UĞURLU BİR
SƏHƏR ARZUSUYLA YAŞADI
ƏDƏBİ
HƏYAT
O,
dünyada yox imiş.
Gördüyüm
kəs yuxuymuş.
Nə
siqaret çəkərmiş,
Hey
sümürə-sümürə.
Nə
də baş qaldırarmış
xırda
bir səs-səmirə.
Ağlama,
könlüm, kiri...
Bu
adda, bu nişanda,
O gözəl gənc
Cahanda olmayıb,
olmayıb,
olmayıb.
Bu misralar böyük
şairimiz Əli Kərimin "...Xatirəsinə"
şeirindəndir. Ölümünü
qabaqca hiss eləyən
Ə.Kərim sanki ölümündən sonrakı
taleyini düşünübmüş.
Amma belə olmadı, Ə.Kərim məhz ölümündən sonra
bir daha doğuldu.
O da Əli Kərimi
çox sevirdi. Təkcə ona görə yox ki, ikisi
də çinarlar diyarı Göyçayda doğulmuşdular. Həm də
ona görə ki, Əli Kərim
və böyük şairimiz Rəsul Rza onun bir
şair kimi formalaşmasında mənəvi
ustad rolunu oynadılar.
Onu necə tanıdım?
Necə dost olduq?
1987-ci ildə
"Yazıçı" nəşriyyatı Sabir Adilin "Üz tutduğum adamlar" adlı ilk şeirlər kitabını oxuculara təqdim etdi. Bu zaman Sabirin artıq
37 yaşı vardı,
şeirləri ədəbi
jurnallarda çap olunsa da, bir
şair kimi tanınsa da, yalnız Puşkin yaşına gəlib çatanda ilk kitabının
çapına icazə
verdilər. Kitab "Uğurlu bir səhər arzusu" şeiriylə açılırdı:
Uşaqlar ayağa durunca,
Bir şeir yazsam,
bir
kitab oxusam,
nə
uğurlu olar bu səhərim.
Uşaqlar ayağa durunca,
Bir quş olaydım,
Yeməklərin, içməklərim tapaydım.
Milyonlarla, milyardlarca evlər tikilsə,
evsizlər
olmasa dünyada
Nə uğurlu olar
səhərim.
Cavan bir atanın ürəyinin arzusunu ifadə edən bu şeirdə
bir təmizlik, bir saflıq yaşayırdı. Həmin şeir kitabında
Sabirin ən duru şeirləri toplanmışdı. Hiss olunurdu
ki, poeziyaya öz səsi, nəfəsi, fərdi dəst-xətti olan bir istedad gəlir.
Sabir Adil Göyçayın
Bəydövül kəndində
dünyaya göz açıb. Mən Şirvan
aşıq sənətindən
"Yolun düşsə
Şirvana" adlı
kitab yazırdım və öyrəndim ki, ustad aşıq
Şakir Hacıyevin sənət öyrədicisi,
ona aşıqlığın
sirlərini mənimsədən
aşıq Mürsəl
Xudiyev Bəydövül
kəndindəndir. Onu da öyrəndim ki, aşığın doğulduğu
kənddə qızı
yaşayır- İbadova
Fənarə Mürsəl
qızı. Məhz Sabirlə
o kəndə getdim və aşıq Mürsəllə bağlı
nə lazım idisə qızından öyrəndim. Bəydövül kəndi çox böyük kənd olmasa da, öz
yaşıllığı, bərəkətli torpağı
və hər şeydən əvvəl,
sadə, qonaqpərvər
insanları ilə yaddaşıma əbədi
həkk olundu. O kənd bir də
Sabir Adilin bu misraları ilə yaddaşıma köçdü:
Hara getsəm,
harda
olsam,
qayıdıb
yanına gəldim sənin.
Qayıdıb yanına gəldim,
"əl-ayağı"
mənimkindən çox-çox
böyük,
ömrü
mənimkindən çox-çox
uzun,
balaca
həyətimiz, evimiz.
Balaca evimiz, həyətimiz, sağ ol,
məni
bəyənməsən də,
bir
də gördüm qol-boyunuq.
Sabir Adil həyatında
çox çətinliklər
görüb, gah Göyçayda yaşayıb,
gah Bakıda, gah da Sumqayıtda.
BDU-nun tarix fakültəsini
bitirdikdən sonra Göyçayda müəllim
işləyib, sonra Bakıda-kinostudiyada işləyib
(o, İsi Məlikzadə
ilə birgə "Papaq" filminin ssenarisini yazıb), sonra Sumqayıtda Dram teatrının bədii rəhbəri vəzifəsində
çalışıb, nəhayət
son iş yeri-Yazıçılar
Birliyində ədəbi
məsləhətçi. Bu
çətinliklər təbii
idi və kənddən şəhərə
gələn hər birimizin tərcümeyi-halında
bu "yerdəyişmələr"
yazılmamış deyil.
Sabir sanki bizim hamımızın şəhərdə qalıb
işləmək, ev almaq, öz istedadımız, qabiliyyətimiz müqabilində
nəyəsə nail olmaq
arzusunu ifadə edib yazmışdı:
İyirmi ilə yaxındı
sənə
sarı can atıram.
iyirmi ilə
yaxındı
məndən niyə qaçırsan Bakı şəhəri.
Bir səndən doymadım,
doyanlara yuva
qurdun.
Günahım nəymiş
balaca
komanı da qıymadın mənə.
İyirmi ilə yaxındı
sənə
sarı can atıram.
Bezib durdum Sumqayıtda
Sən necə,
Dayanmısan, yoxsa qaçıfrsan.
Sabirin
bütün şeirləri sərbəstdədir. O,
özünü bu vəzndə sərbəst hiss edirdi. Məlumdur
ki, sərbəst şeirdə də ritm, ahəng, musiqi
olmalıdır. Amma hər şeydən əvvəl iki vacib
element sərbəst şeirdə də hiss olunmalıdır.
Bunlardan birincisi, fikirdir-şeirin lokomotivi. Fikir olmazsa, şeir
yavan-yalxı bir nəzm parçasına çevrilər.
İkincisi isə, bu fikrin obrazlı şəkildə ifadəsidir.
Şeirdə istəyirsən necə ağıllı bir fikir
söyləyirsən söylə, orada bədii təsvir vasitələri,
poetik gözəlliklər nəzərə çarpmazsa, bu da
şeir olmaz. Sabir Adilin sərbəst şeirləri bu tələblərə
cavab verirdi. Balaca bir misal:
Bu dəniz günəşdən
doğulub
yastıq üzü qədər
hamardı
bu dəniz.
dalğalar yun döşək qədər
rahatdı.
rahat olaram mən də.
hər
şeyi unudub bu anda
Göy üzünü də
yorğan
kimi örtsəm üstümə.
Vaxtilə ədəbi tənqiddə
"assosiativ şeir",
"intellektual şeir"
söhbəti gedirdi.
Bu söhbətlər əbəs deyildi, poetik inkişafın öz tələbindən
doğmuşdu ki, müəyyən şeirləri
belə terminlərlə
qruplaşdıraq.
Axar suyun başında,
qovaq
kimi duruşumla,
qoltuğumda
isti bir gecə.
Uzaqların gündüzünə baxa-baxa,
uzaqların səsindən
üşənirəm;
"Canın
çıxsın"-deyir
hardasa kişnəyən
at,
"canın
çıxsın"-deyir
ölüb
getmiş yurdlar.
Ölüb getmiş yurdların kişiləri,
Ölüb getmiş kişilərin qılıncları,
qılıncların
ölüb
getmiş kədəri
"canın çıxsın"-deyir.
Bu, assosiativ
şeirdir. Şeirdə çox ustalıqla semantik cəhətdən bir-birindən uzaq kəlmələr seçilmişdir,
onlar bədii təfəkkürdə poetik
simvolikanın (at, yurd,
igid, qılınc, kədər) vasitəsilə
bağlanmışlar. Şeir parçasındakı metaforalar
da orijinaldır.
"Qoltuğumda isti bir gecə",
"canın çıxsın"-deyir hardasa kişnəyən
at", "canın çıxsın"-deyir ölüb getmiş yurdlar".
Onu da qeyd edim
ki, yaşıdlarından
fərqli olaraq Sabir Adil o zaman
assosiativ şeirdə
ucuzluğa getmir, yəni assosiasiyalardan ani təəssürat doğurmaq məqsədilə
istifadə etmirdi.
Sabirin şeirlərində zəngin təşbehlər
və metaforalarla qarşılaşırıq ki,
bunlar da onun daim poetik
axtarışlara meylli
olduğundan xəbər
verirdi. Sabir deyirdi: "sevdiyim şeirin budaqlarından özümü asan ruh kimi bir
şeyəm". "Ağaclar bağçalarda
uşaq olub", "Bu
ay işığında, söz
işığında qoşulub
mələrtisinə gecənin
tükünü yola-yola
tökülürdü göydən
ölü buludlar"
və s.
1990-cı ilin qanlı yanvar günlərini xatırlayıram. O zaman
Sabir Adil də hamımız kimi kədərli, üzüntülü idi.
Və onun həmin faciədən sarsılaraq
bir müddət saqqal saxlaması da yadımdadır. O
zaman bir şeir də yazdı Sabir:
Aldanmadı deyən
dostu
düşməndən
seçdi
millətim.
Qocaldı bir gecədə
uşaqlarımızın
üzü
aldanmadılar deyə.
Aldanmadı deyə
hər yerə
qara bayraqlar sancsalar da
çıxarammadılar
ürəyimizdəki bayraqları.
Sabir Adil çox
yaşamadı. Səhv eləmirəmsə,
ürəyi xəstə
idi. Cəmi əlli dörd il yaşadı.
Ölümü də qəfil
oldu. Amma ölən insana,
ya xəstə olana qətiyyən oxşamırdı.
Onunla Sumqayıtda, hansısa mikrorayondakı evində qonaq olmuşam. Onda uşaqları hələ
məktəbliydilər, Sabir
onları çox sevirdi. Bu sevgi
indi də yaşayır.
O, nikbin idi. Şeirlərinin birində yazmışdı:
boy atırsa uşaqlarımız,
qızlarımız
bulağa gedirsə,
xırmana
buğda daşınırsa,
hələ
sevənlər yanılmırsa,
dədələrimiz
hələ bizi aldatmırsa,
yaşamağa
dəyər!
Vaqif YUSİFLİ
Ədalət.-
2011.- 27 avqust.- S. 10.