UZUN, İNCƏ BİR YOLDASIN...

 

... Gör bir hara gəlib çatdıq, gör başımıza nə işlər gəldi, Abi?! Cavanca bir adam, həm də hər zaman şux yerişli, şık geyimli, həm də tutmaq olmur bunlardan hansı biriləsə daha çox diqqət çəkən və rastlaşdığı normal insanların, yəni qəlb, ürək nə olduğunu bilənlərin gözlərində, baxışlarında sanki bir fotoyaddaş kimi ovqat yaradan Tofiq Abdin nağılı... Bilirəm, Abi, nağıl sözü arxaik olduğu qədər də ciddiyyətdən uzaqdır, bəlkə də konformist bir canqurtaranlığı əks etdirir. Əlbəttə, əlbəttə, belə alınmaz axı! Əlbəttə, 70 yaşlı cavan oğlanı nağıla-filana bənzətmək olmaz axı! Bu hər gün bütün şəhəri gəzən, həm oxunan, həm tamaşa edilən Tofiq Abdin adlı film-romandır. Psixoloji bir janrın yaradıcısı da, qəhrəmanı da o özüdür. Hörmətli ədəbiyyatşünas alimimiz, gözəl dostumuz Vaqif Yusifli demiş, Tofiq Məhərrəm oğlu Abdinovdur!

   Abicim, ömrün bu çağlarında 9-10 yaş fərq bir elə uzaq görünmür. Hətta biz bəzən tay-tuş kimi də danışa, rəftar edə bilirik. Baxmayaraq sənin rəftar mədəniyyətin həmişə nümunəvi olub, hətta insanı heyrətə gətirəcək qədər ifrat səmimilik örnəyi qoyub ortalığa. Görürəm ki, belədə mən səninlə eyni statuslu yazar kimi söhbət edirəm, az qalıram hələ bir qədər də irəli gedib nələrisə...

   Bəziləri kimi mən keçmişini unudan, pərəstişini adiləşdirən, inkar edənlərdən deyiləm, arkadaş! Mən indi xatırlayıram, yadıma salıram ki, hərəsi bir kadensiada məşhurlaşan Ramiz Rövşəni, Vaqif Bayatlı Odəri, Aqil Abbası, Azər Abdullanı, Fəxrəddin Manafovu, Nadir Cabbarlını onlara heç vaxt yaxın düşə bilməyən bəzi pərəstişkarlarıyla tanış etdikdən sonra, elələri oldu ki, bir-birinə bənzəməyən bu virtouz istedadların çox tez məşhurlaşmasını, başqalarından fərqlənməsini yaddan çıxarmağa başladılar. Nə var ki, pərəstiş etdikləri bu istedadlı dostlarıma mənim vasitəmlə yaxın düşərək daha sərbəst görüşə bilirdilər. Pis çıxmasın, səmimiliklərindən istifadə edib az qala onların yerişini yerimək iddiasına düşürdülər. Və rosinant görkəmləri diqqətlilərin gözündən qaçmırdı. Abi, sən Ramizin "Daş" povest-pritçasını oxumusanmı? Lap elə oradakı həmyerlilərin görüş epizodunda olduğu kimi: "... Yerişindən tanıdım, can kəndçi!".

   Bu səbəbdən də, Abicim, xatirələrsiz yazmaq olmur. Və qayıdıram həmin o qəribə illərə, yuxu kimi rəngsiz xatirələrə.

   Bir yana baxanda elə ömrümüz də yalnız ağ və qara xətlərlə yazılıb, sevimli Tofiq Abdin.  

   Bu həmin vaxtlar idi ki, mən Bakıda müəyyən bir mövqeyə malik idim. Ən azından universitetdə, Axundov kitabxanasında, "Baksovet"də, "Ulduz"da, "Azərbaycan"da, hətta Komsomolun Mərkəzi Komitəsində sərbəst dolaşırdım. Dost-tanışlarımın çoxluğu müştərək, qarşılıqlı cəhdlərin nəticəsi idi.   

   Bu o vaxtlar idi ki, mən və dostlarım daha çox oxuyur, daha çox öyrənməyə çalışırdıq. Və bu həmin o vaxtlar idi ki, biz həm də hər üç aydan bir "Qobustan"ın yolunu gözləyirdik. Anarın yaratdığı bu incəsənət toplusu təkcə bizim üçün deyil, bütün Azərbaycan üçün böyük hadisə idi. İndi tapıb-oxumağa, məlumat əldə etməyə nə var ki? O vaxtlar isə biz Azərbaycandan kənarda yaşayan məşhur həmyerlilərimizi, eləcə cənub ellərimizi, Türkiyəmizi, dünya rəssamlıq məktəblərini, xüsusilə sürrealistləri, impressionistləri və Pikasso yaradıcılığını, İtaliya neorealizmini, dünya kino sənətinin gerçək incilərini, klassik və müasir musiqinin yaradıcılarını, Qara Qarayev, Fikrət Əmirov dahiliyini, Vaqif Mustafazadə fenomenini, yazıçı Şukşinin həm də rejissor və aktyor ampluasını, Lili İvanovanın "səsi və barmaqlarını", XX əsr memarlığının ilk cəngavərlərini - Raytı və Le Karbüzeni... Fərqli kinematoqrafı - İnqimar Berqmanı, Kurosavanı, "Avninin atları"nı (tablo olaraq), Lahıc öz yerində, İçərişəhərdəki misgər qardaşların yaradıcılığı və acı talelərini, elə İçərişəhərin özünü, daha nələri, deyəsən rəngli fotoları Qomeldə hazırlanıb gələn "Qobustan"dan oxuyub öyrənirdik. Hətta əvvəldən bildiklərimizi də daha mükəmməl, daha məntiqli şəkildə. Həm də gözəl, cazibədar bir dillə. Bütün bunlar asan başa gəlmirdi. Əksinə, çox ciddi maneələr olurdu. Kirpilər, iynələr, sancaqlar da vardı...

   Ancaq bütün Azərbaycanda əl-əl gəzən bir toplu idi "Qobustan".

   Topluda iki müəllifin yazıları daha çox yer tuturdu: Tofiq Məhərrəmoğlu və Azər Əhmədov. Toplunun hər yeni sayında həmyaşıd olan bu istedadlı gənclərin ən azı beş-altı məqaləsi dərc edilirdi. Hələ başqa imzalarla hazırladıqlarını nəzərə almıram. Mən topludakı bütün yazıları, xırda informasiyaları belə acgözlüklə oxuyurdum. Ancaq daha çox Azərlə Tofiqin məqalələri məni heyrətə gətirirdi. Gizlətmirəm, jurnalist kimi ilk pərəstiş etdiyim də onlar olub. Şair dostum Vaqif Cəbrayılzadə məni Azər Əhmədovla tanış etmişdi. Biz tez-tez görüşə bilirdik. Çayxanada, dəniz qırağında, kitabxanada, "Tarqovı"da ("Qobustan"ın yaxınlığında), kinofestivallarda... Bu yaraşıqlı, elitar mədəniyyət sahibi olan gənc yazarın istedadını üstələyə biləcək bircə keyfiyyəti ola bilərdi ki, o da hədsiz dərəcədə səmimiliyi...

   O gün Azər redaksiyamıza gəlmişdi. Biz İradə xanımın kabinetində layihə ilə əlaqədar nəsə şifahi plan cızırdıq. Təbii ki, biz hər ikimiz bu məşhur jurnalisti - Azər Abdullanı sevinclə qarşılayıb hörmət göstərdik. Gəlişinin səbəbi həll olunmuş məsələ idi. Belədə bir 15-20 dəqiqəlik söhbətə də yer qaldı. Söhbət keçmişlərdən düşəndə və İradə xanımın Azərdən bir 20 yaş kiçik olmasına baxmayaraq, o vaxtlar onu tanıdığını söyləyəndə Azər Abdulla qəribə bir heyrətlə soruşdu:

    - Siz ciddimi deyirsiniz, axı 10-11 yaşlı bir uşaq...

   Sonra hər şey aydınlaşdı. Artıq 35 yaşınadək canlı klassik zirvəsinə ucalan ATA bu qızın əlindən tutub lazım olan hər yerə aparırdı axı.

   Çox maraqlı və ibrətamizdir. Aqil Abbas da belədir. Bir vaxtlar sevdiyi, pərəstiş etdiyi yaradıcı insanları indi, hətta ötüb-keçsə belə, onlardan da məşhur olsa belə, həmin dönəmləri qətiyyən unutmur. Əksinə, ömrünün ən şirin çağları kimi xatırlayır, adlarını hər yerdə iftixarla çəkir.

   Mahir N.Qarayev də belədir.

   Təbii, başqaları da var.

   ... Nəhayət, 1973-cü ildə Azərlə Vaqif məni elə "Qobustan"ın redaksiyasında Tofiqlə "rəsmi" tanış etdilər. Buna baxmayaraq, mən yenə də "Qobustan"ın ürəyi və... yaraşığı Tofiq Məhərrəmoğlu ilə tez-tez görüşə bilmirdim. Redaksiyada tam qapalı olurdu. Çöldə, küçədə isə lap çətin. Salamlaşanda ayaq saxlayıb dayandığı bəlkə də təkcə Vaqif olardı. Mən də həmişə Vaqiflə bir yerdə ola bilməzdim ki. Belə təsadüflər baş verərkən mənim də halımı xəbər alardı. Bir də görürdün məşhur Fikrət Qaraxanın ansamblının Bakıya qastrolları ardıcıllaşırdı. Müşərrəf Tezcan, Ela Altun, Kutlu Payaslı, Emel Sayın... Bu konsertlərin fasilələrində dost-tanışlar bir yerə toplaşırdı. Tofiq belə məqamlarda mənə çox istiqanlı yanaşırdı. Mənə bunlar da bəs idi. Pərəstiş etdiyim jurnalistin məni şəxsən tanımağı, ayrıca diqqət yetirməsi sadə məsələ deyildi.

   Mən bütün bunları nəyə görə xatırlayıram? Əvvəla, son 10-12 ildə Tofiqlə daha çox görüşmək imkanlarımız olur və o, çox şeyləri unutmuş olsa belə, məni doğma, səmimi hisslərlə duyur, jurnalist, publisist yaradıcılığımı qəbul edir, hətta nümunə göstərir. Və həm də tez-tez görüşə bildiyimizdən, çox qəribədir ki, mən ondan İçərişəhərin o vaxtkı qoxusunu alıram. Mən onun təkcə Tofiq Abdin imzasından, "Qobustan"ın ətrini duyuram. Anarın "Ağ liman", "Gürcü familiyası" kimi şedevr əsərlərində Tofiqin epizodik də olsa obrazı yoxdur, ümumiləşmiş nələrsə var ancaq. Mən Tofiqin simasında bu əsərlərdən - Bakının 60-cı illərindən bu günlərədək gəlib çıxan tanış insanları görürəm. Tofiqin öz kitablarına - şeir və hekayələrinə, memuarlarına, povestlərinə baxıb yenə də həmin illəri, heç özümün də görmədiyim, yaşamadığım anları xatırlayıram. Tofiqi görürəmsə, görə bilirəmsə, görmək istəyirəmsə - bütün bunlar mənə tanış gəlir, bütün bunlar mənə nəsə verir.

   Tofiq Abdinin Azərbaycan qədər ikinci bağlı olduğu və sözün həqiqi mənasında Vətən bildiyi yer Türkiyədir. Onun "Ah, İstanbul... İstanbul..." kitabını oxuyanlar bir daha bilərlər ki, Türkiyə Tofiq üçün nələri yaşadır və yaxud Tofiq Türkiyə üçün nələri yaşadı və nələri yaşayır. Daha bu mövzunun dərinliyinə varmayaq. Abinin özü bilən məsləhətdi.

   Tofiq Abdin Azərbaycan jurnalistikasında publisistikanın çox cazibədar bir mərhələsinin yaradıcısı kimi indinin özündə də sevilə-sevilə oxunan 70 yaşlı cavan bir oğlandır. Onun hələ ki heç kəsə qismət olmayan bir toxunulmazlıq statusu da var media cameəsində. Abinin yazılarına heç bir "cəbhədən" irad tutulmur.   

   Mənə görə isə Tofiq Abdin 50 illik böyük bir yaradıcılıq və 70 illik yaşam dövrü boyunca insanlardan, hadisələrdən daha çox bütövlükdə şəhərləri xatırladır. Bakını, ayrıca olaraq İçərişəhəri, İstanbulu, Parisi, Təbrizi...   

   İstanbul demiş, mən keçənlərdə Tofiq Abdinə həsr etdiyim "Sezarın qayıtması" adlı kiçik pritça yazmışdım. Beləcə onu publisistikamızın, 60-cı illərdən başlanan yeni publisistikamızın ilk sərkərdəsinə, imperatoruna bənzətmişdim.   

   Bu gün onu sevindirən də budur ki, Azərbaycan mətbuatı daha çox publisistikası ilə fərqlənir, oxucuları özünə cəlb edərək istedadlı müəlliflər timsalında ən yeni mərhələyə sahiblənir.   

   Sənin 70 yaşın varmış, Abi! Qutlu olsun! Tanrı Abimizi qorusun...

 

 

    MƏZAHİR ƏHMƏDOĞLU

 

    Ədalət.- 2011.- 27 avqust.- S. 5.