BÖYÜK ALİM, İNCƏ
QƏLBLİ PUBLİSİST
Bəziləri xalqın böyüklüyünü onun say çoxluğu, ərazi genişliyi ilə əlaqələndirir. Amma yanlış fikirdir. Xalqın böyüklüyü onun dünya mədəniyyəti xəzinəsinə verdiyi incilərlə, görkəmli şəxsiyyətləri - şairləri, elm xadimləri, dünya şöhrətli ailmləri ilə ölçülür! Bu mənada xalqımızın öyünməyə haqqı var. İstər dünən, istər bu gün. Bu gün biz fəxrlə deyə bilərik ki, elmin hər bir sahəsində dünya şöhrətli alimlərimiz, elm xadimlərimiz Azərbaycan elmini dünyanın ən inkişaf etmiş ölkələrində yüksək səviyyədə təmsil etmişlər.
Mənalı bir ömür
yaşamış, dünya şöhrətli alim,
böyük ziyalı və gözəl insan Şəfaət
Mehdiyev də belə bir insan olmuşdu. Geniş
dünyagörüşünə, ensiklopedik
biliyə malik olan alim şəxsi keyfiyyətlərində bir çox yüksək məziyyətləri
özündə birləşdirə bilmişdi.
XX əsr Azərbaycan elminin, təhsilinin,
mədəniyyətinin inkişafında silinməz iz qoyan
akademik Şəfaət Mehdiyev çox erkən
yaşlarından zəhmətə, elmə bağlı olub. Dünyaya göz açan günü,
dünyasını dəyişən bu böyük insanın, istedadlı alimin həyat yoluna nəzər
salsaq yetərincə maraqlı və mənalı
faktlarla rastlaşa bilərik.
Şəfaət Mehdiyev 1910-cu il dekabrın 15-də Cənubi Azərbaycanın Sərab qəzasının Şalqun kəndində Fərhad kişinin ailəsində dünyaya göz açmışdı. Əslən Cənubi Azərbaycanın Kəleybər bölgəsinin Dəmirçi kəndindən olduğum üçün bu həmyerlim haqqında söz deməkdən şərəf duyuram. Dörd yaşında atasını itirdikdən sonra ailəsi ilə Bakıya köçmüşdü. Uşaqlıq və gənclik illəri Bakının Sabunçu qəsəbəsində keçmiş. O burada yeni üsullu məktəbi bitirmiş və 1930-cu ildə Azərbaycan Neft və Kimya İnstitutunun geoloji-kəşfiyyat fakültəsinə daxil olur. Çalışqanlığı və çevikliyi ilə tez bir zamanda tələbə yoldaşlarının və müəllimlərinin diqqətini çəlb edir. Hələ tələbə ikən professor P.P.Suşinskinin "Kristalloqrafiya kursu" adlı kitabını rus dilindən Azərbaycan dilinə tərcümə edir və 1932-ci ildə nəşr olunur. Onu da qeyd edək ki, həmin kitabdan uzun illər ölkəmizdə institutların Azərbaycan bölməsində dərslik kimi istifadə edilib.
Bu tərcümədən sonra
Ş.Mehdiyev elmi-tədqiqat işlərinə daha çox
maraq göstərir. 1934-cü ildə institutu
əla qiymətlərlə başa vuraraq neft və qaz yataqlarının kəşfiyyatı
üzrə dağ mühəndisi
ixtisasına yiyələnir.
Bildiyimiz kimi həmin illərdə Azərbaycanda milli mütəxəssislərin sayı çoz az idi. Bununla əlaqədar Şəfaət Mehdiyev oxuduğu institutda və Azərbaycan Pedaqoji İnstitutunda kiristalloqrafiya fənnindən Azərbaycan bölməsində dərs deyib. Bununla yanaşı həmin illərdə 1932-1936-cı illərdə Şəfaət Mehdiyev Sənaye İnstitutunun "Neft kadrları uğrunda" çoxtirajlı, daha sonra isə "Gənc işçi", "Azərbaycan idmançısı" və "Qala neftçisi" qəzetlərinin redaktoru işləmişdi.
Yorulmaq bilməyən, daima calışan Ş.Mehdiyev
elmin daha dərin
qatlarına yiyələnmək, geologiya
elmində yeni uğurlar,
axtarışlar əldə etmək arzusu
ilə istehsalatda işə
başlayır. 1937-1938-ci illərdə Neftçala
neft mədənində geoloq
kimi çalışarkən yenə də
əməksevərliyi və
çalışqanlığı ilə çoxlarına
nümunə olur. Odur
ki, tezliklə Ş.Mehdiyevi
Azərbaycan Elmi-Tədiqat Neftçıxarma İnstitutunda
baş geoloq kimi işə götürürlər. O burada aspiranturaya daxil olmaqla yanaşı direktor müavini vəzifəsinə
kimi yüksəlir. 1939-1941-cı illərdə
Şəfaət müəllim Azərbaycan Geoloji
Fondunun və Abşeron
geoloji partiyasının rəisi vəzifələrində
çalışır.
Böyük Vətən müharibəsi başlanarkən Ş.Mehdiyev də orduya çağrılır. O müharibədə Qara dəniz qrupunda, Zaqafqaziya və IV Ukrayna cəbhələrində zabit kimi igidliklə vuruşur. 1944-cü ildə Şəfaət Mehdiyev neft və qaz sahəsində tanınmış və bacarıqlı mütəxəssis olduğu üçün geri çağrılır və Azərbaycan Elmlər Akademiyası Geologiya İnstitutunda elmi fəaliyyətə başlayır.
Beləliklə,
gələçək alim geologiya sahəsi üzrə bir-birinin
ardınca uğurlar, nailiyyətlər əldə
edərək Azərbaycan elminin daha dərin qatlarına baş
vurur. Tez bir zamanda 1945-ci ildə
"Abşeron yarımadası neft yataqlarının geotermikası" mövzusunda namizədlik işini
müdafiə edir. Bu uğurla razılaşmayan gənc alim cəmi beş il sonra 1950-ci ildə
"Lənkəran rayonunun geoloji quruluşu və neftlilik prespektivliyi" mövzusunda doktorluq
dissertasiyasını müdafiə etmişdi.
Görkəmli alim
ömrünün yarım əsrdən çoxunu Azərbaycan
elminin inkişafına həsr etmiş, neft və qaz sahəsində
apardığı çoxşaxəli elmi-tədiqat əsərləri
ilə onu daha da zənginləşdirmişdi. Bu təqdirə
layiq əsərlərin əhəmiyyəti
ondan ibarətdir ki,
illər kecməsinə baxmayaraq orada irəli sürülən elmi
fikirlər öz
aktuallığını itirməyib. Əksinə tədqiqatların
nəticələri göstərir ki, Cənubi
Xəzər çökəkliyində 5-10 kilometr
dərinliklərdəki çökmə suxurlar sənaye əhəmiyyətli neft və qaz
yığımlarının əmələ gəlməsi üçün özünəməxsus struktur-tektonik, litoloji-fasial
və termodinamik şəraitlərə malikdir. Ş.Mehdiyev daha sonra bildirirdi
ki, böyük dərinliklərdəki
laylarda xeyli miqdarda nəinki qaz, həm
də neft yığımları toplana bilər. Ona görə
də alim təcrübələrinə əsaslanaraq
həddən böyük dərinliyə gömülmüş çökmə suxurlar kompleksində sənaye əhəmiyyətli
neft-qaz yataqlarının
axtarışına və kəşfiyyatına ciddi fikir verirdi.
Onun bu mövzuda
1984-cü ildə Moskvada Beynəlxalq Geoloji Konqresin XXVII
sessiyasında "Cənubi Xəzərdə dərinliyə gömülmüş neft-qaz
yataqlarının ilkin geoloji
şəraiti" mövzusunda etdiyi məruzə dünya
alimlərinin diqqətinə və marağına səbəb
olmuşdu. Akademik
Ş. Mehdiyev yalnız Moskvada
deyil, dünyanın bir
çox inkişaf etmiş ölkələrində, o cümlədən ABŞ, Almaniya,
Kanada, Fransa, Cexoslavakiya, Türkiyə və digər
ölkələrdə Azərbaycan elmini
yüksək səviyyədə təmsil etmişdi.
Bu mövzuda onlarla elmi məqalələri,
çıxışları xarici mətbuat
səhifələrində çap edilib. Alimin elmi monoqrafiyaları, dərslik və dərs vəsaitləri
mütəxəssislər, tələbələr tərəfindən
həmişə böyük maraqla qarşılanmış.
Uzaqgörən alim "Gələcək
nəsillər naminə" adlı məqaləsində gəncləri
təbii sərvətləri qorumağa, ondan səmərəli
istifadə etməyə cağırırdı: "XXI əsrin
axırlarında Yer kürəsində müəyyən təbii
sərvətlərə olan tələbatı təmin etmək
son dərəcə çətin, bəlkə də həlli
"mümkün olmayan" bir problemə çevriləcəkdir.
Buna görə də təbii sərvətlərdən
səmərəli istifadə etmək və bu
problemi qlobal miqyasda ümumbəşəri səviyyədə
həll etmək ciddi məsələdir".
Aradan uzun illər kecməsinə baxmayaraq alimin bu fikirləri bu gün də aktualdır. Unutmayaq ki, təbiətin nemətlərindən bol-bol istifadə etdiyimiz kimi, bu nemətləri qorumağın və artırmağın da qayğısına qalmalı, gələcəyi, yeni nəsillərin səadətini də düşünməliyik.
Təbiiətə
onun sərvətlərinə daima qayğı ilə yanaşan
alim ölkəmizin geologiyasına həsr
olunan əsərlərində çoxlu yeni, orijinal məlumatlar vermişdi.
Geologiya elminin tarixçisi kimi,
maraqlı və sanballı əsərlərin müəllifi olan akademik yalnız Azərbaycanda
deyil, Gürcüstan,
Türkmənistan, Dağıstan, Sibir və
başqa ölkələrdə 70-dən çox elmlər doktoru və
namizədi yetişdirmişdi. Bu gün onların
arasında dünya şöhrətli alim, tanınmış pedaqoq
kimi fəaliyyət göstərənlərdə
var. Onlar elmdə və
həyatda qazandıqları uğurlar üçün hər an
Şəfaət müəllimi ehtiramla yad edirlər.
Görkəmli alim Ş.Mehdiyev bir
neçə geoloji xəritələrin tərtibçisi və
redaktoru olmuşdu. Alimin elmi redaktoru və həmmüəllifi
(F.M.Bağırzadə, X.B.Yusifzadə, S.H.Salayev və b. ilə
birlikdə) olduğu "Azərbaycanın neft və qaz
yataqları və perspektiv strukturları" adlı əsər
dövlət mükafatına layiq
görülmüşdü.
İstedadlı alimin əsərlərinə
diqqət yetirəndə onun tədqiqatlarının
çoxşaxəli olması bir daha diqqəti cəlb edir.
Ölkənin ən yüksək
mükafatlarına layiq görülən Şəfaət
müəllim üçün ən ali mükafat xalq sevgisi
idi ki, buna da nail olmuşdu. Azərbaycan xalqına xas zəngin mənəvi keyfiyyətləri
özündə cəmləşdirə bilən Şəfaət
müəllim işlədiyi hər bir
kollektivdə özünə qarşı hörmət, sevgi, sayğı aşılaya bilmişdi.
1958-1965-ci illər ərzində Azərbaycanın
ən nüfuzlu elm məbədgahı olan Azərbaycan
Dövlət Universitetinə rəhbərlik etmişdi. Yalnız
müəllim, professor heyətinin deyil, tələbələrin də sevimlisi olmuşdu. Şəfaət
müəllimin universitetə rəhbərlik etdiyi
dövrdə tələbə olmuş, bugünkü Sumqayıt Dövlət Universitetinin rektoru, prof. N.F.Qəhrəmanov tələbəlik illərində
Şəfaət Mehdiyevin tələbələrə
və müəllimlərə göstərdiyi
qayğısından həmişə fəxrlə
danışır, milli kadrların
hazırlanmasında onun xüsusi
rolunu həmişə qeyd
edir. Bakı Dövlət Universitetinin
rektoru, akademik, millət
vəkili Abel Məhərrəmov "Elm dühası" adlı məqaləsində
Şəfaət Mehdiyev haqqında
yazır: "Bu insanların hər biri ustad alim,
nüfuzlu ziyalı, tanınmış pedaqoq, ən əsası isə millətini
sevən Şəfaət Mehdiyevi bu gün də xoş xatirələrlə anırlar.
Ardıcılları və tələbələri xatirələrində
qeyd edirlər ki,
Şəfaət müəllim bütün
tələbələrə əsl atalıq qayğısı
ilə yanaşıb. Ağır müharibə illərində
valideyinlərini, yaxınlarını itirmiş
yetim tələbələr bu dəyərli ziyalının simasında əsl
himayədarlarını tapıblar. Deyilənlərə
görə, hətta zəif oxuyan tələbələrə
də təqaüd yazdırırmış..."
Bu bəlkə də ondan irəli
gəlirmiş ki, Şəfaət müəllim çox həssas
və incə bir qəlbə malik bir insan olub. Dünya
şöhrətli neftçi-alim həm də
gözəl publisist qələminə malik idi. Əslində mən
bu məqaləmdə Ş.Mehdiyevin
bir publisist-yazıcı kimi
bədii yaradıcılığından daha
geniş bəhs etmək fikrində idim. Çünki, onun neft və qaz sahəsindəki ixtiraları, nailiyyətləri
haqqında yəqin ki, mütəxəssislər
daha sanballı fikir
söyləyə bilərlər. Mən bir
tarixci alim kimi, Şəfaət müəllimin publisistik yaradıcılığından bir necə söz demək
istərdim. Ş.Mehdiyev publisist sözünün
qüdrəti ilə necə-necə qəlbləri ovundurmuş, onlarda ədəbi
aləmə maraq, sevgi
yaratmış. Bir-birindən maraqlı pyesləri, dərin məzmunlu
hekayələri, lirik düşüncəli
miniatürləri, ictimai-siyasi xarakterli publisistik məqalələri
ədəbi mühitə, onun istedadlı
qələm əhlilərinə böyük
sevgisindən doğduğundan irəli gəlir.
Bu haqda Şəfaət
müəllim "Mirzə Fətəli" adlı pyesində
yazırdı: "Böyük sənətkar
M.F.Axundzadənin bədii surətini yaratmaq
məni çoxdan düşündürürdü.
Uzun tərəddüddən sonra oxucuların mülahizəsinə təqdim
etdiyim bu əsəri yazmağa cəsarət etdim".
Bu pyes Azərbaycan
dramaturgiyasının banisi, filosof və müdirik alim
M.F.Axundzadənin həyat və
yaradıcılığına həsr edilib. Əsərdə xalqımızın maarifpərvər
oğulları H.Zərdabi və N.Vəzirov şəxsiyyətindən
də qürurla danışılır.
Müəllifin, 1975-ci ildə
işıq üzü görən ikinci bir pyesi "Ərk
qalası"ıdır. Bu dram əsəri məşhur İran inqilabçısı, zülm
əleyhinə üsyan bayrağı
qaldırmış və qəhrəmanlıqla mübarizə
aparmış Səttarxanın fəaliyyətinin son dövrünə həsr edilmişdi.
İki il əvvəl
Cənubda olarkən orada yaşayan
qohumlarım məni "Ərk qalası"na apararkən bu qalanın nə qədər
acınacaqlı vəziyyətdə olduğunun
şahidi oldum. Yeri gəlmişkən qeyd
edim ki, Şimalda (Azərbaycan Respublikasında) tarixi abidələrimizin yenidən bərpasına,
qorunub saxlanmasına göstərilən
dövlət qayğısı ilə müqayisədə Cənubda
bu işə münasibət tamamilə fərqlidir.
Ümumiyyətlə, bir publisist
kimi Şəfaət müəllimin daha çox müraciət
etdiyi mövzular ədəbi mühitimizin, mədəniyyətimizin,
maarifimizin inkişafında silinməz iz qoyan ədiblərimiz
və onların yaradıcılığı idi. Bu baxımdan onun satirik şeir məktəbimizin
banisi olan, M.Ə.Sabirə
həsr etdiyi "Sabir"
pyesi də çox
maraqlıdır. Burada Sabirin
qələm və amal dostları olan Mirzə Cəlildən, Abbas
Səhhətdən də söz
açılır.
Şəfaət müəllim istər
"Mirzə Fətəli", istərsə də
"Sabir" pyeslərində Azərbaycanın maarifpərvər
ziyalılarının roluna çox diqqət yetirir, H.Zərdabi,
N.Vəzirov, Mirzə Cəlil və digər
ziyalılarımızın xalqın savadlanması, müasirləşməsi,
ictimai-siyasi məsələlərdə daha fəal olması
istiqamətində onların apardıqları işlərə
xüsusi əhəmiyyət verirdi.
Mirzə Cəlil
yaradıcılığına və şəxsiyyətinə
hörmətlə yanaşan publisist "Səadət
carçısı" adlı məqaləsində Mirzənin
xalqının azadlığı və səadəti yolunda
neçə əzimlə, ürəklə mübarizə
apardığını alqışlayaraq onu ədəbiyyat və
incəsənət üfüqlərimizdə "parlayan ulduz
" adlandırmışdı.
Müəllifin "İlk qız
məktəbi" adlı publisistik məqaləsi Hacı
Zeynalabdin Tağıyev tərəfindən 1901-ci ildə
Bakıda acılan qız məktəbinin fəaliyyətinə
həsr edilib. Şəfaət müəllim
burada Hacının bu
xeyirxahlığından ürəkdolusu ilə
danışaraq millətsevər bir
ziyalı kimi onun
bu əməlini yüksək qiymətləndirirdi.
"Tarixin dərinliklərindən gələn
bayram" adlı məqaləsində bir daha hiss
olunur ki, Şəfaət
müəllim milli adət-ənənəyə,
soy kökünə bağlı bir insan olub.
Məqalədə Sovet hakimiyyəti qurulduqdan sonra Novruz bayramının kecirilməsinə qoyulan qadağalardan, bu qadağalara etiraz edən Şıxəli Qurbanov
kimilərinin faciələrə məruz qalmasından ürək
ağrısı ilə söhbət açılır.
Şəfaət Mehdiyevin ədəbi
aləmində dörd pyesi ilə yanaşı onlarla hekayələri,
miniatürləri, şeirləri və publisistik məqalələri
oxucularının dərin rəğbətini
qazanmışdı. "Dissertasiya
duası", "Usta inanmadı",
"Dələduz", "İllərin hökmü",
"Rüşvət ustası", "Gülpəri
xanımın "alim" əri"
hekayələri, "Gülüşdə vacibdir", "Ağıl vahidi",
"Dəhşətli faciə", "Haqq-hesab
var dinar ilə",
"Baş çıxaran olmadı",
"Palıd kötüyü"
miniatürləri, "Oxu gözəl",
"İstərdim", "Yaşamır hər yanan", "İstərdim" şeirləri
bu gün də öz aktuallığı ilə diqqəti cəlb
edir.
Daima yazmaq-yaratmaq, yeni-yeni elmi
ixtiralar aparmq eşqi ilə yaşayan böyük alim, gözəl
insan, mehriban və qayğıkeş ailə
başcısı Şəfaət Mehdiyev ömrünün
83-cü qışında, elə dünyaya gəldiyi gün
1993-cü il dekabrırın 15-də haqq dünyasına
qovuşdu. Dəyərli, elmi-bəbii əsərləri,
xeyirxah əməlləri ondan yadigar qaldı.
Deyirlər həyatda o insan xoşbəxtliyə
qovuşur ki, onun mənəviyyat fəlsəfəsində
dünyanı gözəlləşdirən nəcib, xeyirxah əməllər, Vətəninə,
xalqına məhəbbət hissləri əsasdır. Belə xoşbəxtlik Azərbaycanda geologiya elminin
formalaşmasında misilsiz xidmətləri
olmuş Şəfaət Mehdiyevə də
nəsib olmuş. Ona
görə də geniş elmi
biliyə malik olan, mənalı
bir ömür yaşayan Ş. Mehdiyevin əziz
xatirəsi bu gün də
xalqımız tərəfindən böyük
hörmət və etiramla yad edilir.
Adil
Baxşəliyev Sumqayıt Dövlət Universiteti Tarix
fakültəsinin dekanı, tarix elmləri doktoru, professor
Ədalət.-2011.-15 dekabr.- S.6.