Ruhun şad olsun, müəllim!

 

Yaxşı yazanlar gözəl də bilirlər: yazmaq çətin işdir. İllah da birinci cümləni. Bəzən elə olur ki, yazını niyə, necə və nə vaxt yazdığını heç özün də bilmirsən. Bir də görürsən ki, yazı hazırdı - sənə yalnız səsini, nəfəsini duyduğun sətirləri vərəqə köçürmək qalıb. Əslində bu yazı qəlbimdə çoxdan yazılmışdı. Müəllimdən söz düşəndə, nəcib insanlar xatırlananda, bir ağsaqqal nəsihəti misal çəkiləndə qəlbimin "dili" dönə-dönə təkrar edirdi bu yazının sətirlərini.   

   Mən jurnalistliyin sirlərini ondan öyrənmişəm. Həyata nikbin baxmağı, insanları sevməyi, sənətə, sənətkara hörməti ondan əxz etmişəm. O böyük şəxsiyyət, o nəcib insan mənim, eləcə Azərbaycan Dövlət Universitetində təhsil alan mənim kimi yüzlərlə tələbənin müəllimi olub... Tələbkar məsuliyyətli, qayğıkeş səmimi, mehriban zabitəli Nəsir müəllim.

   Dünyanın bünövrəsi qoyulandan hələ heç dəyişməyib -insan doğulur, ölür. Dünya "bir yandan boşalır, bir yandan dolur". Bu gerçəkliklə hamımız barışsaq da, ölümün qaşla -göz arasındakı yaxınlığına inanmaq istəmirik. Hər birimiz gücümüz çatdıqca ölümü fikrimizin, sevgimizin sərhəddindən uzağa qovuruq. Onu bütünlükdə yox etməyəsə gücümüz, qüdrətimiz çatmır. Əgər çatsaydı, qoyardıqmı ki, əziz-istəkli müəllimimizi, jurnalistika elmində öz sözünü deməyi bacaran, 30 ildən çox "Bakı" "Baku" qəzetlərinin redaktoru, eləcə naşiri olmuş Nəsir müəllimi aramızdan aparsın? Çox yazara yaradıcılıq payı verən, yüzlərlə gənci söz qatarının sərnişininə çevirən Nəsir müəllimin sənəti sanki heyrətdən yaranmışdı. Ona dünyamızın hər üzü tanış idi. Zamanın qovub yorduğu insanların pasibanı, qayğıkeşi, kasıb -kusubun pənah yeri, dostların can sirdaşı idi Nəsir müəllim. Bu gün mən istəkli müəllimim haqqında bioqrafik yazı yox, insani yazı yazmaq istəyirəm. Qoy onu yaxından tanıyanlar bu sətirləri oxuduqca təsdiq etsinlər, tanımayanlar isə bilsinlər ki, bir zamanlar dünyamızda cəmiyyətə gərəkli söz sərrafı, istedadlı qələm sahibi, Nəsir İmanquliyev imzalı jurnalist, pedaqoq, alim olub. Doğrudur, biz bu həyatda kirayənişin kimiyik, hamımızın son mənzili bir qarış torpaqdır. Çox vaxt "torpaq bizimdir" deyirik. Amma torpaq insanın ola bilməz. Gec-tez biz torpağın oluruq. Yerimizin əbədiliyi naminə bu torpağı hamımız sevməli, qorumalıyıq. Nəsir müəllim vətənini sevən, torpağının qədrini bilən, ortaya çıxan problemləri vaxtında görüb deyən kəskin, obyektiv qələmilə mətbuatda işıqlandıran peşəkar jurnalist idi. Mütəmadi olaraq o vaxtkı "Kommunist" "Bakı" qəzetlərindəki "ürəkli" yazıları diqqətli oxucular, yəqin ki, bu gün xatırlayırlar. Bu məqalələr bir tərəfdən problemlərin tezliklə aradan qaldırılmasına xidmət edirdisə, digər tərəfdən gənc jurnalistləri yazı dünyasına çağırış üçün bir vasitə idi. Bu üsulla Nəsir İmanquliyev həm jurnalist nəslinin inkişafına şərait yaradır, həm onların maddi cəhətdən təminatını yaxşılaşdırırdı. Mətbuat səhifələrində, radio-televiziyada istedadlı gənclərə ehtiyac duyulduğunu tez-tez vurğulayan Nəsir müəllim tələbələrin işlə, evlə təminatı üçün əlindən gələni edir, onlardan doğma ata qayğısını əsirgəmirdi. Nəsir müəllim böyük ürəyə malik insan idi.

   O, təkcə dərs dediyi Azərbaycan Dövlət Universiteti jurnalistika fakültəsinin tələbələrinə və rəhbərlik etdiyi qəzetlərin əməkdaşlarına yox, eləcə də ədəbi mühitin digər nümayəndələrinə də daim diqqət və qayğı göstərirdi. O dövrün "növbəyə durmaq" qanunlarına əsasən bəzən ən tanınmış şair və yazıçıların əsərlərinin nəşri aydan-aya, ildən-ilə yubadılır, bürokratik əngəllər maraqlı və gərəkli əsərlərin çapına maneçilik törədirdi. Bu maneəni aradan qaldırmağa çalışan Nəsir İmanquliyev sinəsini irəli verər, ədəbiyyat fədailərini, həvəskarlarını ruhdan düşməyə qoymazdı. Salam Qədirzadənin "Qış gecəsi" əsərini, Anarın publisistik oçerklərini və s. biz ilk dəfə məhz Nəsir müəllimin baş redaktoru olduğu "Bakı" qəzetinin səhifələrindən oxumuşuq. Nəsir müəllim "Jurnalistikaya giriş" fənninin yaradıcısı olub. O, praktik jurnalistikanı tədris etməklə bu sənətin incəliklərini böyük bir jurnalist ordusuna öyrədib. Təhsilin qoşa qanadının nəzəriyyə və təcrübə olduğunu dönə-dönə vurğulayan Nəsir müəllim ömrünün sonunadək qəzetdəki fəaliyyəti ilə yanaşı Universitetin jurnalistika fakültəsinin nəzəriyyə və təcrübə kafedrasında da çalışıb. Jurnalistin cəmiyyətdəki rolunu, mövqeyini, dövlətçilik naminə fəaliyyətini bizlər- orta yaş nəslinin jurnalistləri məhz görkəmli pedaqoq, alim Nəsir İmanquliyevdən öyrənmişik.

   Bəli, bu dünyanın ən böyük hadisəsi adamdır. Bizi dünyaya bağlayan, hər köks ötürəndə ondan qopmağa qoymayan adam. Onların timsalında Nəsir İmanquliyev kimilər bizə dünyanı tanıdıb, həyatı sevdirib. Başa düşmüşük ki, həyat yaşamaqdı, yaşatmaqdı. Və özündən qiymətli, qat-qat dəyərli olan sevgilərin, istəklərin yaşaması üçün bizə belə şəxsiyyətlər gərəkdi.

   Əziz oxucum, əslində bu yazını hörmətli və istəkli müəllimimin vəfatını eşitdiyim andan yazıram. Bir ziyalı təfəkkürünün itkisi, əsl müəllim ürəyinin dayanması ilə barışa bilmədiyim gündən. Nə edək ki, istəsək də, istəməsək də "gəlimli-gedimli, bir ucu ölümlü" deyirik bu dünyaya. İnsan bu sirrin düyününü aça bilməsə də bircə yol daöz zəifliyindən danışır, nə də gücsüzlüyünü boynuna alır. Sevə-sevə yaradır, yaratdığı ilə başqalarını yaşadır, yaşatdığı ilə özüdaim yaşayır. Nəsir İmanquliyev kimi. Ruhun şad olsun, müəllim!

 

Sevil Həsənova, BDU jurnalistika fakültəsinin müəllimi, pedaqoji elmlər namizədi

Ədalət.-2011.-13 dekabr.- S.5.