QƏHRƏMANLIQ DOLU BİR ÖMÜR

YAXUD RİAD ƏHMƏDOV QALSAYDI...

Onun haqqında çox eşitmişəm və oxumuşam. Qəhrəmanlarımızdan və onların etdikləri qəhrəmanlıqlardan söz düşəndə yadıma düşənlərdən, gözümün qabağına gələnlərdən biri də məhz Azərbaycanın Milli Qəhrəmanı, cəsarətli və vətənpərvər zabit, çevik ağıl və düşüncə sahibi olan Riad Fikrət oğlu Əhmədov olur. Bu yaxınlarda "Ədalət" qəzetində istefada olan polis polkovniki, Qarabağ müharibəsi veteranı, müharibə vaxtı Şuşa rayon Polis Şöbəsinin rəisi olmuş, dostum Vahid Bayramovun "Əbədi yaşayanlar, onlardan biri də Riad Əhmədovdur" sərlövhəli yazısını oxudum.

   Vahid müəllimim dostu və döyüş yoldaşı ilə bağlı qələmə aldığı yazını həyacansız oxumaq olmur. Müəllifin qeyd etdiyi kimi, Riadın bir yazıya sığışmayan qəhrəmanlığı əsl vətənpərvərlik nümunəsidir. Gələcək nəsillər, yeniyetmələr məhz Riad kimi oğullarımızın keçdiyi həyat yolunu, Vətənə bağlılığı öyrənməli, lazım gələrsə həyatlarından belə keçməyə hazır olmalıdır. Elə bu yazıda haqqında bəhs edəcəyim Riad Fikrət oğlu Əhmədov kimi.

   Vahid Bayramov haqqında bəhs etdiyim yazısının sonunda bildirir ki, Milli Qəhrəman Riad Əhmədov haqqında kitab yazılmasını nəzərdə tutur və onu tanıyanlardan xahiş edir ki, müəlliflə əlaqə saxlasınlar. Riad Əhmədovu şəxsən tanıyırdğıma görə də bu çağrışa cavab verməyə bilməzdim.

   RİAD ƏHMƏDOVLA TANIŞLIĞIM

   Mən Riad Əhmədovla Şuşa şəhərində, sonradan Polis rəisi olacaq Vahid Bayramovun kabinetində tanış oldum. Vahid müəllimlə tez-tez görüşərdim. Şuşanın və ətraf kəndlərin müdafiə və mühafizə olunmasını, hadisələrlə bağlı daha dəqiq informasiyaları ondan öyrənmək olardı. Hər halda məni jurnalist kimi daha çox Vahid Bayramovun verdiyi məlumatlar qane edirdi. Həm də, rəhbər vəzifədə işləməsinə baxmayaraq, əməliyyatlarda bir başa iştirakı, onlarla erməni yaraqlısını məhv etməsi, rus komendaturası tərəfindən təzyiqlərə məruz qalan həmvətənlərimizi qoruması ona şuşalıların rəğbətini qazandırmışdı. Elə, paytaxt Bakıdan qaynar nöqtəyə gedən biz jurnalistlər də Vahid kimi oğullarla görüşməyə daha çox üstünlük verirdik. Elə belə görüşlərdən birində də, adı dillər əzbəri olan, qəhrəmanlığından hər bir şuşalının danışdığı Riad Əhmədovla tanış oldum. Onunla ilk tanışlığımızdan bir-birimizə qanımız qaynadı. Kifayət qədər diqqətcil, müşahidə qabiliyyəti güclü olan, çevik və düzgün qərar qəbul edən bir zabit idi. Vahid müəllimlə dostluğu və mənim də Vahidlə yaxınlığım, qohumluq əlaqələrimiz onun mənə ürək qızdırmasına səbəb ola bilərdi. Bəlkədə bütün bunlarla yanaşı onun yüksək keyfiyyətli çekist və kəşfiyatçı olmasının da haqqımda qərar verməsində rolu olmuşdur. Hər halda Riad Əhmədov mənimlə söhbət etməyə, suallarımı cavablandırmağa vaxt tapırdı. Baxmayaraq ki, ezamiyyə müddətini isti kabinetlərdə keçirmək onluq deyildi. Daima postlarda idi. Sorağı özünümüdafiə batalyonlarından, polis dəstələrinin mühafizə etdikləri nöqtələrdən gələrdi. Ərazini yaxşı öyrənmişdi. Bütün əməliyyatların hazırlanmasında iştirak edərdi və verdiyi təkliflər qəbul olunardı. Əməliyyatlarda isə özü şəxsən iştirak edərdi. Şuşalılar onu çox istəyirdi. Əhalinin toy və yas mərasimlərində doğmaları kimi iştirak edərdi. Bir dəfə onu, şuşalı qohumumuzun yas mərasimində də görmüşdüm.

  

   Bu yaxınlarda Riad Əhmədovu doğum günü olacaq. Onunla bağlı bir yazı yazmaq keçdi könlümdən. Vahid Bayramovla əlaqə saxladım. O, mənə yardımçı olacağını, Riadın döyüş yoldaşlarının mənimlə görüşməsinə şərait yaradacığını dedi və sözünündə üstündə durdu.

   "O, MƏNİM ƏN YAXIN DOSTUM İDİ"

   Bu sözləri VAHİD BAYRAMOV dedi: - Yaxşı bilirsən ki, mən onunla ağır günlərin dostu olmuşam. Müharibə vaxtı Şuşaya paytaxtdan çoxları ezam olunurdu. Içərilərində ezamiyyə müddətini qaçaraq başa vurub geri qayıtmaq istəyənlərdə vardı. Amma Riad elələrindən deyildi. O vaxtlar o, DTK-da işləyirdi. Millətinə, Vətəninə bağlılığı bəzən tutduğu vəzifəni, təmsil etdiyi orqanı ona unutdururdu. Daima bizimlə idi. Neçə dəfə ağır əməliyyatlarda iştirak etmişdi. Silah çatışmamazlığı vardı. Özünün tabel silahını polis işçilərimizə verərdi ki, əməliyyat zamanı istifadə etsinlər. Onun qəhrəmanlığından, vətənpərvərliyindən bir oturuma danışmaq mümkün deyil. Bunun üçün günlər lazımdır. Malıbəylidə, Quşçularda, Cəmillidə, Turşsuda və digər yaşayış məskənlərində polis işçilərimiz və özünümüdafiə batalyonlarımızla birlikdə misilsiz qəhrəmanlıqlar göstərmişdi. O, Şuşada olanda insanların üzlərində bir arxayınçılıq vardı, sanki. Riad gəlibsə demək hansısa uğurlu bir əməliyyat gerçəkləşəcək, ermənilərdə olan girovlar geri qaytarılacaq. Yaxud hansısa strateji əhəmiyyətli yer azad olunacaq. Çox yüksək səviyyəli hərbi taktikaya və biliyə malik bir şəxs idi.

   "O, QARABAĞA BAĞLI İDİ"

   Şuşa rayon İcra Hakimiyyəti Başçısının müavini MİRZƏ BAYRAMOV da Riad Əhmədovun qəhrəmanlığından ürək dolusu danışır, onun Vətənimizin layiqli oğlu olmasından bəhs edir: - Onu qardaşım Vahidin dostu kimi tanıdım, və qardaşımdan ayırmadım. Sanki, Riad da qardaşlarımdan biri idi. O vaxtlar Şuşa rayon Aqropromunun rəisi vəzifəsində çalışırdım. Işlərimizə, torpaqlarımızın müdafiəsi üçün əlimizdən gələni əsirgəməmək də əlavə olunmuşdu. Bu, bizim vətənpərvərlik borcumuz idi. Məhz buna görədə tez-tez postlarda olurduq. Riadın qəhrəmanlığından hər yerdə danışılırdı. 1991-ci ildə ermənilərin yaşadıqları Göytala, Kirov, Qaladərəsi və başqa kəndlərdə Ermənistandan gələn terrorçuların olması xəbərini eşidəndə də Vahidin, Riadın rəhbərliyi ilə əməliyyat hazırlanmışdı. Uğurla nəticələnən həmin əməliyyatda 25 nəfərdən çox erməni boyeviki əsir alınmış və bir vertalyot qənimət götürülmüşdü. Bu və digər əməliyyatlarda Riad Əhmədovun soyuqqanlılığı, vəziyyətdən düzgün nəticə çıxarmasının mühüm rolu olmuşdur.

   "ONU UNUTMAQ OLMAZ"

   Bu sözləri isə o vaxtlar Laçın rayon Maddi Texniki Təchizat Bazasının direktor müavini vəzifəsində işləmiş NADİR SADIQOV deyir:- Riadla Vahid müəllimin sayəsində tanış olmuşam. Tez-tez Şuşaya gedərdim. Müharibə dövrünün də öz qanunları var. Xidməti işimlə bağlı Şuşaya hər gedişimdə dostum Vahid müəllimlə görüşərdim. Laçının da ağır günləri idi. Həmin görüşlərin birində Riadla tanış oldum. Bu tanışlıq dostluq səviyyəsinə qədər qalxdı. Indi də gözlərimin önündən çəkilmir, vətənpərvər, təmkinli bir insan idi. Qorxu nədir bilməzdi. Tez-tez əməliyyatlarda olardı. Bu onun həyat tərzinə çevrilmişdi, Şuşasız qala bilmirdi. Vətənin ağır günündə paytaxtdakı isti, rahat kabinet mənlik deyil, mən burda döyüşən oğulların sırasında olmalıyam- deyərdi. Dəfələrlə mənə silah-sursat vermişdi. Laçının müdafiəsində onun verdiyi güllələrdən, silahlardan istifadə olunurdu. Vəzifəsini itirməkdən qorxmurdu. Onu ancaq Vətənin azadlığı düşündürürdü.

   "O, BİZƏ RUH VERİRDİ"

   Şuşa rayon Turşsu kənd sakini, hazırda Ağcabədidə məskunlaşan QABİL FƏRHADOV Qarabağ uğrunda gedən döyüşlərdə iştirak edib, onunla Riad Əhmədov haqda danışırıq: - Mənim atam da döyüşürdü. O, 1992-ci ildə Laçın uğrunda gedən döyüşlərdə şəhid oldu. Biz özünümüdafiə batalyonun döyüşçüləri idik. Riad Əhmədovu da elə o vaxtlar tanıdım. Şuşanın ətrafında postlarda dayanardıq yanımıza gələrdi, hər birimizlə fərdi söhbətlər aparardı. Bizə mənəvi dəstək olardı, ruh verərdi. Onunla hər söhbətdən sonra düşmənlə üz-üzə gəlməyə daha çox can atardıq. Biz, Şuşanın polis rəisi Vahid müəllimi yaxşı tanıyırdıq. Elə Riad müəllimi də onunla birlikdə görmüşdük. Ona ürək qızdırırdıq. Misilsiz qəhrəmanlıqları ilə yaddaşımda qalıb. Amma neynəmək olar, Vətənin yaşaması üçün görünür canlarından keçməlidir.

   "MƏN ONUN TAKTİKASINA HEYRAN QALMIŞDIM"

   Müharibə vaxtı Şuşa polis Şöbəsinin batalyon komandiri vəzifəsində olmuş, hazırda Bakı Şəhər Dövlət Yol Polisində çalışan, polis mayoru FƏRMAN XƏLİLOV:- Riad Əhmədov sözün həqiqi mənasında qəhrəman idi. Qorxmaz və cəsur bir zabit idi. Batolyonda olan 300-dən çox polis zabiti və polis nəfərini şəxsən tanıyırdı. Onunla postları yoxlamağa birlikdə gedərdik. Kərkicahanda gedən ağır döyüşdə onunla birlikdə olduq. Onun döyüş taktikasına heyran qalmışdım. Daşaltı döyüşündə də yanbayan dayanıb vuruşduq. Onun qəhrəmanlığından bəhs etməklə qurtarmaz

   Şuşa polisində rota komandiri olmuş AZAY KƏRİMOV Riad Əhmədovun qəhrəmanlığından fəxrlə danışır. Malıbəyli, Quşçular, Kərkicahan istiqamətində gedən döyüşlərdən bəhs edir, Riadın rəhbərliyi və döyüş taktikasına söykənərək düşmənə necə ağır itkilər vurduqlarından danışır. O, Riad Əhmədov haqqında xatirələrini bizimlə bölüşür, onun gələcək nəsillərə örnək olan qəhrəmanlıq dolu həyatının işıqlandırılmasından, bədii əsərlərin yazılmasının vacibliyindən söz açır.

   "ONDAN YAZMAQ MÜTLƏQ LAZIMDIR"

   Bu sözləri vaxtı ilə Şuşa İcra Hakimiyyətində şöbə müdürü işləmiş, YUSİF İSMAYILOV deyir:- "Riad Əhmədovun vətənpərvərliyindən istənilən qədər danışmaq olar. Şəxsən tanış idik. Ailənin yeganə oğul övladı olmasına baxmayaraq, döyüşlərdən yan qaçmazdı. Heç tutduğu vəzifəyə görə də bəziləri kim qaynar nöqtələrdən, döyüş yerlərindən kənarda daldalana bilərdi. Lakin o, belələrindən deyildi. Qanıynan, canıynan vətəninə, millətinə bağlı bir insan idi. Bir neşə dəfə onunla əməliyyatlarda olmuşam. Yaxşı döyüş taktikasına malik olan zabit idi. Daşaltıda olan ilk əməliyyatda da birlikdə olmuşduq. Ama axırıncı - 1992-ci ilin yanvar ayının 26-da Daşaltıda sonuncu əməliyyat oldu. Həmin döyüşdə də Riad Əhmədov qəhrəmanlıqla döyüşdü. Onun xatirəsi onu tanıyanların qəlbində daima yaşayacaq. Mən onun haqqında yazmağınızı təqdir edirəm.

   "ELƏ BİLİRDİM DAYIMDIR GƏLƏN"

   Şəhid ailəsi olan OFELYA ALIYEVA ilə söhbət edirəm. "Həyat yoldaşım Şahmalı Alıyev Şuşa işğal olunarkən ermənilərlə döyüşdə itkin düşdü, ölüb -qalır, xəbərimiz yoxdur. Yəni meyidini də tapmaq olmadı. Bu vaxta qədər isə Riad Əhmədovu yaxşı tanıyırdım. Dayımın - Vahid Bayramovun yaxın dostu idi. Yoldaşım postlarda, döyüş əməliyyatlarında olurdu. Dayım tez-tez bizə baş çəkirdi. Riad müəllimlə birgə gəldiyi vaxtlar çox olmuşdu. Mən onda bizim ailəyə, uşaqlara qarşı bir doğmalıq görmüşdüm, onu dayımdan ayırmırdım. Onu görəndə elə bilirdim ki, dayımı görmüşəm. Yoldaşım deyərdi ki, döyüşdə o qədər sərt olan adamın uşaqlarla bu qədər mehriban olmasına, deyib gülməsinə inanmaq olmur. Mənə deyərdi ki, sən təkcə Vahidin bacısı qızı deyilsən, elə mən də sənin dayınam. O, itkin düşəndə o qədər ağlamışdım ki... Axı, o, mənim doğrudan da dayım kimi idi - sadə, mehriban, qayğıkeş və millətini, vətənini sevən, düşmənə qarşı barışmaz olan cəsur bir igid".

   "O, İGİD OĞULLARLA DOSTLUQ EDƏRDİ"

   Polis mayoru, müharibə vaxtı vzvod komandiri olmuş FƏXRƏDDİN BAYRAMOV: - Cəsur bir döyüşçümüz vardı - İslam Bağırov. Ermənilərə qarşı barışmaz mövqedə idi. Onun hesabında 100- yaxın ermənin məhv edilməsi vardı. Riad Əhmədov onunla dostluq etdi. Ümumiyyətlə Riad Əhmədov igid və qorxmaz oğullara xüsusi bir rəğbət bəsləyirdi, onlarla dostluq edirdi, onlara güvənirdi. İslam 1992- ci ilin iyul ayında şəhid oldu. Riad Əhmədovla birlikdə dəfələrlə məxfi əməliyyatlarda olmuşdular. Bir dəfə o qədər erməni öldürmüşdülər ki... bunu Milli qəhrəman Çingiz Mustafayev lentə də almışdı. Riad və İslamın birgə həyata keçirdikləri əməliyyatlar dildən-dilə, ağızdan-ağıza gəzərdi.

   "YAXŞI YADIMDADIR"

   Qarabağ müharibəsi veteranı və əlili, polis mayoru ALLAVERDİ HÜSEYNOV da Milli Qəhrəman Riad Əhmədovla bağlı xatirələrini bölüşür:- "Çox igid oğlan idi, qorxu bilməzdi. Döyüşçülərin, polis əməkdaşlarının, eləcə də dinc əhalinin yanında böyük hörmət sahibi idi. Hamı onun xatirini istəyirdi. Bilirsiniz, bu adam üçün Vətənin o başı, bu bu başı yox idi. Içində Vətənə, yurda qarşı böyük bir sevgi vardı. Daşaltı əməliyyatında itkin düşsə də qəhrəmanlıqla döyüşməyi haqda hamı bəhs edir. O, mərdliklə vuruşdu. Yaxınlıqda döyüşürdük, həmin döyüşdə itkilərimiz çox oldu, Allah hamısına rəhmət eləsin".

   Polis əməkdaşları ZİYAD BƏXTİYAROV, CEYHUN QULİYEV, MƏHİYƏDDİN ƏMİRASLANOV, ARİF ƏLİYEV və digər söhbət etdiyim keçmiş döyüççülər də Riadın qəhrəmanlığından ağız dolusu bəhs etdilər. Bütün əməliyyatlarda ondan əsl qəhrəmanlığın necə olmasını, onon bütün döyüşçülərə örnək olmasını dedilər.

    Onun döyüş yoldaşları ilə, onu tanıyanlarla söhbət edirəm, nə yaxşı ki, xatirələr ölmür, qəlblərdə yaşayır, gələcək nəsillərə ötürülür. Riad Əhmədovla da bağlı belədir. Kiminlə söhbət etdimsə, hər kəs onun qəhrəmanlığından bəhs etdi, Vətəninə, millətinə bağlılığından danışdı. "Əgər o qalsaydı.." Çoxları belə deyir. Deyirlər ki, əgər o olsaydı filan döyüşdə itkimiz az olardı, yaxud heç olmazdı, axı döyüş üçün planı, taktikanı o, seçəcəkdi, əməliyyatı o, hazırlayacaqdı. Daşaltı əməliyyatının uğursuz nəticələnəcəyi qənaəti onda da da varmış. Vahid Bayramov deyirki, sonuncu dəfə Şuşaya yanvarın 25-də gəldi, artıq onda MN-nin əks-kəşfiyyat idarəsində çalışırmış. Daşaltıda qısa müddətə, hazırlaşmadan əməliyyatın aparılacağını dedi. Hər ikimiz bunun üçün ən azı 1 ay hazırlaşmağın gərəkli olduğunu desəkdə, o dövrün rəhbərliyinin təkidli əmri ilə yanvarın 26-da əməliyyata başlanıldı. Düşmənin əməliyyatdan xəbəri olmuşdu, həmin döyüşü uduzduq, ermənilərə olan müvəqqəti məğlubiyyətimiz də elə həmin əməliyyatdan sonra başladı. Riadla yaxınlıqda olan döyüşçülər deyir ki, o, ən azından həmin döyüşdə 40 erməni yaraqlısını məhv etdi.

   Belə bir deyim var: "Heç nə unudulmur, heç nə yaddan çıxmır". Riad Fikrət oğlu Əhmədovun da qəhrəmanlığı unudulmadı, yaddan çıxmadı. 1992-ci ilin iyul ayının 7-də Azərbaycan Respublikasının Prezidentinin 833 saylı fərmanı ilə igid və cəsarətli, vətənpərvər zabitimizə AZƏRBAYCANIN MİLLİ QƏHRƏMANI adı verildi. Bakıdakı 203 saylı orta məktəb onun adını daşıyır. Xatirəsi unudulmur, qəhrəmanlığı və Vətənə, millətə olan sevgisi gənclərə nümunə kimi göstərilir.

   Bəli, əgər o, qalsaydı həm də bu ilin dekabr ayını 20 - də doğmaları, döyüşçü dostları onun anadan olmasını elə onunla birlikdə qeyd edəcəkdi. Indi bu yubiley törəni onsuz keçiriləcək, lakin xatirəsinin və misilssiz qəhrəmanlığının işığında.

 

Faiq Balabəyli

Ədalət.-2011.-3 dekabr.- S.13-21.