Yüzün astanasında...
Çox maraqlıdır,
qışın soyuğunda günəşin
hərarətini hiss etmək tamam fərqli duyğular
yaradır insanda. Yayın tülyanında
günəşdən gizlənməyə
çalışdığın halda,
qışın şaxtasında həmin hisslərin
peşmançılığını çəkirsən. Daha doğrusu, günəşin
müqəddəsliyini sanki soyuq və acı qış günlərində
dərk edirsən. Müxtəlif adamlarla
qarşılaşanda da təxminən buna bənzər hisslər yaşayır insan. Bəzən bir nadan, bu dünyaya
yol azmış bir namərd
az qala bütün
insanlığı adamın gözündən salır. Belələri
insanın ürəyindəki həyat eşqini
susdura bilməsələr də könül bulandırırlar. Eləsinə
də rast gəlirsən ki,
qaranlıqlar gözündə işığa
dönür.Dünyanı yer üzünün cənnəti hesab
edirsən. Zülmətləri yara bilən
möcüzəli işığı gözlərindən boylanan bir müdriklə ilk dəfə tanış olanda
keçirdiyim bu hissləri
yazıma müqəddimə seçdim. Və
elə bildim ki,
dünyanın ağrı və acılarından yoğrulmuş dərdləri çiyinlərində
daşıyan yüzü haqlamış bir müdrikdən danışanda hökmən
bu sətirləri yazmalıyam. Çünki pəncərəyə söykənmişdim.
Qışın insan həyatına
ağır ehtiyaclar gətirən acı
küləkləri əssə də pəncərədən
düşən ilıq günəş şəfəqlərinin
təsirindən çox şeyi
unutmuşdum. Bircə
işığın müqəddəsliyi barədəki
düşüncələrdən savayı...
İçi işıqla dolu
adamlardan danışanda hökmən yaxşı-yaman, əyri-düz
meyyarları yada düşür. Sanki
hər kəsə öz layiqli
qiymətini verməyə çalışırsan. Haqqında danışdığım qəhrəman
həyatla, cəmiyyətdə hökm
sürən ədalətsizliklərlə həmişə
mücadilədə olub. Ən
başlıcası dünyaya müharibə
toxumu səpən, xalqlara
ölüm gətirən faşizmlə
müharibədə böyük hünər
göstərib. İkinci cahan müharibəsinin qələbə ilə
başa çatmasını təntənə
ilə qeyd edən əsgərlərin
"ura, ura...!"
nidalarında onun da
tarixə düşən səsi var.
Bu səsin sahibi Həzi Məmmədov
1921-ci ildə Ağdam rayonunun Alıbəyli kəndində
anadan olmuşdur. Ali təhsilli hüquqşünasdır. İlk gənclik illəri Böyük
Vətən Müharibəsinin qanlı-qadalı illərinə
təsadüf etmişdir. 1942-ci ilin mayında cəbhəyə yola düşən əsgər müharibənin
sonuna qədər getmiş,
faşist almaniyasının necə diz çökməsinin şahidi
olmuşdur. Mozdok şəhərindən başlayıb, Rusiya, Ukrayna, Rumıniya,
Macarıstan və Avstriya torpaqlarında sovet ordusu tərkibində
dünyanı silkələyən Alman
faşizminə qarşı amansız müharibədə fədakar
bir döyüşçü
kimi iştirak edən
soydaşımız, sonralar Odessa şəhərində hərbi məktəb
bitirərək zabit rütbəsi
almış və müharibənin gedişatında bir neçə dəfə
yaralanmışdır.
Avstriyanın Alp dağları ətəklərinə
qədər qızğın cəbhə boyu dəhşətli
müharibənin yaratdığı odun-alovun içərisindən
keçə-keçə döyüş salnamələri
yaradanların cərgəsinə bir azərbaycanlı kimi
öz adını da qızıl hərflərlə yaza
bilmişdir. Müharibədə göstərdiyi
şücaətlərə görə keçmiş
Sovet İttifaqının bir
sıra orden və medalları ilə təltif
olunmuş, ən başlıcası isə
"İgidliyə görə" medalına layiq
görülmüşdür. Belələri
ilə həqiqətən fəxr etməyə dəyər...
Həzi Məmmədovun taleyində ən maraqlı faktlardan biri də 9 may 1945-ci ildə müharibə qutarandan sonra tank qoşunları tərkibində Avstriyadan Cənubi Azərbaycana gedərək doğma və qərib şəhərimiz olan Marağada qulluq etməsidir. Müharibədən
sonrakı ictimai fəaliyyətinə gəlincə
isə bu tamam başqa bir mövzunun söhbətidir. Lakin qısaca qeyd etmək olar ki, o uzun
müddət ədliyyə orqanlarında Nuxa
(Şəki) rayon xalq
hakimi, Gəncə Vilayət Məhkəməsi
sədrinin birinci müavini,
Azərbaycan Respublikasının Ali Məhkəməsinin
üzvü, Gəncə Şəhər
Məhkəməsinin baş hakimi, Azərbaycan Respublikasının Ali Məhkəməsi plenumunun
katibi vəzifələrində işləmiş
və 40 ildən artıq vəkil kimi insan hüquqlarının müdafiəsində
dayanmışdır.
Həzi müəllim indi ömrünün ahıl çağlarını yaşasa da ictimai fəaliyyətini dayandırmayıb. Hazırda Yasamal rayon Müharibə Veteranları Şurasının "Hərbi Vətənpərvərlik" şöbəsinin müdiri kimi respublikamızda hərbi vətənpərvərlik istiqamətinə yönəlmiş əksər tədbirlərdə iştirak edir və Azərbaycan gənclərinə keçdiyi həyat və müharibə yolundan maraqlı söhbətlər açaraq gəncliyi vətəni, torpağı, yurdu sevməyə və qorumağa səsləyir. O, respublikamızda görülən işləri yüksək qiymətləndirir. Ölkə prezidenti İlham Əliyevin apardığı böyük siyasətə arxalandığını və onun ölkə daxilində yaratdığı sabitliyi böyük fərəhlə dilə gətirir və ümidvar olduğunu bildirir ki, Ali Baş Komandanın səyləri və beynəlxalq aləmdə yeritdiyi uğurlu siyasət nəticəsində Qarabağın da təcavüzkarlardan təmizlənməsinə çox qalmayıb..
Həzi Məmmədovun hələ gənc yaşlarından ədəbiyyata, poeziyaya həvəsi olmuş, müxtəlif illərdə bir sıra şeir, hekayə, novella və pyeslər yazmışdır. 1967-ci ildə onun "Höcət eləmə" adlı librettosuna Ağabacı Rzayeva və İsmayıl Quliyev musiqi bəstələmiş, əsər Azərbaycan Dövlət Musiqili Komediya Teatrında tamaşaya qoyulmuşdur. Hekayə və novellaları televiziyada səsləndirilmiş, bir sıra şeirlərinə musiqilər bəstələnmişdir.
Həzi Məmmədovun şeirləri
insanları birliyə, qardaşlığa, sülhə, əmin-amanlığa,
paklığa, mərdliyə, sədaqətə səsləyir.
Ana sevgisi, vətən
məhəbbəti, ailəyə sədaqət, qayğı, nikbinlik, həyata açıq gözlə baxmaq onun insanlara
təlqin etməyə çalışdığı ən
başlıca keyfiyyətlərdir. Müəllif bir sıra şeirlərində dünyaya baxışını, fəlsəfi
düşüncələrini də əks etdirərək, həyat,
dünya, kainat, ömrün, yaşamağın məqsədi,
mənası ilə bağlı qənaətlərini də oxucularla bölüşür:
Hər günü yaşa,
Qoyma sabaha.
Hər gün ömürdü,
Ömürtək vur başa.
Misralarından da göründüyü kimi, Həzi müəllim həvəskar şairdir. O, nə böyük
sənətkar olmaq iddiasındadır, nə
də şan-şöhrət düşkünüdür.
Ədəbiyyata xobbi kimi
baxır. Hərdən fürsət düşəndə,
könlü buludtək dolanda,
duyduqlarını, düşündüklərini, ürəyindən
keçənləri ağ kağıza öz bacardığı, istedadının imkan verdiyi səviyyədə
köçürməklə təsəlli tapıb, özünü yüngülləşdirir.
Onu düşündürən, bəzən
narahat edən məsələlər ətrafında,
bir növ oxucusu ilə fikir
mübadiləsi aparır, həyata verdiyi
sualın cavabını sanki oxucudan gözləyir Həzi müəllim. O,
şeirlərindən birində həyatın ədalətsizliyini,
insanın cansız əşyalara münasibətini canlı insana münasibəti ilə müqayisə edərək,
oxucunu sual
qarşısında qoyur. Sanki,
oxucudan soruşur ki, bu axı niyə belədir?!
Axı niyə insanlar adi palazı-yorğanı, döşəyi
belə, köhnələndə çölə atmır, amma dünyanın əşrəfi sayılan,
sağ ikən ən əziz, ən doğma hesab etdiyimiz bir insanı ölən
kimi, aparıb qara torpağa dəfn edirik?!
Əcaba insan bu qədərmi
qiymətsizdir?! Müəllif bu
acı reallığı aşağıdakı sətirlərlə
ifadə edir:
Köhnə bir palaz da
atılmır çölə,
Dəyəri nə qədər
olsa belə az.
Ama canlı insan yıxılıb ölə,
Doğma anası da onu
saxlamaz!
Bu, insan
cəmiyyətinin siması
və eyni zamanda həyatın qaçılmaz qanunauyğunluğudur.
Lakin bu və digər buna bənzər ədalətsiz qanunauyğunluqlar
nə qədər qaçılmaz olsa da, Həzi müəllim
yenə böyük ruhla, inamla, inadla "Dünya belə getməz, Vallah belə getməz!.." - deyir. Və bu
inam, bu inad da şairliyin
ilkin əlamətlərindən
sayıla bilər.
Çünki şairlik mövcud
olanlara, reallıqlara,
həqiqətlərə inanmaqdan
dah çox, arzu edilənlərə inanmaqdan, xəyallara gələnlərə inanmaqdadır.
Şairlər həyatı da,
insanları da gördükləri kimi, reallıqda olduğu kimi yox, öz
görmək istədikləri
kimi görürlər.
Onlar gözəllik deyə vəsf etdikləri varlıqları,
predmetləri əvvəlcə
öz nəzərlərində,
təxəyyüllərində gözəlləşdirib, ucaldıb,
vəsf edilməyə
layiq ola
biləcək səviyyədə
yüksəldib, sonra onları vəsf etməyə başlayırlar.
Ona görə də Həzi Məmmədov da dünyanın elə əzəl gündən, başdan-binadan belə gəlib, belə də gedəcəyini bilə-bilə yenə xəyallarının, utopik
arzu və istəklərinin haçansa
bir gün reallığa çevriləcəyinə
ümid bəsləyib,
"Dünya belə getməz" - deyir...
Həzi müəllimin yaradıcılığından
qəhrəmanlıq, vətənpərvərlik
mövzuları qırmızı
xətt kimi keçir. O, bir an da olsa
yaralı yerimiz olan Azərbaycanın itirilmiş ərazilərinin
ağrısını unutmur,
daha doğrusu bu ağrını qəlbinin ən həssas yerində bir mərmi kimi saxlayır. O, hər an həmin mərmini azğın düşmənlə mübarizədə
qalib gəlmək naminə sıxmağa hazırdır. Gənclərdə
vətənpərvərlik, igidlik, dönməzlik aşılayan şeirlərindən
birində yazır:
Qəhrəman
olmaq üçün,
Döyüş gərək qəhrəmana.
Arxasında vətən, ana
İlham, qüvvət verər ona!
Həzi Məmmədov hərbi
vətənpərvərlik mövzusunda bir neçə əsərin
müəllifidir. Bu əsərlərdən günümüz
üçün aktual
olan "Qaçırmaq"
pyesi də xüsusi maraq doğurur. Müəllif
əsgərlik yaşı
çatmış gəncin
sevgilisinin dilindən deyir:
Əsgər
get, oğlan, əsgər,
Bu yol
zəfərdi, zəfər.
Bil, mərd olur sevənlər,
Əsgər
get, oğlan, əsgər,
Müəllifin
elə şeirləri
də var ki, o, bu şeirlərdə
özünün və
tay-tuşlarının, ümumiyyətlə,
Böyük Vətən
Müharibəsində iştirak
etmiş, igidliklə vuruşmuş yaşlı
nəslin nümayəndələrinin
həyatını və
şərəfli ömür
yolunu gənclərə
ibrət kimi xatırladıb, onları
özlərinə örnək
hesab etməyə, zirvələrə ucalan yollarının üstündə
mayak bilməyə səsləyir:
Ömrünüzün
yollarında bir mayakdı qocalar,
Onlardan ilham alıb,
igidliklə qocalın.
İnsanlar bu dünyada hünəriylə ucalar,
Ey cavanlar, zirvələrə
siz hünərlə ucalın!
Həzi müəllimin vətənpərvərlik
mövzusunda, ana sevgisinə, düzlüyə,
sədaqətə həsr
olunmuş şeirlərini,
eləcə də, fəlsəfi düşüncələrini
əks etdirən qələm məhsullarını,
fikrimizcə bir həvəskar şairin yazdıqları hesab etməklə yanaşı,
eyni zamanda, bir professional hüquqşünasın,
təcrübəli vəkilin,
ən əsası isə, müdrik bir ağsaqqalın həyat və fəaliyyət təcrübəsindən,
həssas müşahidələrindən
doğan müdrik qənaətlərdə saymaq
olar. Şair insanın sədaqətini
heç nəyə dəyişmir. Hətta, hesab
edir ki, mərdliyi, sədaqəti
puç olmuş birisi artıq həyatla çoxdan vidalaşıb.
Olsa da rütbəmiz, ev-eşiyimiz
Kölgədə
qalmasın kişiliyimiz...
İnsan ölməz, ac, susuz, çılpaq qalanda,
Ölər sədaqəti, mərdliyi
puç olanda.
Yeri gəlmişkən, qeyd edək ki, H.Məmmədovun Müşfiqsayağı ruhda
qələmə alınmış
lirik şeirləri də var ki,
müəllif bu lirik şeirlərdə də fikir adamı
olaraq qalır.
Dekabrın 21-i Böyük Vətən
Müharibəsi veteranı
Həzi Məmmədovun
doğum günüdür.
Həyatın hər üzünü
görmüş bu müdrikin 90 yaşı tamam olacaq. Şeirlərinin birində
o, ömrü bihudə
yaşamadığını, illəri daşa çalmadığını hədsiz
bir fərəhlə qeyd edir:
Ömür keçib, yaşım çatıb doxsana
Gözəl günlərimi başa
vurmuşam.
Arzularım, xəyallarım çin olub,
Sanmayın illəri daşa
vurmuşam.
Geriyə baxmasan dünyanın sonuna qədər çapmaq olar. Bəlkə də bu fikri dünyaya meydan oxuyan cahangirlərdən biri söyləyib. Və yəqin ki, o, altında şahə qalxan atına, biləyindəki gücə və qılıncının zoruna, bir də imperiyasının azmanlığına güvənirmiş. Fəqət biz bilirik ki, dünyanın sonuna qədər çapmaq iddiasında olan cahangirlərin də kürəyi bir gün yerə dəyir. Yaxşı olar ki, yeridikcə, yüyürdükcə hərdən dönüb geriyə də baxasan. Bəlkə kimsə dardadır deyə səni çağırır, səndən kömək umur. İnsan oğlu o köməyi əsirgəməməlidir. Yaxşı-yaman deyə dilə-dişə saldığımız bu dünyanın hər üzündən ibrət götürmüş Həzi Məmmədov ən ağır anlarda, faşizm ordusu ilə döyüşəndə də müharibənin dəhşətli səhnələrindən sarsılmayıb, mənəvi sayıqlığını itirməyib. Üzbəüz döyüşlərdə belə özündən çox soydaşına, həmvətəninə dayaq olub. Bəlkə neçə əsgəri düşmən gülləsinin hədəfindən qoruyub, xilas edib. Bəlkə də Həzi müəllimi ömrün zirvəsinə doğru aparan mərhəmət və ləyaqət dolu duyğularının saflığı, təmizliyidir. "Məni yaşadan yaxşılıqdır. Xeyirxah düşüncələrim və əməllərimdir", deyir bu şair təbiətli, şair ürəkli insan. Həzi müəllimin gözəl keyfiyyətlərindən biri də qəlbinin yumorla, gülüşlə dolu olmasıdır. Olduqca şən və həmişə üzündə təbəssüm oynayan nurani bir kişidir o. Bəzən kədərli görünən bir hadisəyə də onun gülməsi adamda təəccüb doğurur. Amma bir qədər dərindən düşünəndə o gülüşün içində təəssüf dolu bir sarkazmın olduğunu da görürsən... Olduqca qəribə adamdır. Yaşının 100-ə doğru getməsindən heç bir narahatlığı yoxdur. Ömür məsafəsinin daralmasını heç ağlına da gətirmir. Çünki qəlbi hələ də gənclik duyğusu, gənclik eşqi ilə döyünür. Ürəyi çox sağlamdır, qəlbini kişiyə yaraşmayan artıq heç bir yüklə yükləməyib. Yeganə missiyası bu dünyanın dolam-dolaşıq yollarını düpbədüz getməkdir...
Qışın soyuq günlərində
dünyaya göz
açmış Həzi Məmmədov da
hamı kimi baharın, yazın həsrətlisidir.
Sal məni yada, baharda
çiçək açanda, yasəmən ətir
saçanda...
deyə Müşfiqi
xatırladan misralar müəllifidir.
Ömür payızının, 100-ün astanasında dayanıb hələ neçə baharın vüsalını
gözləyir o. Buna onun
haqqı var. Özü
də bol-bol. Məncə,
nəsillərə örnək
olan belə ləyaqətli ömür
səhifələri hər
zaman oxunmağa layiqdir.
Fariz Çobanoğlu
Ədalət.-2011.-9 dekabr.- S.7.