"ZAQATALA" SƏKKİZ
MİNİNCİ ZİRVƏNİ FƏTH ETDİ
Bu günlərdə qonşu və eyni zamanda həmkar kimi Zaqatalanın rayonun
adını daşıyan "Zaqatala"
qəzetinin səkkiz mininci nömrəsinin
nəşr olunması ilə bağlı keçirilən yubiley tədbirlərinə qatılmaq üçün qəzetimizin digər iki əməkdaşı ilə bərabər
bu qədim şəhərdə olduq.
Zaqatalalıları qaxlılarla bir-birinə mehriban qonşuluq əlaqələri
ilə yanaşı, möhkəm dostluq
münasibətləri, vahid adət-ənənələr
birləşdirir. Zaqatala şəhərindəki
bugünkü inkişafı seyr etdikcə adamın sinəsi iftixar hissi ilə döyünür. Doğrudur, Respublika
Prezidenti İlham
Əliyevin rəhbərliyi ilə ölkəmizdə
başlanmış genişmiqyaslı quruculuq
işləri heç bir
bölgədən yan keçməyib, hər
yerdə müasir infrastruktur
layihələri həyata keçirilir, park və meydanlar
salınır, abadlıq işləri görülür.
Ölkəmizin qədim yaşayış məskəni,
el arasında regionun mədəniyyət
mərkəzi kimi tanınan Zaqatala isə bu gün öz tarixi kökləri üzərində sanki yenidən qurulur,
müasirləşir, gözəlləşir. Bütün
bunlar hər birimizi sevindirir, adamlarda daha xoş gələcəyə
inam hissini
artırır.
"Zaqatala" qəzeti bölgə
qəzetləri arasında öz dəsti xətti,
mübarizliyi ilə sayılıb-seçilən qəzetlərdəndir.
Respublikamızın ilk mətbu orqanlarından olan bu qəzet 1923-cü ildən fəaliyyətə başlayaraq öz səhifələrində nəinki Zaqatalanın, qonşu Qax və Balakən rayonlarının da gündəlik ictimai-siyasi həyatını, tarixini yaşatmış, bu günkü nəsillərə çatdırmışdır. Bu qəzet olduqca fədakar, yaradıcı, vətənpərvər insanların sayəsində çətin və şərəfli yol keçərək 1923-1962-ci illərdə "Kolxozun səsi", "Kolxoza doğru", "Bolşevik kolxozu uğrunda", 1962-1991-ci illərdə "Qırmızı bayraq", 1991-ci ildən isə "Zaqatala" adları altında fəaliyyət göstərmişdir.
Bütün bunlar barədə
qonşu Qax rayonunun qəzeti olan "Şəlalə" qəzetinin
nümayəndələri kimi bizim də iştirak etdiyimiz qəzetin
səkkiz mininci nömrəsinin çap olunmasına həsr
olunmuş yubiley tədbirində ətraflı söhbət
getdi, iştirakçılar qəzetin fəaliyyəti ilə
bağlı xatirələrini bölüşdülər. Rayon icra hakimiyyətinin başçısı Mübariz Əhmədzadənin, Respublika Mətbuat Şurasının sədri
Əflatun Amaşovun, "İki
sahil" qəzetinin baş
redaktoru Yeni Azərbaycan
Partiyasının Siyasi
Şurasının üzvü, Azərbaycan
Respublika Prezidenti
yanında Kütləvi İnformasiya Vasitələrinin
İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə
Şurasının sədr müavini, əməkdar
jurnalist Vüqar Rəhimzadənin,
"Kür " qəzetinin baş redaktoru, əməkdar
jurnalist Əminə
Yusifqızının, "Mingəçevir
işıqları" qəzetinin baş
redaktoru Fərman Nəbiyevin və qəzetin
çoxsaylı oxucularının bir qrup nümayəndələrinin, elm, mədəniyyət sahəsində
çalışan bir sıra digər
yaradıcı insanların, qonşu rayonlardan dəvət olunmuş
qonaqların da iştirak
etdiyi tədbirdə qəzetin əsrə
yaxın dövr ərzindəki fəaliyyətindən
geniş söz açan redaktor,
respublikanın əməkdar mədəniyyət işçisi İbrahim İbrahimov
17 il "Zaqatala"
qəzetinin redaktoru kimi
çalışmış bölgənin tanınmış
ziyalısı Əli Süleymanov başda olmaqla, bu, mətbu orqanın keçmiş
əməkdaşlarının xidmətlərindən
danışdı. Onlara böyük
hörmət və ehtiramlarını bildirdi.
Uzun illər fasiləsiz fəaliyyət
göstərən "Zaqatala"nın keçdiyi
çətin və şərəfli yoldan
söz açdı. Qəzetə rayon rəhbərliyinin, ictimaiyyətin
qayğısından danışan İbrahim
müəllim çıxışını belə
yekunlaşdırdı:
- Artıq 20 ildir ki, biz müstəqillik ideyasından sonsuz qürurla söhbət açırıq. Bu tarixi nailiyyətdən biz də payımızı ala bilmişik. Söz və mətbuat azadlığından bəhrələnirik, dünya qəzet texnologiyasına yiyələnirik. Həyatımızın, yazılarımızın təməlində nikbinlik, azərbaycanlı olmağın fəxarəti yaşayır. "Zaqatala"mızın 8000-ci yubiley sayı tarixi nailiyyətimiz olan müstəqilliyimizin bərpasının 20 illiyinə təsadüf etdi. Bu da biz "Zaqatala"lıların taleyinə düşən xoşbəxt bir hadisədir.
8000-ci zirvə
artıq bizim üçün
fəth edilən bir zirvədir. Bir il 3 aydan sonra qəzetimizin 90 illik yubileyi olacaq. Bundan sonra daha bir 1000 sayı xırdalayıb 9000-ci zirvəyə
çatacağıq. Yolçu yolda gərək, qələm dostlarım!
Tədbirdə
özünəməxsus dəsti-
xətti ilə seçilən, milli mətbuatımızın inkişafında
müəyyən xidmətləri
olan "Zaqatala" qəzetinin fəaliyyətini
yüksək qiymətləndirən
Azərbaycan Mətbuat
Şurasının sədri
Əflatun Amaşov genişməzmunlu çıxışında
bölgə mətbuatının
xarakterik xüsusiyyətlərindən,
çətinliklərindən söz açdı. Dövlətimiz tərəfindən digər informasiya vasitələri ilə bərabər bu mətbuatın da inkişafına göstərilən
diqqət və qayğıdan danışdı.
Qəzetin redaktoru, əməkdar
mədəniyyət işçisi
İbrahim İbrahimova
və bir qrup əməkdaşlara bu mətbu orqanın
uzun illər fasiləsiz fəaliyyət
göstərərək bölgənin
sosial-iqtisadi inkişafının,
mədəni həyatının
salnaməsinin yaradılmasındakı
xidmətlərinə görə
və 8000-ci nömrəsinin
çapdan çıxması
münasibətilə Azərbaycan
Mətbuat Şurasının
fəxri diplomlarını
təqdim etdi, qəzetin kollektivinə xoş arzularını çatdırdı.
Yubiley tədbirində çıxış
edən "İki sahil" qəzetinin baş redaktoru, Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvü,
Azərbaycan Respublikasının
Prezidenti yanında Kütləvi İnformasiya
Vasitələrinin İnkişafına
Dövlət Dəstəyi
Fondunun Müşahidə
Şurasının sədr
müavini, əməkdar
jurnalist Vüqar Rəhimzadə, "Kür
" qəzetinin baş
redaktoru, əməkdar
jurnalist Əminə Yusifqızı və digərləri qəzetin fəaliyyəti barədə
öz təəssüratlarını
bölüşdülər, redaksiya kollektivini əlamətdar hadisə münasibətilə təbrik
edərək xoş arzularını çatdırdılar.
Mərasimin rəsmi hissəsini yekunlaşdıran Zaqatala
RİH-in başçısı M.Əhmədzadə Respublikamızda
mətbuatın inkişafına
göstərilən diqqət
və qayğıdan,
"Zaqatala" qəzetinin
bölgənin sosial-iqtisadi,
mədəni həyatındakı
xidmətlərindən, uzun
illər bu orqanın fasiləsiz fəaliyyət göstərməsində
onun keçmiş əməkdaşlarının, bugünkü kollektivinin fədakar, yaradıcı əməyindən danışdı.
Qəzetin yubileyinə gəldiklərinə,
onun fəaliyyətinə
yüksək qiymət
verdiklərinə, kollektivin
sevincinə şərik
olduqlarına görə,
Mətbuat Şurasının
sədri Ə.Amaşov,
"İki sahil" qəzetinin baş redaktoru V.Rəhimzadə başda olmaqla qonaqlara rayon rəhbərliyi
adından minnətdarlığını
bildirdi. Kollektivi
qəzetin 8000-ci nömrəsinin
çapdan çıxması
münasibətilə təbrik
edərək dedi:
- Biz əminik ki, "Zaqatala" qəzetinin kollektivi bundan sonra da
qazanılan uğurları
artıracaq, yeni yaradıcılıq axtarışları
aparacaq, səmərəli
fəaliyyətini davam
etdirəcəkdir.
Mübariz Əhmədzadə sonda uzun illər
rayon qəzetində səmərəli
fəaliyyətlərinə, rayonun ictimai-siyasi həyatının yaradıcılıqla
işıqlandırılmasındakı xidmətlərinə görə
və 8000-ci nömrəsinin
çapdan çıxması
münasibətilə redaksiyanın
üzvlərinə və
bir qrup əməkdaşlarına RİH-in fəxri fərmanlarını
və qiymətli hədiyyələrini təqdim
etdi.
Yubiley tədbiri rayon mədəniyyət
kollektivinin hazırladığı
konsert proqramı ilə bir neçə
saat davam etdi.
Bəli, "Zaqatala" bu gün özünün
səkkiz mininci zirvəsini uğurla fəth etdi. Biz də qonşu
Qax rayonunun mətbu orqanı olan "Şəlalə"
qəzetinin çoxsaylı
oxucuları adından
qəzetin kollektivini yubiley münasibətilə
səmimi qəlbdən
təbrik edir, həmkarlarımıza daha
böyük yaradıcılıq
uğurları diləyirik.
Novruz ŞABANOV, Qax
rayonunda nəşr olunan
"Şəlalə" qəzetinin redaktoru
Ədalət.-2011.-6 dekabr.-S.7.