FİKRİN İŞIĞI

 (Poetik deyimlərdən bir parça)

 

   Ey yol! Yol olmağınla sinənə döyüb, özünü öyüb, çox da qürrələnmə! Sən mənim ayaq izlərimdən yaranmısan! Cəngənliklərin içindən, keçilməz daşlıqlardan səni başlayıb yol eləmişəm,əbədiləşdirmişəm. Sən insanın gələcəyə başladığı yolsan. Sinənə döyüb, özünü öyüb yol olmağınla qürrələnmə. Unutma ki, ayaqlarımın izindən yaranmısan!

   * * *

  Ağrılar müəllimdir. Əzabdan, həsrətdən, kədərdən dərs deyir insana.

   Ağrı dərsi keçən adam naşı olmaz.

   Hər adam da ağrıdan bəhrələnə bilməz.

  

   * * *

   Ölməzlik ölməklə və ya özünü öldürməklə qazanılmır.

  

   * * *

   Yüksək ideyalar adamı ucaldır, yeni-yeni zirvələr fəth etməyə ruhlandırır.

  

   * * *

   İnsan milyard il düşünə-düşünə özünü qorumaq üçün silahlar yaratmaqla, hörümçək toruna düşdü.

  

   * * *

   Öləndən sonra yaşayanlar ömrünü xalq üçün, həqiqət yolunda qurban verənlərdir.

  

   * * *

   Özünü düşünən adam, öz içində çabalaya-çabalaya ömrünü başa vurar, səsi heç yana çıxmaz.

  

   * * *

   Nağıl inandırmağı bacarmalıdır!

  

   * * *

   İnadkarlıq nadanlığın tərs üzüdür.

  

 

   Naşı adam nadandan bir addım irəlidir.

  

   * * *

   Mənim arzularım döyüşə göndərmək üçün əsgərlərimdir.

  

   * * *

  

   Xeyirxahlıqdan ilana atmaq üçün daş yumşalır əlimdə.

  

   * * *

   Bəzən düşünmədən deyilən sözün, sonradan bir ömür bəlası olurg

  

   * * *

   İmkansızlıqdan eliyə bilmədiyim yaxşılıqlar üçün qəlbim sızlayır.

  

   * * *

   Sözaltı ifadələr, sualtı qayıqlara bənzəyir.

  

   * * *

  

   Yaddaşım yırtılmış balıqçı torudur.

  

   * * *

   Ürək təyyarələrdə qoyulan "Qara qutu"ya bənzəyir. İnsanın hansı dərddən, hansı illətdən öldüyünü o qeydə alır...g

  

   * * *

   Biz arzularımızla, saleh əməllərimizlə toxum kimi yaddaşlara səpilirik.

  

   * * *

   Kağız üzərinə həkk olunan bir damla mürəkkəb əbədiyaşar bir ömür qazanır. Arzularımızı, işıqlı əməllərimizi alıb çiyninə nəsildən-nəslə, əsrdən-əsrə apararaq əbədiyyətə qovuşdurur.g

  

   * * *

   Bir kəlmə ağıllı söz, torpağa əkilən toxuma bənzəyir.

  

   * * *

   Payızın gəlişinə sevinə-sevinə Qızıl yarpaqları bayraqlar kimi götürüb yollara çıxdı küləklər.

  

   * * *

   Söz doldurulmuş tüfəng kimidir, ehtiyatla işlətsək xəta baş verməz.

  

   * * *

   Bu payız yarpaqları, qəlbimin tellərinə mizrab kimi toxundu.

  

   * * *

   Fəsillər keçdikcə arxada qalır illər - Ömür bir bənd bayatı.g

  

   * * *

   Danışılan yalanlara inanmaq istəmirdi, özü isə danışdığı yalanlara hamını inandırmağa çalışırdı.

  

   * * *

   İnamsızlıq hər şeyin əldən verilməsi deməkdir, ümid yoxdur!

  

   * * *

   İnamı qorumaq üçün həqiqətin qapısına pənah gətirmək olar.

  

   * * *

   Suda öz əksini görürdü,həyatda özünü görmək üçün min cür oyundan çıxırdı.

  

   * * *

   İnadkarlıq Zorakılığın ekiz qardaşıdır. Ağıl onların qohum olmaq təklifini rədd etdi.

  

   * * *

   Acıqlanıb bir insana heyvan deyəndə, unutma ki, sən özün insansan!

  

   * * *

   Çölümdən alışan adamı yanğınsöndürənlər xilas edə bilmədi.

  

   * * *

   Ülviyyət uca zirvədir, orada yalnız pak əməlli, saleh əqidəli adamlar qərar tuta bilərlər.

  

   * * *

   Ağıl paklığı sevdiyi üçün orda məskunlaşır.

  

   * * *

   Vəzifə işığında rəzilliyi daha aydın görünürdü.

  

   * * *

  

   Unudulan adamın kədəri özünə bəsdir.

  

   * * *

   Ağzına su alıb susan adam, sözünün qədrini bilməyəndən ləyaqətlidir.

  

   * * *

   Nadan alaq otları kimidir, kökündən çıxarıb atsan da yenə bitir.

  

   * * *

   Su qaynaya-qaynaya qışqırıb deyirdi:-Yandım, xilas edin! Heç kim çevrilib baxmırdı.

  

   * * *

   Yerə düşən sabunu suya çəkib paklamaq istəyirdi, ancaq özünü riyakarlıqdan təmizləyə bilmirdi.

  

   * * *

   Özün gördüyün haqqında yox, qoy gördüyün sənin haqqında haray salıb tanıtmağa çalışsın.

   * * *

   Gecənin qaranlığında meşə ilə gedən adama qorxu hissidir fit çaldıran.

  

   * * *

   Evlər dağıdan, gözlər yaşlı qoyan adam, küçədə qarışqaları tapdalamırdı ki, görənlər desin, ürəyi yumşaq adamdır.

  

   * * *

   Özünü ciddi göstərmək üçün elə qışqırdı ki, öz səsinə diksindi.

  

   * * *

   Həqiqət haqqında çox danışan adam, onu ürəyinə yaxın buraxmırdı.

  

   * * *

   Ömrümüz əbədi sükut dünyasına gedən yoldur. İşimizlə bu yolu gələcək nəsillər üçün işığa çevirə bilsək!

  

   * * *

   Gecənin səssizliyi hər bir canlıya öz nəğmələrini oxuda bilir.

  

   * * *

   Səssizlik ülvi nəğmələrini bəstələyə bilir mənim qəlbimdə.

  

   * * *

   Ləpələrin pıçıltısı sahilə sevgi nəğməsi oxuyur. Sənin pıçıltıların isə qəlbimə həyat bəxş edir.

  

   * * *

   Gözlərinin qaralığı daha işıqlıdır, qəlbimə nur yayır.

  

   * * *  

   Xoş xəbər işıqdır, qanad verir insana.

  

   * * *  

   Xoşbəxtliyin işığını vaxtında görmək, hər şeyi həll edir.

  

   * * *

   Uçurumdan aşağıdakı gözəlliklərə aldanıb özünü məhv etmə!

  

   * * *

   Canavarın gözlərinin qaranlıqda köz kimi işıldaması ətrafa qorxu səpir.

  

   * * *

   Özünün kim olduğunu ayırd edə bilməyən adamdan vətəndaş ola bilməz.

  

   * * *

   Kədər özü axtarıb bizi tapır, sevinc üçün əldə çıraq gəzirik.

  

   * * *

   Ağlın işığına yol gedən adam, həyatda yalnız xoşbəxtlik qazana bilər.

  

   * * *

   Elmi olmayan adamın helmi güclüdürsə, ondan yalnız soyğunçu olar.

  

   * * *

   Sənin pıçıltılarınla qəlbimdən məhəbbət boylanır, işıq düşür gözlərimə.

  

   * * *

   Sözlərin yaz yağışı kimi qəlbimə dirilik səpir, sevinc bəxş edir.

  

   * * *

   Səni kəşf etməyim məhəbbətin möcüzəsidir. Allah da məhəbbətlə bizi yaradıb.

  

   * * *  

   İstəklərimi bu kövrək misralara yüklədikcə qəlbimdə bir yüngüllük hiss edirəm.

  

   * * *

   Yalnız gözəllik sakit-sakit baxır, öz mövqeyindən ilıq məhəbbətlə boylanır.

  

   * * *

   Gərgin işdən sonra əllərim zoqquldayırdı, hiss elədim ki, onlar dincəlir.

  

   * * *

   Müdrik adamlar xalqın cəfakeşləridir, onlar ülvi məhəbbətə layiqdirlər.

  

   * * *

   Xoşbəxt bir haldır ki, uşaqlar böyüklərin yalançılığından yaşa dolandan sonra xəbər tuturlar.

  

   * * *

   Mən öz məhəbbətimi göz yaşlarımla ovuduram.

  

   * * *

   Göz yaşları ürəyimin səsidir, harayıdır. Onun göynərtisini mən duyuram.

  

   * * *

   Billur bulaq suyu pıçıldadı:- Məni çirkinliklərdən qoruyun.

  

   * * *

   Kədərimin üstünə nurlu təbəssümdən örtük saldım ki, heç kim tutqun çöhrəmi görməsin.

  

   * * *

   Mən sənin məhəbbətinə layiq ola bilsəm, deməli, doğru yoldayam, ey Yaradan!

  

   * * *

   Sən məhəbbət mizrabıyla qəlbimin tellərinə toxunan kimi, onun nəğmələri ətrafa yayıldı.

  

   * * *

  

   Kölgə kimi milyard il tindən, başqalarının ayaqları altından boylanmaqdansa, işıq olub birdəfəlik yanmaq, yolu işıqlandırmaq daha yaxşıdır.

  

   * * *

   Tarix bizim işimizlə, əməlimizlə yaranır. Tarixçilər yalnız faktları nizamlayırlar.

  

   * * *

   Qurumuş ağac torpağa minnətdar ola bilməz, onun kədəri özünə bəsdir.

  

   * * *

   İşlərin düz gətirməyəndə Allaha asi olma, özündəki naqisliyi budamağa çalış.

  

   * * *

   Keçi suyu bəyirə-bəyirə keçirsə, buna çaymı günahkardır?

  

   * * *

   Quş kimi qəfəsə salınmış ağlın heç kimə faydası olmaz.

  

   * * *

   Ağıl sifarişlə işlədilirsə, xalqın istəklərində görünmürsə, onun xeyri?

  

   * * *

   Allah insanı sevgi ilə yaratmasaydı, dünyanın gözəllikləri olmazdı.

  

   * * *

   Həyatın, torpağın sirlərini dərk etdikcə insan düşünürdü: - qədər geri qalmışam!

  

   * * *

   Sinəsinə döyüb öyünən adam, həmişə həyat imtahanından birinci kəsilib.

  

   * * *

   Saflığa bürünən adam heç bir ləkə götürməz.

  

   * * *  

   Saflıq məbədinin qapıları həmişə açıqdır. Yalnız pak adamlar o qapılardan keçə bilər.

  

   * * *

   Səbrli adamın ağırlığı hər şeyi həll etməyə qadirdir.

  

   * * *

  

   Dəlisov külək ağacı çox silkələdi. Ağac təmkinini pozmadan əzəmətlə durmuşdu, incidi, gileyləndi. Çünki küləyin ağılsız gücünü çox görmüşdü.

  

   * * *

   Xeyrin qulağına pıçıldadılar: - Şər sənə yollar axtarır, pusquda durub.

   Xeyirxahlıqdan, xoş əməllərdən bəhrələnmiş Xeyir təmkinini pozmadan:- Onun əlindən gələr, pusmaqdan başqa,- dedi.

  

   * * *

   Əbədiyyətə yol işıqlı əməllər körpüsündən keçir.

  

   * * *

   Boşluqda qulaq tutulursa, öz içinə qapılıb gizlənməyinə heyrətlənirəm.

  

   * * *

   Misra öz yükü ilə çəkib səni sözün dərinliyinə apara bilirsə,deməli, sənətkar öz işini görmüşdür!

  

   * * *

   Bir neçə çürük meyvəsinə görə ağacı baltalayan adam, yerinə düşməyən sözlər üçün öz dilini niyə kəsmir görəsən??

  

   * * *

   Dil sözü deyəndə əyilib müxtəlif vəziyyətlərə düşsə , hədəfi düz vura bilir.

  

   * * *

   Zəhəri şirin eləyə bilən dilinə minnətdar ol!

  

   * * *

   Yaxşılıq eləmək istəyirsənsə, birinin kədərli günündə ürəyinə sevinc işığı səp, yıxılıbsa qolundan tut, yolunu itiribsə, azıbsa doğru yol göstər, yetim sevindir.

  

   * * *

   Özgə malına göz tikən adam məgər bilmir ki, O dünyaya gedən yolun gömrükxanasından heç bir şey buraxılmır?!

   * * *

   Paxıllıqdan içində yana-yana tüstülənirsənsə öz günahındır 

   * * *

  

   - Dağıdaram, qıraram!- deyirdi. Allah ona fürsət vermədi. Bütün arzuları qəlbində qaldı.

   - Fürsət düşsəydi, adamlara kömək elərdim, birinin harayına çatardım, - deyə gecə-gündüz düşünürdü. O, Allah dərgahına belə ucaldı!

  

   * * *

   Qaranquşun öz ətcə balalarını yemlədiyinə fikir verdikcə, duydum ki, övlad məhəbbəti deməkdir!

  

   * * *

   Günəşin isti şüaları altında qovrulan torpaq, onu əkəni, onu sığallayanı arzulayırdı.

  

   * * *

   Çiçək dərmək istəyirsənsə, bu şehli çəmənə girməlisən, əllərin çiçəkləri sığallamalıdır.

  

   * * *

   Kişinin gözəlliyi onun ağılla dolu sakitliyində, qadının gözəlliyi isə onun öz uşaqlarına analıq məhəbbətindədir!

  

   * * *

   Qadının göz yaşları gərginliyi yumşaltmaq üçün tökülür.

  

   * * *

   Alnımda mirvari kimi düzülən bu tər damlaları zəhmətimdir, çiçək açır.

  

   * * *

   Tər damlasına söykənib ayağa qalxmaq olar!

  

   * * *

   Tər damlasının işığı bütün ömrüzü, bir eli nura boyaya bilər.

 

   * * *

   Torpaq onun qoynuna düşən tər damlasını o dəqiqə qorxusundan tanıyıb, dedi:

   - Sən zəhmət təri deyilsən!!!

 

İLTİFAT SALEH

Ədalət.-2011.-16 dekabr.- S.5.