"ANA,
MƏNİ TƏLƏSDİRMƏ"
Ədalət Salman, biz gecikməmişik
ki?
Dünyanın rənglər
çalarında nə qədər diqqət yetirsən də
sözü, sözün
rəngini seçib müəyyənləşdirə
bilmirəm. Çünki söz
o qədər rəngbərəngdir ki, onu yalnız ovqata, məqama uyğun bir rəngdə görmək mümkün olur. Təbii ki, bu mənim şəxsi
fikrimdi və mən düşünürəm
ki, hər bir söz onu dilə gətirənin,
onu ifadə edənin özünü
təqdim etməklə yanaşı, həm də sahibinin sevdiyi rəngdə
görünür. Bu
mənada Məmməd Arazın, Bəxtiyar Vahabzadənin,
Nüsrət Kəsəmənlinin, Hüseyn
Arifin sözlərinin rəngini bir qədər uyğunlaşdıra bilirəm.
Yəni bu müəlliflərin fəlsəfəsiylə,
sevgisiylə, təbiət tərənnümüylə bir kəsişmə nöqtələri var. Onların sözü
məhz həmin o nöqtəyə gəlib
bir-birinə "salam!" verib gedir.
Və yaxud Məhəmməd
Hadinin, Xəlil Rzanın, lap elə bugünkü şairlərimizdən
Ramiz Rövşənin, Rüstəm Behrudinin, Vaqif
Bayatlının, Vaqif Səmədoğlunun sözlərində
də mənim bir nöqtədə qovuşdurduğum məqamlar
var. Bax, bu mənada mən sözün rənginin
olub-olmamasının sahibinin, qələm adamının
ruhuyla, dünyaya baxışıyla, ovqatıyla əlaqələndirirəm.
Neçə gündür bir
kitabı mütaliə edirəm. Yazı stolumün
üstündədi. Az qala
100 səhifəyə yaxın olan bu kitabı əvvəl seçmə qaydada, yəni adda-budda, sonra ardıcıl, nəhayət sondan əvvələ oxuyub
başa çıxmışam. Oxuduqca da özümdən
asılı olmadan qəribə hislər
yaşayıram. Və həmin o hisslər
də mənə məşhur bir deyimi xatırladır. Həmin deyimi
ədəbiyyatçılar yaxşı bilirlər - "Qoqolun şinelindən çıxmaq"g
Bəli, bu şeirlər və onun yaratdıqları ovqat məni həmyaşıdım, eyni dövrdə ədəbi aləmə öz sözü ilə gələn Ədalət Salmanın sözünün rəngini arayıb-axtarmağa çəkib apardı. Həmin ünvana ki, mən də ordan keçib gəlmişəm. Ədəbiyyat, söz bizləri eyni yolun yolçusu edib. Sadəcə az-az görüşsək də, sözlərimiz həmişə bir-birimizin yanında olub, bir-birimizdən xəbər aparıb gətirib. Elə bu günlərdə Ədalət Salmanın "Gedək, bəxtim, əlini ver" şeirlər kitabı əlimə düşdü. Onun bu təzə kitabının redaktoru qələm dostum Faiq Balabəylidi. Kitabı oxuduqca sözün rəngi barəsində düşündüyüm məqamda gözüm kitabın çap edildiyi nəşriyyatın adına sataşdı. Çox maraqlıdı, "Sözün işığı"!!! Bilmirəm, bu ruh yaxınlığıdı, yoxsa təsadüfdü. Amma hər nədisə doğrudan-doğruya o məndə xoş bir ovqat yaratdı, içimdə bir rahatlıq hiss etdim. Və bunun ardınca qələm dostumun ilk şeirinin adı da mənim üçün lap çiçək çırtlatdı - İlahi, sən bizi sözə bağışla!..
İlahi, sən bizi sözə
bağışla,
Sözlə yediririk balamızı
da
İlahi, sən bizi bizə
bağışla,
Onsuz da çəkirik bəlamızı
da.
Bəli, bu qəribə təsadüflər məni əməlli-başlı kitabdakı dünyanın ən dərin guşələrinə çəkib apardı. Getdiyim yolda qeyri-adi mənzərə, bir gülüstan, bir çəmənzar gördüm. Və bu gülüstanda, bu çəmənzarda şeirlərin hər biri mənə müxtəlif gülləri, çiçəkləri xatırlatdı. İlk qarşılaşdığım boynubükük bənövşə oldu və şair qardaşımın misraları məhz həmin bənövşə kimi məsum görkəmi ilə pıçıldayırdı.
Mənim tanıdığım
öz dünyam vardı,
Müqəddəs
sandığım söz dünyam vardı.
Halal dünyam vardı, düz
dünyam vardı,
Məni yaşamağa qoymadı dünya.
Və yaxud:
Üzünə kim dedi qəbahətini,
Gördü bu dünyanın xəyanətini.
Niyə ucuz tutdu Ədalətini,
Niyə yaşamağa qoymadı
dünya?
Belə götürəndə poetik sualdı. Amma sualın iç qatına düşəndə onda həmin o bənövşə məsumluğunun boynubüküklüyünün səbəbləri də ortaya çıxır və məlum olur ki, "Zəmanə adamı ola bilmirəm" fikri elə-belə yaranmayıbdı. Məhz elə o zəmanə adamı ola bilməmək Ədaləti də, məni də, bizim kimi düşünənləri də zəmanə adamı olmağa qoymur. Zəmanə adamı ola bilməmək isə yaşaya bilməməyin açıq düsturudur. Onun üzərində baş sındırmağa dəyməz. Çünki biz zəmanə adamı da olmaq istəmirik. Əgər istəsək, onda bu misraları kağıza köçürə bilmərik.
Bu dünya malına sanma əyilləm,
Heç vaxt vüqarımdan
dönən deyiləm.
Öz halal yolumdan dönən deyiləm,
Zəmanə adamı ola
bilmirəm.
Sirr yerimiz, başımızı
dizinə söykəyib
yuxuladığımız, laylasını dünyanın
ən gözəl musiqisi kimi qanımıza-canımıza
hopdurdumuz, sirr yerimiz olan anamızın
da bəzən bizi qınaması, bizi bu dünyayla
yoldaşlıq etməyə
çağırması da
bizi zəmanə adamı edə bilmir. Çünki biz rəngini özümüz
gördüyümüz sözümüzlə
yalnız Tanrıya güvənir, təmiz adamlara arxalanırıq.
Bax, elə bu səbəbdəndir ki, Ədalət Salman açıq şəkildə bəyan
edir:
Mənim ümid yerim təmiz adamlar,
Təmiz olmayana kəsilləm
qənim.
Həyatda nə qədər təmiz adam
var,
Sanıram o qədər arxam
var mənim.
Və yaxud:
Dayaqsan haqqını alana,
gördüm,
Həyansan kimsəsiz qalana,
gördüm.
Qənimsən
hər cürə yalana, gördüm,
Yaxşı ki, sən varsan,
ay yaxşı adam.
Burda bir etirafın
yeridi. Onu yazmasam, deməsəm
günaha batmış
olaram. Əslində şair qardaşımın
dediyi fikirlər hər kəsin ürəyindən keçir
və hər kəs də birmənalı şəkildə
anlayır ki, dünyanı öz çiyinlərində saxlayan
yaxşılıqlar və
yaxşı adamlardı.
Əgər bu adamlar onların əməlləri
olmasa, dünyanın tarazlığı pozular,
tərəzisinin gözü
əyilər. Və hətta
dünya bir yanı üstündə sürüşüb məhvə
doğru gedər.
Bax, elə bu yaxşılığın,
bu yaxşı adamların yaratdığı
mühit, onlardan gələn ilhamdır ki, Ədalət yazır:
Öyüb qardaşını hey yerli-yersiz,
Gözlərə çəkəndə qardaşlı qızlar.
Qardaşsız
deyilik, deyin daha biz,
Ədalət adında qardaşımız
var.
Səmimiyyətlə, özü də
son dərəcə isti
bir ürəklə ifadə edilən bu fikrin arxasında
qardaşsız bacılara
təkcə təsəlli
yox, həm də İlahidən gələn bir xoş təbəssüm,
ovqat, dözüm, xüsusilə bütün
yaxşıların onların
yanında olması dayanır. O cümlədən
şair Ədalət Salman çəkinmədən
özünün bütün
qardaşsız qızların
qardaşı, doğması
hesab edir.
Ümumiyyətlə,
bu gün sözlə, qələmlə
nəfəs alan
hər kəsin yaradıcılığında özünəməxsus bir
mövzu var. Əslində
bu mövzu bəşəridi, hamıya
aiddi. Lakin bu mövzu həm də özünə məxsusdu,
özəldi. Təbii ki,
bu özəl olan da Sevgidi,
Məhəbbətdi. Onun poetik
zirvəsini Füzuli fəth edib. Amma mənim, sənin, eləcə də digər bir insanın sevgisi də fərdi bir qaydada Məcnun,
Leylinin sevgisindən heç də aşağıda dayanmır.
Sadəcə, biz özümüz kimi sevirik. Bizi sevənlər də özləri kimi sevirlər. Yalnız bir nüansı
çıxmaq şərti
ilə söz adamları sevgilərini ictimailəşdirə bilir,
poetikləşdirə bilir,
ona qol-qanad verir, onu ətə-qana
doldurur. Ancaq adi
insan öz böyük sevgisini də elə özü üçün,
adi qaydada yaşayır. Və bu
yerdə Ədalətin
"Sən hardan biləsən məhəbbət
nədir" deməsi
həm yerinə düşür, həm də sual doğurur.
Ona görə yerinə düşür ki, məhəbbətin yükünü,
necəliyini, nə cür olduğunu, insana nə verib nə aldığını
bu bəlaya düşənlər daha
yaxşı bilirlər.
Amma sual da ona
görə doğur ki, kimin bu
məhəbbətdə nə
axtardığını, bu
məhəbbəti necə
yaşadığını qiymətləndirmək də
çətindi, sorğu-sual
etmək də. Sadəcə,
şairlər öz missiyaları etibarı ilə Tanrıya daha yaxın olduqlarından onlar bu sualı verməkdə
sərbəstdilər, o cümlədən
Ədalət Salman da.
Əlləri qoynunda durub tənha, tək,
Oyaq qalmamısan gecə
sübhə tək.
Hələ sevməyirsə sinəndə
ürək,
Sən hardan biləsən
məhəbbət nədir?
Və yaxud:
Baxıb sevənlərə köks
ötürmədin,
Sevib, kirpyinlə od
götürmədin.
Kiminsə ömrünə yaz gətirmədin,
Sən hardan biləsən
məhəbbət nədir?
Doğrudan da bu duyğuları yaşamayan
hardan bilsin ki, ya o oğlanın
sevgisi tumurcuqlayıb,
ya bu qızın
sevgisi. Əgr bilsə, onda
o da şair olardı, o da Ədalət Salman kimi yazardı.
On yeddi ləçəkli, on yeddi
yaşlı,
Hələ kəpənəksiz o çiçək
qızın
Sevgisi gözündə tumurcuqlayıb...
Ədalətin şeirlərinin mövzusu insandı, təbiətdi və bir də duyğulardı.
Özü də barəsində
söhbət açdığım
"Gedək, bəxtim,
əlini ver" kitabındakı şeirlərin
hamısında bu aydınca hiss olunur. Məhz ovqata söykənən, ovqat kitabı kimi qəbul etdiyim bu şeir
toplusu çoxlarımızın
yaşadığı duyğuların
misra ifadəsidi.
Məsələn:
Xoşladığın
qızlar yenə
Ürəyimə yatmır, ana.
Heç kəs bütün istəyinə
Evlənməklə
çatmır, ana-
Ana, məni
tələsdirmə.
Yəqin ki, bu misraları oxuyan oxucular analarının, bacılarının onları
necə tələsdirdiyini,
onlara necə qız seçdiklərini
xatırladılar, yaddaşları
təzələndi. Və xatırlayıb
istər-istəməz sevgilərini
və sevdiklərini də göz önünə gətirib
göz üstünə
qoydular, Ədalətin
dediyi kimi.
Sən mənim ömrümə doğan ayımsan,
Baxıb gözlərinə qoy duyum səni.
Sən mənim bəxtimə düşən payımsan
Öpüb gözüm üstə
hey qoyum səni.
Və yaxud:
Mənim verəcəyim ürəkdir
sənə,
Ömrünü sevginlə
naxışlayaram.
Bilsəm göz muncuğu gərəkdi
sənə,
Bir cüt gözlərimi bağışlayaram.
Ədalət Salman, kitabındakı şeirlərin adda-budda nümunələrini təqdim etdiyimə görə gərək bunu günaha yazmayasan. Sadəcə, mən oxucuya demək istədim ki, bu kitabı arayıb-axtarsın və görsün ki, onun deyə bilmədikləri elə mətləblər var ki, oxuyub özününküləşdirə bilər, ruhu təzələnər, sevgisi gün işığına çıxa bilər. Və bir də bu kitabdakı sözlərin rəngi onun bu dünyadakı rənglərdən fərqli bir rənglə üz-üzə gəlməsinə səbəb olar. Təbii ki, bu da tapıntı sayılar. Və nəhayət, mən sənin sözlərinin rəngini gördüm. Elə o sözün rəngində də sənə böyük sözün yolunda öz sözünün rənginə sadiq qalmağı, onu illərdən-illərə, oxucudan-oxucuya, kitabdan-kitaba davam etdirməyi arzu edirəm. Çalışaq ki, nə tələsək, nə də gecikək. Onsuz da bizim zamanımız atüstü olubdu. Elə atüstü də olmaqdadı.
Əbülfət
MƏDƏTOĞLU abulfatm@box.az
Ədalət.-2011.-10 dekabr.- S.8.