Yol gündəliyim
7 dekabr
2011-ci il. Saat 13:05. Gənclər
və İdman Nazirliyinin qarşısındayam. Jurnalistlərdən yalnız "1news.az"
agentliyinin müxbiri Elşən Rüstəmov gəlib.
Bu arada "təvazökarlıq" edib deyim
ki, neçənci dəfədir ki, səfərə
çıxarkən "görüş yeri"nə ilk gələn
biz oluruq.
... Söhbətləşirik... Gəzə-gəzə ofisi nazirliyin lap
yaxınlığında yerləşən Azərbaycan
Respublikası Gənclər Təşkilatları Milli
Şurasının (ARGTMŞ) qarşısına gəlirik.
Sən demə, həmkarlar burdaymış...
Hər kəs səfər
əhval-ruhiyyəsindədir. Elə mən də... amma
deyəsən yox...qəfil bir ağsaqqal zəngi, ardıncasa
söylədiyi yalanlar...ola bilməz...kefimi
pozan deyiləm.
Bizi
İsmayıllıya aparacaq avtobus da gəldi. Zarafatyana uşaqlara deyirəm ki... heç nə
demirəm. Bir-iki gecikənləri də gözləyib
saat 14:30-da yola çıxırıq.
Lap qabaq oturacaqda,
sürücünün arxasında oturmuşam deyə, arxada
baş verənləri yaxşı müşahidə edə
bilmirəm. Həm də başım mənə
yaxın yerdə olan "fast food"lara
qarşı "soyqırım" həyata keçirməyə
qarışıb. Amma İTV-nin operatoru Famil
Acalov da məndən geri qalmır. Axı
o da yanımdadır.
Hərdənbir
ayağa qalxıb arxadakılara baxıram. Ənənəvi səfər mimikaları. Guya hər kəs ciddidir. Amma sən bu sifətləri
uzağı yarım saatdan sonra görəsən... "Fast food" bəs edər. İndi
də uşaqlara bir-iki lətifə danışmaq
vaxtıdır. Tərslikdən bir düz-əməlli
lətifə yadıma düşmür. Yadıma
düşənlər isə təsisçimiz Aqil Abbasın
lətifəvari əhvalatları, Rüstəm müəllimin
mənə danışdığı "ketman" məsələsi,
bir də elə onlardan geri qalmayan söhbətlərdir. ..
Yatmaq istəyirəm... Nə yatmaq? Artıq hər kəs
bayaqkı deyil. Səs-küy, söhbətlər,
gülüş səsləri, arabir şaqqanaq çəkən
həmkarlar... Bu şəraitdə yatmaq oğul istəyir...
Şamaxıya
çatırıq. Sürücü deyir
ki, avtobusdan düşməliyik ki, yanacaq doldursun. Çünki mövcud qaydalar belə tələb
edir. Bu arada gözümə
yaxınlıqda olan bir abidə sataşır. Təsvir
edirəm: bir at, atın üstündə başında papaq, əlində
qılınc bir qəhrəman. Sanki bu dəqiqə
qılıncı kiminsə başına endirəcək.
Ürəyimdən keçənlər: "Ay zalım,
neçə ildir onu elə tutmusan. Ya
özün vur, ya da ver yoldan keçənlərdən biri
vursun da. Bəs qolun
qırılmadı?" Guya zarafatcılam öz aləmimdə)))
Hava qaralmağa
başlayır, günəş qürub edir və getdikcə ətrafda
bir neçə gün yağmış qarın
qalıqları görünür. Amma buna
qalıq deməyə adamın dili də gəlmir. Çünki olmayan yerdə qartopu oynamaq da olar.
Yolumuzun böyük hissəsini qət
etmişik. Daha bir mənzərə diqqətimi
çəkir. Qürub etməkdə olan
günəş dalğavari uzanan dağların arxasından
elə boylanır ki, sanki bizimlə gizlənpaç
oynayır. Operator Famil və fotoqraf Rüstəm də
onun peşində...
Bakıdakı vəziyyətə
qayıdırıq. Səslər
azalır, susqunluğa yaxın bir vəziyyət, yorğun
gözlər...Hər kəs yerləşəcəyimiz yerə-"Qaya"
istirahət mərkəzinə nə zaman
çatacağımızı gözləyir. Sürücü deyir ki, bu mərkəz Lahıc
yolunun üstündə yerləşir. Yəni
rayon mərkəzindən bir qədər kənarda.
Çatırıq... Otelin qarşısında kimsə gözə dəymir.
"......" deməyim deyəsən uşaqların əhval-ruhiyyəsinə
az da olsa təsir edir. Sən
demə, onlar bizi girişdə, "reception"da gözləyirlər.
Otaqların bölgüsü... Üç gecə
"salamneüs.az" portalının müxbiri Vasif Həsənliylə
qalmalı olacam. Yaşıd olsaq da, məndən
fərqli çooox təmkinli insandır. Edilən
zarafatlara da nadir hallarda təbəssümlə reaksiya verir.
Kasıbın
olanından əyin-başımızı dəyişib
şam etmək üçün aşağı
düşürük. Yeməkdən sonra
jurnalistlərin ənənəvi səfər
oyunu-"Mafiya" başlayır. Bu həm
də həmkarların bir-birini yaxından tanıması
üçün vasitə olur.
Gecəyarıdır.
Amma kimsə yatmaq istəmir. Elə bil səhər saat 9-da bizim yerimizə
başqası oyanacaq. Gənclər Təşkilatları
Milli Şurasının sədri Fuad Muradov səfər heyətini
başına yığıb onlarla tanış
olur. Yarızarafat, yarıciddi keçən
söhbətdə bir sıra mətləblərə toxunulur.
İkinci
günümüz başlayır. Gecədən
də məlum idi ki, bu günümüz ağır keçəcək.
Axı hər zaman rəsmi
açılış günü belə olur.
Rayon icra hakimiyyətinin
başçısı Nizami Ələkbərov
çıxış edərək İsmayıllının
tarixi, son illər görülən işlər barədə ətraflı
məlumat verir. ARGTMŞ-nin sədri Fuad Muradov isə
bildirir ki, jurnalistlərin belə səfərlərinin tez-tez
təşkil edilməsi həm onlara, həm də qələm
əhlinin özü üçün vacibdir: "Biz bu layihəyə
2009-cu ildə start vermişik. İlk tədbirimiz
2009-cu ildə Qubada baş tutmuşdu. Amma
indi fikir verirəm ki, hazırki tədbirimizdəkilərin 80
faizi yeni simalardır. Bu gün jurnalistlərin
üzərinə böyük məsuliyyət
düşür. Ölkəmiz müharibə
vəziyyətində olduğundan bizə qarşı olunan
bütün haqsızlıqlara, informasiya müharibəsinə
anında, tutarlı cavab verməyi bacarmalıyıq. Bir məsələni də qeyd etmək istəyirəm
ki, dövlətçilik əleyhinə yazılan, fakta
söykənməyən hər bir yazı görülən
işlərə mane olur, onlara kölgə salır".
Rəsmi
açılışdan sonra dərslər başlayır.
Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin
kafedra müdiri, professor Cahangir Məmmədli
"Jurnalistikada informasiyanın təqdimat prinsipləri: dəqiqlik,
qərəzsizlik, vicdanlılıq, ədalətlilik"
mövzusunda mühazirə edir. Beynəlxalq
jurnalistikadan, həmçinin yerli jurnalistlərimizin fəaliyyətindən
bəhs edən söhbət şəxsən mənə
çox xoş gəlir.
İkinci mövzumuz
"Yeni media şəraitində jurnalistin peşəkarlıq
səviyyəsi"dir. APA-nın baş direktoru Vüsalə
Mahirqızının danışacağı mövzu
qarşılıqlı fikir mübadiləsi, bəzən isə
mübahisələrlə müşayiət olunur. Avrasiya Əməkdaşlıq Fondunun nümayəndəsi
Zümrüd İsmayılovanın
çıxışından sonra, təlimçi Rəna
Tahirovanın rəhbərliyi altında oyun oynayırıq.
Bu arada agentlik
sistemində çalışan həmkarlar tez-tələsik xəbər
göndərməyə çalışırlar. Amma
iş görə-görə zarafatlarından da qalmırlar.
Modern.az saytı
artıq dünən gecə mafiya oyunu zamanı çəkdirdiyimiz
kollektiv şəkli yerləşdirib.
Məruzələrdən
sonra otelin qarşısındakı skutterlərə minirik.
Amma icazəsiz.
Hər kəs
sürücülük bacarığını göstərmək
üçün bəhsə girib.
Doğrudan maraqlı
anlardır. Mənə elə gəlir ki,
bu anlar, hətta buna bənzəri belə olmayacaq. Ətraf dağlar, ağappaq qar, sıx, amma sıx
olmasına rəğmən lüt olan meşə, sürətli
skutterlər, soyuq hava, mühərrikdən gələn
uğultu səsləri. Həmin anda bundan gözəl nə
ola bilər ki? Heç nə...
Amma sən demə
bundan da gözəli varmış...Nə? Deyirəm...))
Skutteri sürəndən
sonra nömrəyə qalxıram. Darıxıram
və yenidən aşağı düşürəm. Skutter sürənlər arasında bircə nəfər
təkdir. O da ARGTMŞ-nin mətbuat katibi,
həmkarımız Orxan Əli. Xahiş edirəm...
Skutteri sürməyə vermir... Nəhayət
ki, onu otelin qarşısına skutterlə çatdırmaq
şərtiylə razılaşır. Sükana
əyləşirəm və maksimum sürət...Deyəsən
aşmaq istəyir. Hə... aşacaq.
Cəld özümü yerə, qarın üzərinə
atıram. Yazıq Orxan... Kənardan hər
kəs mənzərəni seyr edir. Amma
hayıf ki, heç kimin ağlına gəlmir ki, həmin
epizodu çəksin. Təxminən yarım saatdan sonra
oteldə hər kəs, ələlxüsus da Orxan mənim
"qəhrəmanlığımdan" danışır
Şam yeməyindən sonra bir az istirahət edirik. Həmkarlar qərara
alır ki, axşam çıxıb yaxınlıqdakı
meşəni gəzək. Hərçənd
ki, bu bizə təqdim olunan proqramda yoxdur. Amma yenə də...
Bir qrup-təxminən 10-15 nəfər gəzintiyə
çıxırıq. Təsəvvür edirsiniz, gecənin
qaranlığı, ətraf qar, lap yaxınlıqda göl,
gölün üstündəki körpü və bir neçə
əhlikef. Gah rəqs edirik, gah zarafatlar, hərdənbir
yadımıza düşəndə də şəkillər...
Çoxluğun fikriylə meşə gəzintimizi
tez başa vururuq. Yəqin ki, buralarda yırtıcı
heyvanların olması təhlükəsinə görədir...
Bunu da sonradan başa düşürəm.
Gec də olsa...
Dekabrın 9-dur.
Səhər yeməyindən sonra
tanınmış hüqüqşunas Ələsgər Məmmədli
bizə "Media hüququ və Azərbaycan gerçəkliyi"
mövzusunda mühazirə oxuyur. Hüquq
mənimçün ağır sahə olsa da, maraqlı təsir
bağışlayır.
Fasilədən sonra
Azpress.az-ın baş direktoru, tanınmış fotomüxbir
Rasim Sadıxov jurnalistlərə müharibə illərində
çəkdiyi ilginc fotoları nümayiş etdirir. Həmçinin fotojurnalistikanın incəliklərindən
danışır. Nə qədər
şablon səslənsə də, bu mövzu da məndə
böyük maraq oyadır. Hərçənd
ki, ilk dəfəydi belə bir mühazirə dinləyirdim.
Dərs bitir. Fuad Muradovun tez-tez jurnalistlərlə qrup halında,
bəzən isə fərdi qaydada söhbətləri də
diqqətimdən yayınmır. Çox səmimi
görünür. Hətta qələm əhlinin
istəyindən asılı olaraq proqrama müəyyən dəyişikliyin
edilə biləcəyini də bildirir.
Ayın 9-da son dərsimiz
"Sosial jurnalistika perspektivləri və müasir
texnologiyalar" olur. BDU-nun jurnalistika fakültəsinin
müəllimi Zaur Babayevin dərsi də digər həmkarlarından
fərqlənmir.
Nahardan sonra
günümüz demək olar ki, istirahətə gedəcək.
Həm də gəzintiyə.
Hər kəs bacardığı qədər
vaxtını səmərəli, əyləncəli
keçirməyə çalışır. Saat 5-dir. Hamı hazırlaşır. Axı bu gün rayon mərkəzində icra
başçısı Nizami Ələkbərovun adından
jurnalistlərə ziyafət veriləcək.
Yola
düşürük. Yenə hər kəs
öz işindədir. Fotoqraf Rüstəm
şəkillər çəkir, Bəxtiyar Məmmədli ənənəvi
zarafatlarını davam etdirir, kimlərsə susqundur, xəyal
quranlar, düşünənlər, ətrafdakı bəyazlıqdan
həzz alanlar və mənim kimi baş verənləri
müşahidə edənlər. Deyəsən
sürücü də bizə qoşulub. Maqnitofonun
səsini yüksəldir. Avtobusun içərisində
sanki bir orkestr oturub. Oturub haaa.
Yolüstü
düşüb şəkillər çəkdiririk. Daha sonra mərkəzdəki Heydər Əliyev
müzeyinə, Gənclərin Yaradıcılıq mərkəzinə
baş çəkirik. Tərif kimi səslənsə
də, deməliyəm ki, buralar çox dəyişib.
Çünki 5 il öncə hərbi xidmətə
gedərkən, bir də ilyarım əvvəl şəxsi
işimlə əlaqədar İsmayıllıda olmuşdum.
Amma belə deyildi...
Nəhayət Ziyafət...Çoxluq
olsa da, romantik bir ab-hava yaşanır. Heç
romantikanın yeriydi...)))
Yanımda əyləşən
İsmayıllı rayonunun gənclər və idman idarəsinin
rəisi Elçin müəllimdir. Hansı
qəzetdən olduğumu soruşur. İmzamı
tanıması, qəzetimiz haqda xoş sözlər deməsi,
hətta bəzi yazılarımın adını çəkməsi
çoooox xoşuma gəlir.
Qayıdırıq.
Yenə hər kəs öz otağına
qalxır. Bir azdan aşağı-yeməkxanaya
düşəcəyik. Bəs "Mafiya"? O da olacaq.
Həm də necə. Çünki
mən indiyə kimi olduğum səfərlərin demək
olar ki, heç biri bu oyunsuz keçməyib. Etiraf edirəm ki, bu oyun zamanı baş verənlər
o qədər mürəkkəbdir ki, indi onu sizə təsvir
etməkdə çətinlik çəkirəm. İşçilər bildirirlər ki, yeməkxana
bağlanmalıdır. Naəlac qalıb
oyunu ikinci mərtəbədə dəhlizdə davam etdiririk.
Saat 5-ə kimi davam edən oyunun səhəri
günü saat 9-da kimsə oyana bilərdimi? Təbii ki, bilərdi. Bircə məndən
başqa.
10 dekabr. Saat
11:59. Sən demə, bu vaxta kimi hər kəs məni
axtarırmış. Blogger-təlimçi
Rəşad Əliyevin "Bloggerlik və sosial
jurnalistika" dərsindən sonra hər kəs proqramda nəzərdə
tutulmuş İvanovka turu barədə düşünür.
Amma yada salanda ki, İvanovka turundan sonra bizi yenidən
yolçuluq, Bakının toz-dumanlı küçələri
gözləyir... sözə ehtiyac var?
Avtobus otelin
qarşısındadır. Son
hazırlıqlarımızı görürük. Geyimlərimizi,
əşyalarımızı, bizə verilən hədiyyələri
yerbəyer edirik.
İvanovkadayıq...
Bizi kəndin mədəniyyət
evində milli geyimli musiqi qrupu qarşılayır. Özümüzü
fərqli hiss edirik. Mənimsə hisslərim tamam
başqadır. Bir anlıq 5 il əvvəl bura gəldiyimi
xatırlayıram.
Rayon icra başçısı
Nizami Ələkbərov çıxış edərək
bildirir ki, İvanovka əhalisi Çar dövründə
Rusiyadan sürgün olunublar.
İvanovkalıların qəribə
mətbəxləri var. Hər yeməklərində təbiilik
hiss olunur. Amma hər içkinin də tərkibində spirt
var. Bircə yeməklərdən başqa.
Artıq
vaxtdır. Qaytmalıyıq. Hamının düşüncəsi-eeeeeeeeeehhhh.
Deyəsən hava yavaş-yavaş dəyişir. Hər halda
dünənki hava proqnozunda da belə demişdilər. Tələsirik
ki, yolda qara düşməyək. Qara düşməsək
də, "mafiya"ya düşürük...
Vəəəəə. Bakıdayıq.
İntiqam
VALEHOĞLU
Ədalət.-2011.-16 dekabr.- S.4.