AZƏRBAYCANIMIZIN XUDU MÜƏLLİMİ

 

Özümlə, özgəylə yaxşı başarram,

   Arzumun ardınca illər aşaram.

   Məni altmışımla təbrik edən dost,

   Qoysalar doğsan da, yüz də yaşaram.

 

   Eşqinə borcludur analar bizi,

   Onlara an verib, an alar bizi.

   Gəlin unutmayaq biz bu anları

   Bəlkə insan kimi analar bizi.

 

   Xudu Məmmədov

    Həyatda ikən haqqında əfsanələr söylənən, dünyasını dəyişdikdən sonra belə bu əfsanələrin ardı arası kəsilməyən, dostlarının "Sirr-i Xuda" adlandırdıqları, yalnız tələbələrinin deyil, bütün Azərbaycanın "Xudu müəllim"i olan rəhmətlik müəllimim Xudu Məmmədovu doğumunun səksən dördüncü ildönümündə həsrətlə anır və axtarırıq. 23 il öncə, öz sözü ilə desək, "sevənlərinin dünyasına gözlənilmədən gəldiyi kimi, gözlənilmədən də getdi". O zamandan bu yana Xudu müəllim haqqında Azərbaycanda çox yazılar: şeirlər, xatirələr, kitablar yazılmış. Bundan sonra da yazılacaq. Amma, hesab edirəm ki, onu ən yaxşı şəkildə anladacaq, öz yazısıdır. Müəllimi Heydər Əfəndiyev haqqında yazdığı "Müəllim və Müəllimlik" məqaləsini oxuduqca gözlərim önündə Xudu müəllimin nurlu siması canlanır, qulaqlarımda şirin ləhcəsi səslənir:

 

   "Sən önümdə donursan.

   Mən də yoxam,

   Sən də yox!

   Başqa simdə çalmalısan

   Mənim köhnə havamı.

   Sən mənim sənə

   Yox!

   Fikrimin,

   əqidəmin

   davamı!"

 

   Müəllimi haqqında yazdığı fikirləri oxuduqca, gerçəkdən müəlliminin fikrinin, əqidəsinin davamı olduğunu görürəm:

   "Qibtə olunmayan dirilik kimi, qibtə olunmayan fiziki yoxluq da vardır dünyada... Özü görünmədən dünyamızı belə işıqlandıran yaxşılar haqqında danışarkən insan daha da yaxşılaşır, mehribanlaşır, yadlar üçün belə darıxa bilir ..."

   Görəsən, biz tələbələri də onun fikirlərinin, əqidəsinin davamı ola bilirikmiə

   Xudu Məmmədov 14 dekabr 1927-ci ildə indi işğal altında olan Qarabağın Mərzili kəndində dünyaya göz açdı. 1988-ci ilin 15 oktyabrında Qarabağ həsrəti ilə gözlərini əbədi olaraq yumdu. Yaxşı ki, gözlərini yumdu, 1990-cı ilin 20 yanvarındaki vəhşəti, dünyaya göz açdığı Mərzili kəndinin yandırıldığını, Qarabağın düşman tapdağı altında qaldığını görmədi. Bəlkə də Yavuz Bülənt Bakilərin "Qarabağ Həsrəti" şeirini öz türkçəmizə uyarladığı zaman olacaqları sezmişdi:

   "İndi uzaqlarda bir ölkə vardır,

   Camiləri yıxılmış, minarələri yarım.

   Bu ölkənin qüssəsini mən çəkərəm illərdir,  

   Həsrətini mən duyaram...

  

   İndi çox uzaqlarda bir ölkə vardır,

   Sızıldadır ürəyimi illərdən bəri.

   Vətən olmasına, vətəndir, amma,

   Vətən xəritəmdə yox yeri.

  

   Gedib görmədiyim o uzaq torpaqlara

   Dəliqanlı könlümün hərarətin verdim.

   Bir gələn olsaydı Qarabağımdan

   Gedər, ayaqlarına gözlərimi sürtərdim.

  

  

  

   Bir gün bitərsə hər şey Qarabağı görmədən

   İstəməm musiqi, böyük çələnglər.

   Üstümə bir ovuç təmiz, müqəddəs

   Qarabağ torpağı səpilsə yetər."

  

   Elm adamı, sənət adamı, millətpərvər, vətənsevər insan Xudu Məmmədov 1951-ci ildə Azərbaycan Dövlət Universiteti geologiya fakültəsindən məzun olduqdan sonra SSRİ Elmlər Akademiyası Kristallografiya institutunda aspiranturaya başlayır. Elmi rəhbəri, ünlü kristallograf Nikolay Belov gənc Xudu Məmmədova sement mineralları olan ksonatlit və vollastonit minerallarının qruluşlarını araştırmağı tövsiyə edir. Sement silikatlarının əsasını təşkil edən ksanotlit və vollastonitin quruluşlarının çözülməsi o zaman üçün çox böyük elmi nailiyyət və elm dünyasında sensassiya idi. Uzun zaman bu problem üzərində çalışan ünlü alim və ictimai xadim, ingilis kristallografı Con Bernal Dünya Sülh Kongressində iştirak etmək üçün Moskvaya gəldiyi zaman gənc Xudu Məmmədovun elmi nəticələri ilə tanış olduğunda heyrətini gizlədə bilməmiş, Avropadakı bir çox kristallografın çözümündə başarısızlığa uğradığı bir problemin həllini tapdığı üçün gənç alimi təbrik etmiş və Londona dəvət etmişdi.

   Dissertasiyasını müdafiə etdikdən sonra Moskvada qalma təkliflərini rədd edən Xudu Məmmədov Bakıya dönmüş və Azərbaycan Elmlər Akademiyası Kimya İnstitutunda Quruluş Kimyası laboratoriyasını quraraq Azərbaycanda krisrallografiya çalışmalarının əsasını qoymuşdur. Sovetlər Birliyində kristallografların Bakı məktəbi və ya Xudu məktəbi kimi tanınan məktəbin mənsubu olmaqdan bir çox tələbəsi kimi mən də qürur duymaqdayam.

  

   Mən Xudu müəllimi ilk dəfə 1971-ci ilin mart ayında görmüşdüm. Doqquzuncu sinifdə ikən Azərbaycan şagirdlərinin Bakıdə keçirilən kimya olimpiadasında iştirak edirdim. Gənc kimyasevərlərlə alimlərin görüşündə bir çox elm adamı danışdı, - hamısını unutmuşam, - amma Xudu müəllimin danışması heç zaman xatırımdan çıxmamışdır. Sadə danışıq tərzi, şirin ləhcəsi, səlis ifadələri, gənçlərə müraciətində mehribanlığı, səmimiliyi ona qarşı qəlbimdə xoş duyğular oyandırmışdı. Özəlliklə, O"nun kristalların quruluşları ilə əski abidələrin üzərlərindəki naxışları müqayisə edərək onlarda bənzərliyin və hatta eyniliyin olmasını göstərməsi məni heyrətə düşürmüşdü. İkinci kərə onu Bakıdan döndükdən sonra televiziyada gördüm və həmən tanıdım. O, böyük müğənni və opera ustası Bülbül haqqındakı verilişdə Bülbülü anlatırdı. Kimyaçı və Bülbül. O zaman mənə qərib görünsə də, Xudu müəllimi elmlə sənət arasına sərhəd çəkməyən, əksinə, bunları "qoşa qanad" adlandıran bir alim kimi daha yaxından tanıdıqdan sonra belə birlikdəliklərin çox şahidi oldum. Universitetdə onun tələbəsi olmağı arzulasam da, bu arzunun gerçəkləşəcəyi ağlımdan belə keçmirdi, çünki O, universitetdə çalışmırdı. Universitetin birinci kursunda Kristal Kimyası dərsini verən müəllimimiz (Xudu müəllimin tələbəsi Məmməd Çıraglı), deyəsən, atası vəfat etdiyindən bir müddət olmadı və onun yerinə professor Xudu Məmmədovun gəldiyini eşitdikdə çox sevinmişdim (Görəsən, indi tələbəsinin yerinə dərsə girən müəllim varmıdır?!). Mən o dərsi heç unuda bilmirəm və unuda bilməyəcəyəm də. Çünki bu dərsdə mənim Kimya və Vətən haqqındakı təsəvvürlərim alt-üst oldu. O gündən etibarən Kimya və Vətən qavramları mənim üçün ayrı məna verməyə başladı. Onun saat yarımlıq dərsi məni bir ömür irəliyə atdı. Ən maraqlısı o idi ki, Xudu müəllim o vaxta qədər gördüyüm müəllimlər kimi mənə kimyanın kəşflərindən, inkişafından, nailiyyətlərindən bəhs etmirdi, əksinə kimyanın önündə duran probləmlərdən, kimyaçıların qarşılaşdıqları çətinliklərdən danışırdı. O, bizləri vətəndaş olmağa çağırırdı, əsil vətəndaş olmağa. Onun, - "Elmin sənin xalqına nə dərəcədə xeyir vərəcəyini bilmirsənsa, bu elmdən xalqın üçün istifadə edə bilmirsənsə, sənin öyrəndiyin elm kimsəyə gərək deyil... Biz elmimizi dilimiz və musiqimiz səviyyəsinə yüksəltməliyik. Dilimiz və musiqimiz bizə nə qədər yaxın və əziz isə, elmimizi də xalq üçün o qədər yaxın və əziz etməliyik... Elmin vətəni yoxtur, amma alimin vətəni vardır," - sözləri hələ də qulaqlarımda səslənir.

   Universitet tələbəsi ikən Xudu Məmmədovun Elmlər Akademiyasındakı laboratoriyasında elmi tədqiqatlara başlamamı, məzun olduqdan sonra onun aspirantı olmamı və Onun rəhbərlik etdiyi Quruluş Kimyası Laboratoriyasında çalışmağa davam etməmi Tanrının mənə bir lütfü olaraq görürəm. Xudu müəllimin sənət eşqi aspirantura illərində bizi də sehrləmişdi. Kimyadan dissertasiya çalışması ilə paralel sənətlə ilgili tədqiqatlar aparırdıq. Sintezlədiyimiz yeni kristalların quruluşları açıldığı zaman sevindiyimiz qədər, qaynaqlarda rast gəldiyimiz qədim Türk naxışlarına, indi Xudu müəllimin layiqli davamçısı olan, İmaməddin Əmiraslanovun da o zaman yaratdığı yeni naxışlara uşaq kimi sevinirdik. 1981-ci ildə "Naxışların Yaddaşı" kitabı belə bir bir şəraitdə meydana çıxdı.

   Türk görsəl sənətinin bugünkü durumunu gözdən geçirirkən sənətşünaslarımızın öncəliklə incələmələri gərəkən sualların hələ də aşağıdakılar olduğunu görürük: Türk sənətinin yayılma sahələri haralardır? Türk sənətinin inkişaf xüsusiyyətləri necədir? Türk sənətində quruluş prinsiplərini müəyyən etmək mümkündürmüə Müəyyən prinsiplər varsa, onların yardımıyla qədim formalara uyğun yeni formalar yaradmaq mümkündürmü? Bu kimi sualları Azərbaycanda ilk dəfə gündəmə gətirən Xudu müəllim olmuşdur. Onun söylədiyi kimi, təəssüf ki, hələ də sənətşünaslar Türk sənətini dağınık bir şəkildə ayrı-ayrı sənətlərə (sibir sənəti, skif sənətı, hun sənəti, köçəri sənəti, islam sənəti, səlçuqlu sənəti, mongol sənəti, iran sənəti və s.) bölərək incələməkdədirlər. Halbuki, türklərin özgün danışıq dili olduğu kimi, öznə məxsus sənət dili də vardır. Bu dilin qayda və qanunlarını, başqa sözlə, qrammatikasını müəyyə etməklə həm qədim sənətimizi anlaya bilərik, həm də sənətimizin daxili qanunlarıyla inkişafına nail ola bilərik. Çin səddindən Avropayadək geniş bir ərazidə min illərdir var olan sənət, onu yaradan və yaşadan millətin danışdığı dil kimi birdir. Onu, Azərbaycan sənəti, özbək sənəti, qazax sənəti, qırğız sənəti, uyğur sənəti, türkmən sənəti, osmanlı sənəti və s. adlara bölərək öyrənmək doğru deyildir. Saydığımız "sənətlərin" hamısına məxsus qrammatik qayda və qanunlar müəyyən edilərək, Türk sənəti zaman və məkan içində bütün olaraq ələ alınmalı, öyrənilməlidir. "Naxışların Yaddaşı" kitabında Türk naxış sənəti ələ alınaraq buna cəhd edilmişdir. Bu məsələlər keçən ərsin 80-ci illərinin ikinci yarısında Azərbaycan İnşaat Mühəndisləri Universitetinin Memarlıq Fakültəsində, Xudu müəllimin rəhbərliyində periodik düzənlənən sənət seminarlarında sıx-sıx müzakirə edilmiş, geniş zaman və məkan dilimində Türk sənətinin öznəməxsus qrammatik qayda və qanunlarının fəaliyyət göstərdiyi görsəl sənət sistəmi aşkar edilməyə çalışılmışdır. Xudu müəllim və tələbələri çeşidli sənət materiallarını və onların əsasında ənənəvi sənət formalarının yaradılmasında lazım olan qayda və qanunları incələyərək Türk görsəl sənət nəzəriyyəsi üzərində çalışmışdılar. Aranan nəzəriyyə vasitəsi ilə sənət əsərinin Türk sənət ənənəsinə mənsub olub-olmadığını müəyyən etməyə qeyrət göstərmişdilər. Bu nəzəriyyə, təsvir elementlərinin seçilməsi, yerləşdirilməsi, qruplaşması, iyeyarxiyası və onlardan sistem təşkili zamanı forma əmələ gətirmə prinsiplərinin terminlərlə ifadəsindən ibarətdir. Ən qədim zamanlardan günümüzə qədər Türk görsəl sistemində eyni quruluş metodlarının üstünlük təşkil etdiyini görürük. Bu quruluş metodları xalq sənətlərindən memarlığa qədər fərqli sənət əsərlərində, xalçaların simvolik quruluşunda, miniyatürlərin təsvir quruluşlarında, memarlıq abidələrinin həcmi quruluşunda təməl olaraq istifadə edilməkdədir. Bu metodları bilməklə öz sənət materiallarımızı tanımaq və sistemləşdirməklə birlikdə onların yardımıyla çağdaş və gələcək sənətimizi ənənəvi yoluna yerləşdirərək, keçmiş sənət mirasımızın davamı kimi inkişaf etdirə bilərik. Türk görsəl sisteminin forma yaratma prinsipləri memarlıq dərslərində tətbiq edilərək sınanmışdır. Bu məqsədlə Azərbaycan İnşaat Mühəndisləri Universiteti Memarlıq Fakültəsində Xudu Müəllimin tövsiyəsi ilə fakültənin müəllimi Siyavuş Dadaşov bu mövzuda yeni bir dərs açmışdı. Bu dərs daha yuxarı siniflərdə Türk Dünyasının sənət və memarlıq məktəblərində kompozisiya və lahiyələndirmə təhsilinin təməli və ilk pilləsi olaraq təşkil edilmişdi. Bu dərslərdə tələbələrə Türk görsəl sənətinin qrammatikası öyrədilərək, onun əsasında yeni sənət formaları yaratmaq tapşırıqları verilirdi. Keçən əsrin sonlarında Bakıda bir qrup gənc rəssam "Xudu Sənət Mərkəzi"ndə birləşərək söylənilən prinsiplərə uyan sənət əsərləri yaradırdılar.

   Tabii ki, hələlik Türk görsəl sənət nəzəriyyəsinin tapıldığını söyləmək erkəndir. Lakin belə bir nəzəriyyə Türk mədəniyyət nəzəriyyəsinin bir çox önəmli məsələlərini anlamağa yardım edəcəyini düşünürəm. Sonrakı mərhələdə daha universal forma yaratma prinsipləri aşkar edilərək, bunların Türk dili, Türk ədəbiyyatı və Türk musiqisində istifadə ediləcəyinə inanıram.

   "Ziyalı olmanın tələb etdiyi hər çabayı göstərə bilən, hər mübarizəyə girə bilən, hər fədakarlığa qatlana bilən və bu vəsfləri ilə hər ziyalının təqdirini və hörmətini qazanmış gerçək bir elm adamı da olan" (Prof. Dr. Turan Yazgan) Xudu müəllim haqındaki bu yazımı öz bayatıları ilə sonlandırıram:

  

   Bu qala bizim qala,

   Qaldıqça bizim qala.

   Qurmadım özüm qalam,

   Qurdum ki, izim qala.

    

   El arxadı, güvən, gəz.

   Dağda bitər güvəngəz.

   Nə dövlətə bel bağla,

   Nə fələyə güvən, gəz.

  

   Qəlbim sənə əsirdi,

   Hikmətinə qəsirdi.

   Səninlə də sənsizəm

   Bu nə hikmət, nə sirdi?

  

   Xəyalım daşdı, neynim,

   Sədləri aşdı, neynim,

   Düyünlər açan fikrim

   Səndə dolaşdı, neynim.

  

   Göydə ulduz sayılmaz,

   Çiy yumurta soyulmaz.

   Bütün dünya ayıldı,

   Nədən Türklər ayılmaz?

 

Hacali Nəcəfoğlu

Ədalət.-2011.-14 dekabr.-S.5.