Unutsaq, unudularıq

Belə getsə görkəmli Azərbaycan bəstəkarları və şairləri yaxın zamanlarda unudulacaqlar

XX-ci əsrin axırıncı onillikləri və yeni əsrin keçən dövründə dünya iqtisadiyyatında baş vermiş təkamül və yenin texnologiyaların tətbiqi ilə yaranmış informasiya bolluğunu, başqa sözlə, bunları ümumiləşdirərək çox dəbdə olan bir anlayışla - qloballaşma ilə izah etsək ona adekvat olaraq mədəniyyətdə də "islahatlar"ın yaranacağı gözlənilirdi. Bu belə də oldu. İncəsənətdə, onun müxtəlif sahələri olan musiqidə, rəssamlıqda, teatrda, xüsusilə kino sahəsində AvropaAmerika qitəsi ölkələrində elə dəyişikliklər baş verdi ki, onların fəlsəfəsini, dəyərlərini, məna, məzmun və forma üslubunu qavramaq üçün gərək "super kəllə" olasan.

   Bu "islahatları" aparan yeni nəslin nümayəndələrindən: modern, klassisizm, simvolizm, avanqard və nə bilim daha hansı cərəyanların ekspertlərindən soruşanda ki, sizin əsərlərinizi, ifalarınızı yaxşı başa düşmək üçün nə etməliyik, nəyi öyrənməliyik, onlar çox ötkəm cavab verirlər: "Bu sizlik deyil, indi əsrimiz sürət əsridir, kosmos əsridir, bizim əsərləri, ifalarımızı qavramaq üçün gərək şüurlarınız yeniləşə, bizimlə ayaqlaşasınız." Bərəkəllah belə qayğınıza, məsləhətinizə.

   Sözsüz ki, dünyada baş verən bu dəyişiklik və yeniliklər keçmiş Sovetlər ittifaqına daxil olan ölkələrə, o cümlədən bizim respublikaya da öz təsirini yetərincə göstərmişdir. Əlbəttə, mən keçən əsrin 60-80-ci illərində yaşayıb-yaratmış və hazırda da yaradıcılıqlarını davam etdirən ədiblərimizi, bəstəkarlarımızı, rəssamlarımızı, musiqi əsərlərinin ifaçılarının bu mövcud yeniliklərdən özlərinə müsbət keyfiyyətləri əxz edərək şəxsi yaradıcılıqlarının qayəsini indiqoruyub-saxlayan şəxslər olduğunun şahidiyəm. Onların dəyərli keyfiyyətlərindən biriodur ki, öz müəllimlərini, sənətə vəsiqə verən görkəmli ustadlarını heç vaxt unutmur, onlar haqqında öz fikirlərini, təəssüratlarını zaman-zaman ictimaiyyətə çatdırırlar.

   Məni təəssüfləndirən odur ki, bizim gələcəyimiz olan, xalqımızın, millətimizin keçmiş mənəvi dəyərlərini qoruyub gələcək əsrlərə ötürəcək müasir gənclərimizin böyük bir hissəsinin bu məsuliyyətli işə laqeyd münasibətləridir. Əlbəttə, burada mən ucdantutma bütün gənclərimizi nəzərdə tutmuram. Onların arasında xeyli sayda bilikli, zəkalı, öz üzərində daima çalışan, müasir texnologiyalara yaxşı bələd olmaqla dünya və Azərbaycan klassiklərini mütaliə edən, məhz yiyələndikləri bu bilik sayəsində ali məktəblərə test imtahanları verdikdə böyük müvəffəqiyyətlər qazanan oğlan və qızlarımızın olduğunu fəxrlə qeyd edirəm.

   Xalqımızın, millətimizin gələcəyi, onun iqtisadi və mədəni yüksəlişi məhz bu gənclərimizin ümidinə qalıb və inanıram ki, onlar bu missiyanı doğruldacaqlar. Ancaq məni və mənim kimi ağsaqqal şəxsləri üzən və kədərləndirən odur ki, yuxarıda qeyd etdiyim kimi gənclərimizin böyük bir hissəsinin mütaliədən kənar qalmaları, tariximizi, milli kökümüzü, mənəvi dəyərlərimizi unutmaqlarıdır. Bu çox ciddi məsələdə əlbəttə ki, təhsilin indiki səviyyəsi, tələbkarlığın zəif olması şübhəsiz ki, öz təsirini göstərir.

   İctimai fikrin və mədəni dəyərlərin yaradıcıları olmuş görkəmli şəxslərin həyat və yaradıcılıqlarını mütəmadi işıqlandırmaqda, onları geniş xalq kütləsinə, xüsusilə gənclərə çatdırmaqda kütləvi informasiya vasitələrinin rolu danılmazdır. KİV-in isə ən çevikgeniş yayıcısı televiziya kanalları olduğunu desək, yəqin ki, yanılmarıq.

   Təəssüflər olsun ki, mütaliəni, kitab oxumağı çoxdan yadırğamış müasir adamların, xüsusilə gənclərin informasiya aclığını məhz televiziya verilişləri alır. İndi görək bu televiziya verilişlərinin məzmunu və mahiyyəti nədən ibarətdir? Əlbəttə bu çox geniş bir mövzudur, həm də yaxşı bir tədqiqat sahəsidir.

   Ancaq artıq hamıya yaxşı bəllidir ki, bu televiziya kanallarının əksəriyyəti tamaşaçılarını reklam roliklərinə cəlb etmək xatirinə yüngül şoular və musiqi verilişləri ilə ekranları boş qoymurlar. Və həm də artıq dəb almış çoxseriyalı Latın Amerikası ölkələrinin, eləcə də hind, Türkiyə kinoşirkətlərinin istehsalı olan seriallar.

   Düzdür, arabir bu kanallarda elmi-kütləvi və tarixi araşdırmaları özündə əks etdirən və deyərdim ki, gənclərimiz üçün çox mühüm olan bəzi verilişlərə, görkəmli alim və mədəniyyət xadimlərinin çıxışlarına da rast gəlirik, ancaq bu verilişlər ümumi vaxt bölgüsündə çox az bir hissəni təşkil edir. Əksəriyyət verilişlər göstərdiyim kimi şou xarakterli, bədii dəyəri olmayan, insanların mənəvi aləminə qida verməyən verilişlərdir, təki bu uzunmüddətli reklam fasilələrində firma, şirkət, şadlıq evləri, özəl klinikalar, ayrı-ayrı ərzaq və malları tərifləyən roliklər fırlansın. Bundan ötrü iki misal, iki kanalı göstərmək yerinə düşərdi. "Atv" kanalında çərşənbə axşamı 22:00 "Səni axtarıram" verilişində aparıcı X.Hidayət qızı mövzu üzrə hər dəfə 8-10 dəqiqə söhbət apardıqdan sonra 12-15 dəqiqə müxtəlif reklam roliki ekranlarda yer alır. Sonra, "İctimai TV" kanalında həftənin 1-5 günləri göstərilən "Elenanın kabusu" serialı vaxtı hər 10 dəqiqə film göstərildikdən sonra 15 dəqiqə reklam verilir. Nə isə, bu həlli tapılmayan, müşkül bir məsələdir.

   Üzərində dayandığım məsələ televiziya kanallarında, ictimai xarakterli və bayramlar münasibətilə düzəldilən konsertlərdə sayı günbəgün artan müğənnilərin ifa etdikləri mahnıların müəlliflərinin elan olunmaması ilə əlaqədar münasibətimdir. Axı, ay gənc oğlan və qızlar, müğənniliyi özünə peşə seçmiş, bununla da özünün, ailəsinin maddi rifahını təmin edən şəxslər, ifa etdiyiniz bu mahnılar öz-özünə yaranmayıb, onları bəstələyən bəstəkarlar, musiqiyə məna verən şeir parçalarının müəllifləri-şairlər olub. Bəs siz onların adlarını niyə elan etmirsiniz? Bu çox ciddi məsələdir. Bunun həm mənəvi, həm də hüquqi cəhəti, yəni müəlliflik hüququnun pozulması kimi ciddi bir tərəfi var.

   Keçən əsrin ortalarında, sonra da 60-80-ci illərdə böyük Üzeyir bəy Hacıbəyovun yaratdığı peşəkar bəstəkarlıq məktəbinin yetirmələri olmuş Səid Rüstəmovun, Ağabacı Rzayevanın, Fikrət Əmirovun, Əşrəf Abbasovun, Cahangir Cahangirovun, Tofiq Quliyevin, Rauf Hacıyevin, Qənbər Hüseynlinin, Şəfiqə Axundovanın, Arif Məlikovun, Ələskər Süleymanovun, Hacı Xanməmmədovun, Vasif Adıgözəlovun, Nəriman Məmmədovun, Ramiz Mirişlinin, Emin Sabitoğlunun, Elza İbrahimovanın, İbrahim Topçubaşovun, Ələkbər Tağıyevin, Telman Hacıyevin, Oktay Kazımovun, Oktay Rəcəblinin, Eldar Mansurovun, Tahir Əkbərin və qoy məni bağışlasınlar, adını çəkmədiyim neçə-neçə bəstəkarların çox gözəl melodiyalı mahnıları o vaxtlarda, indi də və gələcəkdə də xalqımız tərəfindən böyük məhəbbətlə dinlənilib və dinləniləcək. Bu bəstəkarlarla birgə yaradıcılıq ünsiyyətində olub mahnılara böyük məna gətirən şeirlərin müəllifləri olmuş unudulmaz şairlərimiz Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Məmməd Rahim, Nigar Rəfibəyli, Mədinə Gülgün, Zeynal Xəlil, Nəbi Xəzri, İslam Səfərli, Adil Babayev, Əliağa Kürçaylı, Fikrət Qoca, Cabir Novruz, Nüsrət Kəsəmənli, Yusif Həsənbəy, Vahid Əziz, Baba Vəzir oğlu və yenə də üzr istəyirəm adını çəkmədiyim neçə-neçə şairlərimiz. Məgər bu gözəl şedevrlərin, gözəl sənət əsərlərinin müəlliflərini unutmaqmı olar? Əsla yox! Amma... reallıq budur ki, bəli artıq bu görkəmli bəstəkarlar və şairlər gənclərimizin əksəriyyəti tərəfindən unudulublar. Xalqımızın, mədəniyyətimizin bu görkəmli şəxslərinin unudulmamasının, zaman-zaman onların xatırlanmasını istəyiriksə, onda mütləq müğənnilərin bu mahnıları ifa etdikləri vaxt onun yaradıcıları olmuş bəstəkar və şair haqqında elan etmələri vacibdir. Ya müğənni özü, ya da aparıcılar tərəfindən hər bir ifa edilən mahnını bəstələyən bəstəkarın və sözlərin müəllifi olmuş şairin adları çəkilməlidir. Bu bir tərəfdən geniş tamaşaçı auditoriyasının, deməli gənclərimizin, digər tərəfdən də bu mahnıları ifa edən müğənnilərin özlərinin oxuduqları mahnının müəlliflərini tanımaqda əvəzsiz bir vasitə olardı.

   İnanırsınız ki, hazırda bu gənc müğənnilərin əksəriyyəti ifa etdikləri mahnıların müəlliflərinin kim olduqlarını bilmirlər. Bunu elə televiziya verilişləri zamanı münsiflər heyətinin müğənnilərə verdikləri suallar zamanı şahidi olmuşuq. Bu qəti yolverilməzdir. Bu bir tərəfdən o görkəmli bəstəkar və şairlərimizin xatirələrinin, çəkdikləri zəhmətin unudulması, o biri tərəfdən isə onların müəlliflik hüquqlarının kobud sürətdə pozulması deməkdir.

   Bu yaxınlarda unudulmaz bəstəkarımız, heyif ki, sağlığında əməyi qiymətləndirilməyən Ələkbər Tağıyevin vəfatının 30 illiyi münasibətilə ANS kanalında çox dəyərli bir verilişə baxarkən bəstəkarın oğlu Xalıq Tağıyevin mühüm bir açıqlaması məni məmnun etdi. Atasının çox geniş yayılmış mahnılarının bir çox görkəmli xarici müğənnilər tərəfindən özününkiləşdirilməsini, mahnıları ifa edərkən onu bəstələyən bəstəkarın adının çəkilməməsi X.Tağıyevin hiddətinə səbəb olmuşdur. Hüquq mütəxəssisi olan X.Tağıyev Türkiyəyə getmiş, burada mərhum atasının mahnılarını öz repertuarına salmış görkəmli ifaçılarla məhkəmə çəkişməsində tam qələbə çalmışdır. Hazırda bu mahnıları ifa edən müğənnilər həm bəstəkarın adını elan edirqanunçuluqda nəzərdə tutulan qonorar mərhum bəstəkarın ailəsinə göndərilir. Mərhum bəstəkar Ə.Tağıyevin oğlunun atasının müəlliflik hüququnun qorunması üzrə atdığı bu addım məncə adlarını yuxarıda çəkdiyim bəstəkar və şairlərin ailə üzvləri üçün də örnək olardı.

   Yuxarıda göstərdiyim ciddi iradları həm də xalqımızın sevimli və unudulmaz xanəndələrinin bəstələdiyi, hazırda xalq mahnıları kimi müğənnilərimiz tərəfindən geninə-boluna televiziya kanallarında, konsertlərdə, toy məclislərində ifa etdikləri mahnılar haqqında da demək lazımdır. Məlumdur ki, Cabbar Qaryağdı oğlu, Xan Şuşinski, Hacıbaba Hüseynov, Qulu Əskərov, Əlibaba Məmmədov, Zeynəb Xanlarova, Arif Babayev, Məmmədbağır Bağırzadə, eləcədə istedadlı bəstəçi Bəhram Nəsibov və qoy məni bağışlasınlar, digər adını çəkmədiyim xalq bəstəçiləri neçə-neçə gözəl mahnılar bəstələyiblər. Bax bu şəxslərin də adları çəkilmir. Elə təsəvvür yaranır ki, bu mahnılar özü-özlüyündə, elə xalq tərəfindən yaranıb. Bu əlbəttə belə deyil, hər bir mahnı onu yaradan şəxsin istedadının, ilhamının məhsuludur və onun bu əməyi özgəsi tərəfindən mənimsənilməməlidir. Hətta bəzən elə də olur ki, müğənnilər bu mahnıların melodiyasına yazılmış sözləri təhrif edilib dinləyicilərdə çaşqınlıq yaradırlar. Məsələn, xanəndə-bəstəçi Qulu Əskərovun çox məhşur olan "Dolanaram başına" mahnısını gənc müğənnilər ifa edərkən müəllifin şeirdəki "Sev ki, sevən mərd olar", ifadəsini "Sevgi sevən mərd olar", kimi oxuyurlar. Necə yəni "Sevgi sevən mərd olar", "Sevgi sevmək" nə deməkdir? Bəzi müğənnilər isə daha irəli gedib ifa etdikləri mahnının sözlərini tam dəyişib öz istədikləri şeir parçaları ilə əvəz edirlər. Fikrimi bir faktla aydınlaşdırmaq istəyirəm. Keçən əsrin 50-70-ci illərində fəaliyyət göstərmiş aşıq Bəylər Qədirov öz kəndini vəsf edən gözəl bir aşıq mahnısı bəstələmişdir - "Kəndimiz". Sözləri də şübəsiz ona məxsusdur. Bu mahnının melodiyası o qədər ürəyəyatımlı, sözləri o qədər səmimi, ürəkdən gələn duyğulardır ki, insan istər - istəməz onu yadına həkk edir və ovqatı xoş olanda mahnını züzümə edir. Onu da deyim ki, bu mahnı müəllifin ifasında Azərbaycan TeleviziyaRadio verilişləri ASC - nin qızıl fondunda saxlanılır. Bu mahnı onlarla aşıq və müəlliflər tərəfindən ifa olunur və təəssüf ki, heç vaxt onun müəllifinin adı çəkilmir. Axır vaxtlarda öz repertuarının baş mahnısı kimi aşıq B.Qədirovun "Kəndimiz" mahnısı melodiyası ilə tez-tez televiziya kanallarında çıxış edən aşıq Telli xanım isə bir az da uzağa gedərək mahnının sözlərini dəyişib xalq şairi Zəlimxan Yaqubun "Gözəl dünya gözəllərin var olsun" rədifli şeiri ilə əvəzləyib. Əlbəttə, elə bilirəm ki, Azərbaycan Aşıqlar Birliyinin sədri Zəlimxan müəllim özü belə "islahata" yol verməz, görkəmli aşıq Bəylər Qədirovun bəstələdiyi melodiyanın sözünün öz şeiri ilə dəyişdirilməsinə razılıq verməz.

   İndi də qayıdaq mətləbə. Xalqımızın görkəmli bəstəkarlarının və şairlərinin birgə yaratdıqları əsərlərinin gələcək aqibətinə. Mən tam əminəm ki, mənim bu yazıda qoyduğum məsələ minlərlə ziyalıların, ağsaqqal və ağbirçək insanların ürəyindən gələn bir fikirdir. Həqiqətən olmaz belə münasibət, belə unutqanlıq. Bu gözəl mahnıları indi televiziya kanallarında, konsertlərdə, el şənliklərində, toy-büsatda oxuyan müğənnilər yaxşı bilməlidirlər ki, əgər onlar ifa etdikləri mahnıların müəlliflərinin adlarını bilməsələr və ya bilirlərsə onu elan edib camaata çatdırmırlarsa, böyük qəbahətə yol verirlər. Onu bilin ki, bu unutqanlıq yaxın gələcəkdə sizin üçün də acınacaqlı olacaq, heç 10-15 il keçməyəcək ki, sizin adlarınız gələcək gənclərin xatirində qalmayacaq. Odur ki, bu müdrik kəlamı yadda saxlayın - unutsaq, unudularıq.

   Bu qoyulan məsələnin məncə çıxış yolu vardır. Məlumunuzdur ki, sovetlər dövründə televiziyaradio kanalına buraxılan hər bir mahnı ciddi ekspertizadan-yəni yaradılmış dövlət komissiyası tərəfindən yoxlanılıb müsbət rəy verildikdən sonra efirə buraxılırdı. Düzdür, indi dövlət senzurası ləğv edilib, söz azadlığı, mətbuat azadlığı mövcuddur. Lakin bununla belə biz onunla razı ola bilmərik ki, xalqımızın görkəmli mədəniyyət xadimləri unudulsunlar, gələcək nəslə onların haqqında məlumatlar çatdırılmasın, yaratdıqları əsərlər xalq mahnılarına çevrilib müəlliflərinin adı çəkilməsin.

   Odur ki, yaxşı olardı Azərbaycan Respublikası Prezident Aparatının, AR Nazirlər Kabinetinin hümanitar məsələlərə baxan şöbələrin və AR Milli Məclisinin Mədəniyyət Komitəsinin dəstəyi ilə AR Mədəniyyət və Turizm nazirliyi, Azərbaycan Bəstəkarlar İttifaqı, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Aşıqlar Birliyi, Müəlliflik hüquqları Dövlət agentliyi, Milli Televiziya və Radio verilişləri Yayım Şurası və respublikada fəaliyyət göstərən bütün televiziya və radio kanallarının rəhbərlərinin birgə toplantısı keçirilib televiziya, radio kanallarında, dövlət tədbirləri vaxtı, fərdi təşkil edilən konsertlərdə ifa edilən hər bir mahnı və musiqi əsərinin ifa edilməsindən qabaq müəlliflərin adlarının elan olunmasının zəruriliyi barədə yekdil qənaətə gəlib onun yerinə yetirilməsinə ciddi nəzarətin təşkilinə rəvac versinlər. Bax, belə olan halda həm indiki nəsil, həm də gələcək gənclərimiz Azərbaycan xalqının görkəmli bəstəkarları və şairlərini unutmaz, xatirələrində daima yaşadarlar.

 

Akif Muxtarov

Ədalət.-2011.-14 dekabr.-S.7.