BU DÜNYADA
İZİ QALAN...
Ər kişilərdən
biri
... Xatirələr sualı sual
dalınca tökür üstümə.
Elə bir kimsə əlində xatirə dolu bir bardaq
saxlayıb. Sağa-sola çevirdikcə yaz yağışı kimi
yağır bu suallar.
Nə baş açmaq, nə də cavab
çatdırmaq mümkün deyil. Çünki bu sualların hər biri təkcə
onun özünün deyil, həm də onun
yaşadığı dövrün,
zamanın, işlədiyi təşkilatın, buradakı
insanların, bir sözlə, onu əhatə edən nə olubsa,
hamısının qapısını döyən
suallardı, hamısından cavab istəyən
suallardı. Və mən də bu
sualların içərisində özümə ünvanlanan sual
qarşısında qalıram. Həmin sual
təqribən belədir:
- Faciə baş verəndə onun
səbəbləri, mahiyyəti barəsində sən nə
düşündun, sən nə etdin?
- Bəli, indiki kimi yadımdadı, 1981-ci
ilin payızı idi. Rayonlarda pambıq yığımı
sürətlə davam
etdirilirdi. Az qala bütün evlər, ailələr cəlb olunmuşdu yığıma və bu mövsümi xarakter daşıyan pambıq yığımı
ilə əlaqədar
çalışdığım "Təşviqatçı" jurnalından
mən də pambıqçılıq rayonlarına
- Ağcabədi, Jdanov
( indiki Beyləqan-
Ə.M) ezam olunmuşdum.
İlk dəfə olurdum Ağcabədidə. Yəni bu
rayona jurnalist kimi ilk gəlişim idi. Görüşdüyüm
əmək adamları,
həmsöhbət olduğum
insanlar sözarası
rayondakı uğurlardan
danışarkən onların
təsərrüfat həyatında
bir vaxtlar rayona rəhbərlik etmiş Vahid İsmayılovun iş prinsipinin xüsusi yeri olduğunu söyləyirdilər. Maraqlı burası
idi ki, söhbət
etdiyimiz sıravi əmək adamları Vahid İsmayılovla bağlı danışarkən
sanki ən doğma adamlarından bəhs edirdilər. Açığı, bu məndə
xüsusi bir maraq yaradırdı.
Çünki sıravi
adam rayon partiya komitəsinin birinci katibi barəsində ağızdolusu
danışması çox
az-az təsadüf edilən məqamlardan biri idi. Və
buna görə də mən Ağcabədidən Beyləqana
bir az
tez getməyi qərarlaşdırdım. İstəyirdim ki, adını eşidib üzünü görmədiyim Vahid müəllimin qəbulunda
olum, onunla söhbət etmək imkanı qazanım. Və belə də oldu. Ertəsi günü Beyləqana
gəldim. Raykomun
binasında demək olar ki, heç
kim yox
idi. Səhər saat 10 olmasına
baxmayaraq, adamlar hamısı təsərrüfatlara
yollanmışdılar. Ağcabədidə eşitdiyim fikir
köməkliyimə çatdı.
Dərhal rayon qərargahına üz tutdum. Qərargahda əyləşən insanlara
özümü təqdim
etdim və Vahid müəllimlə görüşmək istədiyimi
bildirdim. Elə bu
vaxt qərargahla əlaqə saxlayan Vahid müəllimin səsini o vaxtlar rayonlarda istifadə edilən və kənd adamlarının
"hava telefonu" dedikləri ratsiyadan eşitdim. Qərargahın növbətçisi Vahid müəllimə Bakıdan jurnalist gəldiyini bildirdi. Elə ratsiyada da tapşırığını
bildirdi.
- Qonağı
Dünyamalılar kəndinə
yola salın. Qoy, ordakı pambıqçılarla
görüşsün. Özüm də günorta orada olacam.
Bəli, üzünü görməyib, səsini telefondan eşitdiyim Vahid müəllimlə
ilk təmasım belə
başladı. O mənim
yaddaşımda zəhmli,
amma bir az yorğun
səsi ilə qaldı. Təbii ki, raykomun birinci katibinin tapşırığı dərhal
icra olundu. Mən həmin təsərrüfata
gedib pambıqçılarla
görüşdüm. Kolxoz sədri mənə təsərrüfatın
qabaqcıllarından, təbliğat
və təşviqatçılarından
söhbət açdı,
onlarla məni tanış etdi. Elə söhbət zamanı
da Vahid müəllim təsərrüfata
gəldi. Onun gəlişinin heç kim üçün
təəccüblü olmadığını
dərhal hiss etdim. Aydınca bəlli oldu ki, bu
insanlar raykomun birinci katibini az qala hər gün görür, hər gün onunla söhbət edib təmasda olurlar. Çox səmimi şəkildə mənə
"xoş gəlmisiniz"
dedi. Və sonra kolxoz sədrinə tapşırdı
ki, "müxbirin işləməsi üçün
şərait yarat.
Qoy kiminlə istəyir, görüşüb söhbət
etsin". Sonra üzünü mənə
tutub:
- Axşam qərargahda görüşərik!- deyib getdi.
Bəli, mən Vahid İsmayılovla 1981-ci ilin
payızında beləcə
tanış oldum. Bu mənim onunla ilk və son görüşüm oldu...
Bu gün
Biləsuvardakı cəbrayıllıların
məskunlaşdığı qəsəbədəki 4 saylı
klubda Vahid İsmayılovun 80 illiyi qeyd edilir. Bu tədbirə respublikanın
müxtəlif ünvanlarından,
xüsusilə Vahid İsmayılovun uzun illər işlədiyi Zəngilan, Ağcabədi,
Beyləqan rayonlarından
qonaqlar gəlib.
Qonaqlar arasında millət vəkilləri Tahir Rzayev, Aslan Şahverdiyev
və Aqil Abbas da var. Məclisdə
iştirak edənlərin
bir qismi də Biləsuvar və Cəliləbad rayonlarından gəliblər.
Tədbiri Cəbrayıl rayon icra hakimiyyəti təşkil edib. Oxucular üçün maraqlı ola
bilər: - görəsən
niyə?
Burada çox sadə
bir məntiq var. Çünki çox qısa bir ömür
yaşamış Vahid
İsmayılov Cəbrayıl
rayonunun Çərəkən
kəndində doğulub.
Bu kənddə təhsil alıb. Sonra həyatını partiya sovet orqanlarında işə həsr edib. Zəngilanda, Ağcabədidə, Beyləqanda
rayon Partiya Komitəsinin
birinci katibi olub. İşlədiyi hər yerdə
aid olduğu ailənin,
doğulduğu kəndin,
bölgənin adını
həmişə uca tutub, bu ünvana
şərəf gətirib.
Onun bir insan kimi,
bir partiya, dövlət xadimi kimi ən böyük
və ən üstün cəhəti əxlaqı və sədaqəti idi. Vahid İsmayılovu tanıyan
hər kəs bu əməksevər, əxlaqlı və sədaqətli insanın həyat yolunu əsl məktəb hesab edir. Elə Vahid İsmayılovun 80 illiyinə həsr olunmuş ədəbi-bədii
tədbirə qatılanların
hamısı da onun öz çıxışlarında
məhz bu cür xarakterizə edirdilər.
Qəsəbədəki
Ulu Öndərin abidəsini ziyarətdən
sonra başlanan tədbiri açıq elan edən aparıcı ilk öncə
sözü rayon icra hakimiyyəti başçısının
müavini Əli Ağakişiyevə verdi. Əli müəllim Vahid
İsmayılovun həyat
və fəaliyyəti
barəsində geniş
çıxış etdi.
Bu rəsmi çıxışdan
sonra xatirələr qanadlandı. Söz millət vəkili Aqil Abbasa verildi:
- Mən
Vahid müəllimlə
həmsöhbət olmuşam.
Onun fəaliyyətini, iş prinsipini,
xüsusilə əmək
adamına qayğısını
öz ailəmizin timsalında da görmüşəm, duymuşam.
Vahid İsmayılov Ağcabədidə
birinci katib olanda rəhmətlik atam da həmin
rayonda işləyirdi.
Mən isə onunla Beyləqanda "Sovet kəndi" qəzetində
işlədiyim vaxt görüşdüm. Məni görən
kimi hardan, kimlərdən olduğumu
soruşdu. Ağdamlı olduğumu söylədim.
O isə çox qəti bir şəkildə
bildirdi ki, sən Məhəmməd Abbasovun oğlusan. Atanla aramızda işlə bağlı müəyyən
narahatlıq olduğuna
görə, düzünü
demək istəmirsən.
Lakin mən sonra atanın günahkar olmadığını aydınlaşdırdım.
Odur ki, heç nədən çəkinmə,
sən mənim dostumun oğlusan. Bizim bu münasibətimiz Vahid müəllimin övladları ilə dostluğuma çevrildi.
Bu gün çox
böyük qürur hissi ilə xatırladığım Vahid
müəllimin ruhu qarşısında baş
əyir, onun layiqli övladlarının
atası olduğunu, həmçinin, Ulu Öndərimizin ən doğma silahdaşlarından
biri kimi xatirələrdə yaşadığını
diqqətinizə çatdırıram.
Çox
yaxşı bilirəm
ki, Ağcabədidə
də, Beyləqanda da xatirəsi yaşayır və onu təkcə çalışdığı rayonların sakinləri deyil, bütövlükdə
Azərbaycanın icitmai-siyasi
dairələri çox
gözəl xatırlayırlar.
Sonra söz millət vəkili Tahir Rzayevə verildi:
- Mən özümü Vahid İsmayılovun kadrı hesab edirəm. Çünki kasıb bir ailədə böyümüş, hələ universitetdə
oxuyan imkansız bir tələbəni
işlə təmin etmək, onun əlindən
tutub vəzifə pillələrinə
yüksəltmək, özü də bu işi xahişsiz,
təmənnasız etmək keyfiyyəti yalnız Vahid İsmayılov kimi
kişilərə məxsus idi. Bir faktı deyim ki, məni Rayon Komsomol Komitəsinin birnici
katibi vəzifəsinə namizəd
göstərən Vahid müəllim günün bütün
saatlarında işinin, gücünün
çoxluğuna baxmayaraq,
mənim fəaliyyətimlə də maraqlanır. Gənc bir oğlanın rayon
ictimaiyyəti arasında sayılıb-seçilməsi üçün özü
təşəbbüs göstərir. Və bununla
yanaşı, həm də həmin cavan
oğlanın öz mühitindən, yəni
gənclik arenasından ayrılmaması, həmyaşıdlarına
yuxarıdan aşağı baxmaması üçün
tövsiyələrini də verirdi. Ulu Öndərimizin ən yaxın
silahdaşlarından olan Vahid
müəllim rəhbər işçilərdən zəhmətkeşlərin
yanında olmağı, onlara qaynayıb
qarışmağı, onların problemləri ilə
maraqlanmağı tələb edirdi. Bu insan yorulmağın nə
olduğunu bilmirdi. Nə
vaxt təsərrüfata üz
tuturdun, qarşına
çıxırdı. Rayon tədbirinə
tələsirdin, məktəbə gedirdin,
yenə də onunla üz-üzə gəlirdin.
Bütün gününü təsərrüfatlarda,
camaat arasında keçirən, ən
qızmar günəş altında dayanıb saatlarla
görülən işlərə özü
nəzarət etməyi xoşlayırdı. Mən bu gün fəxr edirəm
ki, həyatımda Vahid
İsmayılov kimi bir
şəxsiyyətin ayrıca yeri var. Bir də sevinirəm ki, Vahid müəllimn 80 illik yubileyi bu cür təmtəraqla,
sevgi ilə qeyd olunur. İnanıram ki, onun növbəti yubileyləri doğma
Cəbrayılda, doğulduğu Çərəkən
kəndində qeyd ediləcəkdir.
Mikrofona millət vəkili Aslan Şahverdiyev yaxınlaşır. Aslan müəllim bildirir ki, həyatda Vahid müəllimlə görüşməsə də, onun barəsində həmişə xoş xatirələr, şirin sözlər eşidib. Və bu gün keçirilən tədbir Vahid müəllimin şərəfli ömrünə bir baxışdı, bir səyahətdi. Mən tam əminəm ki, Vahid müəllimin əziz xatirəsi onu tanıyanların, xüsusilə cəbrayıllıların yaddaşında zaman-zaman yaşayacaqdır.
Bəli, keçirilən ədəbi-bədii məclisdə musiqi də, şeir də, çıxışlar da bir-birini əvəz edir. Mikrofonda Beyləqandan gəlmiş və həm də Vahid İsmayılovla birgə işləmiş insanlar - Qəni Əhmədov, Nizami Məmmədov, həmçinin Biləsuvar və Cəlilabad rayonundan olan nümayəndələr Vahid İsmayılovla bağlı xatirələrini danışırlar. Sonra söz Vahid İsmayılovun 80 illiyinə həsr edilmiş "Ən böyük Azərbaycanlının silahdaşı" kitabının müəllifi hüquqşünas Ağakişi Nağıyevə verilir. O da öz növbəsində Vahid müəllimlə bağlı araya-ərsəyə gətirdiyi kitaba yardımçı olan insanlardan, xüsusilə Vahid müəllimin oğlu Mobil İsmayılovun əməyindən söz açdı. Göstərdikləri köməkliyə görə təşəkkür etdi və vurğuladı ki, bu kitabı hazırlayarkən bir daha əmin oldu ki, Vahid İsmayılov Ən Böyük Azərbaycanlının ən yaxın sirdaşlarından biri olubdu.
Tədbirin
sonunda Vahid
İsmayılovun oğlu Mobil
İsmayılov atasının ruhuna ehtiram göstərib məclisə
qatılanlara, eləcə də Vahid
İsmayılovun adını daşıyan məktəbin
kollektivinə, Cəbrayıl rayon İcra Hakimiyyətinin rəhbərliyinə öz dərin təşəkkürünü
bildirdi. Ev sahibi, yəni Cəbrayıl rayon
İcra Hakimiyyətinin
başçısı Mahmud Quliyev də qonaqlara və
məclisin hazırlanmasında əməyi olan
hər kəsə təşəkkür etdi.
Sonra "Ən böyük
Azərbaycanlının silahdaşı" kitabı
iştirakçılara paylandı.
...Bəli, Biləsuvardakı qəsəbədə
həmin gün Vahid İsmayılovun ruhu bizimlə birlikdə
idi. Çünki onun
xidmətləri və xoş xatirəsi hər
kəs tərəfindən ehtiramla yad edilirdi.
Əbülfət Mədətoğlu
Ədalət.-2011.-7 dekabr.- S.6