"Allah mənim ömrümdə nə
qədərdirsə, şeirlərimdə də o qədərdir"
Ramiz Rövşənin
Tehranda fars dilində nəşr olunan "Şükran"
jurnalına müsahibəsi
- Şeir yaxınlaşmaqdır,
yoxsa uzaqlaşmaq?
- Yunus İmrə "Bir mən vardır məndə, məndən içəri" deyirdi. Şeir yazmaq hamıdan uzaqlaşıb həmin o "məndən içəridəki mənə" yaxınlaşmaq, onunla qovuşmaq cəhdidir. Lorka şeir yazmağı meşəyə ova getməyə bənzədirdi və deyirdi ki, nə ovlayacağını şair əvvəlcədən bilə bilməz.
Amma mənə
elə gəlir ki, hər dəfə o meşədə
şairin ovladığı məhz elə həmin şairin
özü olur. Hər şeirində şairin ruhunun bir şəkli,
şüurunun alt qatındakı "mən"inin onun
özünə də tanış olmayan hansısa bir mənzərəsi
üzə çıxır. Və bəzən bu mənzərə
təkcə oxucunu yox, şairin özünü də heyrətləndirir.
Hələ şairi o meşədə azdırıb əliboş
qaytaran, sözə gəlməyən şeirlər də var.
Bu mənada, mən özümü o qədər də fərasətli
ovçu saymıram. Çünki yazmağa gücüm
çatmayan, bu günəcən yarımçıq qalan
şeirlərim yazdıqlarımdan heç də az deyil.
-
Yazıldıqda ölən şeirlər var. Onlarla neyləməliyik?
- Əgər o "ölü
şeirlər" artıq çap olunubsa, onları elə
çap olunduqları kitablardaca dəfn eləmək
lazımdır. Cavanlıqda mən kitab
dükanlarında və kitabxanalarda eşələnməyi
çox sevirdim. Rəflərdəki kitabları bir-bir gözdən
keçirə-keçirə öz istədiyim kitabı
axtarmağım qəbiristanlıqda baş daşlarına
baxa-baxa gəzişib doğma qəbri axtarmağa bənzəyirdi.
Və o vaxtdan bəri mənim bildiyim bir həqiqət var; bəzən
ən zay adamları çox əzəmətli qəbirlərdə
basdırdıqları kimi, ən zay şeirləri də
çox əzəmətli kitablarda çap eləyirlər.
Amma nə o qəbirlərə baş çəkən, nə
də, o kitabları oxuyan olur.
- Sizin
şeirinizdə nədən bu qədər ölüm var? Fərəh,
sevinc azdır?
- Bu mənim sovet dövründən
bəri ən çox eşitdiyim və ən çox da
razılaşmadığım fikirdir. Məhz buna
görə də, mənim birinci kitabımla ikinci
kitabımın arası 17 il çəkdi (1970-1987). Sovet
dövründə iki sözü şeirdə işlətmək,
demək olar ki, qadağan idi; "Allah" və
"ölüm" sözünü. Mənim şeirlərimdə
isə bu iki sözə tez-tez rast gəlmək
mümkündür.
Amma bununla belə, mən
özümü qətiyyən "ölüm şairi"
saymıram. Ölüm nədir? Tam hərəkətsizlik
və sükunət. Mənim şeirlərim isə hərəkətlə
doludur. Bu şeirlərdə ən çox işlənən
nitq hissəsi feldir. Fel isə hər cür xəbəri, o
cümlədən də, poetik xəbəri daşıyan əsas
nitq hissəsidir. Odur ki, mənim şeirlərimdə
ölüm varsa da, bu həmişə hərəkətdə
olan, çox "diri ölüm"dür. Sözün
düzü, mən ömrü boyu sevinc, fərəh dolu
şeirlər yazan böyük şair tanımıram.
Çünki şair dünyanın ən xoşbəxt
ölkəsində də özünü bədbəxt hiss eləməyə
səbəb və ya bəhanə tapa bilər. O ki
qaldı bizim başıbəlalı vətənimizdə
ola...
Amma bununla belə, ölüm
duyğusu zəif olan, ya da heç olmayan gözəl
şairlər də var; məşhur rus şairi Puşkin
kimi, bizim Müşfiq kimi. Qəribədir ki, bu şairlərin
hər ikisi çox az yaşayıb. Amma
ölüm haqqında ən gözəl şeirləri,
"Ölüm sonetləri"ni yazan böyük ispan
şairi Kevedo da, ölüm haqqında ən gözəl
hekayəni, "İvan İliçin
ölümü"nü yazan böyük rus
yazıçısı Tolstoy da kifayət qədər uzun
ömür sürüblər. Ümumiyyətlə,
dinin və ədəbiyyatın vəzifəsi təkcə
insana həyat dərsi vermək, onu tərbiyələndirmək,
imana gətirmək deyil, həm də, insanın canından
ölüm xofunu çıxarmaq, onu qaçılmaz olan bu
sonluğa hazırlamaqdır. Çünki həyat ötəri,
ölüm isə əbədidir.
-
Allahla doludur şeirləriniz və o Allahın bəzən
şairliyini də görürük?
- Allah mənim ömrümdə nə
qədərdirsə, şeirlərimdə də o qədərdir.
Nə az, nə çox. 1990-cı illərin əvvəlində
bir qəzet müsahibəsində məndən
soruşmuşdular: "Şeir yazmayanda Allah yadınıza
düşürmü?". Cavabında demişdim: "Mən
şeir yazanda Allahın yadına düşürəm. Allah həmişə
mənim yadımdadır".
Elə həmin illərdə İstanbuldakı bir şeir gecəsində də mənə sual vermişdilər: "Sizcə, Allahdan qorxmayan adamdan şair olarmı?". "Yox" demişdim və elə o dəqiqə də əlavə eləmişdim ki, "amma Allahdan qorxan adamdan da şair olmaz".
Şairi Allaha bağlayan qorxu deyil, sevgidir. Bu mənada, Mövlanədən, Yunus İmrədən bu günəcən hamımız o böyük sevginin qullarıyıq. Və bizim ən
böyük azadlığımız da bundadır. Odur ki, bizi bu dünyada başqa heç bir kəs,
heç bir qüvvə özünə qul edə bilməz.
O ki qaldı Allahın şairliyinə...
Sözün düzü, mənə də hərdən
elə gəlir ki, yazdığımız şeirləri təkcə
biz özümüz yazmırıq. Əlimizin
üstündə nəsə bir əl də var. Və mən
bəzən o əlin istisini lap açıq-aşkar hiss eləyirəm.
-
Sözcüklər və sözlər get-gedə tükənir
dünyada, yoxa çıxır. Şeirin taleyi
necə olacaq?
- Sözləri və
sözcükləri tükədən onların vasitəsilə
deyilən yalanlardır. Yalan, sözü həm
qiymətdən, həm də hörmətdən salır.
Füzuli "Aldanma ki, şair sözü əlbəttə
yalandır" deyirdi. Çox təəssüf
ki, bizim bir çox şairlər Füzulinin dediyini hərfi mənada
başa düşüblər və əllərinə qələm
alandan həmişə yalan yazmaqla, şeiri-sözü
çirkləndirməklə məşqul olublar. Bəs bu bəladan xilas olmaq üçün neyləmək
lazımdır? Yalançı, saxta,
üzü sırtılmış sözlərin kifini təmizləyib,
onları öz ilkinliyinə, saflığına, bakirəliyinə
qaytarmaq və təzədən sevmək lazımdır.
- "Dillər ölümü"nün
şahidiyik. Bu ölümü
öldürmək olmazmı?
- Dünyada irili-xırdalı minlərlə
dil var. Və zaman keçdikcə o dillərin bəziləri
öz içindən çürüyüb gedir, bəzilərini
başqa dillər udur. Belə bir ifadə var: "Nə qədər
dil bilirsənsə, o qədər adamsan". Yəni 3 dil bilən
üç adamdır, 5 dil bilən beş
adam. Amma beş dil bilib, beşində də
nadan olmaq mümkündür. Hər bir dilin
ölməyi də, qalmağı da o dildə
danışıb-yazan adamlardan asılıdır. Adam neçə dil bilsə də, bu onun öz ana
dilini bilməməyinin eyibini örtə bilməz. Mən hər dəfə şeir yazanda və ya
hansısa şairi tərcümə edəndə dilimizin
böyüklüyünü, imkanlarının genişliyini
bir daha hiss edirəm. Və bəzən nəyisə
ifadə eləməyə söz tapmayanda bunun
günahını dilimizdə yox, özümdə
görürəm. Əslində,
şairlik sözün demədiyini onun canından
çıxarmaqdır. Amma bunu elə
ustalıqla eləməlisən ki, sözün canı
çıxmasın. Yaşamaq
üçün, millət də, dil də daim hərəkətdə
olmalı, doğub-törəməlidir. Nəsimidən,
Füzulidən bu günəcən dünyaya gələn hər
bir əsl şair Sözlə izdivac bağlayır. Amma heç bir şairdən sonra Söz dul
qalmır. Dilin ölməzliyi də
bundadır.
-
Dünya şair sözünə qulaq verməlimidir? Axı
şairlər çox qorxulu danışırlar bəzən!?
- Çoxdan yazdığım bir
essemdə demişdim ki, şair bəzən toyda ağlayan,
yasda gülən adama oxşayır və bütün "məclis
yiyələri" yəqin buna ancaq "məclisi pozmamaq xətrinə"
dözürlər. Bəli, şair hərdən
heç kəsin bilmədiyi sözü deyib hamını heyrətləndirməyi
bacarır, hərdən də hamının bildiyi, ancaq
eşitmək istəmədiyi sözü deyib araya pərtlik
salır və özünə xeyli düşmən
qazanır. Mən Şopenhauerin bir fikri ilə
razıyam ki, əsl poeziya dövr və zaman haqqında tarix
kitablarından daha səmimi və dəqiq məlumat verir.
Doğrudan da, əsl şeir şair ürəyinin
kardioqramıdır. Ürəyi aldatmaq isə
çox çətindir. XIX əsrin rus
filosofu Çaadayev "həqiqət vətəndən
ucadır" demişdi. O dövrün dahi rus şairi
Puşkin isə bir şeirində yazırdı ki: "Bizi
alçaldan həqiqətdənsə, bizi ucaldan yalan
yaxşıdır". Puşkini çox sevsəm
də, onun bu fikri ilə heç vaxt
barışmamışam. Çünki
"bizi ucaldan yalan" başımızın altına
yastıq qoyub, axırda bizi çox pis günə, alçaq
və rəzil vəziyyətə salar, "bizi alçaldan həqiqət"
isə içimizi silkələyib bizi hərəkətə
gəlməyə, saflaşmağa, kamilləşməyə,
ucalmağa vadar eləyə bilər.
Məncə,
dünya şair sözünə qulaq verməlidir. Ən azı ona görə ki, şairlərdə
intuisiya çox güclü olur. Bəzən
deyirlər ki, şairlər gələcəyi görür.
Yox, sadəcə olaraq onlarda keçmiş
hissiyyat, genetik yaddaş o qədər güclüdür ki, gələcəyi
hiss edə bilirlər. Axı dünya
silsiləvaridir və çox şeylər təkrar olunur.
Yarasa qaranlıqda görmür, amma
hissiyyatının gücünə məftillərə
toxunmadan uça bilir. Bu hissiyyat bir az
şairlərdə də var. Ümumiyyətlə, şairlərdə
gecə quşlarına məxsus bir çox keyfiyyətlər
olur. Hətta bir az bayquşluqları da var. Odur ki, kimlərinsə
şair sözündən qorxmağı çox təbiidir.
- Gündə nə qədər
şairsiniz?
- Əgər siz bunu deyərkən şeir yazmağımı nəzərdə tutursunuzsa, mən bəzən günlərlə, aylarla şair olmuram. Yəni şeir yazmıram. Amma mənim bütün ömrüm şeir ərəfəsində keçir. Şeir mənim rastıma haçan, harda çıxsa, mən onu qarşılamağa hazıram. Nə vaxtsa oxuduğum bir fikir yadımdadır: "Şair - hansısa peşə sahibi deyil. Şair - ayrıca insan növüdür". Mən özümü bu insan növünə aid edirəm və həyatımdakı bütün səhvlərin, itkilərin, uğursuzluqların bəraətini və təskinliyini də məhz bunda tapıram.
Amma bir həqiqət
də var ki, əvvəllər, cavanlıqda daha çox
yazırdım. Bunun bir səbəbi də o vaxt
ailə və məişət qayğılarından indikinə
nisbətən daha azad olmağım idi. Ümumiyyətlə,
şairlər bir az amfibiyalara, yəni suda-quruda yaşayan məxluqlara
bənzəyir. Şairin həyatının bir hissəsi su
altında - yaradıcılıqda, bir hissəsi isə
quruda - məişət qayğıları içində
keçir. Və indi o qədər problemlər var ki, uzun
müddətə "baş vurub suyun altına getmək"
xatalıdır. Çünki başını sudan
çıxaranda quruda qoyub getdiklərinin bir çoxunu
sağ tapmaya bilərsən.
-
Şairlər nə zaman qabağa düşəcək.
Çoxları şairlərdən qabaqda yürüyür?
- Şairin hamıdan qabaqda yürüməyinin
və ya hamıdan arxada yeriməyinin əslində elə bir
fərqi yoxdur. Çünki şairin gücü onun
ayağının yox, sözünün itiliyi ilə
ölçülür.
-
Bir neçəsini çıxdıqdan sonra Azərbaycan
şairləri kitab oxumurlar. Şair geniş səviyyədə
məlumat, bilgi qazanmaqçün amansız oxumağa
girişməlidir. Deyilmi?
- Təxminən 30 il bundan əvvəl
bir təbiət jurnalında maraqlı xəbər
oxumuşdum. Rusiyanın hansısa vilayətində bir qəribə
bülbül xəstəliyi peyda olur. Özü də bu xəstəlik
əsasən yaşlı, qoca bülbülləri tutur. Odur
ki, cavan bülbüllər də xəstələnməsin
deyə qoca bülbülləri aradan götürürlər.
Və bir müddət sonra cavan bülbüllər düz-əməlli
oxumağı yadırğamağa başlayırlar. Sən
demə, quş da quşdan oxumaq öyrənirmiş və deməli,
şairin şairdən öyrənməsi də çox təbiidir.
Amma istedadın yoxdursa,
dünyanın bütün böyük şairlərini oxusan
da, yenə əsl şair ola bilməzsən. Ancaq
heç nə oxumadan, təkcə istedadın hesabına
şair olmaq da müşkül məsələdir. Hər bir
şair şeirlərində özünü ifadə eləyir.
Özü maraqlı olmayanın şeirləri maraqlı ola
bilməz. Əslində oxuduğumuz bütün böyük
şairlərdən biz özümüzü ifadə eləməyin
müxtəlif yollarını öyrənirik. Bir də ki,
ustalıq yazmağı yox, pozmağı öyrənməkdir.
Yaxşı yazmağı bizə heç kəs öyrədə
bilməz. Amma pisin nə olduğunu öyrənə-öyrənə
biz yaxşıya doğru gedirik.
-
Azərbaycanda dünya ədəbiyyatından örnəklər
seçib və çevirmək hansı orqanın görəvidir
və bu görəvi nə qədər yerinə yetirir?
- Azərbaycanda, demək olar ki,
bütün ədəbi qəzet və jurnallarda dünya ədəbiyyatından
tərcümələr çap olunur. Amma bu işlə
peşəkar səviyyədə məşğul olan ilk ədəbi
orqan 20 il əvvəl nəşrə başlayan "Xəzər"
jurnalıdır. Bu jurnal Azərbaycan oxucusunu bu günəcən
dünya ədəbiyyatının ən parlaq nümunələri
ilə tanış edir. Mənim tərcümələrim də
əsasən bu jurnalda işıq üzü görür.
Ümumiyyətlə, tərcüməçilik bir az cərrahlığa bənzəyir. Hansısa bədii əsəri bir dildən başqa dilə çevirmək hansısa bədən üzvünü bir canlı orqanizmdən başqasına köçürmək kimi bir şeydir. Cərrahın işi yalnız o zaman uğurlu sayıla bilər ki, həmin bədən üzvü başqa orqanizmdə yaşaya bilsin. Bu dediyim başqa dillərə tərcümə olunun əsərlərə də aiddir. Və bu mənada, tərcüməçilərin yazı stolunda öldürdükləri əsərlərin sayı cərrahiyyə stolunda ölən adamların sayından az deyil.
- Sizcə, şairlər
azalmayıbmı?
- Üç-dörd il bundan qabaq bir toplantıdaydım. Demək
olar ki, çıxış edənlərin hər biri öz
nitqini şeirlə bitirirdi. Əsasən də öz şeiri
ilə. Yanımda əyləşən türkiyəli qonaq
dedi ki, Ramiz bəy, maşallah, sizdə hər iki adamdan biri
şairdir. Dedim ki, düz deyirsən. Amma kaş ki, heç
olmasa hər iki adamdan biri adam olaydı.
Yox, bizdə şeir yazan
qrafomanların sayı qətiyyən azalmayıb. Amma əsl
şairlərin sayı doğrudan da azalmaqdadır, özü
də təkcə bizdə yox, dünyanın hər yerində.
Anna Axmatova bir şeirində deyirdi: "Əgər siz bilsəydiniz
necə zir-zibildən doğulur şeir, abır-həya bilmədən".
Arı balını, ilan zəhərini dünyadan
aldığı kimi, şair də sözü dünyadan
alır, ürəyinin süzgəcindən keçirərək
duruldub, saflaşdırıb insanlara çatdırır. Bu
gün dünyanın havası, mənəvi-əxlaqi
ekologiyası çox çirklənib. Bir şeirimdə
dediyim kimi, şair ciyəri bu havaya dözmür...
Amma mən poeziyanın
ölümsüzlüyünə inanıram. Çünki
poeziya gün işığı kimidir; nə qədər
basdırsan da, yenə torpağın üstündə qalacaq.
- 20 sevdiyiniz adam?
- 20 ad çəkmək çətindir.
Çünki başda Rumi və Dostoyevski olmaqla
sevdiyim şair və yazıçıların sayı qat-qat
çoxdur. Bu iki adı ona görə
başa keçirtdim ki, məncə, Allaha Rumidən, insana
Dostoyevskidən daha yaxın olmaq qeyri-mümkündür.
Mən Füzuli və Sabir, Bodler və
Rilke, Nazim Hikmət və Qısakürək, Mayakovski və
Yesenin, Tolstoy və Çexov, Tomas Mann və Hesse, Kafka və
Markes kimi bir-birinin tam əksi olan şairləri və
yazıçıları da sevə bilirəm. Apolliner,
Xlebnikov, Eliot kimi poeziyada milli çərçivələri
yarıb inqilab eləyən şairlər də, Börns,
Lorka, Şəhriyar kimi milli köklər üzərində ucalan
şairlər də mənə eyni dərəcədə əzizdir.
Homerin "İlliada"sından
Vergilinin "Eneida"sına qədər antik dövr
poeziyasını, Dantenin "İlahi komediya"sından
Şekspirin faciə və sonetlərinəcən intibah
dövrü ədəbiyyatını, klassik çin və
yapon poeziyasını (Van Vey, Li Bo, Du Fu, xokkular), XIX və XX əsr
fransız və ispan şeirini, XX əsr rus poeziyasının
gümüş dövrünü (Blok, Pasternak, Mandelştam,
Axmatova və Svetayeva), ingilis və alman romantiklərindən
Kitsi və Hölderlini, amerikan poeziyasından Robert Frostu
çox sevirəm.
Amma mənə xüsusən
doğma və əziz olan dörd ad da var. Bu adların sahiblərini
bizim milli varlığımızın dörd sütunu saymaq
olar; Füzuli - hissiyatımızın, Cəlil Məmmədquluzadə
- əxlaq və mənəviyyatımızın, Məmməd
Əmin Rəsulzadə - ağıl və siyasi
düşüncəmizin sütunudur. Və bir
də, onların hər üçünü öz
yaradıcılığında cəmləyib bir ortaq məxrəcə
gətirən dahi bəstəkarımız Üzeyir Hacıbəyov.
- 10
qalarğı film?
- Mən şairlikdən başqa həm
də Moskvada ali kino təhsili almış
peşəkar kinodramaturqam. Ssenarilərim əsasında
bir çox bədii filmlər çəkilib. Odur ki, mənim zövqüm obyektiv
tamaşaçı zövqü yox, subyektiv
kinematoqrafçı zövqüdür. Mənim dahi
saydığım, amma sevmədiyim kinorejissorlar, şedevr
saydığım, amma baxanda darıxdığım filmlər
var. Ancaq məndən ötrü gəncliyimdən bu günəcən
qiymətini və ən başlıcası, ləzzətini
itirməyən filmlər də az deyil.
Seçmək çox çətin olsa da, hər halda o filmlərdən
bir neçəsini saya bilərəm: Qriffitin "Səbirsizlik",
Eyzenşteynin "İvan Qroznı", Dovjenkonun
"Torpaq", Viqonun "Əxlaqdan sıfır qiymət"
və "Atalanta", Fellininin "Amarkord", Antonioninin
"Sərgüzəşt", Berqmanın
"Çığırtı və
pıçıltılar", Bressonun "Kənd
keşişinin gündəliyi" və
"Müşşet", Kurasavanın "Rasyomon",
Tarkovskinin "Stalker" filmləri.
- Fars İran şeirini nə qədər
tanıyırsınız?
- Firdovsinin "Şahnamə"sindən,
Nizaminin "Xəmsə"sindən, Mövlanənin "Məsnəvi"sindən
Hafizin qəzəllərinə, Xəyyamın rübailərinə
qədər farsdilli klassik Şərq poeziyasını mən
çox sevirəm. Təəssüf ki, çağdaş fars şeiri haqqında bilgilərim çox
azdır.
- Siz
olduğunuz kimi dünyaya
tanıtdırılmamısınız. Bunun nədənləri
nə ola bilər? Yoxsa özünüz
dünyanın alqışlamasını istəməmisiniz.
Amma siz özünüzün deyil,
dünyanınsınız artıq.
- Mən cavanlıqdan bu günəcən
hər dəfə yazdığım şeirin son nöqtəsini
qoyanda bir şair kimi öz vəzifəmi bitmiş sayıram.
Heç o şeirlərin çapı
haqqında da düşünmürəm. Bir də ki,
cavanlıqda, sovet senzurası dövründə mənim
şeirlərimin çap olunmaq imkanı çox az idi. Vətəndə, ya ondan
qıraqda tanınmaq, sevilmək haqqında da heç fikirləşmirdim.
Və 1970-ci ildə nəşr olunan ilk
kitabımın, ondan sonra ara-sıra çap edilən
şeirlərimin oxucular tərəfindən necə sevgiylə
qarşılandığını görəndə
özüm də təəccübləndim. Çünki şeirlərim o qədər də sadə
deyil. Mən arxetiplərlə işləməyi,
sözlərin alt qatlarındakı mənaları üzə
çaxarmağı sevirəm. Şeirlərimə
olan bu oxucu sevgisi o vaxt məni tənqid eləyənləri,
guya "milli köklərdən qopub Qərb poeziyasına
uymaqda" günahlandıranları da
çaşdırmışdı.
Bildiyimə görə, indi
Arazın o tayında da şeirləimi sevən minlərlə
oxucum var. Ümumiyyətlə, bu ötən illər ərzində
şeirlərim mənə saysız-hesabsız dost
qazandırıb. Düşmənlərimi isə
mən özüm qazanmışam.
Təxminən on il
bundan əvvəl BBC radiosu şeirlərimin ingilis dilinə tərcüməçisi
Riçard Makkeynlə mənim telefon söhbətimi təşkil
eləmişdi. O söhbətdə Riçard mənə
"İngiltərə sənin ikinci vətənin olacaq"
dedi. Amma İngiltərənin, Fransanın və
ya başqa ölkələrin mənim "ikinci vətənim"
olmasından əvvəl mənim birinci vətənimdə,
doğma Azərbaycanımdakı qəribçiliyim sona yetməlidir.
Nəsə bu qəribçilik çox uzun
çəkdi. O ki qaldı "dünyanın məni
tanıyıb alqışlamasına"... Bu da
olacaq. Darıxmağına dəyməz.
Nazim Hikmət demişkən: "Pətəyində balın
olsun, arısı gələr Bağdaddan"...
Ədalət.-2011.-16
dekabr.-S.7.