XALQIN SAĞLAMLIĞINA VƏ GƏLƏCƏYİNƏ HESABLANAN DÖVLƏT QAYĞISI

(mövzu əsasında II yazı)

 (əvvəli ötən sayımızda)

  

   MRX-nın Göz xəstəlikləri şöbəsində "Fako emisifikator" aparatı istifadəyə verilmişdir. Bu aparatla görmə orqanında mürəkkəb mikrocərrahiyyə əməliyyatları aparılır. Daxili imkanlar hesabına Doğum evində yenidoğulmuşlar və zahılar üçün yeni şöbə yaradılmış, xəstələri fasiləsiz su ilə təmin etmək üçün saatda 100 ton su vuran su-nasos qurğusu quraşdırılmışdır. Xəstəxananın giriş hissəsi, foyesi, pilləkən qəfəsi, qəbul şöbəsi, əsəb şöbəsi əsaslı şəkildə yenidən qurulmuş, foyedə "Heydər Əliyev guşəsi" yaradılmışdır. Doğum evində, Vərəm Əleyhinə Xəstəxanada, Psixiatriya xəstəxanasının yeməkxanası, əməliyyat otağında təmir -abadlıq işləri görülmüşdür.

   Bütün bu təşkilati tədbirlərlə yanaşı əhalinin can sağlığının qorunması istiqamətində tədbirlər davam etdirilmişdir. Bu gün rayonda 384 həkim, 1291 orta tibb işçisi çalışır. Əhalinin hər 10000 nəfərinə 22,5 nəfər həkim, 75,7 nəfər orta tibb işçisi düşür. Şəki MRX-da kifayət qədər vakant həkim vəzifələri də vardır. Ana və uşaqların sağlamlığının qorunması MRX rəhbərliyinin ən vacib vəzifələrindən biridir. Doğum evinin fəaliyyəti, zahılara, yenidoğulmuşlara göstərilən tibbi xidmət demək olar ki, hər an gündəmdə olmuş, ana ölümü, perinatal ölüm hallarının baş verməməsi məqsədilə islahat xarakterli effektiv tədbirlər həyata keçirilmişdir.

   İlin əvvəlindən başlayaraq bütün kəndlərdə hamilələr, 6 yaşlı uşaqlar xüsusi həkim briqadaları tərəfindən müayinədən keçirilmiş, aşkar olunmuş ciddi halların aradan qaldırılması üçün əməli tədbirlər görülmüşdür. Eyni zamanda 5 kənddə profilaktik peyvəndlərin icra mexanizmini öyrənmək üçün monitorinq keçirilmişdir...

   Tibbi xidmətin səviyyəsi bütün sahələr üzrə yüksəlir 

   Baş həkimlə söhbətimiz zamanı və digər müşahidələr nəticəsində öyrəndik ki, Şəki MRX-nın planına, həmçinin Səhiyyə Nazirliyinin tapşırığına əsasən rayonda yaşayan məcburi köçkün, didərginlər və qaçqınların sıx yaşadığı Çələbixan qəsəbəsində, Vərəzət, II Sarıca, Əyriçay dəryaçası və Soyuqbulaq ərazisində kompakt yaşayan bu əhali qrupu ixtisaslaşmış həkim müayinəsindən keçirilmiş, onların mənzil-məişət şəraiti, kəndin sanitar-gigienik vəziyyəti öyrənilmiş və əməli tədbirlər görülmüşdür.

   Beynəlxalq "Operation Mercy" şirkəti tərəfindən may ayında Çələbixan qəsəbəsinin məktəbliləri arasında profilaktik müayinələr aparılmış, müayinələrdə stomatoloq, endokrinoloq, oftolmoloq, otolorinqoloq, həkim-laborant və pediatr həkimlər iştirak etmişlər.

   Səhiyyə Nazirliyinin 2 saylı əmri ilə A(H1N1) virusuna (pandemik qrip) görə peyvəndləmə turu keçirilmişdir. Bu turda 2072 nəfər tibb işçisinə peyvənd vurulmuşdur. Eyni zamanda Səhiyyə Nazirliyinin 22 saylı əmri ilə aprel ayında "İmmunlaşma həftəsi" keçirilmiş, bu turda müxtəlif səbəbli peyvəndlərdən kənarda qalmış, ancaq sağlamlıq vəziyyəti imkan verən 158 nəfər uşaq yenidən peyvəndə cəlb olunmuşlur.

  

   Oktyabr ayında A(H1N1) virusuna görə peyvəndləmənin II turu başa çatdırılmışdır. Müddət ərzində xəstə və kontingentlərin RV və AİDS-ə görə yoxlanması ciddi diqqət mərkəzində olmuşdur.

   Müddət ərzində 277 nəfər şəkərli diabet, 133 nəfər vərəm, 5 nəfər xroniki böyrək çatışmazlığı, 129 onkoloji, 2 nəfər hemofiliya, 12 nəfər talassemiyalı xəstələr yenidən qeydiyyata götürülmüşlər. 8 nəfər hepatit A, 6 nəfər hepatit B, 1 nəfər hepatit C, 8 nəfər brüsellyoz xəstələri də yenidən uçota alınmışlar. Malyariya, quduzluq, qarayara, difteriya və digər xüsusi qorxulu xəstəliklər qeydə alınmamışdır.

   2011-ci ildə ölkədə səhiyyə sahəsində 10 dövlət proqrammı həyata keçiriləcəkdir. 2011-ci ildə ilk dəfə olaraq dövlət büdcəsində vərəmlə mübarizə üzrə tədbirlər proqramının maliyyələşdirilməsinə 3 milyon manat vəsait nəzərdə tutulmuşdur.

   Rayonda vərəm xəstəliyinə qarşı mübarizə aparılması sahəsində xeyli görülmüşdür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 133, 140 saylı əmrinin icrası təmin edilmişdir. Dispanserin maddi-texniki vəziyyəti möhkəmləndirilmiş, 3-17 yaşlı uşaqlar arasında tuberkulinizasiya turu davam etdirilmiş, aşkar olunan ilkin vərəm xəstələri müalicəyə cəlb olunmuşdur. Vərəm ocaqlarında profilaktika tədbirləri aparılmışdır. Əhalinin 24,2 faizi vərəm xəstəliyinin aşkar olunması ilə aparılan müayinələrə cəlb olunmuşdur.

   Quduzluq, virus hepatiti xəstəlikləri ilə də mübarizə diqqət mərkəzində olmuş, it dişləmiş, gəmiricilərlə zədələnmiş xəstələr nəzarətə götürülmüş, uşaqlar arasında hepatit B peyvəndi aparılmışdır.

   Bundan başqa rayonda yaşayan Böyük Vətən Müharibəsi əlili və iştirakçıları, Qarabağ müharibəsi əlilləri, Çernobıl qəzasının ləğvində iştirak edənlər də tibbi xidmət sferası ilə əhatə olunmuşdur. İndi rayonda Qarabağ müharibəsi əlillərinin sayı 171 nəfərdir. Bunlar, habelə 300 nəfər şəhid ailəsi, 67 nəfər Çernobıl qəzasının iştirakçıları MRX-nın poliklinika şöbəsinə təhkim olunmuş və müayinədən keçirilmişlər.

   Prezident İ.Əliyev cənablarının 06.04.2011-ci il tarixli sərəncamı ilə "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı layihəsi" qəbul olunmuşdur. Bu proqramın səhiyyə işçilərinə aid olan müddəalarının Şəki səhiyyəsində həyata keçirilməsinə əlverişli şərait yaradılmışdır. Şəki səhiyyəsində hər cür tibbi xidmət göstərə bilən tibbi avadanlıqlar çoxdur. Bunlardan bacarıqla istifadə olunur.

   Stasionar tibb müəssisələrində 672 çarpayı fəaliyyət göstərir. Xəstəxanalarda son 10 ay ərzində 7600 nəfərdən çox xəstə müalicə olunmuş, xəstələr tərəfindən 120113 çarpayı günü keçirilmişdir.

   Həkim briqadalarının kəndlərə gedişləri davam etdirilmişdir. Rayonun bütün kəndləri həmin briqadalar tərəfindən yoxlanılmış, 850-dən çox hamilə qadınlar, xəstələr və uşaqlar müayinəyə cəlb olunmuşlar.

   Şəki rayonunun tibb müəssisələrində çalışan həkim və tibb işçiləri üzərlərinə düşən vəzifəni layiqincə yerinə yetirmək üçün qüvvə və bacarıqlarını əsirgəmirlər.

 

MƏZAHİR ƏHMƏDOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə