Tamam yeni Qobustan

 

   Qobustan rayonu haqqında budəfəki, söhbətimizə başlayarkən başa vurmaqda olduğumuz 2011-ci ilin xüsusilə uğurlu davam etdiyini qeyd etməliyik. Yəni bu rayon istər sosial-iqtisadi, istərsə də mədəni quruculuq istiqamətində hər vaxt bu ilki qədər nailiyyətlərə imza atmayıb.

   Üstəlik əvvəllər darıxdırıcı görünüşü ilə təəssüf doğuran rayon mərkəzi, indi Bakı-Qazax magistralı üstündə yaraşıqlı modern bir şəhərə çevrilməkdədir. Təkcə Qobustanda deyil, digər kiçik rayonlarımızda da, ucqarlarda da quruculuq və yeniləşmə tədbirləri görünməmiş sürətlə davam etməkdədir.

   Bu, bütövlükdə Azərbaycanın inkişafı yeniləşməsi bütün istiqamətlərdə dünya miqyasında seçilməsi deməkdir. Qobustan Rayon İcra hakimiyyətinin başçısı Adil Məmmədov uzun illərin rəhbər işçisidir təcrübəli şəxsdir. Onunla söhbətimiz, zamanı yenə də nikbin bir praqnoz söylədi.

   Adil müəllim real faktlarla müqayisələr apararaq bildirdi ki, hamımızın iştirakçısı və izləyicisi olduğumuz bu geniş miqyaslı inkişaf yaxın gələcəkdə respublikamıza xüsusi bir məqamda da şöhrət qazandıracaq. Vaxt gələcək Azərbaycanda olmaq, Azərbaycanda yaşamaq prestij sayılacaq

   Prezidentin unudulmaz səfəri

   Qobustanlılar doğma rayonlarının tərəqqisi uğrunda yüksək fəallıq göstərirlər. Rayon sakinləri bu ilin sentyabr ayının 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qobustana səfərindən, camaatla görüşlərindən, aparılan quruculuq işləri ilə maraqlanıb razı qalmasından daha ruhlanaraq ili uğurlu nəticələrlə başa vururlar. Bu,bütün sahələrdə diqqəti cəlb edir.

   Əvvəllər müəyyən mənada ümumi inkişafla ayaqlaşa bilməyən Qobustan kimi bir sıra rayonlarımızın son illərdəki yüksəlişi daxili və xarici siyasətdəki uğurlu strategiyanın məntiqi nəticəsidir. Ötən dövrdə ölkəmizin maliyyə vəziyyəti bütövlükdə xeyli yaxşılaşmışdır.

   Baxmayaraq böyük infrastruktur layihələri icra edilir, valyuta ehtiyatlarımız azalmamış, əksinə daha da artaraq 40 milyard dolları ötmüşdür. Bu mənada ötən dövr Qobustan rayonu üçünuğurluyaddaqalan olmuşdur.

   Tarixi hadisə

   Prezident rayona səfəri zamanı qeyd etmişdir ki, "bu gün Qobustanda çox gözəl və tarixi hadisə baş verir. Azərbaycanda, dünyada ilk dəfə olaraq hibrid tipli müasir günəş və külək elektrik stansiyasının açılışını qeyd edirik. Bu, həm Qobustan, həm də ölkəmiz üçün çox gözəl hadisədir. Qobustan, hesab edirəm ki, alternativ və bərpa olunan enerjinin istehsalı üçün nəinki Azərbaycanda, bütün bölgədə öz sözünü deyəcəkdir".

   Cənab Prezident bildirmişdir ki, Qobustanda indi işlər yaxşı gedir. Burada kənd təsərrüfatının inkişafı üçün vəsait ayrılır. Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə kreditlər verilir. Tingçilik inkişaf edir. Burada kənd təsərrüfatının inkişafı üçün yaxşı imkanlar vardır. Yeni qaz xətləri çəkilir, məktəblər tikilir. Burada insanların rahat yaşaması üçün lazım olan bütün işlər görülür.

   Prezident rayon da yaradılan tinglik mərkəzinin müasir taxıl anbarı kompleksinin aşılışında da iştirak etmişdir. Məlum olduğu kimi rayonda ağac, kol bitkilərinin reabilitasiyasının təşkili dekorativ bitkilərin becərilməsi üçün seçilən ərazi bütün lazımi şəraitlə təmin edilmişdir. Tinglik mərkəzinə üç kilometr məsafədən su xətti çəkilmişdir. Suvarma sistemi avtomatlaşdırılmışdır.

   Mərkəzdə əkin sahəsindən əlavə giriş qala qapısı, su deposu yaradılmışdır. Açıq su deposunun üzərində dördmərtəbəli ekoloji sağlamlıq mərkəzi tikilir. Ərazidə inzibati bina ilə yanaşı, istirahət guşələri yaradılmışdır. Buradakı iki süni göldə balıq digər su canlıları saxlanılır.

   Tinglik mərkəzində avtomobillərin rahat hərəkəti üçün daxili yollara asfalt örtüyü salınmışdır. Zövqlə əkilmiş gözoxşayan ağac gül kolları burada istirahət edənlərdə xoş təəssürat yaradır. Hazırda mərkəzin ərazisində 70 adda 20 mindən çox ağac bəzək kolu əkilmişdir. Gələcəkdə burada botanika, zoologiya idman dərnəklərinin təşkili nəzərdə tutulmuşdur.

   Müasir taxıl saxlama anbarı kompleksi isə rayonda istehsal olunan taxıl məhsullarının uzun müddət itkisiz saxlanması, əhalinin keyfiyyətli ərzaq buğdası ilə təmin olunmasına şərait yaratmaq üçün nəzərdə tutulmuşdur.

   2011-ci ilin 9 ayında rayonda ümumi məhsul buraxılışının həcmi ötən ilin müvafiq dövrünə nisbətən 8,2 faiz artmışdır. Bu artım bütün sahələr üzrə baş vermişdir. Belə ki, kənd təsərrüfatında 16,9 faiz, sənayedə 17,8 faiz, nəqliyyatda 18,2 faiz, ticarətdə 36,5 faiz, rabitədə 3,7 faiz artım olmuşdur. Pərakəndə əmtəə dövriyyəsi 26,6 faiz, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 24,6 faiz, orta aylıq əmək haqqı 23,1 faiz artmışdır. Sənaye məhsulunun qeyri-dövlət bölməsinin həcmi artmışdır. Ötən 9 ayda rayon büdcəsinin mədaxil planı 101 faiz, məxaric planı isə 88,5 faiz icra edilmişdir.

   Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayon sahibkarlarına 15 layihə üzrə 197000 manat kredit ayrılmışdır ki, bunun nəticəsində 30 yeni yeri yaradılmışdır. Bütün ayrılmış kreditlər kənd təsərrüfatı sahəsinə yönəldilmişdir.

   Məşğulluq xidməti tərəfindən bu il indiyədək 220 nəfər işlə təmin edilmişdir ki, bunlardan 24 nəfəri qadınlardır. Ümumilikdə 2011-ci ilin doqquz ayında Dövlət Proqramının icrası nəticəsində 1018 yeni yeri yaradılmışdır.

   Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş "2008-2015-ci illərdə əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı" na uyğun olaraq rayonda bir sıra işlər görülmüşdür.

  

   Rayonda 40415 ton məhsul əldə olunmuşdur, bu da əvvəlki ildən 48 faiz çoxdur. Ümumilikdə adambaşına 960 kq-dan çox taxıl istehsal olunmuşdur.

   Heyvandarlıq sahəsində də xeyli işlər görülmüş, dinamik inkişaf təmin edilmişdir. Rayonda 30019 baş qara-mal, o cümlədən 11205 baş inək, 295 baş camışlar, 188943 baş xırda buynuzlu heyvan, 71274 baş quş və 1177 arı ailəsi mövcuddur.

  

   (ardı gələn sayımızda)

Məzahir Əhmədoğlu

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

Ədalət.-2011.-8 dekabr.- S.7.