Feyerbaxı oxuyan, Vyanada çıxış edən din xadimi
Səkkizinci Şeyxülislam
Ağa Əlizadənin yubileyi
qeyd olundu
Azərbaycan xalqı dünyaya böyük mütəfəkkirlər, dahi şair və yazıçılar, qüdrətli hərbi xadimlər bəxş edib. Bu torpaq tanınmış din xadimləri də yetişdirib. İslam dininin gözəl bilicisi kimi tanınan, xalq arasında nüfuz qazanan belə ruhanilərdən biri də mərhum Şeyxülislam Ağa Əlizadədi.
Dünən Qafqaz Müsəlmanları
İdarəsi və Milli Elmlər Akademiyasının birgə
təşkilatçılığı ilə Ağa
Əlizadənin anadan olmasının 140 illiyinə həsr
olunan elmi-nəzəri konfrans keçirildi. Tanınmış
alimlər, millət vəkilləri, ictimaiyyət nümayəndələri
mərhum Şeyxülislamın həyat yoluna
nəzər saldılar, xatirəsini ehtiramla
yad etdilər.
Şeyxülislam
Şeyxülislam haqqında
Görkəmli din xadimi Ağa
Əlizadənin adı Azərbaycan tarixinə səkkizinci
Şeyxülislam kimi daxil olub. Şeyxülislam Ağa Əlizadə 1871-ci ildə
Bakının Pirşağı kəndində dünyaya
göz açıb. İlk
təhsilini İçərişəhərdəki Qüdsi mədrəsəsində alıb.
Sonra təhsilini Nəcəf şəhərində
davam etdirib. Dini elmlərlə
yanaşı, riyaziyyat, astronomiya,
təbabət, tarix və ədəbiyyatı
gözəl bilən Ağa Əlizadə
Təzəpir məscidinin axundu, Bakı
şəhərinin Qazısı kimi böyük işlər görüb,
xalq arasında nüfuz
qazanıb. 1917-ci ilin aprelində
Bakıdakı "İsmailiyyə" binasında
çağırılan Qafqaz
Müsəlmanlarının I Qurultayının təşəbbüskarı
da Ağa Əlizadə
olub.
Azərbaycan Xalq Cümhuriyyəti
zamanında -1918-ci il dekabrın 12-də dindarlar 47
yaşlı Ağa Əlizadəni Qafqaz Müsəlmanları
Ruhani İdarəsinin sədri və Şeyxülislam
seçirlər.
Sovet Rusiyası Azərbaycanı
işğal etdikdən sonra Qafqaz Müsəlmanları Ruhani
İdarəsi və Şeyxülislamlıq təsisatı ləğv
olunur. Dinə qarşı qadağa qoyan, məscidləri bağlayan
sovet dövləti yalnız 1944-cü ildə
bu idarənin fəaliyyətinin bərpa
olunması barədə qərar verir. Tale elə gətirir
ki, Cümhuriyyət zamanının
Şeyxülislamı Ağa Əlizadə
sovet dövründə növbəti dəfə
bu vəzifəyə seçilir.
1944-cü il mayın 25-dən 28-nə qədər
davam edən qurultayda dindarlar onu yenidən
Şeyxülislamlıq məqamına layiq
görürlər.
Şeyxülislam Ağa Əlizadə Moskvada, Vyanada beynəlxalq konfranslarda çıxış edərək bütün dünya xalqlarını sülhə, həmrəyliyə çağırıb. Bütün həyatını İslam dinin təbliğinə həsr edən Ağa Əlizadə 1954-cü ildə vəfat edib. Onun vəfatından yarım əsrdən çox vaxt ötsə də səkkizinci Şeyxülislam bu gün də hörmət və ehtiramla xatırlanır.
Elmi-nəzəri
konfransda çıxış edən
natiqlər də mərhum din xadimini xoş sözlərlə
andılar.
Konfransı giriş sözü ilə
açan Milli Elmlər Akademiyasının prezidenti, akademik
Mahmud Kərimov Ağa Əlizadənin həyatı və fəaliyyəti
barədə məlumat verdi.
"Cümhuriyyətin və sovet
dövrünün Şeyxülislamı" adlı məruzə
ilə çıxış edən Qafqaz Müsəlmanları
İdarəsinin sədri Allahşükür Paşazadə
Ağa Əlizadənin gördüyü böyük işlər
barədə danışdı.
Şeyxülislam
Allahşükür Paşazadə bildirdi ki, Qafqaz Müsəlmanlarının
I Qurultayının təşkilində, 1917-ci ildə cəbhədə
ruslara əsir düşən, Nargin adasında dözülməz
şəraitdə saxlanılan türk əsgər və
zabitlərinə kömək göstərilməsində
nüfuzlu din xadimi kimi Ağa Əlizadənin müstəsna
xidmətləri olub. Məhz onun xalqa müraciətindən sonra
insanlar Təzəpir məscidinə gələrək
türk əsgərlərinə yardım
toplamağa başlayıblar. Bir həftə
ərzində o qədər yardım
toplanıb ki, ərzaq, dərman və
paltarları Nargin adasına daşımaq
üçün bir ay vaxt lazım olub. 1918-ci ildə ermənilərin Bakıda
törətdiyi soyqırımdan əziyyət çəkən
insanlar Təzəpir məscidinə pənah
aparıblar. Həmin ağır günlərdə Ağa Əlizadə tanınmış din xadimi kimi
insanlara mənəvi dayaq
durur. Bakı şəhərinin keçmiş rəisi Ter-Mikaelyants
məscidə pənah aparan
günahsız əhaliyə qarşı hər cür zorakılıq göstərmək, Ağa Əlizadəni isə fiziki
cəhətdən məhv etmək barədə
tapşırıq verir. Lakin
erməni daşnaklarının bu
planı həyata keçmir.
Allahşükür Paşazadə
qeyd etdi ki, 1918-ci il mayın 28-də Demokratik Cümhuriyyət
quran Azərbaycan bir müddət sonra Zaqafqaziya Müsəlmanları
Ruhani İdarəsinin də Tiflisdən Gəncəyə
köçürülməsi barədə qərar verir. Həmin
ilin sentyabrında isə Bakı Qafqaz İslam Ordusu tərəfindən azad
edildikdən sonra idarə paytaxta
köçürülür. Molla Məhəmməd Pişnamazzadə səhhəti
ilə bağlı Şeyxülislam vəzifəsindən
istefa verməli olur və
1918-ci il dekabrın 12-də 47
yaşlı Ağa Əlizadə Zaqafqaziya Müsəlmanları Ruhani
İdarəsinin sədri və Şeyxülislam
seçilir.
Allahşükür Paşazadə
səkkizinci Şeyxülislamın Demokratik Cümhuriyyətin
bir illiyi milli bayram kimi qeyd olunarkən xalqa etdiyi müraciətdən
sitat gətirdi: "Azadlığı yalnız müstəqil
yaşamaq yolu ilə qorumaq və müdafiə etmək olar. Allah-Təalanın
buyurduqlarını yalnız ölkənin müstəqilliyi
şəraitində müvəffəqiyyətlə intişar etdirmək olar. İstiqlal hər bir şəxsə
lazımdır".
Qafqaz Müsəlmanları İdarəsinin
sədri 1919-cu il sentyabrın 15-də Bakının azad edilməsi
yolunda şəhid olan osmanlı və azərbaycanlı əsgərlərin
Çəmbərəkənd qəbiristanlığındakı
dəfn mərasimi zamanı Ağa Əlizadənin çıxışını
tarixi bir nitq adlandırdı. Bolşevik Rusiyasının
Azərbaycanı işğal
etdikdən sonra Zaqafqaziya
Müsəlmanları Ruhani İdarəsinin
də fəaliyyətinə son qoyulduğunu xatırladan Şeyxülislam
Allahşükür Paşazadə qeyd etdi ki,
Ağa Əlizadə ötən əsrin
30-cu illərində həbs olunmaq təhlükəsi
ilə üzləşib. Onun evində
axtarış aparan çekistlər kitab rəfində Hegelin,
Feyerbaxın əsərlərini görəndə təəccübləniblər.
Ağa Əlizadə isə Şeyxülislam kimi bu əsərləri oxuduğunu
bildirib.
Azərbaycan dövlətinin milli-mənəvi
dəyərlərə böyük diqqət və
qayğı göstərdiyini deyən Allahşükür
Paşazadə bildirdi ki, səkkizinci Şeyxülislam Ağa
Əlizadəni 140 illik yubileyinin yüksək səviyyədə
keçirilməsi buna əyani sübutdu.
Cümhuriyyət və sovet
dövrünün Şeyxülislamı
Elmi-nəzəri konfransda çıxış edən Qafqaz Müsəlmanları İdarəsi Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev, professor Anar İsgəndərov Ağa Əlizadənin Şeyxülislam kimi həm cümhuriyyət, həm də sovet dövründə gördüyü işlərdən danışdılar. Tanınmış din xadiminin Moskvada, Vyanada keçirilən beynəlxalq tədbirlərdəki çıxışlarını tarixi hadisə adlandırdılar.
Şeyxülislam Ağa Əlizadənin
nəvəsi, Milli Elmlər Akademiyasının vitse-prezidenti,
akademik Akif Əlizadə xatirələrini danışdı,
babasının xatirəsinə həsr olunan tədbirin təşkilatçılarına
minnətdarlığını bildirdi.
Milli Məclisin
üzvləri Fəttah Heydərov, Rəbiyyət Aslanova, professorlar İzzət
Rüstəmov, Fuad Məmmədov və
Hikmət Mahmudov fikirlərini
bölüşdülər.
Elmi-nəzəri konfransda Ağa
Əlizadənin həyatından bəhs edən
"Cümhuriyyətin və sovet dövrünün
Şeyxülislamı" kitabı da ictimaiyyətə təqdim
olundu. Qafqaz Müsəlmanları
İdarəsi Elmi-Dini Şurasının
qərarı ilə çap olunan "Cümhuriyyətin və sovet dövrünün
Şeyxülislamı" kitabı bu
işıqlı insanın xatirəsinə hörmətin
nümunəsidir.
Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə kitaba ön söz yazıb. "Elm və təhsil" nəşriyyat-poliqrafiya müəssisəsində nəfis şəkildə hazırlanan kitabın tərtibçiləri professor Hacı Anar İsgəndərov, filologiya elmləri namizədi Hacı Müqəddəs Payızov, tarix elmləri namizədi Samir İsmayılov, Ziyad Əmrahov, Nurlan Abbasov, Sara Məmmədova və Rüxsarə Quliyevadır. Rəyçilər akademiklər Akif Əlizadə, Hacı Vasim Məmmədəliyev, Hacı Bəkir Nəbiyevdir. Nəşrə məsul isə Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Müfti Hacı Salman Musayevdir.
Elmi-nəzəri konfransa Milli Elmlər Akademiyasının prezidenti akademik Mahmud Kərimov yekun vurdu. Tədbir mərhum Şeyxülislamın xatirəsinə təşkil olunan ehsan süfrəsi ilə yekunlaşdı.
Etibar CƏBRAYILOĞLU
Ədalət.-2011.-3 dekabr.- S.10.