızıltı...hamısı ürəkdən gəlir. Ona görə qəm dastanında qisas çağırışları eşidilir:

  

   Öz haqqını tələb edən

   ellər qalxıb ayağa,

   Azadlıq, qisas deyən

   dillər qalxıb ayağa,

   Ürəklərdə çağlayan

   sellər qalxıb ayağa,

   Dalğalansın Xəzər kimi

   Bakı, Təbriz, Qarabağ,

   Əsən külək, tufan eylə,

   yağan yağış, bir də yağ,

   Daha vaxtdır, azadlığa

   çıxmalıdır bu torpaq.

 

   Ey xalqımın qeyrət

   dolu igidləri, mərdləri,

   Parçalayın zəncirləri,

   sərhədləri, sədləri,

   Qoy silinsin qəlbimizdən

   ayrılığın dərdləri,

   Körpü olum Araz üstdən-

   sinəm keçid, qolum tağ,

   Məndən keçsin Bakı-Təbriz,

   məndən keçsin Qarabağ,

   Daha vaxtdır, azadlığa

   çıxmalıdır bu torpaq.

  

   Vətənpərvərlik ruhu ilə yoğrulmuş bu şeirlərdə haray, çağırış, qisas motivləri daha gur səslənir, qəm dastanına bir nikbinlik gətirir.

   Bizim tanınmış şairlərimizin müraciət etdikləri mövzulara Polad İlyas da müraciət edir. Poetik səviyyə özünü göstərsə də, bir cəhəti vurğulamağı vacib sayıram. O da bundan ibarətdir ki, Polad İlyasın şeirlərində xalqdan gələn nəfəs daha güclüdür. Məsələn, onun "İlahi" adlı bir şeiri var. Bu şeiri oxuyursan və düşünürsən ki, həmin şeiri ancaq dünyanın odundan-alovundan keçən, enişindən-yoxuşundan adlayan bir el ağsaqqalı söyləyə bilər:

  

   Aləm nədir? Dərk üçün

   çox xəyala dalmışam,

   Bu dünyada hər şeyə

   min yol nəzər salmışam.

   Bu möhtəşəm qurğuya

   daim heyran olmuşam,

   Oddan, sudan, torpaqdan

   verirsən bar, İlahi,

   Vurduğun hər nəqşədə

   möcüzə var, İlahi.

  

   Gah sevincdə, gah

   qəmdə yaşanır illər belə,

   Əsir küləklər belə,

   çağlayır sellər belə

   Bir-birini izləyir aylar,

   fəsillər belə.

   Yazında yağış yağır,    

   qışında qar, İlahi,  

   Vurduğun hər nəqşədə    

   möcüzə var, İlahi.

      

   Ülvi bir gözəllik var    

   təbiətin özündə,

   Ovsunlayır qəlbləri    

   işvəsində, nazında.  

   Kərəm oda yananda    

   Ədalətin sazında,  

   Elə bil Məsihaya

   qururlar dar, İlahi,

   Vurduğun hər nəqşədə    

   möcüzə var, İlahi.

     

  Polad İlyas el şairidir desək, səhv etmərik.Onun səsi elin səsidir. Öz doğma yurdundan qaçqın düşən, çadırlarda yaşayan və o doğma yerlərin həsrətini çəkən yurddaşlarımızın səsi, harayıdır onun səsi, harayı. Bu şeirlərdə həm də tarix boyu əraziləri kiçilən, parçalanan bir xalqın ən sadə nümayəndələrinin səsini eşidirik. Bu sadə insanlar tribunalardan "Vətən, Vətən" deyib Vətənin dar günündə ona bir çöp qədərində xeyri dəyməyən adamlardan deyillər. Onlar həqiqi vətənpərvərdirlər. Polad İlyas da məhz bu insanların şairidir.   

   Polad İlyasın şeirlərinin bir qismi "Düşüncələr" rubrikası ilə təqdim edilib. Bu şeirlər bir el ağsaqqalının həyat, ölüm, vətən, torpaq, azadlıq haqqında fikir və duyğularını ifadə edir. Bununla yanaşı, həmin şeirlərdə şairin öz mühitindəki qəlbi napak, əqidəsi dəyişkən insanlara münasibəti də öz əksini tapır. Burada da biz onun harayını eşidirik:

      

   Qurd da, quş da öz dilində    

   bir-birini səsləyir,    

   Ən yırtıcı heyvan    

   belə balasını bəsləyir.  

   Bu dağdakı külək

   bəzən qarşı dağda əsməyir,  

   Gah bu dağdan,    

   gah o dağdan danışandan    

   dad... haray!

         

   Azmı məgər xəbərsiz var

   dünyanın gərdişindən,  

   Baharın xoş gəlişindən,    

   payızın gedişindən?  

   Mal-dövlətə tamah salıb,    

   vaxt tapmayıb işindən,  

   Öz adını özgələrdən soru

  

   şandan dad... haray!

   Kitabda bu el şairinin ən çox müraciət etdiyi şeir forması qoşmadır.Bu da təbiidir, çünki bütün el şairlərinin poetik hünəri, bacarığı daha çox qoşmada bəlli olur. Bu qoşmalar müztəlif mövzuları əhatə edir. Bir qismi ustadnamələri xatırladır, didaktik ünsürlərlə, faydalı, xeyirxah nəsihətlərlə diqqəti cəlb edir. Bir qtsmində sevgi, saf məhəbbət hissləri təbliğ olunur. Qalanları isə müxtəlif mövzularda qələmə alınıb. Hiss olunur ki, Polad İlyas xalq ədəbiyyatına, folklora, ustad aşıqların yaradıcılığına yaxşı bələddir.

       

   Neynirəm dünyada    

   dövləti, varı,  

   Növrağı kim görə,    

   çağı kim görə.

   Ya qismət, bu yolu   

   bir də qayıdaq,  

   Aranı kim görə,    

   dağı kim görə.  

   Əzəl səadətdir   

   könlü xoş olmaq,  

   Dəhşətdir diriykən    

   donub daş olmaq,  

   Dünyanın işidir    

   dolub-boşalmaq,  

   Öləni kim görə,    

   sağı kim görə.  

     

   Polad, ömür köçü    

   tez ötüşdü,  

   Bahardan doymamış    

   sonu yetişdi.  

   Bəxtimə illərin    

   soyuğu düşdü,

   Bağçanı kim görə,    

   bağı kim görə.  

   

   Bu qoşmada Xəstə Qasımdan, Ələsgərdən gələn xoş bir nəsim əsir. El ədəbiyyatına vurğunluq, ondan bəhrələnmək Polad İlyasın təcnislərində, dodaqdəyməz cığalı təcnislərdə də özünü bürüzə verir.  

   Xalq şairi Zəlimxan Yaqub Poladın kitabına yazdığı ön sözdə çox haqlı olaraq deyir ki: "Polad İlyası oxumaq-Vətən torpağını, müqəddəs Azərbaycanı, onun rəngarəng və sehirkar təbiətini, sazını və muğamını, duru sularını, saf çeşmələrini, adbaad şeirlərdə sadalanan kənd və şəhərlərimizin gözəlliklərini yenidən tanımaq deməkdir". Mən də bu fikrə haqq qazandırıram. Məsələn, onun "Dağlar" şeirini oxuyanda hiss edirsən ki, Polad İlyas təkcə Azərbaycan təbiətinin vurğunu deyilmiş, həm də bu təbiətin hər qarışına bələd olan bilicidir. Yaxud, Alxaslı dağlarına həsr etdiyi şeir:  

   

   "Godahan", "Əzgilli",   

   "Damcılı" bulaq,  

   Ya qismət, bir daha    

   həmsöhbət olaq,  

   Şehdə ot biçəndə,

   əlimdə oraq, 

            Min gülə-çiçəyə    

   batdığım dağlar.

       

   Ətirli gül üstə inci,    

   xaram mən,  

   Siz varsınız,    

   bu dünyada varam mən,  

   Halal süfrənizi   

   unutmaram mən,  

   Qoynunda ərsəyə    

   çatdığım dağlar.

        

   Mən bir el şairinin şeirlərindən söz açdım. El şairininin xatirəsini yad etdim. Qəm dastanını vərəqlədim. Tanıdınız onu. Allah rəhmət eləsin, deyirəm.

 

 

  Vaqif YUSİFLİ

 

  Ədalət.- 2011.- 20 avqust.- S. 10.