AZƏRBAYCAN YAZIÇILARIN XII QURULTAYI QARŞISINDA

AZƏRBAYCAN ƏDƏBİYYATINDA FOLKLORİZM

Qədim və zəngin yaradıcılıq ənənələrinə malik Azərbaycan ədəbiyyatı özünün tarixi törəniş və inkişaf mərhələlərində bir sıra mühüm dünyagörüşlər, dinlər, təriqətlər, yaşayış qaydaları, əxlaq normaları, ədəbi üslublar, cərəyanlar və məktəblərlə üz-üzə qalmış, özünün formalaşmasında şərq qaynaqlarından bəhrələnməklə uzun inkişaf yolu keçmişdir. İstər ərəbdilli, istər farsdilli, istərsə də anadilli ədəbiyyatımızın yaranma və yüksəliş tarixinə nəzər yetirdikdə onun forma, mövzu, məzmun, üslub, sənətkarlıq dəyərlərinin, zəngin etik-estetik, mənəvi-əxlaqi normalarının, yaradıcılıq ənənələrinin Şərqlə bağlılığının şahidi oluruq. Əski Şərq qaynaqlarından süzülüb gələn bu dəyərlərin sırası geniş olduğu kimi çeşidi də müxtəlif və rəngarəngdir. Onların önündə gedərək bir-biri ilə sıx bağlı olub müvazi şəkildə dünya ədəbi prosesinə yoldaşlıq edənləri isə alleqoriya, satira, semiotika, diskussiyafolklorizm ənənələridir. Onların hər biri dünya ədəbi-bədii fikrinin yaranma, formalaşma mərhələsində onun yanında olmuş, daim bu yaradıcılığın mövzu, məzmun, süjet, obrazlar silsiləsi, sənətkarlıq dəyərləri ilə zənginləşməsinə buya digər dərəcədə öz müsbət təsirini göstərmişdir. Təbii ki, dünya ədəbiyyatı müxtəlif xalqların geniş, rəngarəng yaşam tərzini, dünyagörüş və psixologiyasını fərqli və özünəməxsus çalarlarda əks etdirdiyi kimi, ayrı-ayrı sənətkarlar da mənsub olduğu xalqın, millətin, etnik qrupun, azlıqda qalan, adı tarix səhifəsindən müxtəlif səbəblərlə bağlı silinməkdə olan, yaxud ölkəsi, torpağı işğal edilən, zorakılıqlara məruz qalan, koloniya həyatı yaşamağa məhkum edilən xalqların milli dəyərlərini öz bədii əsərlərində folklorizm çevrəsində əks etdirməklə qoruyub saxlaya, nəsillərin yaddaşına ötürə bilmişlər. Rabindrant Taqor, Pavlo Nerudabaşqa sənətkarların yaradıcılığında olduğu, yaxud xalqının alt qat ədəbi düşüncəsini əsərlərində qüdrətli saxlanca çevirib tarixin yaddaşına ərməğan etdiyi kimi... Firdovsinin "Şahnamə"sində, Nizaminin "Xəmsə"sində, M. Füzulinin "Şikayətnamə"sində gördüyümüz kimi. Bu ənənəni dünya ədəbiyyatının korifeyləri Servantesin, Dantenin, Molyerin, Şekspirin, Bayronun, Heynenin, Tolstoyun, Puşkininbir çox digər sənətkarların yaradıcılığında da görmək mümkündür. Ancaq bu sənətkarların hər birinin yaradıcılığında folklorizm fərqli modellərdə və görüntülərdə əks edildiyindən onların bəhrələndiyi Şərq müdrikliyi qaynaqlarının izləri demək olar ki, silinib getməkdədir. Daim öz eqoizmi ilə fərqlənən Qərb Şərqdən mədəni dəyərlər iqtibasını etiraf etsə də, bütövlükdə bu dəyərlərin özlərinə məxsus düşüncə modelində işlənməsində israrlıdır. Şərqdən iqtibas edilən mədəni dəyərlərin Qərb süjetləri ilə istər genetik, istərsə də məntiqi-linqvistik oxşarlıqlarının ilə hələ kifayət qədər tarixi xronoloji ardıcıllıqla öyrənilib başa çatdığına, onların sivilizasiya dəyərlərinin formalaşmasından çox-çox sonrakı dövrlərdə Qərbə transfer edildiyinə qəti hökm vermək hələ ki, ımkan xaricindədir. Ancaq dünyanın yeni nizamının - qloballaşmanın böyük sürətlə ərzə yayılması sivilizasiya dəyərlərinin yaranmatransfer tarixi məsələləri ətrafındakı ziddiyyətlərin, yaradanlarla iqtibas edənlər arasında yeni ədalətli, tənzimləyici münasibətlərin formalaşacağına, əksliklərin və ziddiyyətlərin aradan qalxacağına ümidlər artmaqdadır. Güman edilir ki, qloballaşma dünya ədəbi prosesinə də böyük yeniliklər gətirəcək, milli kökə və milli Mənə cəsarətli yeni qayıdışlar baş verəcəkdir. Bu isə müstəqilliyini yenidən bərpa etmiş, onun "daimi və əbədi olması" yolunda böyük əzmlə mübarizə aparan xalqımızın ədəbi fikir tarixində yeni bir ədəbiyyatın - neomodernist ədəbiyyatın qəti şəkildə formalaşmasına və yüksəlişinə təkan verəcəkdir.

   Bu ədəbiyyat dünya ədəbi prosesinə mühüm yeniliklər bəxş edəcək, xalqların ədəbi düşüncəsində məxsus olduğu dəyərlərə sıçrayışlı qayıdışlara gətirəcək, hər cür nüfuz mübarizələrindən, mənəmlik ambisiyalarından uzaq olacaq, insan talelərini səfərbər edərək izmlər tabeçiliyinə vermək iddialarından kənar, azad insanın azad ədəbiyyatı olacaqdır. Bu, Azərbaycan ədəbiyyatından da yan keçməyəcək, ona bir sıra fərqli düşüncə modelləri gətirəcəkdir ki, bunun sayəsində də ölkəmizdə neomodernizm ədəbiyyatımızın yeni yaradıcılıq metodu kimi formalaşacaqdır.

  

    Təbii ki, ölkəmizdə formalaşmaqda və yüksələn xətt üzrə inkişafda olan "Neomodernist" ədəbiyyatın xüsusiyyətləri, yaranma səbəbləri, inkişaf istiqamətləri barədə ayrıca danışmağa ehtiyac olduğunu, onun ədəbiyyatımızda artıq bir sıra dəyərli nümunələrinin mövcudluğunu nəzərə alaraq bu ədəbiyyatın yaranmasına təsir edən amillərdən, ötən əsrin 60-cı illərində meydana çıxan ədəbiyyatla bağlılığı, eləcə də onun başlıca komponentlərindən olan alleqoriya, semiotika, satiradiskussiya sənətinin folklorizmlə əlaqəsindən ilk öncə söz açmaq yerinə düşər.  

   Ədəbiyyatşünaslıq elmində, xüsusən folklorşünaslıqda şifahi bədii düşüncənin əski layı olan mifologizm adətən folklorizmlə qarşı-qarşıya qoyulur, yaxud da yanlış olaraq o, folklorizmdən əvvələ keçirilir. Məlumdur ki, folklor yaradıcılığı insanın intuitiv duyğularının şüurlu düşüncəyə qədəm qoyduğu psixoloji dərketmə prosesində meydana gəlmişdir və deməli, ilk psixoloji dərketmə paradiqmaları olan ruh, yuxu, mifkiçik janr nümunələri folklor yaradıcılığı tərkibində yaranıb formalaşmışdır. Mifmifoloji düşüncə folklorun daha arxaik saxlancı olub ilk folklor yaradıcılığı hadisələrindəndir. Təbii ki, bu, ayrıca diskussiya obyekti olub bir çox başqa xalqların folklorunda olduğu kimi bizdə də özünəməxsus inkişaf xüsusiyyətlərinə malikdir.

   Azərbaycan ədəbiyyatında folklorizm dəyərlərinin əksinin isə elə də yaxın olmayan tarixi vardır. İlk öncə bu dəyərlər ədəbiyyatımıza Yunan mənbələrindən, qədim alban-zərdüşt qaynaqlarından, ərəb xalq nəsrindən, xüsusən lətifəçilikdən və kiçik janr paradiqmalarından baş alıb gəlir. Sonrakı dövrlərdəki təsir isə yenə ərəb şeiri, və ərəb mifoloji qaynaqları, əruz silsiləsindən gəlmə örnəklərlə bağlı olmuşdur. Güclü nüfuzedicilik xüsusiyyətinə malik lətifəçiliyin folklorizmlə çarpazlaşması ədəbi fikrin yüksəlişində mühüm rol oynamışdır. IX əsr ərəb xəlifəsi Harun ər-Rəşidin hakimiyyəti illərində folklorizmin bədii düşüncədə əsaslı şəkildə satiraya söykənməsi Bəhlul Danəndə lətifəçiliyini formalaşdırmış və bu yaradıcılıq ənənəsi dövrün ədəbiyyatında bir neçə yüzillik ərzində öz aparıcı mövqeyini qoruyub saxlaya bilmişdir.

   XI-XII yüzilliklərdə Ə. Xaqani, N. Gəncəvi kimi qüdrətli sənətkarların yaradıcılığı xalq qaynaqlarından gəlmə dəyərlərlə zənginləşdi. Həmin dövrlərin ədəbiyyatında satira mətnaltı məzmuna keçməklə kəskin tərbiyəedicilik funksiyasında özünü daha çox göstərə bildi. Ədalətə, idarəçilikdəki zorakılıq və özbaşınalıqların aradan qaldırılmasına çağırış, hökmdarların islahı ədəbi düşüncədə ön plana keçdi. XIII yüzillikdən başlayaraq şifahi yaradıcılıqda satirik ənənənin güclənməsi nəzərə çarpacaq dərəcədə yüksəldi və elə həmin yüzilliyin başlanğıcından Nəsirəddin Tusinin adı ilə bağlı yeni dövr lətifəçilik məktəbi formalaşdı. Onun Təbriz, Sərab, Şirvan, Şəki, Qarabağla yanaşı, türk ellərində analoji adlar altında çoxsaylı mühitləri meydana çıxdı. Azərbaycan ədəbiyyatının bütün sonrakı dövr inkişaf mərhələlərində bu xalq nəsri modeli güclü satira, ənənəvi folklorizm çevrəsində ədəbi düşüncənin yüksəliş yollarını şəfəqləndirdi.

   Bu dövrlərdə folklor süjet, motiv və obrazlarından istifadə genişləndi, ayrı-ayrı sənətkarlar ibrətamiz xalq əhvalat və hekayətlərindən, müdrik paremik vahidlərdən istifadə təcrübəsini artırmaqla ənənəvi folklorizmin mükəmməl qəliblərini formalaşdırdı ki, o da ədəbiyyatımızın bütün sonrakı mərhələlərindən günümüzə qədər ədəbi düşüncəyə yoldaşlıq etdi.

   Folklorizmin inkişaf yolunun heç də həmişə hamar və rəvan olduğunu təbii ki, demək olmaz. Müxtəlif yüzilliklər dolabında ayrı-ayrı idarəçilik sistemlərinin, eləcə də ayrı-ayrı şahların, hökmdarların yaratdıqları saray mühitləri və məddahları daim ədalətli sözün, tənqidi yanaşmaların qənimi olmuş, mətnaltı işarələrin və eyhamların işığından qorxub haqqı, ədaləti müdafiə edənlərə qarşı ən amansız cəzalara fitva vermiş, yalançı din xadimləri, harun məmurlar haqq söz sahiblərini diri-diri divarlara hördürmüş, torpağa basdırmış, orta əsrlərin ən ağır inkvizisiya cəzalarına məhkum etmişlər. Bütün bu kimi təqiblərə, işgəncə və təzyiqlərə baxmayaraq ədəbiyyatımız zaman-zaman cəmiyyətin bütün bu kimi təzad və ziddiyyətlərinə biganə qalmamış, xalqa qarşı yol verilən ədalətsizlikləri müxtəlif ədəbi formalarda əks etdirmiş, hakim zümrələri folklorizm görüntüləri çevrəsində islaha, ədalətə çağırmışdır. XVI yüzillikdə M. Füzuli yaradıcılığında ənənəvi folklorizm milli Mənin daha dərin qatlarına nüfuz etməklə əlamətdar olmuşdur. Semiotika - işarələr sənəti ilə diskussiya və alleqoriyanın məharətli sinkretizmindən yaranan ənənəvi folklorizm ədəbi düşüncənin dərin qatlarındakı baxışları mənəvi dəyər kimi üzə çıxardı. Füzuli qəzəli daha dolğun və mükəmməl sənətkarlıq tələblərinə uyğun olaraq orta əsr folklorizmini formalaşdırdı. Burada kədər də, qəm də, məhəbbət də, hicran da vardı. Orta əsrlər Şərqinin ən dramatik psixoloji düşüncəsini böyük sənətkar özünün ölməz "Leyli Məcnun"unda olduğu kimi, yüksək islami dəyərlərə ehtiramını "Hədiqətüs-Süada"ya əlavələrində, ədalətsizliklərə etirazını isə "Şikayətnamə"də və orta əsr folklorizminin aynası olan alleqoriyasında əks etdirə bildi. M. Füzuli qüdrətli poeziyasında yaratdığı folklorizmlə Şərq əxlaq, birgəyaşayış və davranış normalarının yeni qəliblərini cəmiyyətə təqdim etdiyi kimi, qəm karvanı yükünün daşıyıcısı olan yeni məhəbbət modelini də formalaşdırdı. Cənnət, cəhənnəm, axirət, ədalət, həqiqət, doğruçuluq, yaxşılıq və yamanlıq kimi dəyərlərin. düşüncənin alt qatına məxsus görüntülərini xalqa bəyan etdi. Şair orta əsr fanatizminin ağrılarına da laqeyd qalmadı, onun bütün eybəcərliklərinə yüksək ifşaedicilik mövqeyindən mətnaltı və mətnüstü məzmunda aydınlıq gətirə bildi.

   Azərbaycan ədəbiyyatı qədim və orta əsrlər dolabını güclü ənənəvi folklorizm çevrəsində aşaraq sonrakı yeni dövr mərhələsinə qovuşdu. Yeni dövrün ədəbi normaları folklorizmi silsilə dəyərlərlə zənginləşdirdi. Canlı xalq dilinin ədəbiyyatda ön mövqeyə çıxması aşıq yaradıcılığında baş verən intibah anadilli ədəbiyyatın sürətli yüksəlişinə təkan verdi. M.P.VaqifM.V.Vidadi poeziyasında milli dəyərlərin, real gözəlliklərin, elat həyatının, eləcə də milli psixoloji düşüncənin poetik tərənnümü folklorizmin yeni tipi olan elat folklorizmini üzə çıxardı. O öz sələflərindən aşağıda göstərilən aparıcı keyfiyyətləri ilə fərqləndi: klassik poeziya qəliblərinin xalq şeiri əsasında yeniləşməsi, heca vəzninin əruzu üstələməsi, aşıq şeiri şəkillərindən yazılı ədəbiyyatda istifadə edilməsi, diskussiya sənəti modellərinin - deyişmə, güllü qafiyə poetik qəliblərində folklorizmin yeni ifadə formalarının üzə çıxması, anadilli şeirin sənətkarlıq baxımından yeni yüksəlişi, canlı xalq dili hesabına ədəbi dilin zənginləşmə prosesinin güclənməsi və s.

   Bu dövrdə ədəbi düşüncənin alt və üst qatlarında tarixən yaranıb qorunan elat həyatı görüntülərinin milli dəyər kimi folklorizm çevrəsində əksi də kifayət qədər nəzərə çarpan oldu. Onun soy kökü ilə bağlı dəyərlərinin zamanın gerilik, cəhalət görüşləri ilə qarşılaşması qabaqcıl maarifçi baxışların əhatəsini genişləndirdi ki, bu da elat folklorizminin aparıcı xüsusiyyətlərindən biri kimi ədəbi prosesə nüfuzedici təsirini göstərməklə ədəbiyyatda satirik üslubun güclənməsində əsaslı rol oynadı, folklorizmin ədəbiyyatımızda çoxpilləli və çoxmərhələli məzmununu zənginləşdirdi və XVIII yüzilliyin milli ədəbi həyatında yeni maarifçi meyllərin inkişafına öz töhfəsini verdi.

   XIX yüzillikdə M. F. Axundzadə özünün məşhur komediyaları və "Kəmalüddövlə məktubları" ilə qabaqcıl maarifçi görüşləri kəskin tənqidi satirik məzmunda təqdim etməklə yanaşı, həm də ədəbi həyata dolğun ictimai-siyasi məzmun gətirdi. "Aldanmış Kəvakib"lə folklorizmin bakirə modelində həyatı dəyişməyin yeni formatını biçimlədi. Bu, bütün sonrakı onilliklərin ədəbi prosesində demokratik dəyərlərin ana qaynağı oldu, milli zəmində bir sıra qabaqcıl demokratik fikirlərlə ədəbiyyatımızı zənginləşdirdi. Öz dövrü üçün bu, folklorizmin yeni keyfiyyəti idiiyirminci yüzilliyin ilk onilliklərində M. Ə. Sabirin inqilabi satirasının, M. Hadi, A. Səhhət və H. Cavid romantizminin, C. Məmmədquluzadə və Ə. Haqverdiyevin maarifçi-demokratik görüşlərinin meydana çıxmasında folklorizmin mühüm tarixi nailiyyəti idi. Həm də o, çoxpilləli və çoxmərhələli səciyyə daşımaqla ədəbiyyatın sonrakı inkişafına öz təsirini qoruyub saxlamaqda idi.

  

   Ötən əsrin başlanğıcında M.Ə. Sabir poeziyasında özünü göstərən folklorizm sonrakı illərdə C. Cabbarlının yaradıcılığında analoji modelini qoruyub saxlamaqda idi.

   Ancaq 30-cu illərin əvvəllərindən onun tənəzzül mərhələsi başladı. Azərbaycan xalqına qarşı məlum yasaq və qadağaların qoyulması - ilk öncə əlifba dəyişikliklərinin davam etdirilməsi, xalqın öz soy kökündən və islamdan uzaqlaşdırılmasına istiqamətləndirilən silsilə tədbirlərin həyata keçirilməsi ilə ədəbi düşüncədə milli dəyərlərin arxa plana keçirilməsi, sosialist realizmi yaradıcılıq metodunun zorakı təbliği və tətbiqi ədəbiyyatın folklorizmdən təmizlənməsinə yönələn ciddi təzyiqlərdən idi.

   Çox keçmədən yeni yaradıcılıq metodunun ədəbiyyatda aparıcı mövqeyə keçməsi ilə barışmayan, onu qəbul etməyən sənətkarların bəziləri mühacirətə üz tutdu, bir çoxu qələmini yerə qoyub ədəbiyyat meydanından uzaqlaşdı, başqa böyük bir qismi isə repressiyalara məruz qalaraq ölümə məhkum edildi, sürgün həyatı yaşamalı oldu. Sosializm realizmi metoduna əsaslananlar isə cəmiyyət həyatının bu ağrıları üzərindən "iri addımlarla" irəliləyərək böyük "sovet üçbucağı"nda yeni bir ədəbiyyatın - sovet ədəbiyyatının yaranıb formalaşmasına nail oldular. Şübhəsiz ki, sosializm realizmi ədəbiyyatı dəyişən dünyanın yeni ədəbiyyatı idi. Onun bir sıra tarixi nailiyyətləri inkaredilməz olduğu kimi, bir çox dəyərli silsilə məziyyətləri də ədəbiyyat tarixinin ən şanlı səhifələri kimi özünə əbədiyaşar həyat qazanmışdır. Bütün bunlar barədə hörmətli qələm dostum, görkəmli ədəbiyyatşünas alim, Xalq yazıçısı Elçin "Ədəbiyyat qəzeti" səhifələrində kifayət qədər aydın, ətraflı, əsaslı faktlara söykənməklə özünün dəyərli mülahizələrini oxuculara təqdim etmişdir. Biz bu deyilənləri təqdir etməklə müəllifin belə bir mülahizəsi ilə də tam şərikik ki, sosialist realizminin yeni ədəbiyyatın yaranmasındakı böyük, əzəmətli rolunu bütün təfərrüatı ilə araşdırıb üzə çıxarmalıyıq. Bu mənada Elçinin diqqət önünə çəkdiyi sosialist realizminin milli zəmində yaranıb inkişaf edən ədəbiyyatımıza göstərdiyi neqativ təsirlərdən də müxtəsər söz açmağı vacib hesab edirik.

   Əvvəldə qeyd edildiyi kimi, ədəbiyyatımızın ənənəvi inkişafının milli məişət həyatımızın, əxlaqi dəyərlərimizin əhatəli və rəngarəng folklorizm görüntüləri çevrəsində əksinin çoxəsrlik tarixi vardır. Bu ənənə yüzillikləri adlayıb günümüzə gəlib qovuşmuşdur. O, bu gün ədəbiyyatımızda öz tarixi rolunu yeni formada, təzə ölçü və qəliblərdə bərpa etməkdədir. Elçinin sosialist realizmi barədə mülahizələrindən aydın görünür ki, həqiqətən onun bu gün ayrıca öyrənilməsinə xüsusi ehtiyac vardır.

   Etiraf etmək gərəkdir ki, bu metodun ölkəmizdə öncül mövqeyə keçməsi ilə ədəbi düşüncəmizdə folklorizm ənənələrinin tükənməsi genişləndi. Əslində bu, xalqımızın öz tarixindən qopardılıb manqurdlaşdırılması, onun ölkəmizin ərazisinə nə vaxtsa yaxın keçmişlərdə gələn, soy kökü olmayan bir etnos kimi təqdim edilməsi məqsədi daşıyırdı. Bu mürtəce siyasət isə əslində XIX yüzilliyin başlanğıcında çar Rusiyasının ermənilərə himayədarlığının məntiqi yekunu idi. XX yüzillikdə də imperiya siyasətçiləri və onların sonrakı xələfləri onun ardıcıl davamçıları kimi çıxış edərək xalqımızın dədə-baba torpaqları olan İrəvan xanlığı ərazisində erməni dövlətini yarada bildilər.

   Sovetlər dönəmində sosialist realizmi çevrəsində formalaşdırılan ideoloji tələblər əslində imperiya siyasətçiləri dəsti-xəttinin yeni tarixi şəraitdəki ənənəvi davamı idi. O, sosialist həyatının ədəbiyyatımızda bərli-bəzəkli, ziddiyyətli və təzadlı təsviri fonunda milli dəyərləri arxa plana keçirməklə tək Azərbaycan ədəbiyyatında deyil, keçmiş SSRİ tərkibinə daxil olan xalqların ədəbiyyatında milli-mənəvi və əxlaqi dəyərlərin mühüm ifadəçisi və qoruyucusu olan folklorizmin əsaslarını sarsıtmış oldu. Müharibədən əvvəlki dövrdə bir sıra sənətkarların, xüsusən S.Rəhimovun, S.Rüstəmin, M.S.Ordubadinin və başqalarının yaradıcılığında follklorizm detalları gözə çarpan olsa da, bütövlükdə ədəbiyyatımızda onun bərpasından danışmaq təbii ki, mümkün deyildi. Böyük Vətən müharibəsi illərində bu süqut bir qədər səngisə də əvvəlki müvazinətini xeyli müddət bərpa edə bilmədi.

   (Ardı var)

 

AZAD NƏBİYEV

Ədalət.-2011.-2011.- 8 dekabr.-S.5.