Qarabağ Qədirsiz qaldı, Qədir də Qarabağsız...

...Vurdu sinəmə yarə, bu gün incidi getdi

 

Çox vaxt sevdiyin səs, məhəbbət bəslədiyin obraz haqqında qəlbindəki əsl duyğuları yaza bilmirsən. Bəlkə də ayrı-ayrı fikirlər səsləndirə bilərsən, ancaq qələm götürüb duyğuları, düşüncələri səfərbər etmək bəzən mümkünsüz olur. Görkəmli muğam ifaçısı, Qarabağ muğam məktəbinin nadir səsə malik nümayəndəsi Qədir Çərkəz oğlu Rüstəmovun ölüm xəbərini eşidəndə də bu hissləri keçirdim. Bilmədim nə yazam, sadəcə ürək ağrısıyla pıçıldadım; Qədir də bu dünyadan keçdi. Köçdü demədim, bəlkə də başqaları haqqında köçdü demək olar, ancaq Qədirin haqqında heç vaxt bu ifadəni işlətməyə dilim gəlməz. Çünki Qədir sənət aləmində elə bir yol açıb ki, ona öldü köçdü demək olmaz. Onun bundan sonrakı həyatı xalqın ürəyində, qəlbində yaşayacaq.    

   Bu böyük xalq sənətkarının ölümü ilə dünya bir qədər yazıqlaşdı, çünki dünyanın rəngi bir qədər də soldu. Dünya özünün əlvan səsləri içərisindən bəlkə də ən qiymətlisini itirdi... Qədir Rüstəmov xalq mahnılarının əvəzsiz ifaçısı idi. Sanki o səs məhz xalq mahnılarını ifa etmək üçün doğulmuşdu, həyata gəlmişdi. Mən hələ də inana bilmirəm, inana bilmirəm ki, o ölüb. Fəqət axtardığım bütün informasiya mənbələri bu acı xəbəri təsdiqləyərək yazır: "2 aya yaxın İstanbul "Acı badem" xəstəxanasında koma vəziyyətində olan Azərbaycanın xalq artisti Qədir Rüstəmov bu gün, yəni dekabrın 14-də 76 yaşında vəfat edib" Kədərlidir... Ağlımız kəsəndən öyrəşdiyimiz, istisinə, hərarətinə qızındığımız səsin sahibini bir daha tapa bilmərik. O da milyonlardan biri kimi torpağa qovuşacaq. Yəqin qədim müdriklər insanlığa böyük töhfələr vermiş insanların ölmünü xatırlayanda, "torpağın altı da, üstü də sərvətlə doludur" qənaətinə gəliblər.  

   Xalq şairi Məmməd Araz dünyasını dəyişəndə qardaşım Əlibala Zaloğlu "Mənim şairim öldü" adlı məqalə yazmışdı. Elə bilirəm hər kəs Məmməd Arazı özünün şairi bildiyi kimi Qədir Rüstəmovu da özünün xanəndəsi hesab edir və təəssüflə "mənim xanəndəm öldü" deyir. Xalqın rəğbətini qazanmış böyük xanəndə şəxsiyyəti və sənəti ilə olduqca bənzərsiz idi. Onun qeyri-adi dərəcədə səmimiyyəti hər kəsi heyrətə gətirir və bu hədsiz səmimiyyət çox vaxt hər kəsin onunla dil tapmasına mane olurdu. Çünki ən adi bir sözdən Qədir Rüstəmov həmsöhbətindən küsüb gedə bilərdi.    

   1985-ci ildə jurnalların birində "Qədir Rüstəmovla atüstü söhbət" adlı geniş müsahibə dərc olunmuşdu. Mən onda orta məktəbdə oxuyurdum. Səhv etmirəmsə yazının müəllifi yazıçı Seyran Səxavət idi. Müsahibə böyük oxucu marağına səbəb olmuşdu. Çünki müəllif sənətkarlıqla xanəndənin səmimiyyətini, özünün ifadə tərzi və yazı üslubunda ortaya qoya bilmişdi.    

   Sonralar yazıçı -publisist Aqil Abbasın da Qədirlə bağlı "Evləri köndələn yar" adlı dəyərli povesti mətbuat aləmində səs saldı...    

   Qədir Rüstəmov haqqında gözəl sənədli filmlər də çəkilib. "Üzeyir ömrü" (film, 1981) "Qədir Rüstəmov" (film, 2001), "Memar" (film, 2006), "Bu səs Qədirin səsidir" (film, 2007) və "Muğamat var olan yerdə..." (film, 2009) filmləri mədəniyyət xəzinəmizin inciləri sırasındadır. Xanəndənin ən məşhur mahnısı isə "Sona Bülbüllər"dir. "Sona Bülbüllər"lə Qədir Rüstəmov özünə abidə ucaltmışdı. O abidə ki, xalqın mədəniyyət tarixinə çevrildi.  

   "Sona Bülbüllər" həm də muğam ustadının daxili dünyasının rəsmidir desəm doğru olar. Və o rəsm o qədər gözəl çəkilib ki, mənəvi yaddaşımızda həmişə xanəndənin obrazını dipdiri, canlı yaşadacaqdır. Və təsadüfi deyil ki, o mahnının sətirlərini mədəniyyətimizi, incəsənətimizi sevən hər kəs əzbərdən bilir.  

   Dəryada gəmim qaldı,  

   Biçmədim, zəmim qaldı,  

   Çox çəkdim yar cəfasın,  

   Mənə də qəmim qaldı  

   Ay sona Bülbüllər,    

   Ay saçı sünbüllər.

  

   Məsələ burasındadır ki, Qədirin ifasında bu sətirlər dil açıb danışırdı. Mahnının sözlərinin məna, məzmun, mahiyyət çalarları o qədər böyüyürdü ki, sanki oxuduğun yüzlərlə kitablar mövzusunu elə bu mahnıdan, Qədirin yanğılı səsi ilə sehirli bir təbiət nəğməsi kimi həyat hadisəsinə dönərək ürəyimizə axan "Sona Bülbüllər"dən alıb.    

   Qədir oxuduğu bir çox xalq mahnılarının yalnız məzmununu xalqdan almışdı. Amma onun donunu özü biçmişdi. Heç kəs, heç bir müğənni Qədiri təkrarlaya bilməz. Hətta buna cəhd etsələr belə onlar daxilən Qədir Rüstəmov ola bilməzlər. Çünki cismani və ruhani vəhdət hər sənətkara qismət olan tale deyil. O oxuduqlarını içdən yaşayırdı. Əks halda Mövlanə Füzuli qəzəllərini Füzuli kədəri, Füzuli yanğısıyla oxuya bilməzdi.    

   İnsanı böyük faciəsi, böyük dərdi ilə qabaq-qənşər qoymaq, yaddaşı qanatmaq, deyək ki, parçalanmış topqalarımızın - Arazın o tayının, bu tayının dərdini yada salmaq, insanı düşünməyə vadar etmək, onun yaddaşını hərəkətə gətirmək Qədir istedadı üçün çətin deyildi. Hər halda Qədir Rüstəmov istedadı bir möcüzə idi. Və məncə möcüzədən danışmaqla onu təsəvvür etmək olmaz, möcüzə haqqında təsəvvürləri yalnız insan xəyalında qura bilər.    

   Hələ uşaqlıqdan Qədirin ifasında həssaslıqla dinlədiyim bir xalq mahnısının misraları indi məni daha çox kövrəldir.

  

   Gedin deyin xan çobana  

   Gəlməsin bu il Muğana  

   Muğan batıb nahaq qana  

   Apardı sellər Saranı,

      Bir ala gözlü balanı.

  

   Bu yerdə Qədir haqqında ən şirin yazılardan birinin müəllifi Zəkurə Quliyevanın ürəyinin qanı ilə yazdığı fikirləri qələmimi saxlayır. Özünə yer istəyir. "Apardı sellər Saranı" mahnısından təsirlənən müəllif yazır:    

   "Haqsızlığa, nahaq tökülən qanlara qarşı bir üsyan vardı bu səsdə. Sanki bu, təkcə iki gəncin nakam taleyindən yox, yurdumuzun otunun, çiçəyinin nahaq qana bulanmasından, minlərlə gəncimizn yarımçıq ömründən, düşmən əlinə keçməmək üçün ölümünü üstün tutub özünü sellərə-sulara qərq edən ala gözlü qız-gəlinlərin acı taleyindən bəhs edirmiş".    

   Qədir Rüstəmov 1935-ci ildə Ağdam rayonunda anadan olmuş, ustad xanəndə Hacıbaba Hüseynovdan ilk muğam dərsləri almış, sonralar Ağdamda təhsilini davam etdirmişdir. Məlahətli səsi və özünəməxsus ifa tərzi ilə xalq məhəbbəti qazanan Qədir Rüstəmov zaman keçdikcə xanəndə kimi məşhurlaşmışdır. Onun ifasında bir sıra muğam dəsgahları, rast, cahargah, şur, zəminxarə və s. radionun qızıl fonduna daxil edilmişdir. Qədir Rüstəmov özünün böyük vətəndaşlığını sözlərində ifadə edə bilməsə də, oxuduğu mahnı və muğamlarda hərarətlə ifadə edə bilirdi. Qarabağ həsrəti, Qarabağ yanğısı, doğma yurd itgisinin ağrısı onun səsinin ecazında hər kəsin sinəsini dağlayırdı. Bir sözlə, Qədir Rüstəmov yaralı könüllərin həmdəmi idi.    

   Qədir Rüstəmovun qeyri-adi xarakter daşıyıcısı olduğunu bilirdik. Ağdamlılar onunla bağlı maraqlı bir əhvalat danışır: Bir gün Ağdamda bütün küçələrdən öz səsini eşidən Qədir bərk əsəbləşərək gedib çıxır çayxanaya, camaatın gur olduğu bir yerdə oradakıları o ki var danlayaraq deyir: "Ə, bəsdirin də, nə qədər bu lenti oxudacaqsınız, yazıq deyil, bu millət. Qardaş, istəmirəm hər gün məni oxudub urvatdan salasınız".    

   Bu böyük sənətkarın gözəl keyfiyyətlərindən biri də, özünün təriflənməsini, təbliğ və reklam olunmasını xoşlamaması idi. Ancaq buna baxmayaraq sənətə qiymət verən xalqımız tərəfindən o layiqincə dəyərləndirilir, sevilirdi. Bir sözlə, o, xalq sevgisiylə, dövlət qayğısıyla əhatə olunmuşdu. Xalq artisti adına layiq görülmüş, şöhrət ordeni ilə təltif edilmişdi. Ev-eşiyi, güzəranı, bir sözlə, yaşayış səviyyəsindən gileyi yox idi. Bütün bunları o, sənət meydanında göstərdiyi şücaətlərə görə qazanmışdı.    

   Bir dəfə televiziyada Heydər Əliyevlə görüşünə baxırdım. Qədir Rüstəmovun hədsiz səmimiyyəti dünyanın siyasət nəhəngini də heyrətə gətirmişdi. Ən maraqlısı o idi ki, Qədir heç bir daxili həyacan keçirmədən prezidentlə üzbəüz söhbət edirdi. Hətta prezidentin baxışlarından hiss olunurdu ki, o son dərəcə Qədir Rüstəmovla ehtiyatla davranır ki, Qədir ən adi bir sözdən inciyə bilər. Heydər Əliyevin də bu məqamda böyüklüyü həmişə olduğu kimi görünürdü. O, hər bir böyük sənətkarın daxili dünyasını oxuyur, qəlbini duyurdu... və bəlkə də Qədir Rüstəmovu səsindən çox təbiiliyinə görə sevirdi.    

   Təbiilik demişkən, bir əhvalat da yadıma düşdü. Ölümündən bir neçə ay qabaq Qədir Rüstəmovu paytaxtda bir musiqi məclisinə dəvət edirlər. Görüşə vaxtında gələn xanəndə ruhuna doğma olan sənətkarlarla ürəkdən öpüşüb, görüşür. Bu sırada məclisdə iştirak edən bir qadın müğənni ilə də (adamın üstə Allah var, o da böyük sənətkardır) görüşməli olur. Müğənniyə yaxınlaşanda, görür ki, onun siması boyaların içində itib. Çarəsiz Qədir Rüstəmov "adam öpməyə yer də tapmır" - deyir.

      Xalqın ürəyinin ən kövrək tellərini ehtizaza gətirən Qədir Rüstəmov yeri gələndə güldürür, yeri gələndə ağladırdı. Bu sətirləri yazarkən iki oğlundan birini şəhid vermiş Ağdamlı Xuduş dayı qapımızı açır. Görəndə ki, söhbət Qədir Rüstəmovdan gedir, heç nə demədən telefonunun yaddaşına köçürdüyü Qədir Rüstəmovun lent yazılarını səsləndirir... Qədir nalə çəkir:  

  

  

   Ey dil nə dedin yarə, bu gün incidi getdi.  

   Vurdu sinəmə yarə, bu gün incidi getdi.    

  

  

    Buna səs demək olmaz, axı hamımızın səsi var. Onunki İlahi səsdir, Tanrının bizdən çox-çox ucalardan diqtə etdikləridir.  

   Doğurdan da, Qarabağın böyük mədəni irsinin daşıyıcısı olan Qədir Rüstəmov səsi kimi ölümü ilə də sinəmizi dağladı. Bu əvəzsiz sənətkarın ölümündən, bu böyük itgidən illər, əsrlər qərinələr belə inciyəcək. Bütün Azərbaycanın, küllü Qarabağın sevdiyi Qədir Rüstəmovun səsini sözümün sambalı ilə bu yazıya köçürə bilmədim. Fəqət nə qəm onu bir nəfər, beş nəfər sevmirdi, bütövlükdə xalq sevirdi. Təsadüfi deyil ki, Qədirin qardaşı, gözəl tarzən Bəkir Çərkəz oğlu Rüstəmovla bir sinifdə oxuyan, 73 yaşlı şəhid atası Xuduş dayı Qədir Rüstəmovla təsəlli tapırdım, deyir: "Şəhid oğlumun dərd-sərini yüngülləşdirmək üçün Qədirin ifasında səslənən mahnıları, təsnifləri, muğam dəsgahlarını dinləyərdim. Doğrudur, bu zaman dərdimin üstünə dərd gələrdi. Amma bu dərd tamam fərqli idi. Ürəyimin qabığını soysa da, ruhuma bir dinclik axardı. Dərk edirdim ki, mən insanam və bu dərdlərə tablamalıyam, dözməliyəm". Qədir Rüstəmov Qarabağ sevgisilə oxuyurdu. Seyidsiz, Cabbarsız, Xansız qalan Qarabağ Qədirsiz də qaldı. Qədir də Qarabağsız.    

   Xalq onu böyük sevgiylə ikinci Fəxri xiyabana yola saldı. Mən inanıram ki, Qarabağ elə Qədirin doğulduğu Ağdam işğalda olmasaydi xanəndə öz vəsiyyətinə əsasən doğma yurdunda, doğma dədə-baba ocağında torpağa tapşırılardı. O yerdə ki, Qarqar çayının nəğməsi eşidilsin, mehi duyulsun.  

   Qarabağ dərdi çoxumuzun ürəyində yara açıb. Qədir Rüstəmovun yarası deşildi. Bizimki də nə vaxtsa deşiləcək. Axşam xəbərlərini oxuyan diktor Qədir Rüstəmovun ölüm xəbərini insafsızcasına söylədi: "Bir daha Sona Bülbüllər oxunmayacaq" Biz "Sona Bülbüllər"i hər zaman eşidəcəyik, Qədirin lent yazıları qorunacaq, musiqi mədəniyyətimizin tərkib hissəsi kimi nəsillər zaman-zaman bu səsin canlı yaşadığı dövrə baş vuracaqlar. Qoy belə bir insanı əlimizdən aldığına görə zaman utansın, tale utansın. Fələklərə isə gücüm çatmaz. Amma mövlanə Füzuli yeri gələndə fələklərlə də savaşarmış.    

   ...Bütün hallarda əfsus. Qədir də keçdi, bu dünyanın pəncərəsindən o da baxdı. Baxdı və getdi.

 

Fariz Çobanoğlu

Ədalət.- 2011.- 17 dekabr.- S.10.