BİLƏSUVARDAKI CƏBRAYIL...

Tikilən qəsəbələr cəbrayıllıları həm də qayıdışa hazırlayır

 (əvvəli ötən sayımızda)

  

   Marağımı nəzərə alıb mənimlə həmsböhbət olan rayon təhsil şöbəsinin müdiri, təhsildə qazandığı nailiyyətlərə görə, "Əməkdar müəllim" adına layiq görülmüş Validə Həsənova bildirir ki, builki təhsil ilində 152 məzunumuz ali və orta ixtisas məktəblərinə qəbul edilibdi. Onlar yüksək ballar toplamaqla rayonumuzun təhsil sahəsindəki uğurlarını bir daha nümayiş etdiriblər.  

   Validə xanım onu da bildirdi ki, bu gün Cəbrayılda əməkdar müəllimlər Nuridə Quliyeva, Rəhim Rəhimov, Məmmədəli Səfərov və digər çoxsaylı müəllim kontingenti 8400 şagirdin təlim-tərbiyəsi ilə məşğul olur. Bizim məktəblərin çoxunda müasir texniki avadanlıqlardan, o cümlədən, kompüterlərdən istifadə olunur. Çalışırıq ki, rayonumuzun hələ sovet dönəmindən gələn uğurlu təhsil imicini qoruyub saxlamaqla daha da artıraq.

   Qəsəbədəki 4 saylı klubun zalında da fotostendlər asılıb. Həmin stendlər müxtəlif dövrləri əhatə edir. Burada xüsusilə 1993-2004-cü illəri əhatə edən fotolar diqqəti çəkir.

   Həmin stendlərdə Cəbrayıl qaçqınlarının işğaldan öncəki vəziyyətləri, sonra çadır şəhərindəki görüntülər və nəhayət, bugünkü qəsəbələr ayrı-ayrılıqda öz əksini tapıb. Burada Ulu Öndərin cəbrayıllı qaçqınlarla görüşləri də ayrıca bir güşəni təşkil edir. Həmin görüşlərdə Cəbrayıldan olan iki qaçqının toyunda iştirak edən Ulu Öndərin şadlıq məclisinin iştirakçıları ilə birgə çəkdirdiyi şəkillər xüsusilə maraq doğurur.

   Bəli, bu da Ulu Öndərin adını daşıyan parkbu parkda ucaldılmış abidəsi.

   Qəsəbənin görkəminə xüsusi bir yaraşıq verən bu parkı gəzdikcə yazının əvvəlində xatırlatdığım həmin o yaddaş qapısı sanki üzümə açıldı. Cəbrayılda olan hər kəs yəqin ki, xatırlayır, gözünün önünə gətirir qocamanaz qala Cəbrayılın embleminə çevrilmiş o məşhur ÇİNARI.  

   Bu çinar Azərbaycan ədəbiyyatında, Azərbaycan mətbuatında, Azərbaycan ekranında həmişə tərənnüm olunub. Hətta mərhum akademikimiz Həsən Əliyev bu çinara xüsusi qayğı göstərib. Onu Azərbaycanın çox qiymətli bir abidəsi kimi dəyərləndirib. Ölkənin ekologiya ilə, təbiətlə bağlı bütün kitablarında bu çinarın şəklini görmək mümkündür. Elə həmin çinarı mən Biləsuvardakı Cəbrayılda da gördüm.

   Ulu Öndərin abidəsi olan parkda rayon icra hakimiyyətinin başçısı Mahmud Quliyevin təşəbbüsü və eskizləri əsasında qurulmuş fontan məhz həmin çinar ağacıdır. Sadəcə yarpaqları tökülmüş, budanmış çinar ağacı. Budaqların ortasından fışqıran su sanki çinarın ağladığını xəbər verir. Baxırsan, ürəyindən yurd nisgili ox kimi gəlib keçir. Amma sevinirsən ki, yaddaşı yaşatmaq, yaddaşı paslanmaqdan qorumaq üçün bu abidəni ucaltmağa dəyərmiş, daha doğrusu, labüd imiş.

   Bəli, Biləsuvarda bir Cəbrayıl gördüm, qəsəbələrə bölünmüş Cəbrayıl. Yeni tikilən, qurulan, amma əsl Cəbrayıla dönməyə hər an hazır olan Cəbrayıl. Sevindim ki, ölkə prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində qurulan bu yeni Cəbrayıl günbəgün abadlaşır.

   Bu qəsəbələrə ölkənin müxtəlif dövlət qurumları, xüsusilə "Dövlətqaçqınkom" və onun rəhbəri, baş nazirin birinci müavini Əli Həsənov daim nəzər yetirir, buradakı problemlərin vaxtında həll olunmasında öz köməkliklərini əsirgəmirlər. Təbii ki, bu hər birimizin, o cümlədən rəhbər kadrların vəzifəsi olsa da, ancaq konkret nəticələr sevindirici olanda vəzifə sahiblərinə təşəkkür etmək yerinə düşür.

   Biz Biləsuvardakı Cəbrayılda keçirilən ictimai xadim Vahid İsmayılovun 80 illik yubileyi ilə bağlı tədbirdə bir çox məqamların şahidi olduq. Bu barədə başqa bir yazımızda bəhs edəcəyik. Sadəcə xatırlatmaq istəyirəm ki, yeni Cəbrayıla həmin gün gələn qonaqlar arasında millət vəkilləri Aslan Şahverdiyev, Aqil AbbasTahir Rzayevvar idi. Bu tədbir Vahid İsmayılovun doğum gününə təsadüf edirdi. Biz yeni Cəbrayılda Vahid İsmayılovun ruhu ilə də baş-başa qaldıq.

   Sözardı

   Qəsəbələri gəzdikcə məndə belə bir istək baş qaldırdı. Daha doğrusu, ürəyimdən gəlib keçdi ki, görəsən bu gün ölkə ərazisində aparılan tikinti işlərini, xüsusilə bölgələrdəki tikinti abadlığı bu cür planlı, səliqəli yerinə yetirmək mümkün deyil?

   Axı heç kimə sirr deyil ki, bu gün Azərbaycan kəndlərində aparılan tikintilərdə bir səliqəsizlik diqqəti çəkir. küçələr dar, yollar bərbad, evlərin özlərinin görkəmi də daha çox ev sahibinin zövqünə uyğun. Bu isə ümumi mənzərəyə, kəndin ümumi görünüşünə çalarlar verməkdən daha çox bir zövqsüzlük ortaya qoyur.

   Bax, bu mənada dövlətin sifarişi, respublika təşkilatlarının iştirakı və "Dövlətqaçqınkom"un sədri Əli Həsənov cənablarının mütəmadi nəzarəti, daimi tələbkarlığı nəticəsində tikilən qaçqın qəsəbələri həm görünüş, həm səliqə-səhman, həm də bir tikinti işi kimi könül oxşayır. Kənardan seyr edəndə bu qəsəbələr adamı özünə çəkir. Təbii ki, aparılan abadlıq, quruculuq nöqsansız deyil. Amma ümumi miqyasda hərtərəfli götür-qoy edəndə uğurlar daha çoxdur. Bu uğurların bir ünvanı da elə Biləsuvardakı Cəbrayıldı. Düşünürəm ki, sözardı kimi söylədiklərim yeni salınacaq qəsəbələrdə çalışacaq tikinti işçiləri üçün yaxşı bir dəstək olacaqdır.

 

Əbülfət MƏDƏTOĞLU

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

Ədalət.-2011.-7 dekabr.- S.7.