Aqil Abbas: "İlk əsərimi Bəxtiyar Vahabzadənin dərsində yazdım"

"Dostumun oğlu 6 nəfəri güllələmişdi, ondan yazdım"

 

Yazıçı Aqil Abbasa müsahibə üçün zəng edib danışanda, düşünürdük ki, bu müsahibə çox maraqlı olacaq. Çünki, həqiqətən də Aqil Abbas müsahib kimi, çox maraqlı həmsöhbətdir. Aqil Abbasın maraqlı söhbətlərini dinləyə-dinləyə, müsahibə haqqında düşünürdük. Ancaq müsahibə üçün diktofonu yandıranda da, hiss elədik ki, bu müsahibə formatında olmayacaq. Aqil Abbasın həddindən artıq rahat danışıq üslubu, söhbətin səmimiyyəti buna imkan vermirdi. Ona görə də sizə Aqil Abbasla müsahibə yox, maraqlı bir söhbət təqdim edirik. Təbiri caizsə, üç yazıçının söhbəti də deyə bilərik bu müsahibəyə.

   -"Dolu" romanınıza film çəkilir. Bir yazıçı üçün romanının filmə çevrilməsi necə bir hissdir?

   - Mən düşünürəm ki, film artıq əsər müəllifinin deyil, rejissorundur. Mən çox arzulayırdım ki, film mənim yazdığım kimi çəkilsin, ancaq təbii ki, bu mümkün deyil. Dünyanın heç bir bədii əsəri yazıldığı kimi filmə çevrilməyib.

   - Nəsri ssenariyə çevirmək çox çətindir.

   - Əlbəttə. Bəzən zəif bir əsər yaxşı filmə, çevrilir. Ancaq əksi də olur. Bütün bu rejissor işidir. Rejissor filmi Braziliyanın futbol komandası kimi də, Azərbaycanın futbol komandası kimi də təqdim edə bilər. Bütün bunlar rejissordan asılıdır. Mən Elxan Cəfərova çox inanıram. Çəkilişlərdə iştirak eləmişəm, onun çəkdiyi filmlərə baxmışam və hiss eləmişəm ki, o müharibə ab-havasını tuta bilir. Mənə elə gəlir ki, bu film alınacaq. Düzdür, əsərin bir hissəsi filmə çəkilir, ancaq çox bacarıqlı rejissor olduğuna inanıram. Təkrar edirəm, Elxan Cəfərov bu filmi çəkə biləcək. Bu filmin alınacağına şübhəm yoxdur.

   - Son romanınız -"Allahı qatil edənlər" haqqında danışaq. Romanı hansı şəraitdə yazdınız, ideyası necə yarandı, nə qədər vaxta tamamladınız?

   - Əsərin ideyası ölkədən xaricdə yaranıb. Mənim bir dostum vardı, indi rəhmətə gedib. Onun oğlu 6 nəfəri güllələmişdi və ona ömürlük həbs cəzası vermişdilər. Bundan əlavə, mətbuatda da oxumusunuz, bir neçə nəfəri güllələyəndən sonra özünü öldürən əsgərlər haqqında. Bu hadisələr də mənim yaddaşımda idi  

   - Bu hadisə hansı rayonda, hansı hərbi hissədə baş verib?

   - Mən konkret yer adı, insan adı çəkmirəm. Gərək ki, Cəlil Cavanşir də bu məqamı tənqid eləmişdi. Konkret adlar olanda hadisə bir az da sənədləşmiş olur. Bəlkə mənim bu əsərim Türkiyə ordusu haqqındadır? Məsələn, "Dolu" romanındakı Komandir obrazı. Mən Komandir adına qəhrəman döyüşçülərimizdən birinin adını yaza bilərdim, ancaq belə olsa, digərinə haqsızlıq olardı. Ona görə də qəhrəmanın adını ümumiləşdirib Komandir qoydum. "Dolu"da Pələng, Drakon bir dənədi. Ancaq mənə müxtəlif məktublar gəlir ki, "Drakon qucağımda canını tapşırıb.", "Pələngi tanıyırdım" və. s

   Hər kəsin öz Drakonu, Pələngi var. "Allahı qatil edənlər" romanda da bu cür ümumiləşdirmələr var. Bu mövzu uzun müddətdi ki, beynimdə idi. Nəhayət, əsəblərim dözmədi və yazmağa başladım. Sizdən bir şey soruşacam. Siz sevmisiniz?

   - Əlbəttə...

   - Sizin nəslin sevgisi ilə, bizim nəslin sevgisi arasında fərq var. İnsan sevdiyi qızın görüşünə tələsir. Görüşməyə tələsir, gecə onu yuxuda görür. Yazıçı da yazısını bu cür sevir. Onun sonunu yazmağa tələsir. Mən yazıya bu cür yanaşıram və yazıb bitirmək üçün tələsirəm. Yalnız bir yazını yazıb bitirə bilməmişəm. 1981-ci ildə başlamışam. Aradan 30 il keçib, ancaq hələ də yazıb bitirməmişəm. Rəmiş haqqında yazıram. O yazının roman, povest olacağını hələ bilmirəm. Ancaq hələ yazıb tamamlamamışam. Çox uzun bir adı var. "Allahın meymunlara yazığı gəldiyindən sonradan onları insana çevirmədi". Bu adda roman olmaz, ancaq yəqin ki, onu elə bu adda çap edəcəm. Sevgili misalındakı kimi, bu yazı yəqin ki, məni sevmir və özünə bağlaya bilmir. Ona görə də tamamlaya bilmirəm. Son vaxtlar ancaq o əsər haqqında düşünürəm. Yəqin ki, mütləq bu romana qayıdıb onu tamamlayacam. Sadəcə, vaxt qıtlığı var.

   - "Allahı qatil edənlər" romanını nə qədər vaxta yazdınız?

   - Çox qısa müddətə yazmışam. Mənim elə əsərim olub ki, mən onu yazmamışam, diktə eləmişəm, yazıblar.

   - Məsələn?

   - "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz" , "Qar üstə qan çiçəyi", "Qiyamət gecəsi" əsərlərini diktə eləmişəm, bilgisayara yazıblar. Sonra yenidən üzərində işləmişəm. Amma qələmlə yazmaq başqa bir zövqdür. Qələm düşündürür.

   -"Dolu" romanını qələmlə yazmısınız

   - "Dolu"nu qələmlə yazmışam. Hətta elə olub ki, siqaret qutusunun üstünə yazmışam. Qəzetlərin kənarına yazıb, cırıb cibimə qoymuşam. Sonra onları bir yerə yığmışam. Yadıma düşdükcə, yazmaq istədikcə qeydlər edirdim. Sonra axşamlar oturub işləyirdim, üzünü köçürürdüm dəfələrlə.

   Mənim romanlarım şeirdir. Mən sözlə oynamağı, obrazlarla oynamağı xoşlayıram. Mən obrazlarımın adını böyük hərflə yazıram. Məsələn Çinar ağacı.

   - Qeydlər edəndə, cümlələri qeyd edirsiniz, yoxsa hər hansısa bir fikri xatırlatmaq üçün sözləri, ifadələri?

   - Bir dənə söz bəs eləyir. Ya bir cümlə, ya da bir sözü jurnalın qırağına yazıb qoyurdum cibimə və o təəssürat qalırdı yadımda. Sözü görən kimi düşündüyüm fikir yadıma düşür. Yaddaşıma güvənib heç vaxt bloknot gəzdirməmişəm. Ancaq səhv eləmişəm. Əvvəl yaddaşım çox yaxşı idi. İndi bir az ehtiyac duyuram bloknota.

   - Yaradıcılığa şeirlə başlamısınız?

   - İlk yazım 1971-ci ildə yazılıb. Ancaq şeir olmayıb. Universitetdə oxuyurdum. Bəxtiyar Vahabzadənin dərsi idi. 18 yaşım var idi. Küçədən maşın keçdi və maşından Qədir Rüstəmovun səsi gəlirdi: "Ay sona bülbüllər..." Dörd səhifəlik "Sona bülbüllər" yazdım həmin dərs. Sonra başladım həmin mahnı haqqında yazmağa.

   Daha sonra Bəxtiyar müəllimin dərsində "Evləri köndələn yar" povestini yazdım. İlk əsərim nəsr oldu. Jurnalist kimi xəbərlər yazırdım. Sadəcə, qəzetdə adımın çıxması üçün. İlk yazım belə yazıldı. Ancaq çox gec çap olundu. Əvvəlcə Bəxtiyar müəllim çap etdirməyə çalışdı. Lakin mümkün olmadı. Sonra Anar müəllim çap etdirdi əsəri.

   - Ancaq şeir də yazmısınız.

   - Şeirlər daha çox ovqatla bağlı olurdu. Hansısa qızın könlünü almaq üçün, ovqatı d

 - Və sizin ilə gətirmək üçün.

   şeirləriniz yazıçı şeirləri idi...

   - Belə deyə bilərik. Çap etdirmirdim şeirlərim. Bir dəfə Pərviz Əliyev "Ulduz" jurnalında Vaqif Mustafazadə haqqında bir yazı yazmışdı və mənim Vaqif Mustafazadə haqqında bir şeirimdən sitat çəkmişdi. Şeirlərim ancaq özümün və dostlarımın yaddaşında qalıb. İlk dəfə şeirlərimi Rasim Qaraca "Alatoran" jurnalında çap etdirib. Şeirlərimin çoxusu yadımdan çıxıb.

   Bəzən olub ki, şeir oxumuşam və ona cavab yazmışam. Məsələn, Vaqif Bayatlının bir şeirini oxuyub, Vaqif Səmədoğluna bir şeir həsr eləmişəm

   - 70-ci illərdən başladınız çap olunmağa...

   - İlk dəfə ədəbiyyat qəzetində çap olunmuşam və bunun çox maraqlı tarixçəsi var. Füzuli rayonundan Aydın Əbilov adında bir müəllimim vardı və məni çox istəyirdi. Həmin dövrdə "Ədəbiyyat" qəzetinin şöbə müdiri Sabir Əhmədov idi. Aydın Əbilov mənə dedi ki, səni Sabir Əhmədovla tanış eləyim, hekayələrini çap eləsin. Povestim çap olunmadığı üçün hekayələr yazırdım. Aydın Əbilov apardı məni Sabir Əhmədovun yanına. Məni dostunun oğlu kimi təqdim elədi və bildirdi ki, yaxşı qələmim var. Sabir Əhmədov Aydın Əbilovu çox pis qarşıladı. Dedi ki, "Əgər bu uşağın evi yoxdursa, gəlsin bizim evimizin bir otağında qalsın. Pulu yoxdusa, xərclik verim. Ancaq istedadı yoxdursa, oğlum Məhəmmədin canına and olsun ki, əlimi kəsərəm, ancaq onu çap eləmərəm". Sonra məndən soruşdu ki, hekayələrin hardadır? Dedim yanımdadır. Dedi ki, qoy qalsın baxaram.

   Səhəri gün, Sabir Əhmədovla rastlaşdım. Çağırdı məni yanına. Soruşdu ki, "Detalı" yazan sənsən?" Dedim ki, mənəm.

   Hekayənin üslubunun yaxşı olduğunu, ancaq adını dəyişmək lazım olduğunu bildirdi. "Hekayənin adını "Şirinlik" olsun" dedi. Mən də sevindiyimdən etiraz edə bilmədim. 1976, ya da 1977-ci il idi. Sonra "Ulduz" jurnalında "Şəbədə Nazim" adlı hekayəm çıxdı. Daha sonra povestim çap olundu. Povestlə bağlı saysız məktublar alırdım. Təxminən 10 minə yaxın məktub aldım. Məktubları oxuyub çatdırmaq olmurdu.  

   - Yazıçını ruhlandıran detallardır bunlar.

   - Bundan sonra sanki ruhum açıldı. Yazmağa həvəsim xeyli artdı. 25 yaşımda bir adamın bir günü haqqında povest yazdım. Kasıb və işsiz vaxtım idi. Universiteti yenicə bitirmişdim. Doğum günüm ərəfəsi idi. İtaliyanın baş naziri Aldo Moronun oğurlandığı vaxt idi. Sonra çap olunmağımda Elçin Əfəndiyevin, Əjdər Xanbabayevin böyük rolu oldu.  

   Kitabımı "Yazıçı" nəşriyyatına təhvil vermişdim. Orda əlyazmanı itirmişdilər. Həmin vaxt Əjdər Xanbabayev mənim kitabımı plansız çapa imzalamışdı. Sabir Rüstəmxanlı o vaxt "Yazıçı" nəşriyyatının baş redaktoru idi. O vaxt kitab çap etdirmək üçün növbəyə yazılmaq lazım idi. Ancaq mənim ilk kitabım növbəsiz çap olundu. Burda bir məqam da var, ola bilsin ki, Əjdər Xanbabayev mənim kitabımı Məmməd Araza görə növbəsiz çap etdirmişdi. O vaxt Sabir Rüstəmxanlı, Çingiz Əlioğlu və Nüsrət Kəsəmənli dost idilər və mənə arxa olurdular. İlk kitabım "Evləri köndələn yar" povestimin kitab forması idi. İlk kitabım 30 yaşımda çap olundu. Mən ona görə gənclərin çap olunmağına dəstək verirdim ki, mən zamanında çap olunmamağın nə olduğunu görmüşdüm. İlk kitabım 9000 tirajla çap olundu. Sonra ikinci kitabım Əjdər Xanbabayev və Sabir Rüstəmxanlının köməkliyi ilə 1987-ci ilin planına salındı. O kitabda da iki povestim vardı və "Ən xoşbəxt adam" adlanırdı. 20.000 tirajla çap olunmuşdu. Sonra ortalıq qarışdı. 1982-ci ildə "Ulduz" jurnalında "Batmanqılınc" romanım ixtisarla çap olunmuşdu. Əsəri 1981-ci ildə yazmışdım. Əjdər müəllim o əsəri də plana saldırmışdı. Ancaq sonra proseslər başladı və kitabın çapı qaldı. 1995-ci ildə kitab "Batmanqılınc" kitab halında çap olundu. Mənim heç bir kitabım 500 tirajla çap olunmayıb. "Çadırda Üzeyir Hacıbəyov doğula bilməz" 5000 tirajla çap olundu. "Dolu" romanım da 5000 tirajla çap olunub. 2000 tirajdan az kitabım çap olunmayıb. Satışa verirəm və mağazadan pul almıram. Sözün düzü, mən kitabın çapına da pul xərcləməmişəm. Cəmi bir dəfə kitab çapına pul xərcləmişəm. 

   - Sovet vaxtı qonorar alırdınızmı? 

   - O dövrdə çox yaxşı qonorar alırdıq. 

   - Təxminən nə qədər?

   - "Evləri köndələn yar" kitabıma görə 3000 rubl qonorar almışdım və bu məbləğ kifayət qədər yaxşı idi. 10000 tirajı keçəndə tiraj üçün də qonorar verirdilər. Məsələn, "Ən xoşbəxt adam" kitabıma görə təxminən 6000 rubl qonorar almışdım. Amma "Batmanqılınc" kitabıma görə qonorar almadım.

   - Nə üçün?

   - "Gənclik" nəşriyyatının ağır günləri idi. O kitabın qonorarını nəşriyyata bağışladım. Kağız almaq üçün də 1000 dollar yardım elədim. Yazıçının qonorar almasından, yazıya görə pul almasından yaxşı heç nə yoxdur. Qonorar alanlar bunu yaxşı bilirdi. Tələbə vaxtı qonorar alan kimi yığışırdıq dostlarla.

   - O dövrdə ən yaxın dostlarınız kimlər olub?

   - Eldar Baxış, Vaqif Bayatlı, Vaqif Bəhmənli, Ağacəfər Həsənli mənim ən yaxın dostlarım idi. Məndən yaşca böyük olan dostlarımdan Siyavuş Sərxanlının, Sabir Rüstəmxanlının, Nüsrət Kəsəmənlinin, Çingiz Əlioğlunun adını çəkə bilərəm.

Ədalət.-2011.-9 dekabr.- S.4.