XALQIN SAĞLAMLIĞINA VƏ GƏLƏCƏYİNƏ HESABLANAN DÖVLƏT QAYĞISI

(mövzu əsasında II yazı)

 (əvvəli ötən sayımızda)

  

   Əhaliyə göstərilən səhiyyə xidmətinin yaxşılaşdırılması üçün respublikamızda son illərdə həyata keçirilən mühüm tədbirlər - yeni səhiyyə müəssisələrinin tikintisi, təmiri, inşa olunan səhiyyə müəssisələrinin müasir avadanlıqlarla təchiz olunması, kadrların peşəkarlığının artırılması tədbirləri cənab Prezidentimizin daxili siyasətinin əsas prioritetlərindən birini təşkil edir.

   Təkcə 2010-cu ildə Azərbaycanda 45-dən artıq tibb müəssisəsi tikilmiş, əsaslı təmir olunmuş və yenidən qurulmuşdur. Şəki MRX-da yaradılmış endokrinoloji laboratoriya, Zaqatala rayonundakı Vərəm Əleyhinə Xəstəxana, Sədərək MRX-nın binası, Füzuli rayonu Böyük Bəhmənli kənd tibb mərkəzi, Sumqayıt Uşaq xəstəxanasının yeni binası, Milli Oftolmologiya Mərkəzi, Respublika Kliniki Nevraloji Mərkəz, Pirşağı qəsəbəsindəki yeni səhiyyə kompleksi və digərləri məhz keçən il inşa olunan yeni səhiyyə müəssisələridir.

   Əhalinin sağlamlığının qorunub saxlanmasına dövlətimizin son dərəcə qayğı ilə yanaşmasını göstərən ən mühüm amil səhiyyəyə ayrılan büdcə vəsaitinin ildən-ilə artırılmasıdır. Əgər 2003-cü ildə səhiyyənin ehtiyaclarına 59 milyon manat vəsait ayrılmışdırsa, 2011-ci ildə bu rəqəm 543 milyon 373 min manat olmuşdur. Bu da son illərdə səhiyyənin büdcəsinin 8 dəfə artması deməkdir. 27 may 2011-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsi haqqında" Qanuna dəyişikliklər edilməsi barədə sərəncamı ilə 2011-ci ildə səhiyyə xərcləri 19 milyon 746 min manat artırılaraq 563 milyon 219 min manat olmuşdur. Ölkə rəhbərliyi tərəfindən verilmiş bu sərəncam səhiyyə işçilərinin daha səmərəli işləməsinə əlavə stimul yaradır.

   Bu gün Azərbaycan səhiyyəsinin yenidən qurulması, səhiyyə sahəsində həyata keçirilən tədbirlərin sürətlənməsi məqsədilə Dünya Bankının və Azərbaycan Hökumətinin birgə layihəsi əsasında "Əhaliyə göstərilən ilkin səhiyyə xidmətinin yaxşılaşdırılması" layihəsi çərçivəsində əsaslı işlər davam etdirilir.

   Səhiyyə sahəsində həyata keçirilən struktur islahatlar əsasında uzun illər praktiki fəaliyyət göstərməyən tibb müəssisələrinin bir hissəsi ixtisar olunmuş, mövcud çarpayı fondları azaldılmışdır.  

   Bu islahatların aparılması üçün seçilən 5 pilot rayondan biri də Şəki rayonu olmuşdur ki, əvvəlki illərdə islahatlara hazırlıq mərhələsi aparılmış, 2010-cu ildən isə faktiki islahatların həyata keçirilməsi mərhələsi başlanmışdır və başa çatdırılmışdır.

   100 çarpayılıq yeni xəstəxanada işləmək üçün 7 həkim, 6 tibb bacısı Türkiyə Respublikasında 1 aylıq kurs keçmişlər. Bundan əlavə Baş GöynükBideyiz kəndində yeni həkim məntəqəsinin tikilməsi, daha 5 kənddə tibb məntəqəsinin tikilməsi, Doğum evinin əsaslı təmiri, Perinatal Mərkəzin tikilməsi nəzərdə tutulmuşdur. İslahatlar nəticəsində Göz xəstəxanası, Endokrinoloji, Onkoloji, Narkoloji, Dəri-Zöhrəvi Dispanseri struktur vahidləri kimi ləğv olunmuş və Mərkəzi Rayon Xəstəxanasının müvafiq şöbələrinə çevrilmişlər.

   Ən vacib məqamlardan biri odur ki, struktur-islahatlar nəticəsində tibb işçilərinin ixtisarına yol verilməmişdir. Ötən dövr ərzində Şəki səhiyyəsində həm tibb müəssisələrinin maddi-texniki vəziyyəti, həm də əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin yüksəldilməsi istiqamətində xeyli işlər görülmüşdür.

   Səhiyyənin kadr potensialı, tibbi avadanlıqlarla təminatı yaxşılaşdırılmışdır. Yeni, müasir aparatlar gətirilmiş və xəstələrin istifadəsinə verilmişdir.

   Biz səhiyyə işçiləri öz fəaliyyət sahələrimizdə həmişə Şəki şəhər İcra Hakimiyyəti Aparatının, Səhiyyə Nazirliyinin, rayon ictimaiyyətinin diqqət və qayğısını hiss edirik.

   2010-cu ildə "Talassemiyalı və hemofiliyalı xəstələrin qan və qan preparatları ilə təmin edilməsi Dövlət Proqramına" uyğun olaraq səhiyyə işçiləri ilə bərabər İcra Aparatının işçiləri, rayon ictimaiyyəti könüllü surətdə qan vermə aksiyasında iştirak etmişlər.

   May ayının son günlərində Z.Əliyeva adına Milli Oftolmalogiya Mərkəzinin əməkdaşları Şəkidə xeyriyyə aksiyası keçirmişlər, 200 xəstə müayinə olunmuş, 40 nəfərin gözlərində cərrahi əməliyyat aparılmışdır.

   Azərbaycan-Almaniya "Vold-Med" Klinikasının həkimlərdən ibarət briqadası yanvar ayında MRX-da "Endemik urun müalicəsi və profilaktikası" ilə əlaqədar xeyriyyə aksiyası keçirmişlər. Bu tədbirdən 157 xəstə bəhrələnmiş, 15 nəfər üzərində cərrahi müdaxilə aparılmışdır.

   Səhiyyədə yeni xidmət sahəsi - "Ailə həkimi"

   Səhiyyədə aparılan reformastruktur islahatlarından sonrakı etapda yeni tibbi xidmət sahəsi - "Ailə həkimi" yaranmışdır. "Ailə həkimi" mühüm tibbi xidmət göstərən bir sənət sahəsi olub, hətta Azərbaycan Respublikasının Milli Məclisində keçirilən müzakirələr zamanı bu sahəyə böyük önəm verilmişdir.

 

   "Ailə həkimi" başqa həkimlərdən fərqli olaraq əhaliyə ilkin tibbi xidmət göstərən və ən yaxın olan bir xidmət növüdür. Ötən il MRX-da "Ailə həkimi" ixtisası üzrə 2 aylıq təkmilləşmə kursu keçirilmişdir. 2011-ci ildə Azərbaycan səhiyyəsində ən mühüm hadisələrdən biri Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə təsdiq edilmiş tibb işçilərinin sertifikasiya tədbirinin keçirilməsidir. Şəki MRX-da Yunanıstan hökumətinin Azərbaycandakı səfirliyinin maliyyə dəstəyi ilə endemik Ur xəstəliyinin laborator üsulla müayinəsi laboratoriyası açılmışdır.

   Rayona ümumi dəyəri 250 min manat olan 20 addan çox müasir tibbi avadanlıqlar gətirilmişdir. Şəki MRX-nın poliklinika şöbəsində ən müasir "Dopler Ultrasonoqrafiya" aparatı istifadəyə verilmişdir. Bu aparatla tibbi xidmətin 4 istiqamətdə vacib müayinələrin aparılması mümkünləşmişdir.

   (ardı gələn sayımızda)

Məzahir ƏHMƏDOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

Ədalət.-2011.-2 dekabr.- S.7.