Yol ROMANI(VII hissə)

VII hissə

 

 (Əvvəli ötən şənbə nömrələrində)

 

   Bu gün yır-yığış eləmək lazımdı deyəsən. Sayın millət vəkili səhər Qarsdan gedəcəyimizi bildirir. Heç qayıtmaq istəmirəm, amma... Bircə dönüşümüzdə İrandan yox, Gürcüstandan keçəcəyimiz, Tiflisdə də iki gün qalacağımız fikri ürəyimi sığallayır.

   Deməli, səhər gedəcəyik bu şəhərdən. Yadıma salıram ki, özümə söz vermişdim, bu mistik şəhərə həm də öz gözlərimlə baxacam. Nobel ödülçüsü öz romanıyla məni çox uzaqlara aparmışdı. O uzaqlıqdan öz yaxınıma qayıdacaqdım. Zatən bu yollar həmin yaxınlara yaxınlaşmaq üçün idi yəqin. Heç qeydlər eləmədim, yaddaşıma arxalandım. Yazmağa başlayanda isə elə bil beynimdən hər şey silinmişdi. Ancaq ayrı-ayrı anlar qabarıq gəlirdi gözümün önünə. Bərpa elədim amma, elədim...

   BEKLEME ACISIYLA AŞKI BİR-BİRİNDƏN AYIRAN ŞEY

   Roman... Məni məftun edən roman. "Kar" romanı...

   "...Odamda seni bekleyeceyim- diye fısıldadı KA.

   -Beni seviyormusun- dedi İpek.

   -Çok seviyorum.

   -Doğrumu bu?

   - Çok doğru.

   Bir süre sustular. KA İpeyin bakışını izleyerek pencereden dışarıya bakdı. Kar yenidən başlamışdı. "Sen odana çık, onlar gedince geleceyim"- dedi İpek. Amma İpek həmən gəlmədi. Bu da KA-nın həyatının ən böyük işgencelerinden biri oldu. Aşık olmakdan, beklemenin verdiyi bu mahvedici acı yüzünden korkduğunu hatırladı. Bekleme acısıyla aşkı bir-birinden ayıran şey nedi? Böylece KA ilişginin henuz başındayken kendisinin daha hevesli və kırılqan olduğunu göstererek güc dengesinde altda kaldığını hiss etdi. Bu gücsüzlükden korkarak çekdiyi bekleme acısını gizlemek ise onu samimiyetsiz durumuna düşürürdü. Oysa artık her şeyi paylaşmak için aşık olmak istemiyormuydu?.. Kapı vuruldu.

   -Nerde kaldın?

   - Gecmi kaldım?

   Kars şehrinin zavallılığından yalnız kendisini deyil, İpeyi de korumak ister gibi bütün gücüyle sarıldı ona. KA aklının paranoya və korkuya iyice açılmış yanıyla otelin en ücra köşesindeki bu odanın ta başdan bu yüzden kendisine verildiyini düşünmüş,bir-birlerine verdikleri acıdan karşılıklı zevk aldıklarını bu yalnızlık duyğusuyla hiss etmişdi. Derken otelin bu ücra koridoru və odası aklında otelden kopmuş ve boş Kars şehrinin ücra bir mahallesine yerleşmişdi. Kiyamet sonrasının sessizliyini hatırlatan o boş şehirde de kar yağıyordu..."  

   ... Hər şeyi bir yalnızlıq duyğusuyla hiss etmişdim. Otelin bu ucqar koridoru və odası ağlımda oteldən qopur və Qars şəhərinin ucqar məhəlləsinə yerləşir. Qar həmişə fəsillərə görə yağmaz ki... Sabah gedəcəyik, amma ucqar məhəllələri görə bilmədim. Bəlkə belə yaxşı oldu?.. Bu mənim romanımdı axı, öz yaddaşımın ucqar məhəllələrində gəzib-dolaşmaq lazımdı. Qiyamət sonrasının səssizliyi də öz içimdədi. Öz qəhrəmanlarım da var... Qəhrəman?... Doğrudan ha, başım yır-yığışa, fikirlərimə qarışıb, qəhrəmanı unutmuşam - V.Ə. Deyəsən bu gün də imtahanı var, axşam işdən çıxıb bizi Çıldır gölünə aparacaq. Nasıl olsa, sabah bizdən qurtulacaq... Bəkləyirik...

   ÇILDIRTAN ÇILDIR

   Çıldır gölü Ərdəhan il sınırları içində yer alan və Doğu Anadolu Bölgəsinin ən böyük şirin su hövzəsidir. Tektonik mənşəlidi, dəniz səviyyəsindən 1959 metr yüksəklikdədi, ən dərin nöqtəsi 42 metrdi. Ətrafda yaşayan əhalinin gəlir qaynağı heyvandarlıq və balıqçılıqdı. İlin dörd mövsümündə balıq tuturlar burda. Təbii, bu məlumatları sonradan götürürəm internetdən və həm də "Çıldır gölü" yazıb axtarış verəndə, bir başlıq da çıxır qarşıma - "Çıldır gölünə məktublar". Maraqlandırır məni - açıram. Görürəm Nursən Karas adlı qadın yazarın son dövrlərdə basılmış kitabıdı. Çıldır kaymakamından yazara gələn və 2 il aramsız sürən məktub arkadaşlığının sonucu bu əsər olub. Qısa məlumatdan belə anlayıram, əsər Şərq və Qərb sintezinin çarpıcı yönlərini göstərən, 60-cı illərin sonlarında dünyadakı iqtisadi, siyasi, mədəni və yaşamsal gerçəklikləri yansıdan önəmli bəlgədi. Bu məktublarda Şərqli idealist bir bürokratın, Qərbli idealist bir yazarın düzənə üsyanı göstərilir, işləyən çarxın dişləri arasında yox olmamaq çabaları əks olunur. Belə bir nümunə gətirirlər əsərdən:

   " Of, Nursən Karas, of, of!..

   Bilmədiyiniz o kadar çok şey var ki... Anlaşılamayan, bir yabançıya sanki yabançı deyilmişcəsinə belə söyləniləməyən o kadar çok şey var ki... Anlatamam. Həm də yararsız. Susa-susa ağzımız olduğunu belə unutduk. Genəlliklə gərəksiz konuşmalardan kaçınıyorum. Paralellərə girməməyə özəl bir dikkat göstəriyorum tüm gücümlə. Ama yaşamaya devam ediyorum. Nə halt edərsin? Düştük bir kez, gördük bir kez, acıdık bir kez! Yediyimiz ekmek, içdiyimiz su boğazımızdan keçməz oldu bir kez. Gözümüzə uyku girməz oldu bir kez. "Olmaz" dedik. "Olmuyor" dedik. "Bizim görüşümüz şu" dedik. Çalışana yardımçı olduk. Ezilenden yana olduk. Yapılacaq işi yapdık. Yapılmaması gerekeni yapmadık, direndik..."

   Bu mövzu diqqətimi çəkir, amma netdə nə qədər arasam da "Çıldır gölünə məktublar"a dair ancaq bu abzası bula bilirəm. Düşüncə mənə də doğmadı, gərək rica edəm bu kitabı gətirsinlər Türkiyədən.

   Hələlik isə sizi aparım Çıldıra. Öz Yolumla.

   Çıldıra gedən yol narahatdı. Maşın əməlli zora düşür. Hələ üstəlik məsafəni də hesablamadığımızdan benzin də bitmək üzrədi. Ay aman, fikirləşirəm, bu axşam vaxtı tanımadığımız bu yerdə ilişib qalsaq nə olacaq? Bu Çıldır məni çıldırtacaq, deyəsən. Amma su həm də huzur verir. Yol enişli-yoxuşludu, qəsəbələrin içindən keçib gedirik. Gölün o biri sahilində də yaşayış məskənləri var, uzaqdan işıqları sayrışır. Böyükdü gölün ərazisi, bura axşam yox, işıqlı vaxt gəlsəydik nə gözəl olardı? Bu rənglərin, səslərin, havanın havasından məst olardıq.

   Çox sevirəm su hövzələrinin kənarında dizlərimi qucaqlayıb oturmağı, suyun səsini dinləməyi. Amma indi olmayacaq, gecdi. Niyə tez gəlmədik ki, bura...

   - Benzin qurtaracaq indi, - deyir sayın millət vəkili.

   Bu nə yerdi belə, bu qədər yaşayış məntəqəsinin içindən keçirik, amma yanacaq yoxdu... Arada mənə həm də elə gəlir ki, nəsə yanıq qoxusu da var. Buraları tanımadığındandı, ya nədi, deyəsən Vurğun da yolun uzanmasından əsəbləşir və telefon açır tələbəsinə:

   - Aykut, hardadı sənin o dediyin yer? Biz burda filan yerdəyik - nəydi bura?

   Telefonun o tərəfində Aykut nə deyir, nə demir bilmirəm, amma Vurğun sakitləşir.

   - Az qalıb.

   - Hə, benzin də az qalıb, - deyirəm.

   - Darıxma, olajax, - deyir Aqil. Olajax, olajax da. Əslində qaranlıqda yol getməyi çox sevirəm, amma yoldan və maşından arxayın olanda...

   Amma irəlidə deyəsən petrol istasyonuna bənzər nəsə görünür. Çox sevincək dururuq burda, benzin ehtiyatımızı tamamlayırıq və irəli... Kefimiz əməlli kökəlir, söhbətimizin konusu da fizikadan lirikaya yönəlir. Bax, bunu unutdum, necə oldu ki, benzin və kilometraj söhbəti nasıl gəldi yazmaq, yazı-pozu söhbətinə. Təbii ki, çox mütəvazi xarakterli Aqil az da olsa hərdən-birdən müxtəlif zamanlarda yazdıqlarından danışır, Vurğun Əyyub da öz yazdıqlarından. Mən də özlüyümdə fikirləşirəm ki, bunlara bax da - mən olan yerdə yazmaqdan danışırlar. Amma Vurğunun vicdanı yol vermir deyəsən:

   - İndi İradə xanım deyəcək ki, hamıdan gözəl mənəm, ancaq heç danışmıram...

   - Özüdür ki, var. Elə belə də fikirləşirdim...

   Beləcə deyə-gülə, yolu soraqlaya-soraqlaya çatırıq deyəsən Aykutun dediyi yerə. Düz gölün kənarında, kiçicik bir lokanta var - dalğaların sahilə çırpınmasından başqa bir mənzərə yaradır... Yol da yorub bizi... Yeməyi sifariş edəndən sonra qarsondan başqa bir yolun olub-olmadığını soruşuruq. O da gölün o biri sahili ilə qayıtmağı məsləhət görür. Yolu bizə anladır və biz də bunu fikirləşirik. Əgər qayıdacağımız yol daha rahat, daha kəsmə olacaqsa niyə də yox? Hava da o qədər sərindi ki, gölün əsrarəngiz gözəlliyini, suyun parıltısını şüşənin arxasından izləyirəm. Uzaqdan evlərin pəncərələrindən sarı, isti işıqlar sayrışır. İşıqları bizə gəlib çatan bu insanlar özləri hansı işıqda yaşayırlar - arzu, ümid işığındamı, ürək işığındamı, ya... Bu hissiyyat məndə həmişə olur - yanından ötüb keçdiyim evlərdən, insanlardan elə bil axın kimi anlamadığım nəsə gəlir üstümə. Üzümü-gözümü sarır, bəzən ağrıdır, bəzən də xoş hissiyyat yaradır. Özümçün də bunun nə olduğunu izah edə bilməmişəm...

   ... Amma indi burnuma qızardılmış balığın xoş qoxusu gəlir. Masaya düzülmüş Çıldır gölü nemətlərindən zövq alıram. Sayın millət vəkili heç sevmir balıq yeməyi, Vurğun Əyyubun yemək zövqündən xəbərsizəm. Amma hər ikisi deyəsən mənə görə yeməyi tərifləyirlər...

   Heyif, çox heyif, biz bura gəlib çıxanda qaranlıq idi. Heyif, çox heyif, heç şəkil çəkmədim orda. Heyif, çox heyif, suyun üstüylə, Ayın işıq yoluyla yürüyə bilmirəm... Heyif, çox heyif... Bitməyəcək heyiflər... Heyif, hamısını sadalaya bilmirəm...

   Lokantadan çıxıb maşına yaxınlaşırıq, daha doğrusu yaxınlaşmaq istəyirik. Çünki işığı yandıran kimi qəribə böcəklərin hücumuna məruz qalırıq. Bizim tərəflərdə belə məxluqatlar görməmişəm. Çırpılırlar maşının şüşəsinə, qaynaşırlar lap. Qapını açmağa da imkan vermirlər. Birtəhər özümüzü atırıq maşının içinə. Burda da qərara alınır ki, qarsonun bayaq bizə məsləhət gördüyü kəsə yolla qayıdaq - yəni gölün o biri sahiliylə. Mənə fərq eləmir - maşını mən sürmürəm ki, təki Yol olsun. Özü də gecə... Amma bu da bir heyifdi - az-az olur belə hallar...

   Gecənin 11-i, qaranlıq və bayaq gəldiyimiz narahat yoldan heç də fərqlənməyən Yol. Yenə bir qəsəbənin içindən keçib açıq yola çıxırıq, göl də görünmür artıq, yenə heyifsilənirəm içimdə və birdən qəfil təkan məni silkələyib ayıldır elə bil. Maşın dayanır.

   - Nə oldu?

   - Getmir maşın, - deyir sürücüm.

   - Necə getmir?

   Baho, işə düşmədik, gecənin bir aləmi düzün ortasında... Kişilər ikisi də enir maşından, sürücüm maşının kapotun açmağa çalışır, aça bilmir və qırır. (kapota bizim dildə nə deyirlər? Bəzi bölgələrdə qadın paltarına da kapot deyirlər. Yadımdadı, birinci dəfə eşidəndə öldüm gülməkdən). Və olan bundan sonra olur. Boşluq leksikamızın da, folklorumuzun ən nəcib sözləri ilə dolmağa başlayır, hələ üstəlik isterika da var. Anlayıram yad ölkə (terror bölgəsi), zülmət qaranlıq, ıssız yol (heç bir maşın da görünmür) və biz... üç nəfər. Özü də baxıram ki, bu üç nəfərin içində ən sakiti mənəm. Heç vecimə də deyil. Əksinə, zövq alıram. Belə bir mənzərəni bir dəfə də görmüşdüm...

   HAŞİYƏ

   Təxminən 10 il əvvəl birdən-birə bütün ölkənin işıqları sönür. Yadınıza gəlir? İndiyə qədər də o işıq məsələsiylə bağlı qaranlıq məqamlar çoxdu mənimçün. Hər halda səsləndirilmiş rəsmi versiya ... yumşaq deyim, inandırıcı deyildi. Arada bir neçə dəqiqə yananda efiri izlədim və elə efirdən bildim ki, təkcə mən deyiləm qaranlıqda qalan. Həmin vaxtlar çoxfunksional keyfiyyətlərimə həm də qarovulçuluq da daxil olduğundan evdə hər zaman tək olurdum. Yox, düz demədim, iki köpəyim və mən. (Qəribədi, evdə yeganə qadın mən idim, hətta bacım deyirdi ki, o qədər paxılsan, evə özündən başqa bir dişi qoymursan, yəni itlərim də oğlan idi. İnanan da yox idi ki, mənim evdə gördüyüm oğlanlar ancaq bu iki itdi), amma evi də mən qoruyurdum. Tuncay Türkiyədə oxuyurdu, Toğrul cavan oğlan, lap böyük oğlum da ki, gecə həyatına çox aludə. Geniş spektrli canım vay! Təbii ki, özümün yanlış tərbiyəmin nəticələrini yeyirdim). İşıq yanmadığı üçün ev telefonu da işləmirdi, mobilim də yox idi. Yəni düzgün anlaşılsın e, maddi söhbət deyildi. Sadəcə deyirdilər ki, neynirsən, evdən bayıra çıxmırsan onsuz da... Təbii, o zaman evdən bayırda olanların sayı çox idi və onlara da telefon daha gərəkli idi... Heç xatırlanası da deyil... Nöqtələr nə çox oldu burda? Hələ həyatımızdakı nöqtələri əvəz edəcək söz tapmamışıq (halal elə, Rza, sənin fikrini yazıram. Amma bu nöqtələrin təyinatını bilirəm. Mənə nöqtə qoymağa çalışanlar çox olub. Yığmışam bunları, indi də dağıdıram yazılarımın içinə).

   Evdə şamı yandırdım. Gördüm kölgələr də məni vahimələndirir. Çıxdım bayıra və pilləkənlərin üstündə oturdum. Sevimli köpəklərim də quyruqlarını bulaya-bulaya hərəsi bir böyrümdə. Zülmət olduğu üçün ulduzlar alışıb-yanır, az qala tökülürlər həyətə, lap əlini uzat götür. Ömrümdə belə gözəllik görməmişəm, amma bu parıltı gözümdəki nəmin içində sınır, parçalanır rənglərə. Mane olur diqqətlə baxmağıma. Göz diqqətim yayınsa da, ürəyimin diqqəti ordadı, ulduzlarda. İtlərimi sığallaya-sığallaya fikirləşirəm - biri başını dizimə qoyub sevgi dolu gözlərlə elə baxır ki, mənə... Görəsən, bir Allah bəndəsi niyə belə baxa bilmədi? Ya mən görmədim? Ürəyimin gözü ilə baxıram üstümə yağan bu ulduz yağışına. Onlar da görür deyəsən, görürlər ki, bu balaca yer kürəsinin qaranlıq bir yerində alışıb-yanan gözlər, ürək baxır onlara. Onlar da baxır mənə. Ürəkdən keçənləri oxuya da bilirlər deyəsən... Bir qapı açılsın... Bir yol olsun... Bir əfv fərmanı imzalanır yuxarıda... Ulduz saatım gəlir...

   İşıqlar yandı səhəri gün... Bir neçə gün sonra zəng gəldi telefona, məni işə çağırdılar.

   Evdən bayıra çıxdım...

   İndi də haşiyədən çıxım! 

   ŞƏBİ-HİCRAN YANAR CANIM

   ... İndi ulduzlu səmaya baxıb da həmin qaranlığı və istəyimin işığını xatırlayıram. Amma insanın istəyi bitib-tükənməzdi...

    ... Maşın dayanıb. Çox seyrək-seyrək yanımızdan keçən maşınlar isə işarələrimizə rəğmən dayanmırlar. Vurğun tələbəsinə telefon açır, durumu anladır. Aqil nə isə qurdalayır, maşının mexanizmlərini (yüz ildi maşın sürür, maşından bir şey anlamır).

   - Ə, bu nə işiydi? - hirslidi Aqil.

   - Aykut gələcək dalımızca, darıxma, - deyir Vurğun - ulduzlara bax, sakit ol, gör nə gözəldi.

   Ulduz?! Gör ha, mən bu kişilərin hamısına qəlbsiz-duyğusuz varlıq kimi baxıram, amma onların da içində Ulduzdan anlayan varmış. Minnətdarlıqla baxıram üzünə, sonra başımı yuxarı qaldırıram.

   Məmləkətmi, yıldızlarmı, gəncliyimmi daha uzak...

   Məmləkətin və gəncliyimin uzaqda olduğunu bilirəm əlbət. Amma yıldızlar həmin o xatırladığım gecədəki kimi yaxındı. Əlimi uzatsam... Əlimi uzadıb maqnitafonun düyməsini basıram. Qəribədi, bu da təsadüf deyil yəqin, qız oxuyur - Şəbi- hicran yanar canım... Kəpənək ruhum qalxır, havalanır yuxarı, neçə ulduz dumanlığını keçir, varır ora. Yeni bir əfv fərmanı istəyirəm. Ulduz payımı istəyirəm...

   Şapp... Qapı çırpılır, mən də qalxdığım sürətlə enirəm aşağı, çırpılıram oturacağa, ayılıram. Aqil telefonda Bakıyla danışır, qışqırır-bağırır, burda gecənin 12-si, Bakıda gecə saat 2-di  

   - Bala, bala, sən bu maşını necə düzəltdirmisən? Qalmışam yolda - deyir. Orda yuxulu-yuxulu nə cavab verirlər bilmirəm, Aqil qışqırmağında davam edir. Bu arada yanımızdan kiçik bir kamyon keçir və sonra dayanır. Şofer enir maşından, bizə yaxınlaşır. Deyəsən bu Yolda da mərhəmətli birisi bulundu. Yardım edəcək bizə. Maşına baxır, məlum olur ki, su borusu partlayıb, su axıb gedib, bu üzdən maşın dayanıb. Bir böyük su deposunu bağışlayır bizə, tökürlər maşına, hərəkətə gəlir. Sadə bir şeymiş. Bax, yüz faiz əminəm maşını da öyrənsəm onu hamıdan yaxşı biləcəm. Əlimi bulamıram, yoxsa onu da boynuma qoyacaqlar. Hər şeyi üstlənə-üstlənə evdəki kişiləri korlamışam. Bu dəfə deyəsən haşiyədən kənar haşiyələr çox olur. Ürəyim doludu, ürəyim üzülüb.

   ... Kamyon şoferi həm də deyir ki, yabançı plaka olduğunu görməsəydim dayanmayacaqdım. Məlum, gecə düzün ortasında kim özünə problem arayasıdı. Yabançı plaka şoferi tərəddüdə salıb, ürəyinə insaf gətirib. Bəzən yad, yabançı olmağın öz avantajları olurmuş. Tərpənirik. Bir də belə işıqlı qaranlığı nə vaxt görəcəm bilmirəm. Bildiyim odur ki, on il əvvəl mənim ulduzlarla başladığım söhbətin davamı olacaq. Əminəm... Şəbi-hicranlar...

   Vurğun yenə sevimli tələbəsinə telefon açır, Aykutdan onların harda olduğunu soruşur. Niyə sevimli deyirəm - gördüyüm budu. Aykut deyəsən acil yardımdı. O da hocasını çox sevir. Bu dəfə babasıyla gəlir yardıma. Çıldıra gedən yolda bir qəsəbənin içindən keçmişdik - adı Susuz idi. Maraqlı oldu e, maşınımız susuz qaldı sonra, indi də Susuza tərəf gedirik. Aykut öz maşınıyla bizi orda qarşılayacaq. Allah razı olsun! Yaxşı ki, gəldilər, yoxsa maşın yolda yenə susuz qaldı, nəsə zədəliymiş ki, saxlamır deposunda suyu. Zar-zor, birtəhər çatdırırlar bizi maşınımızı saxlayacaq yerə. Səhər ustaya göstərmək lazım gələcək. Deməli, sabah qayıdası olmadıq. Bir gün də qalası Qarsda. Buraxmır bizi şəhər. Aykutun arabasında qayıdırıq qonaq evinə. Yorğun-arğın... Çıldır macəramız belə bitir... Ulduz macəram bitməyib, bilirəm. Qumral gözlüm, onlar da sənə baxırlar... Bəyaz işığı sındırıb rənglərə parçalanmağa qoyma!

     

   (Ardı var)

İRADƏ TUNCAY

Ədalət.-2011.-10 dekabr.- S.12-13.