BAYAT

N 163 (522)

***

  

   Ah eylədiyim sərvi-xuramanın üçündür

   Qan ağladığım qönçeyi-xəndanın üçündür.

  

 

   Sərgəştəliyim kakili-mişkinin ucundan

   Aşüftəliyim zülfi-pərişanın üçündür.

 

   Bimar tənim nərgisi-məstin ələmindən,

   Xunin ciyərim ləli-dürəfşanın üçündür.

 

   Yaxdım tənimi vəsl günü şəm tək, əmma

   Bil kim, bu tədarük şəbi-hicranın üçündür.

 

   Qurtarmağa yəğmayi-qəmindən dilü canı,

   Səyim nəzəri-nərgisi-fəttanın üçündür.

 

   Can ver, könül, ol qəmzəyə kim, bunca zamanlar,

   Can içrə səni bəslədiyim anın üçündür.

 

   Vaiz bizə dün duzəxi vəsf etdi, Füzuli,

   Ol vəsf sənin külbeyi-əhzanın üçündür. 

   ***

  

   Bağə girdim, səri-kuyin anıb əfğan etdim,

   Gül görüb, yadın ilə çaki-giriban etdim.

  

  

  

   Baxuban nərgisə, əyyar gözün qıldım yad,

   Nərgisi naləvü əfğanıma heyran etdim.

 

   Qönçəvü lalə demə, dağ qarasın qoparıb,

   Alü alayə sarıb səbzədə pünhan etdim.

 

   Güli-tər üzrə düşən şəbnəmə düşdü nəzərim,

   Gözümü şövqi-cəmalında dürəfşan etdim.

 

   Bərgi-gül sanma ki, xunabə tökən dəmdə gözüm

   Neçə yaprağə ciyər qanı silib, qan etdim.

 

   Görücək sünbülü, andım şikəni-kakilini,

   Sünbülü giryəvü ahilə pərişan etdim.

  

   Ey Füzuli, rəvişi-əql məlul etdi məni,

   Səhv qıldım ki, cünun dərdinə dərman etdim.

  

   ***

  

   Ey bivəfa ki, adət olubdur cəfa sana,

   Billah cəfadır, olma demək bivəfa sana.

 

   Gəh nazü gəh girişməvü gəh işvədir işin,

   Canın sevənlər olmasa yey aşina sana.

  

  

  

   Min can olaydı kaş məni-dilşikəstədə,

   Ta hər birilə bir gəz olaydım fəda sana.

  

   Eşqində mübtəlalığımı eyb edən sanır

   Kim, olmaq ixtiyar ilədir mübtəla sana.

  

   Ey dil ki, hicrə doymayıb istərsən ol məhi,

   Şükr et bu halə, yoxsa gələr bir bəla sana.

 

   Ey gül, qəmində əşk rüxi-zərdim etdi al,

   Bildirdi ola surəti-halım səba sana.

 

   Düşməz çü şah qürbi, Füzuli, gədalərə,

   Ol şəhdən iltifat nisbət mana, sana.

   ***

  

   Saqiya, cam tut ol aşiqə kim, qayğuludur,

  

   Qayğu çəkmək üçün, cam ilə aləm doludur.

 

   Təlx göftarsız olmaz ləbi-yar, ey aşiq,

   Çox həvəs eyləmə ol şərbətə kim, ağuludur.

  

   Qoyalım başı xümi-badə əyağinə müdam,

   Tutmamaq olmaz onun hürmətini, bir uludur.

 

   Bunca kim, kuh sifət başimə daşlar urulur,

   Dideyi-bəxtim oyanmaz, ağır uyğuludur.

  

   Dili-pürxunimə yağdırma bəla peykanın,

   Həzər et şişəyə, nagah zərər eylər, doludur.

 

   Könlümün zəxminə peykanın etdim mərhəm,

   Gənci-qəmdir, nola gər böylə dəmir qapuludur.

  

   Nərgisin fikri, Füzuli, gözü könlümdə gəzər,

   Tutar ahu vətən ol yerdə ki, otlu, suludur.

 

   ***

  

   Mehri könlümdə nihan olduğun ol mah bilir,

   Kimsə bilməz, füqəra sirri-dilin şah bilir.

 

   Sorman ol mahilə hali-dilimi tanrı üçün,

   Biləli onu özüm, bilməzəm allah bilir

 

   Gah yüz lütf qılır, gah təğafül guya

   Gah bilməz bu giriftarlığım, gah bilir.

 

   Can fəda eyləməyi yara həmin mən bilirəm,

   Bu təriqi demə hər qafilü gümrah bilir.

 

   Nəzəri-lütf diriğ etmə Füzulidən kim,

   Sənə sidqilə özün bəndeyi-dərgah bilir.

  

  

  

   ***

  

   Dərdi-eşqim dəfinə zəhmət çəkər daim təbib,

   Şükr kim, olmuş ona zəhmət, mənə rahət nəsib,

 

   Bir zəbandır şərhi-qəm təqririnə hər bərgi-gül,

   Eyləməz bihudə gül gördükdə əfğan əndəlib.

 

   Bilsə zövqüm vəsldən firqətdə əfzun olduğun,

   Vəsldən mənim rəva görməzdi rəşkindən rəqib.

 

   Təni-qəflətdir pəritələtlərə izhari-hal,

   Sanma kim, əhbab halından olur qafil həbib.

 

   Ah, bilmən neyləyim qurtulmaq olmaz qeyddən,

   Mən hərifi-sadədil, xuban cəmali dilfirib.

 

   Şəm qürbilə təfaxur qılma, ey pərvanə, kim,

   Xirməni-ömrün göyər bərqi-fənadən ənqərib.

 

   Nola ağlarsa Füzuli rövzeyi-kuyin anıb,

   Lacərəm giryan olur qılğac vətən yadın qərib.

  

   ***

  

   Pənbeyi-daği-cünun içrə nihandır bədənim,

   Diri olduqca libasım budur, ölsəm, kəfənim.

  

  

  

   Canı canan diləmiş, verməmək olmaz, ey dil!

   niza eyləyəlim, ol sənindir, mənim.

 

   Daş dələr ahim oxu, şəhdi-ləbin şövqindən,

   Nola zənbur evinə bənzəsə beytülhəzənim.

 

   Tövqi-zənciri-cünun daireyi-dövlətdir,

   rəva kim, məni ondan çıxara zəfi-tənim.

  

   Eşq sərgəştəsiyəm, seyli-sirişk içrə yerim,

   Bir hübabəm ki, həvadən doludur pirəhənim.

 

   Bülbüli-qəmzədəyəm, bağü bəharım sənsən,

   Dəhənü qəddü rüxün, qönçəvü sərvü səmənim.

 

   Edəmən tərk Füzuli, səri-kuyin yarın,

   Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!

  

  

  

   ***

  

   Könüldə min qəmim vardır ki, pünhan eyləmək olmaz,

   Bu həm bir qəm ki, el tənindən əfğan eyləmək olmaz.

 

   müşkül dərd olursa bulunur aləmdə dərmanı,

   müşkül dərd imiş eşqin ki, dərman eyləmək olmaz.

  

   Fəna mülkinə çox əzm etmə, ey dil, çəkmə zəhmət kim,

   Bu tədbir ilə dəfi-dərdi-hicran eyləmək olmaz.

 

   Saqın, könlüm yıxarsan, pənddən dəm vurma, ey naseh,

   Həvayi-nəfs ilə bir mülkü viran eyləmək olmaz!

 

   Dəhanın üzrə ləlin istəmiş dil, dəfi müşküldür,

   Görünməz hiç cürmü, yox yerə qan eyləmək olmaz.

 

   Dualar eylərəm, məndən yana bir dəm güzar etməz,

   çarə, sehr ilə sərvi xuraman eyləmək olmaz.

 

   Füzuli, aləmi-qeyd içrəsən, dəm vurma eşqindən,

   Kəmali-cəhl ilə dəvayi-irfan eyləmək olmaz.

  

   ***

  

   Od pərivəş kim, məlahət mülkünün sultanıdır,

   Hökm onun hökmüdür, fərman onun fərmanıdır.

  

   Sürdü Məcnun növbətin, indi mənəm rüsvayi-eşq,

   Doğru derlər, hər zaman bir aşiqin dövranıdır.

 

   Ləhzə-ləhzə könlüm odundan şərərlərdir çıxan,

   Qətrə-qətrə göz tökən sanmın sirişkim qanıdır.

 

   Çakilər cismimdə tiği-eşqdən, eyb etməyiz

   Kim, cünun gülzarının bunlar güli-xəndanıdır.

 

   Ey Füzuli, ola kim rəhm edə yar əfğanına,

   Ağlagil zar, onca kim zar ağlamaq imkanıdır.

   

   ***

  

   Əgərçi iynə tək keçdim cahanın cümlə varından,

   Hənuz ardımcadır qeydi-təəllüq zülfü tarından.

 

   Şəhidi-eşq olub, feyzi-bəqa kəsb eyləmək xoşdur,

   hasil bivəfa dəhrin həyati-müstəarından.

 

   Hübabi-əşkü ahi-pürşərər qılmış məni fariğ

   Cahanın qəsri-siməndudü kaxi-zərnigarından.

 

   Görünməz surəti-ümmidi-vəslin lövhi-canımda,

   Mükəddərdir məgər ol ayinə çeşmim qübarından.

 

   Uzanır rişteyi-tuli-əməl didar zövqilə,

   Xəm açıldıqca ol gülçöhrə zülfi-tabidarından.

 

   Sənədir iqtidası tövfi-kuyi-Leyli etməkdə,

   Xəsü xarı qopar, ey naqə, Məcnun rəhgüzarından.

 

   Füzulidən məlamət etirazın istəyən guya,

   Deyil vaqif dili-suzanü çeşmi-əşkbarından.

  

  

  

   ***

  

   Zülfi kimi ayağın qoymaz öpəm nigarım

   Yoxdur onun yanında bir qılca etibarım.

 

   İnsaf xoşdur, ey eşq, ancaq məni zəbun et,

   Ha böylə möhnət ilə keçsinmi ruzigarım?

  

   Bildi təmami-aləm kim, dərdməndi-eşqəm,

   Ya rəb, hənuz halım bilməzmi ola yarım?

  

   Vəslindən ayrı nola qanim tökülsə gül-gül,

   Mən gülbüni-bəlayəm, bu fəsldir bəharım.

 

   Təsvir edən vücudim yazmış əlimdə sağər,

   Rəf olmağa bu surət yox əldə ixtiyarım.

  

   Dur istəmən zəmani-mey sayəsin başımdan,

   Topraq olanda ya rəb, dürdi-mey et qübarım.

 

   Rüsvalərindən ol məh saymaz məni Füzuli,

   Divanə olmayımmı, dünyadə yoxmu arım?

 

MƏHƏMMƏD FÜZULİ

Ədalət.-2011.-3 dekabr.- S.20.