"Türk dövlətlərinin birliyi
kağız üzərində qalmasın"
TÜRK PA-nın Baş Katibi rəhbərlik
etdiyi qurumun hədəflərini açıqlayır
İki əsrə yaxın Rusiya imperiyasının təsir dairəsində qalan türkdilli ölkələr əvvəlcə çarın, sonra isə sovetlərin dönəmində bir dövlətin tərkibində olmalarına rəğmən bir-birindən çox uzaq salınmışdılar. SSRİ-nin dağılması ilə dövlət müstəqilliklərini bərpa edən türk ölkələri də bir-birinə yaxınlaşmağa başladılar. Dövlətlərarası inteqrasiya prosesinin sürətləndirilməsi məqsədilə uzun illərdən bəri davam edən müzakirələrin sonu olaraq TÜRK PA formalaşdırıldı. Avropa dövlətlərini özündə birləşdirən beynəlxalq qurumların timsalında ərsəyə gətirilən TÜRK PA-nın məram və məqsədləri də rəngarəngdir. Qurum təkcə özündə türkdilli dövlətləri birləşdirmək niyyətində deyil, gələcəkdə onun sırasında digər dövlətlərin təmsilçiliyini də görmək mümkün olacaq. Bu müsahibədə TÜRK PA-nın Baş Katibi Ramin Həsənovla qurumun gördüyü və perspektivdə planlaşdırıldığı işlər barədə söhbət etdik.
Birləşək, güclənək
-
TÜRK PA hansı zərurətdən yarandı?
- Türkdilli dövlətlər
arasında son illər bir neçə hökumətlər və
parlamentlərarası beynəlxalq qurumlar
formalaşdırılıb. Onların yaranma tarixi
çox əvvəllərə gedib çıxır. Sadəcə, onlar real olaraq bu gün fəaliyyətə
keçiblər. 1991-ci ildə türkdilli dövlətlərin
müstəqilliklərini əldə etmələri, Türkiyənin
lokomativliyi öz üzərinə götürməsi ilə
1992-ci ildən türkdilli dövlət
başçılarının zirvə toplantıları
keçirilməyə başladı.
2006-cı ildə Antaliyada keçirilən zirvə
toplantısında Qazaxıstanın prezidenti Nursultan Nazarbayev
bu dövlətlər arasındakı münasibətləri inkişaf
etdirmək və daha da gücləndirmək məqsədilə
beynəlxalq qurumların formalaşdırılmasına ehtiyac
olduğunu bildirmişdi. Eyni zamanda da türkdilli dövlətlərin
Parlament Assambleyasının yaranmasına zərurətin
olduğunu vurğulamışdı. Bu təklifi Türkiyə,
Qırğızıstan, Azərbaycan prezidentləri dəstəklədikdən
sonra həmin istiqamətdə proses başlayıb. Dövlətlərarası əlaqələri
parlamentdə qanun layihələri hazırlayaraq istənilən
səviyyəyə gətirmək üçün real bir təşkilat
lazım idi. 2009-cu ildə Bakıda TÜRK PA-nın I plenar
sessiyası keçirildi ki, bu da böyük əhəmiyyət
daşıyır.
-
Qurumun beynəlxalq arenada tanınması işi necə qurulur?
- TÜRK PA-nın beynəlxalq təşkilat kimi formalaşması üçün ilk növbədə hüquqi sənədlərə və daimi struktura ehtiyac var. Bunlar olmadan bu təşkilat heç bir fəaliyyət göstərə bilməz. Dörd ölkənin parlament sərdinin iştirakı ilə Azərbaycanın ev sahibliyi etdiyi I plenar sessiyada TÜRK PA-nın reqlamenti, daxili nizamnaməsi, katibliyin əsasnaməsi, büdcəsi, Bakı bəyannaməsi qəbul olunub. Reqlamentə əsasən TÜRK PA-nın baş katibliyi daimi əsaslarla Bakıda yerləşir. Yəni məndən sonra quruma rəhbərlik edəcək digər dövlətlərin təmsilçiləri də Bakıda oturmalıdır.
-
Türkdilli dövlətləri birləşdirmək
missiyası daşıyan bir qurumda digər iki türk dövlətinin-Özbəkistan
və Türkmənistanın təmsil olunmamasını necə
başa düşmək olar?
- Biz onlara kənarda qalmış kimi baxmırıq və heç kim də hər iki qardaş ölkəni kənarda qoymayıb, belə bir niyyət olmayıb, olmayacaq da. Hələlik onlardan hansısa bir təklif də gəlməyib ki, TÜRK PA ona müsbət və yaxud da mənfi cavab versin. Bu təşkilat qurularkən bütün türkdilli dövlətlərə müraciət olunub. Sadəcə olaraq Özbəkistan və Türkmənistan təşkilatın qurulma prosesində yer almaq istəməyiblər. Bizim qapılarımız hər iki ölkə üçün hər zaman açıqdır və əgər hər iki ölkə TÜRK PA-da fəaliyyət göstərmək barədə qərar qəbul etsələr bizim tərəfimizdən hər hansı bir problem olmayacaq. İki ilə yaxındır ki, biz hər iki ölkənin Xarici İşlər Nazirliyi və onların Azərbaycandakı səfirlikləri ilə mütəmadi təmaslardayıq. Biz çalışırıq ki, hər iki dövlət təşkilatda təmsil olunsunlar. Bu gün Türkmənistanın TÜRK PA-ya gəlmək ehtimalı Özbəkistanla müqayisədə daha çoxdur. Keçən ilki İstanbul sammitində Türkmənistan prezidenti qonaq statusu ilə iştirak etdi. Bundan sonra biz də ümid yarandı ki, yəqin Türkmənistan parlamentinin sədri də ən azından TÜRK PA-nın fəaliyyətində qonaq kimi iştirak edə bilər. Bizim məqsədimiz odur ki, türk dövlətlərinin birliyi sadəcə kağız üzərində qalmasın.
"Pantürkist, panislamist?"
-
Uzun illər müzakirəsi gedən və nəhayət ərsəyə
gətirilən TÜRK PA-nın nəzərləri cəlb edəcək
fəaliyyəti görünmür. Bunu nə ilə izah edərdiniz?
- Sizə elə gəlir ki, real iş yoxdur. Bu təşkilatın Bakıda yerləşməsinə baxmayaraq beynəlxalq bir qurumdur və birbaşa Azərbaycana tabe olan da deyil. TÜRK PA-nın bir məqsədi var və məqsədlərə çatmaq üçün hansı addımların atılması da bəllidir. Bizim bir neçə hədəflərimiz var və bu istiqamətdə də iş gedir. Birincisi, bu qurumu beynəlxalq bir təşkilat olaraq dünya beynəlxalq münasibətlər sistemində, eyni zamanda dünyada mövcud olan beynəlxalq təşkilatlar çərçivəsində tanıtmaq, qəbul etdirmək və pantürkist, panislamist təşkilat olmadığını isbat etmək əsas hədəflərdəndir. Bu çox önəmlidir. Çünki Avropa Birliyindən başlamış bir çox beynəlxalq təşkilatlar bizimlə görüşlərində ilk sualları bu olur: TÜRK PA pantürkist, panislamist təşkilatdır? Belə olan halda bu təşkilatın fəaliyyətini beynəlxalq münasibətlər sistemindən tanıdıb qəbul etdirmək üçün ciddi iş aparırıq. Görülən iş nəticəsində TÜRK PA ATƏT, AŞ, AB, NATO, Qara Dəniz İqtisadi Əməkdaşlıq, GUAM, Baltik, MDB Parlament Assambleyaları, Beynəlxalq Parlamentlər İttifaqı İslam Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, BMT Baş Assamleyası ilə əməkdaşlıq edir. Bu əməkdaşlıq bizə təşkilatımızın fəaliyyəti ilə bağlı beynəlxalq qurumlara informasiya ötürməyə imkan verir. Bizim adını çəkdiyim bu qurumlarla ikitərəfli sıx münasibətlərimiz var. Bu münasibətlər ona gətirib çıxarır ki, TÜRKPA artıq dünyada mövcud olan beynəlxalq təşkilatlarda beynəlxalq bir qurum kimi tanınır, qəbul olunur. Həmçinin də bizim fəaliyyətimiz TÜRKPA ilə bağlı Avropa qurumlarındakı şübhələri qaldırmağa başlayır. TÜRKPA diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına, beynəlxalq hüquq normalarına uyğun qurulmuş heç kimə zərərli olmayan bir təşkilatdır. Əksinə regionda türkdilli dövlətlərin siyasi, iqtisadi, sosial əlaqələrinin inkişafına xidmət edən bir qurumdur və digər region ölkələri ilə də dostluq münasibətlərinin qurulmasına stimul verir. Bu hərbi bir birlik də deyil. Son 20 ildə parlament diplomatiyası deyilən bir format önə çıxıb ki, əvvəllər bu o qədər də geniş vüsət almamışdı.
- Hədəfləriniz nədir?
- TÜRK PA-nın gücündən
istifadə etməklə bu ölkələrin strateji
münasibətlərini gücləndirmək, iqtisadi, siyasi,
hüquq, təhsil, mədəniyyət, səhiyyə və
bir çox sahələrlə bağlı ortaq qanunların qəbul
olunması nəzərdə tutulub. Məqsədimizin
ikinci hissəsi, əsas ana hədəfi də TÜRK
PA-nın qanunvericilik bazası əsasında qurumda birləşən
dövlətlərin oxşar qanunları qəbul etməsinə
nail olmaqdır. TÜRK PA-nın bu il Astanada keçirilən
plenar sessiyası dönüş nöqtəsi sayıla bilər.
Sünki II plenar sessiyada biz TÜRK PA-nın lazım olan
dörd daimi komissiyalarını yaratmışıq və
onların hər birində hər ölkədən iki nəfər
olmaqla 8 millət vəkili təmsil olunur. Onların hər
birinə də bir ölkənin millət vəkili rəhbərlik
edir. Hər
bir komissiya yerli parlamentlərdə olan daimi komitələrin
statusuna malikdirlər. Sadəcə olaraq bizim komissiyaların
statusu beynəlxalq qurum təmsilçisi olduqlarından daha
genişdir.
- Yəqin
məsuliyyətləri də böyükdür...
- Şübhəsiz,
məsuliyyətin böyüklüyü ilə yanaşı
işin çətinliyi də var. Çünki dörd
ölkəni təmsil etdiklərindən ortaq məxrəcə
varana qədər müzakirələr davam edir. Beynəlxalq qurumların komissiyalarında müzakirəyə
çıxarılan məsələlər həm də həmin
ölkələrin Xarici İşlər Nazirlikləri tərəfindən
də razılaşdırılmalıdır. Katiblik bütün proseslərdə koordinasiyanı
həyata keçirir. Ən uğurlu
işimiz odur ki, artıq formalaşdırılan komissiyalar
öz işlərinə başlayıblar. Komissiyaların əsas önəmi odur ki, onlar rəsmi
sənədləri qəbul etmək səlahiyyətləri
var və hər komissiya öz profilinə uyğun dörd
ölkənin maraqlarını birləşdirən ortaq sənəd
qəbul etməlidir. Məsələn,
beynəlxalq komissiya türkdilli dövlətlər arasında
strateji partnyorluq münasibətlərini tənzimləmək
və beynəlxalq təşkilatlarda birgə əməkdaşlığı
təmin etməkdir. Bununla bağlı rəsmi
sənəd qəbul olunub. Digər
komissiyalarda da rəsmi sənədlər qəbul olunub, amma
onlar təsir qüvvəsinə sahib deyil. Həmin sənədlər TÜRK PA-nın 2012-ci
ildə Bişkekdə keçiriləcək III plenar
sessiyasında müzakirəyə çıxarılacaq.
"Həpimiz kardeşiz..."
- Bu
dövlətlərdən hansısa birinin beynəlxalq aləmdə
tanınan probleminin birgə müdafiəsinə qalxmaq nəzərdə
tutulur...
- Biz beynəlxalq qurum
olduğumuzdan Parlament Assambleyaları ilə yanaşı, həm
də Xarici İşlər Nazirlikləri ilə işləyirik.
BMT Avropa Şurası, ATƏT kimi beynəlxalq təşkilatlarda,
Beynəlxalq Parlamentlərarası İttifaqda əsas məqsədimiz
ondan ibarətdir ki, Azərbaycan Qazaxıstan,
Qırğızıstan və Türkiyə bir-birinə
lobbiçilik etsinlər. Yəni
müzakirəyə çıxarılacaq məsələlərlə
bağlı informasiyanı əvvəlcədən alsın və
onu adı çəkilən qurumlarda dəstəkləsin.
Ona görə də türkdilli dövlətlər
arasında eyni zamanda əməkdaşlıq şurası
yaradılıb. Biz parlamentlərarası,
onlar isə hökumətlərarası qurumlarıq. Hər ikimiz diplomatik missiyayıq, onlar İstanbulda,
biz isə Bakıda yerləşirik. Amma
biz paralel işləyirik və çalışırıq
ki, hər birimizin ərazi bütövlüyü və digər
problem məsələlərimizdə bir-birimizi dəstəkləyək.
Məsələn, Qazaxıstanın problemi varsa, onu Azərbaycan,
Türkiyə və Qırğızıstan vasitəsilə
dəstəkləmək üçün iş
görürük. Yaxud da Azərbaycanın
Dağlıq Qarabağ problemi, ərazi
bütövlüyünün qorunması məsələsi,
Türkiyənin PKK terroru, Qazağıstanın hansısa beynəlxalq
təşkilatda rəhbərlik etməsi məsələsndə
səs vermək kimi məqamlarda strateji partnyorluq edirik. Biz başqa ölkələrin əleyhinə fəaliyyət
göstərmədən bu kimi problemli məsələlərdə
bir-birimizə partnyorluq etməyi qarşımıza məqsəd
qoymuşuq. Mən bu müsahibə vasitəsilə
TÜRK PA-nın və türk dövlətlərinin
qurduğu təşkilatların barış və dostluq evi
olduğu mesajını vermək istəyirəm. Biz sadəcə olaraq öz birliyimizi gücləndirməklə
birlikdə başqa ölkələrlə əməkdaşlığa
da çox önəm veririk, onlarla əməkdaşlığı
daha da gücləndirmək istəyirik ki, bizim bü gün
yaşadığımız işğal problemi gələcəkdə
yaşanmasın. Bunun üçün
dialoq çox önəmlidir və bu istiqamətdə
TÜRK PA da türkdilli dövlətlərin Əlaqələndirmə
Şurası da önəmli addımlar atıb və gələcəkdə
daha uğurlu işlər də görüləcək.
-
TÜRK PA-nın beynəlxalq qurumlar
arasında yer tutmasında iki illik təcrübə və fəaliyyət
nəyi deməyə əsas verir?
- Biz qısa müddətdə
TÜRK PA-nı beynəlxalq arenada beynəlxalq təşkilat
və ciddi regional bir qurum kimi tanıda bilmişik. Amma təbii ki, bu yetərli deyil. Bizim gücümüz və imkanlarımız əsas
verir ki, biz daha ciddi fəaliyyət göstərməliyk.
Vaxtın və zamanın bizə vermiş olduğu imkanlar
daxilində TÜRK PA-nın gördüyü işlər, fəaliyyəti,
beynəlxalq münasibətlər sisteminə inteqrasiyası
prosesində qarşımızda nə qədər məqsəd
və vəzifə varsa, onların hamısını həyata
keçirməliyik. Çox şadam ki, qurumda təmsil
olunan dörd ölkənin Xarici İşlər Nazirlikləri
beynəlxalq əlaqələr sistemində bizə tam dəstək
verir. Bu da gözəl bir birliyin nümunəsidir.
ATƏT-də, onun Parlament Assambleyasında
TÜRK PA kimi bizim iştirakımıza bəzən bəzi
ölkələr qısqanclıqla yanaşırlar.
- Beynəlxalq Parlament Assambleyalarının təcrübəsi
öyrənilirmi?
- TÜRK PA-nın
daimi komissiyalarının iş prinsipini Avropa standartlarına
uyğunlaşdırmaq məqsədilə təşkilatımızın
ofisinin əməkdaşları Avropa Birliyinin Brüsseldə
yerləşən ofisində keçən il 12 günlük
təcrübə keçiblər. Qanunların
qəbul olunma şəkli, forması, onların milli parlamentlərdə
tətbiqi ilə bağlı proseslərin hər birinin mənimsənilməsi
gərəkdir. Bizim əməkdaşlarımızın
çoxu həmin təcrübəyə sahibdirlər. Ona görə də milli parlamentlərlə işləyərkən
ciddi çətinliklə üzləşmirik. Bu proseslər inşallah davam etdiriləcək.
Bilirsiniz ki, seçkiləri müşahidə
missiyası çox çətin və olduqca məsuliyyətli
bir missiyadır. TÜRK PA artıq seçkiləri izləmək
üçün beynəlxalq müşahidə missiyasında
yer alıb və bizim müşahidələrimiz əsasında
hazırlanan sənədlər Avropa Birliyi, Avropa
Şurası, NATO, ATƏT Parlament Assambleyaları, Beynəlxalq
Parlamentlərarası İttifaq kimi beynəlxalq qurumlara
tanışlıq məqsədilə göndərilib. Bunun əsasında da onların rəsmi seçki
monitorinq sisteminə daxil olub və artıq onların sistemində
TÜRK PA-nın seçkiləri müşahidə ilə
bağlı rəyləri də öz əksini tapıb.
- Yəqin ki, bu həm də
TÜRK PA-nın nüfuzlu bir quruma çevrilməsində,
tanınmasında mühüm rol oynaya bilər...
- Əlbəttə,
bu bizim xeyrimizə olan bir məsələdir. Seçkiləri müşahidə prosesi çətin
və məsuliyyətli bir missiya olduğundan burada hər bir
kəs də iştirak etmir. Seçki
prosesini müşahidə missiyasının verilməsi təşkilatın
statusunun nə qədər güclü olduğunun və
ölkələrin buna nə qədər önəm verdiyinin
göstəricisidir. Seçkiləri
müşahidə avtomatik surətdə bizim
tanınmağımız üçün ikinci böyük
bir dəstəkdir. Biz artıq seçki
proseslərini müşahidədə iştirak edirik və
uğurları da görürük.
- Qurumda dil məsələsi necə
həllini tapır, türk dövlətləri TÜRK PA-da bu
məsələdə ortaq məxrəcə gələ biliblərmi?
Yoxsa burada da Türkiyə türkləri ilə
Türkiyə türkcəsində, sovetlərdən
çıxmış ölkələrlə isə rus dilində
danışılır? Sizcə bu bir qədər
qəribə görünmürmü?
- Mən sizinlə tamamilə
razıyam. Hazırda əsas fəaliyyətimiz ortaq əlifba
məsələsinin həllinə nail olmaqdan ibarətdir. Çünki ortaq dil yaratmaq daha çətindir, nəinki
ortaq bir əlifbanın ortaya çıxarılması.
Bu ölkələrin hər birinin əlifbası müxtəlifdir
və ona görə də mütəxəssislər ortaq əlifbanın
ərsəyə gətirilməsi üzərində iş
aparırlar.
- Hazırda Azərbaycan Parlamentində qərarlaşmısınız.
TÜRK PA-nın ayrıca bir qərargahla təmini
tez bir zamanda həllini tapacaq?
- Bilirsiniz ki, biz müvəqqəti
olaraq burada fəaliyyət göstəririk. Çox
güman ki, Azərbaycan dövləti və hökuməti tərəfindən
TÜRK PA-ya ayrıca bir bina veriləcək. Hələlik Azərbaycan Parlamentinin sədri bizə
bütün şəraiti və imkanları yaradır. TÜRK PA-nın beynəlxalq bir qurum kimi müstəqil
fəaliyyəti üçün də heç bir maneə və
əngəl yoxdur. Sadəcə olaraq beynəlxalq
aləmdə qəbul olunmuş bir təcrübə var və
diplomatik korpuslar heç bir zaman dövlətin hansısa
qurumunun ərazisində yerləşə bilməzlər.
Ona görə də bizim burada qərarlaşmağımız
müvəqqətidir və yəqin ki, Azərbaycan dövlətinin
verdiyi dəstək nəticəsində biz gələn il ayrıca bir bina ilə təmin
olunacağıq. Çünki bu mənə
yox, TÜRK PA-ya lazımdır. Hesab edirəm
ki, bu Azərbaycan dövləti üçün yalnız
müsbət təsir bağışlayar və qurumda bir araya
gələn dövlətlər də Azərbaycana buna görə
təşəkkür edərlər. İki il yarımlıq fəaliyyətimiz
dövründə Azərbaycanın prezidenti bizə tam dəstək
verib və bizə göstərilən dəstəkdən də
nümayəndəlik çox məmnundur. Mən
burada tək deyil, digər dövlətlərdən olan
müavinlərimlə birgə işləyirəm. Onu da qeyd edim ki, ilk dəfə olaraq Azərbaycanda
beynəlxalq bir qurumun baş ofisi - TÜRK PA-nın Baş
Katibliyi yerləşir. Bu günə kimi Azərbaycan
beynəlxalq təşkilatların təmsilçiliklərinə
ev sahibliyi edib. Amma TÜRK
PA-nın baş ofisinin Bakıda yerləşməsi ancaq Azərbaycanın
imicinə müsbət çalarlar əlavə edə bilər.
Bu başqa dövlətlər üçün bir presedent ola bilər ki, onlar da baş ofislərini burada
aça bilərlər.
- TÜRK PA-nın Baş Katibliyinə
təsəvvürlərdə başqaları
canlanırdı, amma sizin seçilməyiniz tamamilə
gözlənilməz oldu...
- Ola bilər. Çoxlu tənqidlər
də vardı. Postsovet məkanı ölkələrində
və Azərbaycanda da bəzi çalarlar var. Amma ən
gözəl nümunəni Azərbaycan prezidenti göstərir
və onun xarici ölkələrə təyin etdiyi səfirlərin
əksəriyyətini gənclər təşkil edir. Yaponiya,
Argentina, Cənubi Afrika, NATO və bəzi dövlət və
beynəlxalq qurumlarda Azərbaycanı təmsil edənlər
gənclərdir. Bütün bunlar dövlət
başçısının gəncliyə böyük
etimadının göstəricisidir. Gənclik də
etimadı doğrultmağa çalışır. Bir məqama
da toxunum ki, sadəcə mən gəncəm deyə, məni
gətirib hansısa məsuliyyətli bir işin başına
qoymazlar.
-
Bu prosesin irəliyə aparılmasında gənc və
perspektivliliyin önəmi varmı və nə kimi rol
oynayır?
- Bunların çox böyük önəmi var. Mənim həm siyasi, həm də dövlət qurumlarındakı fəaliyyətim sadəcə olaraq ölkə rəhbərliyi tərəfindən bəyənilib. Ona görə də mənə belə bir etimad göstərilib. TÜRK PA-ya Baş Katib seçilməyim Azərbaycan hökumətinin və parlamentinin namizədliyi əsasında baş tutub. Mən də çalışıram ki, göstərilən etimadı yüksək şəkildə doğruldum ki, səlahiyyətim bitdikdən sonra mənə görə Azərbaycan hökumətinə, parlamentinə qınaq deyil, təşəkkür olunsun. TÜRK PA-nın daxili reqlamentinə görə, Baş Katib seçilən şəxs seçildiyi andan etibarən neytrallığı qorumağa məcburdur. Baş Katibin əsas missiyası qurumda təmsil olunan dövlətlərin hər birinin mənafeyini eyni dərəcədə qorumalıdır. Mən TÜRK PA-dakı hər bir dövlət üçün eyni səviyyədə bir şəxsəm. Bəzən müəyyən istək və arzular olsa da tutduğum vəzifəyə və səlahiyyətə görə neytrallığımı qorumaq məcburiyyətindəyəm. Bu beynəlxaq qanun olduğundan onu qorumağa çalışacağıq. Bu həm Azərbaycan, həm də digər ölkələrə yalnız xeyir gətirəcək.
Gültəkin
Ədalət.-2011.-3 dekabr.- S.12-13.