Şirvanın şöhrəti qədim Şamaxı

 (əvvəli ötən sayımızda)

 

   Xoş ovqatla

   Bəli yaşı 2500 ili keçən Şamaxının adı ta qədimlərdən elə bu Vətənin, Azərbaycanın adı ilə yanaşı çəkilib. Bu barədə eyni zamanda Şamaxıda aparılan yenidənqurma, müasirləşdirmə tədbirləri haqqında rayon icra hakimiyyəti başçısının müavini Ağamustafa Vaidovla xeyli söhbət etdik. Royonun ciddi bir turizm mərkəzinə çevriləcəyi yaxın gələcəyə xoş ovqatlı "səfərə" çıxdıq.

   Bütün bunlar təbii olaraq sevinc və fərəh doğurur. 2011-ci il Şamaxı üçün gerçəkdən uğurlu il olub. Ancaq qədim yurdun bu il ən unudulmaz hadisəsi ölkə rəhbərliyi ilə bağlıdır. Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Məmmədov həmin anları qururla xatırlayır.

   Başçı uğurlardan söhbət açır...

   A.Məmmədov deyir:- Bildiyiniz kimi, rayonumuz üçün 2011-ci ilin ən mühüm hadisəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Şamaxıya olan tarixi səfərləridir. Bu ilin sentyabr ayının 13-də dövlətimizin başçısı rayonumuza səfəri çərçivəsində Sabir qəsəbəsində böyük şairimiz M.Ə.Sabirin heykəlinin, Vergilər Nazirliyinin Tədris Mərkəzinin açılış mərasimlərində iştirak etmiş, Şamaxı Olimpiya İdman Mərkəzində, Cümə məscidində, "Şirvan" mehmanxanasında və Şamaxı Astrofizika Rəsədxanasında gedən yenidənqurma və bərpa işləri ilə tanış olmuşdur. Böyük qürur hissi ilə vurğulamaq istəyirəm ki, ölkə Prezidentinin Şamaxıya bu tarixi səfəri, həmçinin rayonumuzda qısa müddət ərzində görülmüş işlərə yüksək qiymət verməsi Şamaxıda gündən-günə genişlənən tikinti-quruculuq işlərinə yeni vüsət verməklə əhali arasında əhval-ruhiyyənin canlanmasına səbəb olmuşdur. Dövlətimizin başçısı cənab İlham Əliyevin dediyi kimi, Şamaxıya xüsusi diqqət göstərilir. Bunu tarixi səfərindən sonra "Şamaxı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında" Sərəncam imzalanması və həmin Sərəncama əsasən rayonumuza Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ilkin olaraq beş milyon manat vəsaitin ayrılması bir daha sübut edir

   Məlum olduğu kimi, bu il oktyabrın 30-da ölkə Prezidenti cənab İlham Əliyev yenidən rayonumuza səfər etmiş, Muğanlı-Yevlax magistral yolunda və "Şərədil" istirahət mərkəzində aparılan işlərlə tanış olmuşdur...

   Ümumiyyətlə, 2011-ci ilin ötən dövrü ərzində rayonda qarşıya qoyulmuş vəzifələrin icrası əsasən təmin edilmişdir. Xüsusilə cari ilin may ayından başlayaraq Şamaxıda vacib problemlərin həlli, rayonun sosial-iqtisadi inkişafının sürətləndirilməsi və tikinti-quruculuq işlərinin genişləndirilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi rayon sakinləri tərəfindən razılıq hissi ilə qarşılanmışdır.

   Cari ilin doqquz ayında rayonda 113,4 milyon manat dəyərində ümumi məhsul buraxılışı olmuşdur. Bu rəqəm keçən ilin müvafiq dövrü ilə müqayisədə 29,5 milyon manatyaxud 35 faiz çoxdur. Qeyd olunan müddət ərzində rayonda sənaye məhsulunun həcmi 3,2 milyon, əsas kapitala yönəldilən investisiyaların həcmi 44,9 milyon, tikinti-quraşdırma işlərinin həcmi 40,9 milyon manat təşkil etmişdir. Ötən doqquz ayda pərakəndə əmtəə dövriyyəsi 93,8 milyon, əhaliyə göstərilən pullu xidmətlərin həcmi 21,3 milyon manat olmuşdur. Rayon üzrə 454 daimi yeri açılmışdır.

   Aqrar sahəyə dövlət qayğısı

    Rayon iqtisadiyyatında kənd təsərrüfatı sahəsi mühüm yer tutur. Görülən məqsədyönlü tədbirlər nəticəsində ötən dövr ərzində bu sahədə 35,4 milyon manatlıq məhsul istehsal edilmişdir ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 4,4 milyon manat çoxdur. Bu il rayon üzrə 17354 hektar sahədə taxıl biçini aparılmışdır. Havaların əlverışsiz keçməsinə baxmayaraq sahələrdən 29931 ton məhsul götürülmüşdür. İstər məhsul istehsalının artımında, istərsə də əkin sahələrinin ilbəil genişləndirilməsındə kənd təsərrüfatı məhsulları istehsalçılarına verilən dövlət yardımı əsaslı rol oynamışdır. Bu il rayon üzrə 5142 nəfərə 670,4 min manat yardım verilmişdir.

   Beşinci ildir ki, Şamaxıda "Aqrolizinq" ASC- nin rayon filialı fəaliyyət göstərir. Filialın fəaliyyəti fermer və fərdi sahibkarlıqla məşğul olan kənd təsərrüfatı işçilərinin tələblərinə cavab vermir. Filialın balansında həm kifayət qədər kənd təsərrüfatı texnikasının olmaması, həm də ondan səmərəli istifadə edilməməsi mövsümü işlərin aqrotexniki müddətdə və keyfiyyətlə aparılmasına maneçilik törədir.

   Ulu öndər Heydər Əliyevin rayona göstərdiyi böyük qayğı sayəsində keçən əsrin 70-80-ci illərində Şamaxı Azərbaycanın ən böyük üzümçülük rayonlarından birinə çevrilmişdi. Sonralar keçmiş SSRİ hökumətinin məlum qərarı və buna uyğun olaraq respublika rəhbərlərinin düşünülməmiş iqtisadi siyasəti nəticəsində üzümçülüyün məhv edilməsilə rayon iqtisadiyyatına ağır zərbə vurulmuşdur. İndi bu sahənin dirçəldilməsi istiqamətində ilk addımlar atılmağa başlanılmışdır. 2011-ci ilin doqquz ayı ərzində 32 hektar yeni üzümlük salınaraq bu gəlirli sahə 1157 hektara çatdırılmışdır.

   Taxılçılıq və üzümçülüklə yanaşı heyvandarlıq da rayon iqtisadiyyatında aparıcı sahələrdən birini təşkil edir. Bu ilin doqquz ayında rayonda iribuynuzlu mal- qaranın baş sayı 36190-a, xırdabuynuzlu heyvanların baş sayı 170741-ə, quşların sayı isə 208935-ə çatdırılmışdır ki, bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə xeyli çoxdur. Həmin dövrdə ət istehsalı 3554 ton, süd istehsalı 15279 ton, yun istehsalı 3,7 tonyumurta istehsalı 8,9 milyon ədəd artmışdır. Arı ailələrinin sayı 4625-ə çatdırılmışdır.

   Quruculuq işləri geniş miqyas alır

   Tarixi şəhər olan qədim Şamaxının abadlaşdırılması, xüsusilə bu zaman keçmiş arxitektura ənənələrindən geniş istifadə olunması bu gün şəhərə xüsusi yaraşıq verir. Bu baxımdan ilk növbədə bu yaxınlarda qurulmuş "Koroğlu" meydanı qeyd olunmalıdır. Burada milli memarlıq üslubunda əzəmətli qala divarları tikilmiş, yeni meydan salınmış və orada xalqımızın qəhrəmanlıq rəmzi olan Koroğlunun abidəsi qoyulmuşdur. Şamaxı-Göylər yolunun bir kilometrliyində Azərbaycanın əzəmətli bayrağı ucaldılmış, onun ətrafında ölkəmizin xəritəsi və gerbi hazırlanmış və ulu öndərimiz Heydər Əliyevin müdrik kəlamı yazılmışdır. Bundan əlavə Bəhyəddin Mirzəyev küçəsi milli arxitektura ənənələri əsasında yenidən qurulmuş, orada tamamilə orijinal formada, kitab şəkilində Şamaxının səkkiz şairinin büstü qoyulmuş və məşhur misraları yazılmışdır.

   Şəhərin su təchizatının yaxşılaşdırılması və kanalizasiya sisteminin yenidənqurulması ilə bağlı H.Əliyev, N.Nərimanov və S.Ə.Şirvani küçələrində su, kanalizasiya və qaz xətlərinin çəkilişi başa çatdırılmışdır. Bundan əlavə H.Əliyev, S.Ə.Şirvani, N.Nərimanov, B.Mirzəyev küçələrinə 90 min kvadratmetr asfalt-beton örtük vurulmuşdur. Vaxtilə olduqca bərbad vəziyyətdə olan B.Əzizov küçəsi tamamilə yenidən qurularaq asfaltlaşdırılmış və orada müasir işıqlandırma sistemi quraşdırılmışdır. Heydər Əliyev küçəsində hərəkət zolağı genişləndirilərək oradakı işıqlandırma sistemi yenisi ilə əvəz olunmuşdur. Şamaxı şəhərində xüsusi layihələr əsasında saatbulaq kompleksləri tikilib şamaxlıların istifadəsinə verilmişdir.

 

   (ardı gələn sayımızda)

Məzahir Əhmədoğlu

Azərbaycan Respublikasının Prezidenti yanında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi fondunun maliyyə yardımı ilə

Ədalət.-2011.-14 dekabr.- S.7.