ALLAHI QATİL
EDƏNLƏR (IX hissə)
Roman
(Əvvəli qəzetimizin 25 noyabr
sayında)
Dayanmışdı beş-on
gün əvvəl qazılmasına baxmayaraq, yan-yörəsindəki
yüz ilin qəbirlərindən yalnız hələ
torpağının qurumaması ilə fərqlənən
məzarın
önündə, indi onunla ən doğma adamın arasında
cəmi bircə addımlıq məsafə vardı.
Bircə
addımlıq. Amma bu bircə addımlıq məsafə
min işıq ili qədər onları
bir-birindən uzaq saxlayırdı və dünya yaranandan kimsə
bu bircə addımlıq məsafəni keçə bilməmişdi.
Hər məktubunun
sonunda yazırdı ki, sənsiz yaşaya bilmirəm. Hə, demə bunların hamısı sözdən
başqa bir şey deyilmiş. Yaşayırdı! Yeyirdi, içirdi, televizora baxırdı, hər səhər
işə gedirdi.
Hərçənd
ki, onun işlədiyi kitabxananın qapısını
çoxdan idi açan yox idi. İnsan nəfəsi
dəymədiyindən divarlar qocalmışdı,
üz-gözlərini qırış basmışdı.
Amma o, kitabları qocalmağa, kif basmağa
qoymurdu. Bir neçə dəfə
xahiş eləmişdi ki, buraları təmir edib bir abıra
salsınlar. Amma xeyri olmamışdı.
Görmüşdü yuxarılardan bir şey
çıxmır, atasına yalvarmışdı ki,
kitabxanaya bir əl gəzdirtsin.
Atası:
- Kitabxana hökumətindi,
hökumətin də canı çıxsın kitabxanasın
təmir eləsin, mən heç öz evimi ağarda bilmirəm.
Axırda görmüşdü
qızı əl çəkmir, demişdi:
- Yaxşı, ağlayıb zəhləmi
tökmə, bir şey fikirləşərəm.
Və atası hələ
fikirləşirdi.
Kitabxanadakı bütün
kitabları kənddəkilərin hamısının adına açdığı anketə
yazmışdı, amma hamısını özü
oxumuşdu. Müdirləri demişdi ki, komissiya
gəlib görsə ki, kitab alıb oxuyan yoxdu, kitabxananı
bağlayacaqlar, sən də qalacaqsan işsiz. O da
işsiz qalmaqdan qorxmurdu, üz-gözü öyrəşdiyi
bu kitablarsız qalmaqdan qorxurdu. Həm də indi
məzarının önündə dayandığı bu ən
doğmasına bütün məktubları kitabxanada
yazardı. Və gedib poçtdan
götürdüyü məktubları da evdəkilərin
qorxusundan bu kitabxanada oxuyur və burada da gizlədirdi.
Amma bu gün
kitabxanadan çıxanda bütün məktubları
özü ilə götürmüşdü. Əvvəl-əvvəl istəmişdi
yandırsın, amma əli gəlməmişdi. İndi özü ilə gətirdiyi məktubları
başdaşının yanında basdırdı. Bir az da məzarın önündə dayandı və
qəbirstanlıqdan çıxdı.
Anası onu eyvanda
qarşıladı:
- Bu gecə vaxtı hara
getmişdin?
- Yuxum qaçmışdı, hava
alırdım.
Anası doluxsundu:
- Yoxdu qızım, daha o yoxdu. Getmə o qəbrin üstünə. Onun da ruhun incitmə, qoy rahat yatsın.
Heç nə demədi,
girdi otağa. Gözü yenə
divardakı tüfəngə sataşdı.
***
Bir pud daş kimi
çiynindən sallanmış tüfəngi səliqə ilə
söküb yığdı çantasına, sonra çayda
möhkəm-möhkəm əl-üzünü yudu. Dağ çayının buz təki suyu onu xeyli
rahatlatdı, bir balaca özünə gəldi.
Özünü heç vaxt belə
xoşbəxt hiss eləməmişdi. Ürəyində
ölmüş arzularının üstünə bir sərin
su çiləmişdi. İntiqamını
almışdı, içində çox qəribə bir hiss
vardı və bu hissi yalnız intiqamını almış
insanlar yaşaya bilər. İndi rahatca
ölmək olardı. Onun
üçün yaşamaq mənasını çoxdan
itirmişdi.
Çayı
keçib ağaca bağladığı atı
açdı.
Qalxdı atın
belinə və dəhmərlədi. Nəhayət,
meşə qurtaranda atdan yendi və ayağını kəndirləyib,
buraxdı yamaca. Uşaqlar yamacın
aşağısında öz keflərindəydilər, futbol
oynayırdılar. Heç kimə hiss etdirmədən
meşənin ətəyi ilə yendi kəndə,
qarışdı yasdakı adamlara.
***
Oturmuşdular hərbi
hissənin əlli-altmış
addımlığındakı köhnə və səliqəsiz
yeməkxanada, onu gözləyirdilər. Anası
hətta qoxusu belə adamı doyduran ləziz xörəklər
gətirmişdi, özü də hərəsindən bir
qazan, yediyini yesin, yemədiyini də yoldaşlarına
aparsın.
Əslində bu
köhnə və səliqəsiz şüşəbənd
bina yeməkxana deyildi, görüş yeriydi. Övladları ilə görüşməyə gələnlər
burda oturub gözləyirdilər.
Kimsə buranı
özəlləşdirib bir balaca çayxana kimi düzəltmişdi,
kolbasadan-sosiskadan da verirdi, amma içki vermirdi. Komandirlər demişdilər, əgər içki
versən, tankı binanın üstündən sürdürəcəklər.
Şənbə və
bazar günləri burda oturmağa yer tapılmazdı, həmin
günlər analar burda övladlarını quş dimdiyi ilə
balasını yedizdirən kimi yedizdirirdilər. Onlar yeyirdilər, doyurdular, analar isə doymurdular.
Ana Böyük Qardaşa:
- Dur, hərəsindən bir
boşqab ver, qızdırsınlar. - cavab
gözləmədən bufetçi oğlana dedi: - Oğlum,
bu yeməkləri qızdırarsanmı?
Bufetçi gəlib stolun
üstünə əl gəzdirdi:
- O nə sözdü, ay xala, bizim
işimiz elə budu də.
- Sağ ol, ay oğul.
Sonra ana çantadan
araq da çıxartdı.
Böyük Qardaş:
- Neyləyirsən ay ana, bizi zibilə
salma, onu gizlət, əsgərə araq verərlər?
Ana arağı yenidən çantada
gizlətdi:
- Yaxşı verərik komandirinə.
Akademik yeməkxanaya girəndə
Ana əlləri üzündə qalxdı ayağa:
- Buyy, anan ölsün ay bala, bu nə
gündü?
Hələ anası nə
görmüşdü ki, üz-gözünün göyərtisi
bir az getmişdi, bəlkə də
döyülən günü görsəydi, arvadın
bağrı yarılardı.
Akademik heç nə
olmamış kimi əvvəlcə qucaqlayıb anasını
öpdu, sonra qardaşını:
- Heç nə yoxdu, ay ana. Təlimdə olub, əsgərlikdi də.
Amma Ana ağlamağını kəsmədi:
- Nə təlim ay bala, səndə
sağ islahat qalmayıb ki?!
- Mənə inanmırsan,
qardaşımdan soruş. Ağlama də, camaat bizə
baxır axı!
Əsgərlikdə dəfələrlə
döymüş və döyülmüş Böyük
Qardaş hər şeyi başa düşsə də,
anasını sakitləşdirmək üçün dedi:
- Ay ana, biz bundan da betər günə
düşmüşük. Bir dəfə
paraşütümün ipləri dolaşmışdı, yerə
elə dəydim ki, iki həftə yatdım.
O, ləzzətlə yeməyə
başladı, çoxdanıydıkı damağı belə
dad görməmişdi. Ona görə yox ki,
sevdiyi yemək idi, ona görə ki, bu yeməyə
anasının əllərinin dadı hopmuşdu.
- Kənddə nə var, nə yox,
atam necədi?
Anası onun ürəyindən
kimin keçdiyini çox gözəl bildiyindən:
- Salamatlıqdı. Atan
da gözləyir ki, sən qayıdan kimi sizi nişanlasın.
Qızardı:
- Ana, mən kəndi soruşdum.
- Mən də kəndi deyirəm də.
Ayrılanda Böyük qardaş
onu bir kənara çəkdi:
- Döyüblər?
- Döyüblər!
- Kimlər döyüb, mənə
de. Vallah, hamısının boynun qıraram.
- Qardaş, sən əsgərlikdə
olanda heç döyülməmisən?
- O qədər.
- Mən gəlib onların boynunu
qırmışam? Olan şeylərdi. Məndən nigaran qalmayın. Evdən
muğayat ol.
Ana:
- Oğul, çantada araq da var,
özü də şah tutumuzun arağıdı, onu ver
komandirinə.
Akademik arağı
çıxarıb verdi qardaşına:
- Ana, bizim komandirlər araq
içmirlər!
- Bəs nə içirlər?
- ...
***
Polkovnik yenə nəyinsə
almışdı ağzına, öz-özünə
söyürdü, bağırırdı:
- Küçük, müstəntiq
olub mənə. Səbəb axtarır. Mən sənə səbəbi göstərərəm.
Bu dəqiqə əl-ayağını
bağlayıb tulladaram o tərəfə, get sən həqiqəti
axtar, dədən də Qırmızı Xaçla səni.
Mən burda gecə-gündüz
yağış bilmirəm, qar bilmirəm düşmənlə
üz-üzəyəm, sən də şəhərdə
saunalarda qızlarla kef edirsən. Köpəyoğlu! Həqiqət
axtarır! Ala həqiqəti!
Polkovnik elə bir yerini göstərdi
ki... Sonra telefonu götürüb Müstəntiqi
yığdı və amiranə bir səslə dedi:
- Durun gəlin bura!
Telefonun o başından Müstəntiqin
çox soyuqqanlı səsi eşidildi:
- Yoldaş Polkovnik, siz hələ
mənə lazım deyilsiz. Lazım olanda sizi dəvət
edəcəm.
Polkovnik səsini bir az
da ucaltdı:
- Sizə dedim
ki, gəlin bura!
Müstəntiq:
- Yoldaş Polkovnik, siz deyəsən
mənimlə əsgərlərinizi
qarışdırırsız. Mən sizin
tabeçiliyinizdə deyiləm. Xahiş
edirəm, səsinizin gur yerinə salmayın, kar deyiləm.
Sizə də dedim ki, lazım olanda sizi çağıracam!
- dedi və telefonu asdı
Müstəntiqin sözləri
Polkovniki havalandırdı:
- Malçişka, mən sənə
kim olduğumu göstərərə
Sonra telefonu götürüb kimi
isə yığdı:
- Bunu bura kim
göndərib? Gəlib ordunun mənafeyini
qorusun, yoxsa bir cinayətkarın? Burnun hara
gəldi soxur.
Telefondakı səs:
- Qələt eləyir.
- Siz qələt eləyir deyirsiz,
amma o qələt eləmir axı!
- Narahat olma, dedim ki, qələt eləyir,
yoluna qoyarıq.
***
Telefondakı adamın zəhmli səsi
az qala dəstəyin
qulaqlığından çıxıb onu
şapalağın altına saldı:
- Sən orda nə ilə məşğulsan?
Amma Müstəntiq belə
şapalaqları çox gördüyündən heç nə
olmamış kimi dedi:
- Başa düşmədim.
- Niyə başa düşmədin?
Soruşuram sən orda nə ilə məşğulsan?
Müstəntiq yenə
özünü onda qoymadı:
- Məgər burda nə baş
verdiyindən və mənim bura niyə göndərildiyimdən
sizin xəbəriniz yoxdu? Bəs niyə? Hər gün elə qəzetlər də yazır
axı?!
Telefonun o başındakı adam lap hövsələdən
çıxdı:
- Deyəsən, kiminlə
danışdığının fərqində deyilsən?
Müstəntiq halını
pozmadan:
- Əsəbləşməyin! Hərbi hissədə nə baş verdiyini sizə məruzə
etməyiblərsə, onda bizim prokurorluğa zəng edin, ordan
öyrənə bilərsiz mən burda nə işlə məşğulam.
Və xahiş edirəm səlahiyyət həddini
də keçməyəsiz. Çox
maraqlanırsızsa, deyim. Mən burda
çox ağır bir cinayət hadisəsini
araşdırıram. Və sizə söz
verirəm ki, tezliklə bu cinayətin bütün
günahkarlarını üzə çıxarıb məsuliyyətə
cəlb edəcəm. Bu mənim vəzifə
borcumdur. Burda beş insan ölüb.
Siz istəyirsiz ki, beş nəfər gəncin
qanı batırılsın.
- Sən mənə nağıl
danışma. Öldürülənlər də
məlumdu, öldürən də. Daha nə
axtarırsan? Nəyi eşələyirsən?
Niyə burnunu hər yerə soxursan?
Müstəntiq təhqir olunsa da
etika xətrinə özündən rütbəli və
yüksək vəzifəli şəxsə cavab vermək istəməsə
də, bu dəfə özünü saxlaya bilmədi:
- Bir daha notatsiya oxumayın,
danışığınıza fikir verin. Və
siz də səlahiyyətinizə aid olmayan işlərə
burnunuzu soxmayın.
- Yaxşı, mən sənə
göstərərəm.
Müstəntiq:
- Narahat olmayın, mən görə-görə
gəlirəm.
- Sənin
ananı...
Müstəntiq istehza ilə
güldü:
- Elə anam da görə-görə
gəlir...
Hər ikisi telefonun dəstəyini
eyni vaxtda atdı.
Müstəntiq
qovluqları stolun üstdən götürüb əsəbi
halda seyfə tulladı və qapıdan çıxdı.
Qərargah Rəisi iki zabiti
möhkəm danlayırdı, Müstəntiqi dilxor
görüb söhbətini kəsdi və soruşdu:
- Axşamın xeyir, yoldaş
Müstəntiq, işlər necə gedir?
- Elə hərbi hissənin işi
kimi...
- Başa düşdüm!
(Ardı növbəti şənbə sayımızda)
AQİL ABBAS
Ədalət.-2011.-3 dekabr.- S.4.