Azərbaycanlıları birləşdirən
dəyərlər: "Fəxr edirəm ki,
Azərbaycanlıyam!"
Ana südü, vətən torpağı və qürbətdə keçən ömür. Soydaşlarımızla görüşəndə adətən onlarla bu mövzular ətrafında söhbətimiz olur. Ona görə ki, ana müqəddəsdir, vətən əvəzolunmazdı. Günün nə qədər xoş keçsə də qürbət qürbətdi. Vətən məhəbbəti, torpaq sevgisi adamın canına, qanına ana südü ilə hopur. Valideynlərimiz, bizim ata-anamız bizə insani keyfiyyətlər aşılayırlar- qonşuya münasibəti, qonağa hörməti, dostu qorumağı öyrədirlər. Birinci iki sözün istisi, hərarəti soydaşlarımızı necə ovsunlayırsa, qürbətdə keçən ömürlərinin şimal küləyinə də eləcə sinə gərməli olurlar. Qürbətdə keçən ömür onların taleyi, qisməti olsa da, zaman-zaman yağıların göz tikdiyi vətən torpağı xaricdə yaşayan həmvətənlilərimizin aman-güman yeridir. Ana südü ilə qanımıza hopan mənəvi dəyərlər ulu əcdadlarımızın əsrlərdən süzülüb gələn əmanətidir bizə. Biz də bu əmanəti göz bəbəyi kimi qoruyub nəsildən-nəslə ötürməliyik.
Adətən müsahiblərim vətənə sevgilərini izhar etmək üçün kənddə keçən uşaqlıq çağları-çayda çimməklərini, balıq tutmaqlarını, göbələk yığmaqlarını, qoyun-quzu otarmaqlarını, şehli çəmənliklərdə şalvarlarının balaqlarının islanmasını xatırlayaraq duyğulanırlar. Söyləyirlər ki, vətənpərvərlik bizim qanımızdadır. Bütün bunlara görə valideynlərinə, müəllimlərinə minnətdarlıqlarını bildirirlər. Onları düşünüb-daşındıran ən ağrılı məsələlərdən biri bütün xalqımızın rahatlığını əlindən alan Qarabağ problemidir. Soydaşlarımız müharibənin başlandığı ilk günlərdən ermənilərin törətdikləlri azğınlıqlara qarşı etiraz səslərini ucaltmış, bu məqsədlə aksiyalar keçirmiş, xarici ölkələrin səfirliklərinə müxtəlif üsullarla həqiqətləri çatdırmağa çalışmışlar. Həmin illərdə namərd qonşularımızın torpaq iddiaları və Ermənistandan azərbaycanlıların müxtəlif bəhanələrlə çıxarılması onlara sarsıdıcı təsir bağışlayırdı. Soydaşlarımız qaçqın və köçgünlərdən öz maddi və mənəvi köməkliklərini əsirgəmirdilər. Çox təəssüf ki, Rusiyanın ayrı-ayrı şəhərlərindəki təbliğat maşınları ermənilərin xeyrinə işləyirdi. Onlar vəziyyətdən çıxış yolları axtarırdılar. Bunun nəticəsi olaraq Azərbaycanla əlaqəni möhkəmlətmək, operativ informasiya mübadiləsi yaratmaq, respublikamızda baş verən prosesləri olduğu kimi dünyaya çatdırmaq üçün müxtəlif cəmiyyətlər və mərkəzlər yarandı. Döyüş qabiliyyəti olan bir çox soydaşlarımız vətənə qayıdııb torpaqlarımızın müdafiəsinə qalxdılar. O zaman ürəyi Bakı vaxtı ilə döyünən soydaşlarımızın respublikamıza ən kiçik töhfələri belə böyük amallara xidmət edirdi.
1947-ci
ildən Moskvada SSRİ Dövlət Radio və Televiziya
Verilişləri Komitəsinin Yaxın Şərq ölkələri
şöbəsində çalışmış, işlədiyi
müddətdə 12 fəxri fərman almış, "Radio və Televiziya
Əlaçısı" medalları ilə təltif olunmuş Fəxrəndə Əliyeva da 20 yanvar hadisəsi
zamanı imtahandan üzüağ çıxdı. O, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə
M.Qorbaçovun Bakıda fövqəladə
vəziyyət elan edilməsi ilə
bağlı fərmanını efirdə oxumaqdan
imtina etdi. Fərmanda Bakıda şəraitin son
dərəcə kəskinləşməsindən, cinayətkar
ekstremist qüvvələrin qanuni fəaliyyət göstərən
dövlət orqanlarını ələ keçirməyə
cəhd göstərməsindən, zorakılıq və
kütləvi ixtişaşlar törətməsindən
danışılırdı. Fəxrəndə xanım
yaxşı bilirdi ki,
bütün bu iftiralar Bakıya qoşun
yeritmək üçün uydurulmuş bəhanələrdi. Dinləyicilər
arasında böyük nüfuza
malik olduğuna
görə onu bir
müddət işdə saxlasalar da bir il
sonra ixtisar adı ilə
efirdən uzaqlaşdırdılar. Ulu öndərimiz Heydər
Əliyev də həmin günlərdə nümayəndəliyə
gələrək mətbuat konfransı keçirdi,
Qorbaçovun iyrənc milli
siyasətinin iç üzünü
açdı. Bakıda baş verən
hadisələrə obyektiv qiymət verdi və xarici jurnalistlərə
üz tutub Azərbaycan
həqiqətlərini dünyaya düzgün və ətraflı şəkildə
çatdırılmasını tövsiyə etdi.
O zamanlar informasiya
blokadasına alınmış Azərbaycan üçün
belə cəsarətli addım hava və
su qədər vacib idi.
Soydaşlarımız qürbət
diyarda özlərini vətənin bir parçası hiss edirlər.
Onlar yol-yolaq
gözləyirlər, xətir-hörmət saxlayırlar, böyük-kiçik qədri bilirlər. Vətən
torpağına ayaq basanda
başları göyə ucalır, elə bil
qol-qanad açırlar. Rusiyada
yaşayan başqa bir soydaşımızın ata-anası ilə
37 il sonra doğulduğu evin həyətində
keçirdiyi hisslər yadıma düşür. Gözləri sevinc
yaşları ilə dolmuş bu Azərbaycanlı balası mobil
telefonunu götürüb
bir-bir əvvəlcə
qardaşlarına, dostlarına zəng vuraraq
dedi":-Əzizlərim, eşidirsinizmi,mən burdayam, anadan olduğum evin
qabağında. Burdan sizə zəng eləyirəm".
Həmin dəqiqə xəyal onu çox uzaqlara
aparırdı. Bu, həyata gözünü açdığı evin qarşısında onun
dünya ilə özünəməxsus dialoqu idi. Mən həmin dialoqu bu anlamda
qəbul edirdim: "Ehey,
dünya, gəl tanış olaq, bu mənəm, tikib-quran, yaradan bir azərbaycanlı balası..."
Qürbətdə yaşayan soydaşlarımız hansı vəzifəyə yüksəlməsindən, hansı imkanlara malik olmasından asılı olmayaraq ömür boyu qəlblərində vətən həsrəti gəzdirirlər. Etiraf edim ki, onların övladlarının da uşaq təxəyyülünün məhsulu olan Azərbaycanla bağlı rəsimləri və tez-tez uzaqlara dikilən baxışları adamı istər-istəməz düşünməyə vadar edir...
Moskvada olarkən "Şəhriyar"
ədəbi- ictimai məclisinin yaradıcısı, fəlsəfə
elmləri doktoru Rafiq Qurbanovla söhbətimiz saatlarla çəkərdi.
Həmin məclisdə xalqımızın
dili və mədəniyyəti təbliğ
olunar, ayrı-ayrı şair
və yazıçılarımızın xatirələrinə
həsr olunmuş gecələr
keçirilər, el aşıqları və
mədəniyyət xadimləri çıxışlar edərdilər.
Rafiq müəllim ötən əsrin
60-cı illərini xatırlayaraq deyirdi: O
vaxt Akademiyanın Rəyasət Heyətinin
nəzdindəki aspirantura
şurasının 11 üzvündən biri
idim. Bundan əlavə
mənə Azərbaycan nümayəndəliyinin aspirantlar üzrə Moskva
təmsilçisi vəzifəsi də həvalə olunmuşdu. Aspirantlar
yataqxanasında 70 nəfər azərbaycanlı
qalırdı. Onlar təhsil almaqla yanaşı mill-mənəvi dəyərlərimizi
qorumağa çalışardılar. Çoxlu maneələr olsa
da, ilk dəfə Novruz şənliyini həmin yataqxanada
qeyd etdik. O zaman dostlarımız Bakıdan bizə səməni
göndərmişdilər. Həmin gün
tədbirdən sonra kimyaçı
aspirantların yaşadığı otağa
qalxdıq. İçəri daxil olan iki nəfər bizə
bir bayraq göstərib
onu öpməyi məsləhət bildilər.
Sonradan öyrəndim ki,
bu bayraq Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı imiş. Ömrümdə ilk
dəfə idi bu
bayrağı görürdüm. Yataqxanada Azərbaycan
yazıçıları ilə maraqlı görüşlərimiz
olurdu. Həmin görüşlərin
birində maraqlı hadisə baş verdi. Bir sarışın
oğlan gəlib bizim
tədbirimizdə oturmaq üçün
icazə istədi. Bir azdan
həmin oğlan ayağa
qalxıb səsi titrəyə-titrəyə dedi:
-Mən özümü xalqımın
içində hiss edirəm. Sən demə,
o Moldovada yaşayan bir qaqauz imiş.
Başqa bir həmyerlimiz Elyar Dəmirovun
Moskvada tələbəlik illəri ilə bağlı
keçirdiyi hisslər də məndə xoş duyğular
yaratmışdı. Həmin illəri xatırlayan Elyar deyirdi: Tələbəlik
vaxtı Azərbaycana, evimizə zəng etmək üçün danışıq məntəqələrinə
gedərdik. Saatlarla növbə gözləməyin
öz romantikası vardı. Operator "Azərbaycan 12-ci kabinəyə deyəndə
gözüm ayağımın
altını görmürdü, bilmirdim telefonun dəstəyini
əlimə nə vaxt
götürmüşəm..." Soydaşlarımızla
görüşlərimiz zamanı onların mənəvi-dini
dəyərlərimizi yüksək qiymətləndirdiklərinin
şahidi olmuşam. Çoxu belə düşünür
ki, harda olursa-olsun valideynlərin halallığı,
xeyir-duası olmasa insan
heç vaxt qabağa gedə bilməz. Söyləyirdilər
ki, hər dəfə Azərbaycana gedəndə
valideynləri onları Quranın altından keçirir,
qayıdanda arxalarınca su atırlar.
Qürbətdə yaşayan
soydaşlarımızın bir çoxu öz
övladlarını bu ruhda
tərbiyə edirlər. Həmvətənlərimiz Novruz bayramı haqqında həmişə böyük coşğu
ilə danışırlar. 20 ildən artıq Rusiyada yaşayan bir həmvətənimiz bu
bayramla bağlı öz
xatirələrini mənimlə belə bölüşdü:
"Mart ayı girəndə kəndimizdə
bayram əhval-ruhiyyəsi yaranardı.
Ayın 7-8-dən başlayaraq evlərdə
təmizlik işləri aparılardı. Uşaqlar
"tut vurum, yaxud tutum vur"
sədaları altında yumurtaların bərk-boşluğunu
yoxlamaq üçün
yarışardılar. Bəzən biz də
onlara qoşulardıq. Udanda
valideynlərimiz haramdı deyə evə qoymazdı, uduzanda büdcədən gedərdi. Tonqal üstündən atlanardıq, papaq atardıq, qayış götürdü,
hil-hil oynayardıq". Bizə diqqət
kəsilən digər soydaşımız da
söhbətə müdaxilə edərək dedi:
Bir Novruz bayramı uşaqlar yumurta döyüşürdü. Mənim yumurtam yox idi.
Qonşunun toyuğunun
bizim samanlıqda
yumurtladığını görüb gedib yumurtanı götürdüm.
Küçəyə çıxanda yumurta
əlimdən düşüb sındı.
O vaxtdan anladım ki, halal nədir, haram nə
... Bir misal da çəkmək istəyirəm.
Yaxşı yadımdadır, uşaq
vaxtı atama bir sual verdim. Dedim
ki, ata, namazı niyə
üzü qibləyə qılırlar? Onsuz da Allah
görür, Allah bilir ki, namaz
qılan adam ona iman gətirir. Atam cavab verdi: Burda
böyük hikmət var,
bala. Qiblə namaz
qılarkən bütün müsəlmanların
üz tutduğu
istiqamətdir. Bu həm də birlik və həmrəyliyə
bir çağırışdı. Bizim bir qibləgahımız
da Vətəndi, Azərbaycandı.
Müqəddəs torpaqlarımız uğrunda,
müstəqil dövlətimiz naminə azərbaycançılıq
ideyası ətrafında birləşmək, həmrəy olmaq zamanıdı.
Çox sevindirici haldır ki, soydaşlarımızın keçirdiyi bütün tədbirlərdə doğma vətənə məhəbbət hissi aşılanır. Mənim də iştirak etdiyim bir tədbirdə Rusiyanın tanınmış dövlət məmurlarından biri çıxışı zamanı üzünü həmyerlilərimizdən birinə tutaraq dedi: "Çox fikirləşdim ki, sizə nə hədiyyə alım. Ancaq bilirəm ki, sizi heç nə ilə təəccübləndirmək mümkün deyil. Ona görə də təşkil etdiyiniz bu gözəl mərasimə bir Azərbaycan mahnısı öyrənib gəlmişəm". Soydaşlarımız söyləyirlər ki, muğamata qulaq asmaqla vətən həsrətini ovudurlar. Bu cür misalların sayını istənilən qədər artırmaq olar. Amma vətəndən kənarda insanın keçirdiyi hissləri sözlə ifadə etmək çətindir. Bu hissləri başa düşməkdən ötrü gərək bu anları yaşayasan. Dostlarımdan biri danışır ki, yəhudi əsilli bir soydaşımızın oğlanları ilə dünyanın ən bahalı şəhərlərindən olan Monte-Karlonun küçələrində avtomobildə gəzişirdik. Elə bu zaman onlardan biri avtomobildəki maqintofonu işə saldı. Hansı mahnı səslənsə yaxşıdı? Yurdum, yuvam məskənimsən Azərbaycanım, anam doğma vətənimsən Azərbaycanım. Qürbət diyarda doğulub boya-başa çatan övladlarına belə bir sevgi aşılayan ata xoşbəxtdir. Bəli, xalqımızın imicini yüksəltməkdən, Azərbaycanın başını uca etməkdən şərəfli nə ola bilər? Ən böyük siyasət, ən böyük iş budur. Azərbaycanlıların bir xoşbəxtliyi də ondadır ki, biz torpağa bağlı insanlarıq. Bu sevgini, bu məhəbbəti bizim əlimizdən heç kəs ala bilməz. Bu sevgini heç nə əvəz edə bilməz. Cənnət bizim üçün Azərbaycandır. Deyirlər ki, gəzməyə qürbət ölkə, ölməyə vətən yaxşı. Yəqin ki, müxtəlif səbəblərdən qürbətdə yaşayan soydaşlarımız nə vaxtsa vətənə dönəcəklər...
Bəzən adam yaxın adamları xəstələndiyi zaman harası ağrıdığını bilsə də, tez-tez soruşur: "Ata, haran ağrıyır? Ana, haran ağrıyır?" "Haran ağrıyır Vətən" sözü də bu zaman çox yerinə düşür. Son vaxtlara qədər bizim ən ağrılı yerimiz milli birliyə nail ola bilməməyimiz idi. Şükürlər olsun ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə biz buna nail ola bilmişik. Elə dahi rəhbərimizin çox məşhur bir sözü ilə qeydlərimi tamamlamaq istəyirəm: "Hər bir insan üçün milli mənsubiyyəti onun qürur mənbəyidir. Həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam".
Süleyman Əlisa
Ədalət.-2011.-16 dekabr.-S.6.