Şəhriyarın yeni
(azad) şeir
yaradıcılığına bir
baxış
Ədəbiyyat
həmişə yeni forma və bədii ifadə vasitələrinin
axtarışında olmuşdur. Şairləri
ən çox düşündürən
yeni, mütərəqqi mövzuları ənənəvi
şeir formaları çərçivəsində
deyil, yeni poetik qəliblərdə, daha
çevik, sadə, əlverişli və münasib formalarda ifadə
etmək məsələsi idi. Zaman
keçdikcə yeni ictimai
məzmun daşıyan mövzular köhnə
çərçivələrə, bütün
misraların uzunluğunun bərabər
olması, hecaların da eyni
sayda saxlanması, uzun
və qısa hecaların arasında tənasübün
gözlənməsini tələb edən poetik
qəliblərə sığmırdı. XX əsrin I
rübündə Quzey Azərbaycanda M.Ə.Sabir, M.Müşfiq,
H.Cavid, Ə.Cavad, R.Rza klassik əruz
formalarının sadələşdirilməsi, "azad əruz" yaratmaq yolunda əhəmiyyətli addımlar
atmışdılar. R.Rza "azad, sərbəst" şerin yolundakı bütün
maneələri çətinliklə də olsa,
aşdı, məhdud çərçivəni
dağıtdı, heç bir tənqidə, həmkarlarının əsassız
hücumlarına əhəmiyyət vermədən böyük cəsarətlə şeir və poemalarını yeni
şeir üslubunda -
sərbəst vəzndə qələmə aldı. Güney Azərbaycanda bu yolun uğurlu ilk yolçusu Həbib Sahir olmuşdur. Fars ədəbiyyatında
isə Nima Yuşic bu qaydanı sadələşdirmək prinsipini əsas götürərək yeni, "azad, sərbəst"
vəzndə yazdığı "Əfsanə"
poeması ilə poeziyaya yenilik
gətirmişdir. "Əfsanə" poemasının
(1922-ci ildə nəşr olunmuşdur) vəzni,
azad qafiyə sistemi, əsərin
dialoq formasında qurulması, əruza
nisbətən sadə dili və ifadə
tərzi onu klassik şeir nümunələrindən xeyli dərəcədə fərqləndirirdi.
N.Yuşic və onun tərəfdarlarının
başladıqları "azad şeir" uğrunda hərəkatın
əsas məqsədi şerin
formasını məzmununa tabe etmək, şeri məhdud vəzn və qafiyə
çərçivəsindən çıxarmaq, fikrin ifadə imkanlarını və
hüdudlarını genişləndirmək idi.
Ancaq İranda modernizm hərəkatı genişləndikcə
ədəbiyyatda böyük canlanma yaranır, sərbəst şeri qəbul edənlərlə etməyənlər
arasında kəskin fikir
ayrılığı özünü
göstərirdi. Lakin həm fars, həm də türkdilli yaradıcılığında yenilikçi - novator şair mövqeyini
aydın nümayiş etdirən, yeniliyi təkcə şerin
formasında deyil, ideya-məzmun, məna və
mövzu yeniliyində, eyni
zamanda bu yenilikləri
ifadə etmək bacarığında, bütövlükdə
sənətkarlıq xüsusiyyətlərində
görən Şəhriyar Nima Yuşicin prinsipini təqdir
edirdi. Əsərlərində novatorluqla ənənəviliyin vəhdətini
yarada bilən ustad şair Sədi - Rumi -Xəyyam-Hafiz,
eyni zamanda Azərbaycan
şifahi xalq ədəbiyyatı
və Qətran Təbrizi - Nizami - Xətai
- Nəsimi ənənələrinə söykənərək
poeziyada yeni üslub, məktəb yaratmış, özünü yenilikçi
sənətkar kimi təsdiqləmişdir.
Xəlqiliyi, canlı xalq
dilində yazıb-yaratmağı novatorluğun
əsas təzahürlərindən sayan
Şəhriyar, ümumiyyətlə, yeni
və ən yeni İran
şeirində bu hərəkatın realizm ədəbi cərəyanının
inkişafı, formalaşması prosesi ilə
əlaqədar olaraq genişləndiyini, inkişaf mərhələsi keçdiyini
göstərmiş, konkret olaraq romantik və ya realist üslubda
əsər yaratmaq qəlibini deyil, hər iki cərəyanın
vəhdətində ənənəviçilik yolunu novatorcasına getmək prinsipini
əsas götürmüşdür. O, ənənəvi,
klassik şeir
üslublarında, əruz və heca vəzni
qəliblərində ən mükəmməl əsərlər
yaratsa da, qələmini
azad, sərbəst vəzndə də
sınayaraq modernizm üslubunda
uğurlu əsərlər yazmağa nail olmuşdur. Müasir ədəbiyyatda yeni məna kəsb
etməyən, yeni fikir,
yeni söz deməyən
şerin qəbul edilməyəcəyinə
əmin olan Şəhriyar şerin
yeniliyinin əsas cəhətlərindən
biri kimi onun məhz xalq
danışıq dilinə yaxın olmasını, sadə
insanların da anlayacağı tərzdə
yazılmasını qəbul edirdi.
"Heydərbabaya salam"
poemasını da şair
yeni səpkidə, xalq
danışıq dilində - Təbriz şivəsində və
ənənəvi mövzulardan fərqli olaraq yeni mövzu
və məzmunda qələmə almış, real həyatın gerçəkliklərini parlaq şəkildə əks etdirmişdir.
Güneydə uşaq ədəbiyyatının
görkəmli yaradıcılarından olan
Səməd Behrəngi də "Heydərbabaya salam"ı
Azərbaycan yazılı şerində yeni
səhifə kimi qiymətləndirmişdir:
"Şəhriyar "Heydərbabaya salam"
poeması ilə Azərbaycan yazılı şerində yeni səhifələr açdı. "Heydərbaba"nın
böyük bir hissəsi,
sözün əsl mənasında, şeirdir. "Heydərba-ba"nın təsiri
elə bir səviyyədə oldu ki, çoxları onu təqlid edən əsər yazdılar, hətta
onun qafiyəsindən, vəznindən,
formasından, şəklindən, bəzən məzmunundan da istifadə etdilər".
Şairlər sözlə, rəssamlar rənglərin dili ilə danışır, incə və zərif hisslərini, sevgi və nifrət duyğularını bəyan edirlər. Xalqının talesiz övladlarının talan olmuş ömürlərini, nakam qalmış arzularını sərbəst vəzndə daha rahat, azad ifadə edə biləcəyini düşünən müdrik şair "Nəqqaş", yaxud "Rəssam" adlı sərbəst qəlibli əsərini yazır. Rəssama üzünü tutaraq hər vərəqi faciələrlə dolacaq bir dəftər yaratmağı və hər tükü şair xəyalından toxunan fırçasını götürüb ana təbiətin ruha qida verən, gözoxşayan gözəlliklərini, həyatın eyş-işrətini, naz-nemətini deyil, pərdə arxasını, qaranlıq tərəflərini, əksliklərini nəqş etməyi məsləhət görür. İstəyir ki, rəssam o dəftərdə hilal vaxtından bədr olanadək bircə anlıq da buludların arxasından çıxa bilməyən ayın, rəssamın sinəsində həyata gəlmədən ölən bir tablonun, doğulmadan məhv edilən bir arzunun, şəhla gözləri ilə nə aynaya, nə də suya baxa bilməyən lalənin, ayaqyalın, başaçıq, səfalət içində yaşayan, ömrünü səhralar talayan, günəş altında yanıb lalə tək təndirlər qalayan bir kəndli qızının, bir ömür qayalar arasında çırpınaraq həyata təşnə qalan, yolları bağlanıban sədd çəkilən zümrüdgözlü şəlalənin, memarın səylə yaratdığı, lakin sona çatdırmağa macal tapmadan dağıdılıb xaraba qoyulan abidəni və dadına kimsə yetişə bilməyən nalənin rəsmini çəksin. Şəhriyar əmindir ki, əbədiyyətə qovuşacaq, sənət ömrü heç vaxt tükənməyəcək belə bir tablonun insanların ruhunda və ürəklərində izi qalacaqdır:
Əziz rəssam! Keşikçi
şallağı altında
Can verən bir məhbusun İman şöləsini çək!
Səmum küləyinə bənzər,
İmansızların əzabına dözən, fəqət
Bir kəlmə yalan deməyən
Ülvi məhəbbətli şəxsiyyət.
Kimsəyə düşmənçilik
etməyən, Lakin dövlətlə döyüşən,
Qələbə kandarına
düşən.
Ulduzun işığının
söndüyünü, Dan yerinin
söküldüyünü,
Günəşin doğduğunu xəbər verən.
O günəşin
ki, Əjdaha yuvasını xaraba qoyub
Bu qara ləkədən təmIzləyəcək
Yer kürəsini,
Bəli, o günəşin şəfəqləri...
Əziz rəssam!
Bu tablo, inan ki, çox vaxt aparmaz...
İstər fars, istərsə də Azərbaycan ədəbilyyatında XX əsrin
20-30-cu illərindən etibarən
pərvəriş tapmış
yeni-modernist şerin, yeni formanın köklərinin Məşrutə
hərəkatı dövründən
qaynaqlandığını, bu üslubda yazmağın o qədər
də yeni hadisə olmadığını
vurğulayan şair orta çağlarda şeirin bəhri-təvil
və müstəzad formalarının mövcudluğundan
da bəhs etmiş və həm ənənəvi, həm də sərbəst vəznlərdə
yazıb-yaratmağı vacib
saymışdır.
Lakin dilin və ədəbiyyatın
daim qoruyucusu olan, sənətdə baş verən mütərəqqi yenilikləri
müdrikliklə qəbul
edən və həmin yenilikləri yaradıcılığında novatorluqla yaşadan Şəhriyar bu məsələdə də
son dərəcə diqqətli
olmağı tövsiyə
edərək yazırdı:
"Qəzəl, qəsidə,
qitə və məsnəvi nəzərdə
tutulan mövzunu bəyan etməyə imkan vermədikdə azad şeir formasına müraciət
etmək lazımdır.
Çünki şeir yazmağın
birinci şərti şair olmaq, şeirdə ictimai dərdləri nəzmə
çəkməkdir. Həqiqi şair odur ki, fikrində olan mövzunu hansı formada bəyan etməyin mümkünlüyünü əvvəlcədən
müəyyənləşdirə bilsin. Bütün şeir qəlibləri
ixtiyarında olan kamil şair şerin hər hansı bir qəlibinə və xüsusi formasına müxalif olmaz və şerin bir, yaxud bir
neçə növünə
müxalif olanlar bərk yanılırlar.
Özləri hansısa bir
formada şeir yaza bilmədiklərinə
görə də həmin formaya müxalif olurlar. Belə ki, bu günün
yeni şerinin tərəfdarları Sədi,
Hafiz, Mövləvi, Nizami,
yaxud Sənai kimi qiymətli qəsidə yazanları inkar etməməlidirlər.
Çünki yeni şeir
zamanın hadisəsidir.
Zaman isə heç vaxt səhv etmir".
Lakin yaradıcılığının
bütün mərhələlərində
Şəhriyar qəti
olaraq ona əminliyini bildirib ki, şeir mütləq
vəznli olmalıdır.
Əsil şeirin canı onun məna və məzmunundadır.
Forma onun yalnız libası, poetik qəlibi, zahiri qılafıdır.. Adətən
sözləri vəznli
olan yazıçıya
şair deyirlər.
Həqiqi yazıçı isə həm də şairdir. Azad
şeir üslubunda yazdığı "Mumiyalanmış
adam", yaxud "Mumiyayi" əsərində şairi
söylədikləri bariz
ifadəsini tapır. Əsərin məzmunu ilə forması bir-birini tamamlayır, Şəhriyarın məhdud
şeir qəlibinə
sığmayan sərhədsiz
fikirləri sərbəst
vəznin çərçivə
azadlığında qanad
çalır:
Verdiklərini geri aldı bir-bir...
Bu dünya məni uşağa bənzətdi,
Qaqqa göstərdi, vermədi,
aldatdı.
Xəstəlik
verdi, dərman
vermədi.
Əyləncə öyrətdi, əyləndirmədi.
Sonra da quraşdırdıqlarını
açıb yığdı
bir yerə,
Vurdu qoltuğuna,
"Bir
daha qaytarmaram" deyib apardı.
(Daha
nə deyəsən buna!)
"Dünya kişi deyil" deyən qadınlar
Min yaşasınlar...
Şəhriyarın bütövlükdə Yaxın Şərq və Azərbaycan ədəbiyyatının, xüsusilə də qəzəlin klassik bir janr kimi yaşaması və inkişafı uğrunda göstərdiyi xidmətlər ölçüyəgəlməzdir. Köhnəliyi özündə yaşadan bir vasitə kimi mühakimə olunan, meydanlarda çatılmış tonqallarda yandırılan, qəzəl bizim zəmanənin şeri deyil, - deyərək onu bir janr kimi ədəbiyyatdan silmək istəyənlərə ustad şair əməli işi ilə cavab vermiş, həyatdan götürdüyü mövzularda türkcə və farsca yazdığı qəzəlləri ilə əsrlərdən bəri eşq və məhəbbəti, gülün bülbülə, aşiqin xəyali məşuqəyə olan sevgisini, gözəlin qaşlarının aya, zülflərinin ilana, ləbinin qönçəyə, dilinin şəkərə, yanaqlarının laləyə bənzədiyini izhar edən, eşq dili ilə danışan qədim şeir növünü yeni məna və məzmun zirvəsinə qaldırmışdı. Onun misilsiz xidmətləri, fars ədəbiyyatının və qəzəlin inkişafındakı böyük rolu dövrünün görkəmli söz ustaları, elm xadimləri tərəfindən yüksək qiymətləndirilmişdir.
Şəhriyar,
əsasən "Şeir və hikmət"
məsnəvisində, yeri gəldikcə
isə digər əsərlərində ədəbi-estetik
görüşlərini şərh etmiş,
şeir sənətinin məqsəd və
vəzifələrini, onun idraki,
tərbiyəvi əhəmiyyətini müəyyənləşdirərək
oxucunun nəzərinə
çatdırmağa çalışmışdır.
Onun qənaətinə
görə, poetik düşüncələrini
hansı şeir qəlibində ifadə
etməsindən asılı olmayaraq
şair-sənətkar öz dövrünün, əsrinin səsi,
vicdanı, el-obasının, xalqının dostu,
sınmadan, əyil-mədən, dünya
nemətlərinə aldanmadan mərdanə
yaşayanların, məzlumların - əzilən-lərin
pənahı, dərddaşıdır. Şair
yaşadığı cəmiyyətin, bu
cəmiyyətin fərdlərinin arzu və
istəklərini bəyan edən, hayqıran odlu
bir ürəkdir. Bu odlu ürək sahibi
yalnız həqiqəti deməli, gerçəkləri
söyləməlidir, əgər həqiqətləri
çatdıra bilmirsə və bu, mümkün deyilsə, sənət
meydanından çəkilməlidir.
Şəhriyar real həyati gerçəklikləri, necə varsa, olduğu kimi təsvir və tərənnüm etmək üçün müasir şeirdə dil, forma və qəlib azadlığını, mütərəqqi yenilikləri vacib saymışdır. Şairin novatorluğunun əsas təzahürlərindən biri və ən birincisi, az sözlə daha dərin fikirlər, geniş və dolğun mənalar ifadə etmək, duyğu və düşüncələrini sadə, cazibədar, xalqın anlayacağı dillə oxucuya çatdırmaq qüdrətidir.
Esmira Fuad
Ədalət.-2011.-7 dekabr.- S.4.