Səyyar Vəli

Nədənsə bu yazını əlimə alarkən həyatımda yaşadığım ən gözəl günlərdən biri olan o gün yadıma düşdü.

   Uzun illər yazıb,hamıdan gizlədiyim, gözləri yol çəkən şeirlərimin halal haqqına qovuşduğu gün,-ilk kitabımın işığa çıxdığı gün.Kitabın redaktoru, şair dostum Rəfail İncəyurd "Redaktor kəlamı"adlı yazısını Ələsgər babamızdan "saat kimi meyli haqqa dolanır" beyt ilə başlayır və"hər şey haqqına yol gedir"deyib gözləri yol çəkən bəyaz qanadlı şeirlərin haqqına qovuşmasından söz açır 

   Halal haqqına qovuşmayan,həyatın ən ağır məşəqqətlərindən,odundan, alovundan,hətta ölüm hökmü altında illərlə qazamatlarda yaşamış,ölümün özünə belə qalib gəlib bütün mübarizələrdən üzü ağ çıxmış bu azman kişinin halal haqqını zaman özü ona qaytaracaq,bilirəm.Və bu zamanın saatının əqrəblərini tərpətmək mənə qismət olubsa nə xoş mənim halıma.Səyyar Vəli,Aşıq Avdı,Şair Cəlil,Şair Hacı,demək olar ki,İncə dərəsinin şeir çırağını ilk yandıran kişilərdi və onların yandırdığı bu çıraqların şöləsi əlinə qələm götürən hər bir İncəli şarinin qəlbinə,ruhuna işıq salıb

   Tələbəlik illərimin elə ilk səhiflərinə pozulmaz xatirələrlə yazılmış, Baləkənin Katex kəndindən olan tələbə dostum Soltan Atayev,atasından,onun əfsanəvi Mixaylo ilə partizanlıq dostluğundan ağız dolusu danışardı .Bir gün Cavad Həkimlinin "İntiqam" romanını məni göstərib,atası ilə bağlı fəsili oxudu və (Ləzgiyev Vəli,İncə dərəsinin Kəmərli kəndi)abzasına rast gəlib o fəsili dönə-dönə oxudum.Fərəhdən quş olub uçmağa qanad gəzirdim.Elə o zamandan vuruldum bu şair, partizan, kişiyə.

   Budur,artıq onun portretini işləmək, adına söz bağlamaq nəhayət ki,mənə nəsib oldu.

   Bu həqiqəti də qeyd edim ki, onu görmək, söhbətləşmək, çox təəsüf ki, mənə nəsib olmadı.O dünyasını dəyişəndə mən çox gənc idim və istəsəmdə belə müdrik adamlarla görüşmək cəsarəti məndə yox idi.Beləliklə, qərara gəldim ki, oğlu, şair dostum Mahmud Vəli ilə görüşüm və Səyyar Vəlinin mənzərəsinin daha dolğun,daha rəngarəng,çalarını,kolaritini daha dürüst vermək üçün onu dinləyim

   Emalatxanama dəvət edib xeyli sorğu-sual etdim.

   -Atam rəhmətə gedəndə mənim 11,kiçik qardaşım Nəsiminin 8 yaşı vardı.Atamı yaxşı xatırlayıram . O qədər pirani, nur-ipək bir kişi idi. Tək öz kəndimizdə yox, Qazax mahalının hər yerində adına,özünə böyük hörmət və ehtiram göstərirdilər. İstənilən xeyir iş məclislərində başa çəkib,ilk xeyir duanı,ilk sözü ona verərdilər.

   Çox təəssüf edirik ki,keşmə-keşli,zülüm və əzab dolu ömür yolunu qələmə almayıb.Əlimdən gələn o olub ki, 250 səhifəlik şeirlər kitabını çapa hazırlamışam. Üzü qara olsun yoxun, çap etdirməyə hələlik pulum-param yoxdur. Ya qismət,-deyib köksünü ötürdüg

   Səyyar Vəli haqda qısa da olsa Şöhrət Cəlalın ərsəyə gətirdiyi bu qeyidləri azacıq ixtisarla sizin nəzərinizə çatdırmaq istəyirəm.Bununla da bu böyük kişinin mənzərəsinə azacıq da olsa işıq salmış olarıq.

 

   KİMDİR SƏYYAR VƏLİ?

 

   -Vəli Məmməd oğlu Ləzgiyev 1909-cu ildə Qazax rayonunun Kəmərli kəndində anadan olmuş ,kənd məktəbini bitirib,imtahan verərək əla qiymətlərlə Qazax Pedaqoji Seminariyasına qəbul olmuşdur.1982-ci ildə seminariyanı müvəffəqiyyətlə bitirmişdir. 1923-25-ci illərdə Səməd Vurğun ,Osman Sarıvəlli, Mehdi Hüseyn və həmin dövrün bir sıra yazarları ilə yaxından dostluq etmiş və onlarla sıx ədəbi əlaqələr saxlamışdır.

   Şeir yazması və müəllim işləməsinə baxmayaraq ,gənc Vəli həmişə özündə elmə ,təhsilə böyük ehtiyac hiss edir. Nəhayət,mənəvi ehtiyac və maraq onu Tiflis Dövlət Darülfunununə çəkib aparır. 1938-ci ildə oranı bitirərək ,Gürcüstanın müxtəlif rayonlarında müəllim, maarif şöbə müdri, inspektor və s.vəzifələrdə çalışır. Qeyd etmək lazımdır ki,o həm də ərəb-fars dillərini dərindən bilirdi.

   Nəhayət,Vəli Ləzgiyev komissar sifətilə 1941-ci ildə Vətən müharibəsinə səfərbər olunur .Yüzlərlə, minlərlə soydaşımız kimi tale onun da üzünə gülmür; igidliklə vuruşub yaralanaraq, xəstəxanada ağır bir vəziyyətdə əsir alınır.O burada faşizmi lənətləyən kəskin şeirlər yazması üstündə, 1943-cü ildə Krımda faşistlərə qarşı yaradılmış gizli təşkilatda iştirak etdiyinə görə həbs edilib,əvvəlcə, Avstriyaya, oradan da İtaliyanın yeraltı şaxtalarına göndərilir. Burada fürsət tapıb, əsirlikdən qaçmış və partizan dəstələrinə qoşulmuşdur.Cavad Həkimlinin və Vəli Seyidovun "İntiqam" kitabındakı parçanı nəzərdən keçirsək, Səyyar Vəlinin partizan dəstələri tərkibində faşistlərə qarşı döyüşlərdə fəal iştirak etdiyinin və düşmən əleyhinə necə şeirlər yazdığının şahidi olarıq:

   -Cavad,-deyə naməlum adamın səsi eşidildi.

   -Bu kimdir,-deyə Mikayıl bir də Həkimlinin üzünə baxdı.

   Naməlum adam onların üzünə baxdı,onlara yaxınlaşıb,əl Verdi:

   -Necəsiniz,harada olursunuz,

   Həkimli:

   - Bağışlayın,siz kimsiniz?Düzü,tanıya bilmirəm,-deyə üzünü tük basmış adama diqqətlə baxdı. 

   -Tanımadınız,Vəli Ləzgiyev adlı adamla yoldaşlıq etməyibsiniz ki?!

   Onlar qucaqlaşıb öpüşdülər.

   -Yaxşı,səni bizdən harada ayırdılar,

   -Xarolda.

   -Bəs sonra?

   -Sonra da müalicə etdilər... Əsir düşdüyüm gündən bəri əsirlər arasında düşərgədən qaçmaq haqqında təbliğat aparırdım... Piano kəndində bir nəfər kommunist adamla,aqronomla tanış oldum.Miliyyətcə italyan,adı Petrum idi.

   Onun vasitəsilə qaçıb partizan dəstəsinə qoşuldum.Udino,Tolmesso,Platao,Karpiya dağlarında yerləşən dəstələr Triyest və Qaribaldi adı altında fəaliyyət göstərirdim...

   Mən azlıqda qalan millətlər üzrə komissar idim.

   Mehdinin qəhrəmanlığına dair yazılan mahnılar müğənnilərin və cavan qızların dilində səslənir.Mehdinin adına mən də bir şeir yazmışam.Qulaq asın deyim.

   Şair Vəli sizdən istəyir kömək,

   Bihudə getməsin çəkdiyim əmək.

   Cumruq düşmənə bir ildırımtək,

   Getməsin əməyin heç zaya,Mehdi,

   Qoy adın yayılsın dünyaya,Mehdi

   Vəli onlara bir neçə bayatı da oxudu.

   (İntiqam,səh.229)

   "Cankoda təbliği şeirlər üstündə tutularaq,Simferopol türməsində ölüm maddəsilə yatdıqdan sonra 10 il həbs cəzasına məhum edilmişəm.İtaliyanın yeralti şaxtalarında işləyərkən, fürsət tapıb qaçmışam. Burada komissar mayor, Azoppa ,komissar Romano,sonra qorniya..."

   (İntiqam səh.231)

   O,indi bu fürsətdən istifadə edib vətən həsrəti və intiqam hissilə alışıb-yanan ürəyinin alovunu söndürmək üçün düşmənə nifrət hissilə şeirlər yazır. Bu şerlərdə əsirləri hərbi düşərgədən necə olursa-olsun qaşıb partizanlara qoşulmağa,düşmənə qarşı ölüm-dirim mübarizəsinə çağırır.Onun"Qaç,qardaşım,qaç","Ay qardaş","Vəhşi yefreytor","Partizanın andı",Xaricdə və düşərgələrdə zülüm" və s. şeirləri bu qəbildəndir.Bu şeirlərdə Səyyar Vəli minlərlə,on minlərlə İtaliya dağlarında alman faşistlərinə qarşı ölüm-dirim müharibəsi aparan və döyüşməyə can atan partizanların ürəyindən gələn hissləri çox ustalıqla ifadə edə bilmişdir

   O,partizanların əməyinin hədər getməyəcəyinə inanır və göstərir ki,haqq işi mütləq qalib gələcəkdir.Biz onun bu fikrini 1944-cü ildə Şimalı İtaliyanın Polisso və Pavlora gağlarında vuruşarkən yazdığı"Anacan"şerindən də aydın görürük.

 

   Həzin-həzin ağlayan səs kimindir,

   Kimlər qoydu səni ağlar,anacan?

   Bayquş səsi ucaldıqca yuvada,

   Oğul dərdi dağlar səni anacan...

 

   Düşmənə qarşı qəzəb hissi Səyyar Vəlinin "Qaç,qardaşım!"şeirində daha güclüdür.O,necə olursa-olsun alçaq düşmənin əlindən qurtarıb fürsət əldə etməyi,dağlara çəkilib alman faşistlərinin başına od yağdırmağı əsirlərə tövsiyə edir:

 

   Qaç qardaşım oradan,əsirlikdən uzaqlaş,

   Məncə yetər orada gözlərindən axan yaş.

   Azərilər dağları Fərhad kimi dəlirlər,

   Düşmənin kəlləsindən nişan alıb əsirlər!

   Üfunətli,zibilli düşərgədən uzalaş,

   Bu dağlarda sən gəl ol şair Vəliyə qardaş...

  

   Səyyar Vəlinin yaradıcılığını araşdırmağın bir əhəmiyyəti də budur ki,biz onun həyatına həsr olunmuş yazılarını oxuduqca adları mətbuatda məlum olub-olmayan iyirmidən çox igid Azəri oğlunun partizan hərəkatına qoşularaq,düşmənə qarşı dönməz mübarizə apardığının şahidi oluruq.Bu cəhətdən onun "Görmüşəm" şeiri daha xarakterikdir.Müəllif burada partizan hərəkatının fəal iştirakçılarından Mirzəxan Məmmədovun (Şuşa şəhəri) və Mehralı Hacıyevin (Qazax Şəhəri) igidliklərini təsvir edir və özünü onların şücaətinin şahidi olduğunu yazır

   Əzizlərim,bir də məni dinləyin,

   Qeyrət əhli çox cavanı görmüşəm.

   Əməlindən bac verməyən düşməyənə,

   Mehralını,Mirzəxanı görmüşəm.

 

   Onun qeydlərində Novoçanko düşərgəsində gizli təşkilatın üzvlərindən Paşa Ağayevin (Bakı,Bülbülə qəs.),Sultan Həmidovun (Balakən rayonu),Əhməd Əliyevin(Bakı,Soveti küç),Zəkulla Zakirovun (?) və bir çox başqalarının adları,soyadları və ünvanı var.Biz Səyyarın partizanların həyatından bəhs edən şeirlərində İtaliyanın təbiəti,dağları,çayları,abu-havası ilə yanaşı həm də insanlarının igidliyindən,mehribanlığından,dostluq köməyindən məlumat alırıq:

 

   Onlar tapdı düşmənləri,bilinməyən yerləri,

   Onlar bizə yol göstərdi,onlar açdı sirləri!

 

   Səyyar Vəli 1968-ci ildə Qazax rayonunun Kəmərli kəndində vəfat etmişdir.

   Biz elə bilirk ki,ədəbi ictimaiyyatımız Səyyar vəlinin yaradıcılığı ilə daha yaxından maraqlanacaq,bu vaxtadək gözdə uzaqda olan,ancaq könüllərdə yaşayan bir vətənpərvər,mübariz şairin şeirlərini böyük həvəslə və dərin maraqla qarşılayacaq!

   Şöhrət Cəlal.

   İlyas Ləzgiyev.

   Mahmud Vəli.

   Beləliklə, Səyyar Vəlinin şeirləriylə baş-başa qoyub,sağollaşıram sizlərlə, əziz oxucular.

   Yerindədirmi

   

   1944-cü il,iyun ayı,Şimalı İtaliyann Tolmesso, Qorniya dağları. Bir qədər xəyala dalmış şair öz coşqunluq dövründə gəzdiyi vətən torpaqlarını arzulayır.

 

   İqbal tərs gətirdi,düşdüm qürbətə,

   Görən o məkanlar yerindədirmi?!

   Qərib,yad ellərdə çəkirəm zaval,

   Yaşıllar,ormanlar yerindədirmi?!

 

   Yenə bahar gəlib ötür bülbüllər,

   Yaşıl çəmənlərdə qırmızı güllər.

   O şır-şır bulaqlar,lal dinmzə güllər,

   Zirvəsi şiş dağlar yerindədirmi?!

  

   Baxanda görünür Kəməndin dağı,

   Qoyunlar oylağı,çoban yatağı.

   Bürüyür sürülər axan bulağı,

   Səfalı dövranlar yerindədirmi?!

  

   Çıxanda Göy dağa görünür Dondar

   Misxana,Armudlu,laləli yolla

   Ayranlı gədiklər,ətraflı kollar,

   Gözmanlı bulaqlar yerindədirmi?!

  

   Bir yanı Əyri qar,Qaraqaç dağı,

   Onun bir taxtası Fərrux yaylağı.

   Bir yanı Qoşqardı,İsa bulağı.

   Gördüyüm insanlar yerindədirmi?!

 

   Vəlinin məskəni dağlar-dərələr,

   Yandırdı canımı bu qürbət ellər.

   Keçir xəyalımdan gör bircə nələr,

   Keçirdiyim ilqar yerindədirmi?!

 

Məmməd Dəmirçioğlu

Ədalət.-2011.-10 dekabr.- S.18.