"Hər bir ölkə
dünyada öz yerini bilməlidir"
Politoloq Rüstəm Məmmədov: "Axırıncı canavarı, ayını Böyük Britaniyada üç yüz il əvvəl öldürüblər. Bu ölkədə qoyunlar açıq havada gecələyir"
Son bir ildə baş verən ciddi siyasi proseslər başa çatmaqda olan 2011-ci ili tarix səhnəsində xüsusi yerə çıxarmış oldu. "Ərəb baharı" adı almış inqilablar yarım əsrlik diktator rejimlərinin çöküşünə gətirib çıxardı. İl sona yaxınlaşsa da siyasi müşahidəçilər gərgin siyasi proseslərin sona çatmadığını idda edirlər və hesab edirlər ki, ciddi siyasi proseslərin hələ başlanğıc nöqtəsindəyik. Politoloq Rüstəm Məmmədovla budəfəki müsahibəmizdə də müşahidə olunanlar və gələcəkdə olacaqlar barədə danışmışıq.
"Xarici faktorsuz heç nə baş verə bilməz"
- 2011-ci ili əvvəlki illərdən nə ilə fərqləndirmək olar?
- Həqiqətən də 2011-ci il bir qədər qeyri-adiliyi ilə seçildi. 1917-ci il də ondan əvvəlki illərdən fərqlənir. Nəyə görə? Deməli, dünyada çox ciddi köklü dəyişikliklər baş verir. 2011-ci il digər illərdən ona görə fərqlənir ki, ictimai mühitdə, insanların yaşayış məntiqində xeyli dərəcədə dəyişmələr var. Ərəb inqilabları faktorundan danışanda bir çox hallarda deyirlər ki, Liviyada əhali çox yaxşı yaşayırdı. Bəs nəyə görə bu gün onlar həmin rejimə qarşı inqilab etdilər.
- Sizcə, etiraz birdən-birə baş qaldırdı, yoxsa, proseslər pərdəarxası gedirdi, şərain yetişməsini gözləyirdi?
- Mənə elə gəlir ki, proseslər birdən-birə baş vermədi, bu uzun illərdən gələn bir bir yolun sonu idi. İraq prezidenti Səddam Hüseyni niyə devirdilər? Ona görə ki, o özü üçün 53 saray tikdirmişdi, həyatı eyş-işrətlə keçirdi. Günlərin bir günü məlum oldu ki, belə bir şəraitdə yaşayan ölkə başçısının əhalisinin bir qismi zindanda, o biri qismi rəzalətdə, müəyyən qismi isə kef çəkir. Kef görən insanları da təqdim edirdilər ki, iraqlılar belə yaşayır. Axı elə deyildi. Belə olan halda təbii ki, qarşıdurma yarandı. Üç təbəqədən-sünnü, şiə və kürdlərdən ibarət olan İraqda əhali arasında sosial təminat, sosial bərabərlik pozulmuşdu. Bu qruplar bir-birini qəbul edə bilmirdilər, bir-birlərinə qarşı dururdular. Təbii ki, belə bir mühitdə situasiya da qəlizləşməliydi.
- Proseslərin belə bir həddə gəlib çatmasında daxili faktorların təsiri daha çoxluq təşkil edir, yoxsa xarici amillər əsas rol oynayır?
- Xarici faktorsuz heç nə baş verə bilməz. Götürək Böyük Oktyabr Sosialist inqilabını. 1917-i il hadisələri kimlə, nə ilə bağlı idi, təkcə Rusiyanın daxili iləmi? Xeyir. Təbii ki, bu prosesdə qərbdə təhsil almış, qərbdə işləmiş adamlar vardı və onlar qərb məntiqini patriarxal, feodal Rusiya mühitinə gətirmək istəyirdilər. Baxmayaraq ki, Rusiyada çar özünü demokrat göstərməyə çalışırdı. Lakin mütləqiyyət rejimi idi və çar da mütləq hakim idi. İstər-istəməz onun hakimiyyəti real ola bilməzdi. Mənə elə gəlir ki, ərəb dünyasında, elə Liviyanın özündə də bu proseslər özünü biruzə verdi. Çünki orda da tayfalar eyni vəziyyətdə deyildi. Biri həddən artıq yaxşı yaşayır, digəri isə çox aşağı səviyyədə həyat sürür. Götürək elə Müəmmər Qəddafinin öz tayfasını. Bu o demək deyil ki, digər tayfalar da eyni cür yaşayır. Amma Qəddafiyə qarşı çıxış edənlər arasında öz tayfasının nümayəndələri də az deyildi. Cəmiyyət bütövlükdə bu tipli vəziyyəti qəbul edə bilmir və hətta ona gecə-gündüz çörək versələr belə, o alçalmanı qəbul etmir. Daha çox mənəvi sarsıntılar, pozuntular hər şeydən üstün gəldi. Çörək ver, amma onu alçalt, o sabah sənin əleyhinə çıxacaq. Təbii ki, bu da baş verdi. İnsanların bərabərliyini təmin etməyincə, inqilabi proseslərin həmişə reallığı mövcuddur. Bunu birmənalı olaraq bilməliyik. Bu dünyanın illərlə klassiklərin hazırladığı inqilab nəzəriyyəsindən irəli gəlir. İnsanlar bərabər olmağa çalışırlar. Bir balaca məntiqlə düşünsək, nəyə görə sovet dövründə süni şəkildə insanları bərabərləşdirdiklərini başa düşərik.
- Axı o dönəmdə də korrupsiya, rüşvət vardı...
- Bu artıq sonradan formalaşdı. Bu Xuruşov, Stalinizm dövrünün məntiqi idi. Ona qədər isə hamı bərabər idi.
- Əgər bərabərlik etiraz doğurmurdusa, bərabərliyə qulluq edən bir quruluş niyə dağıldı?
- Həmin quruluş bərabərçiliyin pozulmasından sonra dağıldı. Xuruşşovun dövründə korrupsiya başladı, Brejnevin dövründə daha da inkişaf etdi və keçib oldu xərçəng xəstəliyi. Bu xəstəlik hər yeri bürüdü və ondan sonra partiya nomenklaturası var-dövlət yığmağa başladı. Belə olan halda da istər-istəməz həmin cəmiyyət dağılmalıydı.
- Əksər hallarda qeyd olunur ki, ərəb dünyasındakı proseslərdə daha çox neft maraqları rol oynayıb. Necə düşünürsünüz, neft maraqları daxildə etirazı bu həddə gətirib çıxara bilərdi?
- Təbii ki, burda neft maraqlarının da təsiri var və mən neft maraqları ilə daxildəki etirazı uyğunlaşdırıram. Bu prosesin hərəkətverici, stimullaşdırıcı, maliyyələşdirici qüvvəsi olmasa bu inqilablar da baş verə bilməz. Qəddafinin gücü çox idi və baş verənlərin qarşısını da ala bilərdi. Lakin dünyanın marağı ilə ölkədəki gərginlik üst-üstə gəldi. Nəyə görə Müəmmər Qəddafi, Hüsnü Mübarək öz rejimlərini qoruyub-saxlaya bilmədilər? Çünki bir qrup həddən artıq varlanır, o biri qrup isə müflisləşə-müflisləşə gedir. Bu uçurum onların bir cəmiyyətdə yaşamalarını təmin edə bilmir. Belə bir zamanda qərb dünyasının da başqa problemləri meydana çıxır. Dünya krizisi, maliyyə krizisi inkişaf etməkdə olan ölkələrlə xammal bazası olan dövlətlərin məntiqi ilə bağlıdır. Dünənə kimi bu dövlətlər yetim vəziyyətində idi və bir kəlmə söz də deyə bilmir, dəyər-dəyməzinə sərvətini qərb dünyasına verirdi. Yüksək texnoloji imkanlara malik olan qərb dövlətləri həmin sərvətləri aparıb emal edib, yenidən onların özlərinə satırdı. İndi qərb dünyasının xammalı yoxdur. Axırıncı canavarı, ayını Böyük Britaniyada üç yüz il əvvəl öldürüblər. Bu ölkədə qoyunlar açıq havada gecələyir. Çünki canavar yoxdur ki, gəlib onlardan üç-dördünü qırsın. Fransanın, İspaniyanın, Polşanın, Almaniyanın xammalı yoxdur, ancaq ağıllı başları var. Onlarınsa, inkişaf etməkdə olan dünya ilə danışıqları çətinləşir. Dünən ura-ura deyə-deyə yalvarırdılar ki, gəl mənim xammalımı al. İndi isə onlar heç kimlə hesablaşmır, mənəm-mənəm deyirlər. Ərəb ölkələri prezidentlərinin kollektiv şəkillərini internetdə yerləşdiriblər, həmin şəkildə Müəmmər Qəddafi bir əlini Hüsnü Mübarəkin, digər əlini isə Əli Abdulla Salehin çiyninə qoyub. Bu artıq qudurmuşluqdan, məntiqini itirməkdən xəbər verir. Görün bu insan nə qədər qudurub ki, "Fransa prezidenti Sarkozinin maliyyəsini mən vermişəm, mən onu prezident etmişəm" deyir. Bu məntiq o deməkdir ki, bunlar artıq özlərini tutublar və Fransa, İtaliya, Almaniya saymırlar. Qərb dünyası xammal bazasız nəyə oxşayar, xammal bazasız Qərb dünyasını nə gözləyir? Təbii ki, inqilablar. Xammal yox, zavodlar dayanıb, fəhlələr bayıra tökülür. Fəhlələr də bir həftə işsiz, ac qalır və sonra prezident iqamətgahının qarşısına toplaşıb, tələblərini irəli sürürlər. Sonra ordu ilə toqquşma baş verir və keçir vətəndaş müharibəsinə. Yəni Avropa o qədər ağılsızdır ki, qurduğu demokratik cəmiyyətin partlayışına imkan versin. Təbii ki, onlar mənəm-mənəmlik iddiasına düşən dünyanı yerində otuzdurmalıdırlar. Dərd orasındadlır ki, bu məntiqi bir sıra inkişaf etməkdə olan ölkələr dərk etmir.
"Hindistan İngiltərəyə deyir ki..."
- Proseslərin yeni mərhələsinin Rusiyada cərəyan edəcəyi mümkündürmü?
- Rusiyanın da
taleyi çox ağırdır, onu da ağır proseslər
gözləyir. Görürsünüzmü ki, hakimiyyət
manipulyasiyasını Rusiya qəbul edə bilmir. Necə yəni
prezidentlə baş nazir yerdəyişmə oyunu oynayır,
rus xalqı da bunu sükutla qarşılayır. Prezidentlə
baş nazir milləti barmağına sarıyıb. Bu
qabaqcıl rus cəmiyyətidir, Soljenitsinin, Karamzinin, Tolstoyun,
Dostayevskinin, Turgenevin vətənidir. Onların
davamçısı, ağıllı olan bir milləti belə
bir vəziyyətə salmaq olar? Üstəlik də Rusiya
xammal bazasına malik ölkədir. Xammalını isə bərk-bərk
bağlayıb, heç kəsə vermir, özünün də
müasir texnologiyası yoxdur. Bu gün dünya iqtisadi
krizisini şərtləndirən birinci Rusiyanın
özüdür. İndiyə qədər xammal bazası ucuz
və üstəlik də bir vaxtlar müftə idi. Böyük
Britaniya Hindistandan çayı aparıb, istehsal edib ingilis
çayı adından satırdı. İndi isə Hindistan
deyir ki, vermirəm sənə, özüm satmıram. Keyfiyyətsiz çayını istehsal edib,
satır, içmək də olmur. Çünki,
yüksək keyfiyyətli istehsal üçün
texnologiyası yoxdur. Düşünürəm
ki, bu məntiqi nəticəni, reallığı biz dərk
etməliyik. Ya gərək biz Avropa məntiqinə
gəlib çatmalıyıq, uyğunlaşmalıyıq, ya
da onları öz məntiqimizə salmalıyıq. Təbii ki, heç bir avropalı bizim məntiqimizə
düşmək istəməz. Bizim
avropalıların məntiqinə
uyğunlaşmağımız üçünsə illər
lazımdır. Avropalılar o qədər
də zəngin yaşamırlar, lakin sakit, firavan həyat
sürürlər. Hansı Avropa ölkəsində
iri məmurların və yaxud da böyük biznesmenlərin
53 sarayı var? Uzaq başı onların iki villaları
- biri dağda, biri isə dənizin kənarında ola bilər. Şəhərdə
isə ofis tipində bir mənzildə yaşayır. Ancaq onların həyatı dolğundur. Onlar bu
gün Alp dağlarında xizək sürə, sabah
Tayvanın sahillərində okeanda çimə bilər. Bununla bərabər işləyə,
çalışa, böyük əsərlər yarada,
böyük elmi kəşflər edə bilər. İnkişaf etməkdə olan ölkələrdə
bir dənə də olsun Nobel mükafatçısı, yaxud
da idmançı tapa bilməzsiniz. Hamısı
inkişaf etmiş ölkələrin payına
düşüb. Afrika ölkələrinin
hansındansa idmançı çıxıbsa, onlar öz
ölkələrində böyüməyənlərdir.
Onları inkişaf etmiş ölkələrdə
yetişdirirlər.
- Qayıdaq yenidən Rusiyaya. Bu gün Rusiyada nə baş verir və bu proseslərdə
Avropa, Amerika nə dərəcədə
iştirakçıdır?
- Ümumiyyətlə, qərb
dünya xammal bazasının tükənməməsində,
inteqrasiya proseslərinin real getməsində, qərb
üçün mane rolunu oynaya biləcək proseslərin
baş verməməsində, alternativ ticarət obyektlərinin
işləməsində maraqlıdır. Qərb
özünə qarşı hərbi qarşıdurma, ona
qarşı duran qüvvənin ortaya çıxmasını
görmək istəmir. Çünki
özünün bütün sahələrdə sistemlərini
qurub. Xammal bazasının bahalanması isə
bu gün bu prosesləri pozur. Rusiya isə
istəyir ki, yenidən soyuq müharibə dövrünə
qayıtsın, qərb üçün alternativ qüvvəyə
çevrilsin və reallıqda özü-özünü idarə
etmək imkanları əldə etsin. Həqiqətən
də Rusiyanın potensial imkanları olduqca böyükdür
və ona görə də qarşıya qoyduqlarına
çata bilərdi. Amma onların buna cavab
verəcək idarəçilik, texnologiya sistemi yoxdur. Rusiya hələ də qərbin köhnəlmiş
texnologiyasından istifadə edir və idarəçiliyi də
çox ağır, çətinliklə yeninə yetirir.
Daha çox gücə əsaslanan siyasəti
üstün tutur. Rusiya həddən
artıq zəifləyib, real durumu çox çətindir.
Bir Gürcüstanı ram etmək
üçün böyük çətinlik çəkdi.
Çeçenistanı isə hələ də ram edə
bilməyib. Rusiya texnoloji inkişafı əldə
edə bilmir. Çünki idarəçilik,
ölkə əhalisinin məntiqi, əxlaqı zəifdir və
total qeyri-ənənəvi meyillərə qurşanma,
kriminallaşma Rusiyanı geriyə salan amillərdir. Əslinə qalsa Rusiya dünyanın ən varlı
dövlətidir və əgər o özünü idarə
edə bilsəydi bu gün dünya daha çox Rusiyadan bəhrələnərdi,
nəinki Avropadan, ABŞ-dan. Bu gün
Rusiya bunu edə bilmir və qərb də bu imkanı ona
vermir, verəsi də deyil. Belə olan
halda Rusiyanın daxildən parçalanması ehtimalı ildən-ilə
çoxalır. Hesab edirəm ki, bu gün Rusiyanın
daxilində baş verən proses, qarşıdurmalar müəyyən
dərəcədə qərbdən də, dünyanı idarə
edən digər mərkəzlərdən də dəstəklənir.
Rusiya özü bütün bunlara bəhanə
verir, şans yaradır. Seçki sistemini
təkmil formada qurmaq olmazdımı ki,
ötür-ötür oyunu olmasın? Ötür-ötür
oyununun real surətdə məntiqi də yoxdur axı.
- Bu gün Rusiyanın başı
üzərindən 1917-ci il küləyi əsir?
Həmin inqilab atmosferi varmı?
- O qədər də güclü
deyil, ancaq o ehyam var. Ola bilsin ki, 1917-ci il
hadisələri baş verməsin. Lakin 1991-ci il
prosesləri təkrarlana bilər.
- Bu dəfə də Federasiyanın
dağılması ilə nəticələnə bilərmi?
- Əlbəttə
ki, proseslər nəticədə Federasiyanın
dağılmasına gətirib çıxara bilər. Çünki bir mərkəzdən idarə olunmayan
belə böyük dövlətin kiçik dövlətlərə
bölünməsi daha real görünür.
- Bütün bunlar baş verərsə,
Cənubi Qafqazdakı qaynar ocaqlara nə kimi təsir göstərə
bilər?
- Rusiya Cənubi
Osetiya ilə Abxaziyanı Gürcüstandan ayırmaqla nə əldə
etdi? Özü iqtisadi cəhətdən təkmil
olmayan bir ölkə olduğu halda bununla özünü yenidən
yüklədi. Bunun özü də bir səhvdir.
Əksinə o gürcülərlə
abxazların, osetinlərin dostluğunun bərpasına,
onların vahid unitar dövlətdə birləşməsinə
çalışmalıydı. Rusiya isə onların
parçalanmasına gedən yola rəvac verdi.
Eləcə də Dağlıq Qarabağ məsələsində
faktiki olaraq erməniləri separatçılığa meyilləndirməklə
Rusiya heç bir şey əldə edə bilməyib.
Əvvəl-axır ermənilər də bu prosesdən
yorulacaqlar və Dağlıq Qarabağdan əl çəkəcəklər,
iki yüz il əvvəl necə bu ərazilərə
gəlmişdilərsə, eləcə də
çıxıb gedəcəklər. Çox
güman ki, ərəb inqilabları digər regionlardan
birbaşa bu gün durumu çox ağır olan Rusiyaya keçəcək.
Bu olduqca inandırıcı görünür.
Hətta İranı da qabaqlaya bilərlər.
- Sonrakı mərhələdə
İran dayanır?
- Təbii ki, Rusiyadan sonra proses digər
regionlara, postsovet ölkələri, Asiya dövlətlərinə
keçməlidir. Axı onlarda da durum çox
ağırdır və istər-istəməz bu proseslər
özünü büruzə verməlidir.
"İran özünü bəsit
aparır"
- Neçə illərdir İrana
qarşı yaranmış gərgin vəziyyəti
Böyük Britaniya səfirliyinə hücumun
reallaşdırılması ilə rəsmi Tehran bir qədər
də artırmadı ki?
- Əlbəttə ki, baş verənlər İrana hücum prosesini daha da yaxınlaşdırdı. İndiyə kimi qərb bir bəhanə tuta bilmirdi, amma indi artıq belə bir bəhanə verilib. Səfirliyə hücum etmək, konsulluğu dağıtmaq olmaz.
- Bu məsələdə qərbin nə dərəcədə marağı vardı və ümumiyyətlə, burada qərbin rolu görünürmü?
- Təbii ki, dünyada baş verən proseslərdə kiminsə, nəyinsə rolu var. Reallıqla razılaşsaq, belə bir məntiqi nəticə ortaya çıxa bilər ki, Rusiya və İran bu gün bir-biri ilə bağlı olan ölkələrdir. Onlardan hansısa birində baş verənlər digərində də təkrarlanmalıdır. İran özü monolit dövlətdir, bir mərkəzdən idarə olunur və üstəlik də fanatizm, digər amillər var. Lakin İran özünü olduqca bəsit formada aparır. Siyasətdə isə belə bəsitliyə yol vermək olmaz, gücə-güclə cavab vermək ideyası o qədər də hörmət qazandırmır. Hər kəs öz gücünü bilməli, dərk etməlidir və bilməlidir ki, onun gücü nəyə çatır. O zaman başından böyük işlərə də baş qoşmamalıdır. İranın gücü yalnız onun öz gücüdür. NATO-nun gücü isə NATO-nun gücüdür. Təbii ki, NATO-nun gücü on dənə İranın gücünə bəs edər. İran da bunu dərk etməli, onunla hesablaşmalıdır. Ura-ura deməklə irəli getmək olmaz.
- Dünyaya qarşı İranla Rusiyanın bir arada olması nəyisə dəyişmək iqtidarındadır?
- Bəlkə də bu gün İran Rusiyanın gücünə arxalanır. Lakin bu gün Rusiyanın gücü də tükənmiş gücdür və o qədər effektiv deyil.
- Bu "təmizləmə əməliyyatı" ilə məsələ bitəcəkmi, yoxsa, biz yeni bir müharibənin astanasındayıq?
- Bu gün həqiqətən də dünya çox gərgin durumdadır və hamı da başa düşür ki, iqtisadi böhrandan çıxmağın yolunu tapmaq lazımdır. Tarixən iqtisadi krizisdən çıxmaq üçün mütləq müharibələr baş verib. Amma biz bu müharibələri arzulamırıq. Mənə elə gəlir ki, baş verənlərdən məntiqi nəticə çıxarılmasa, biz üçüncü dünya müharibəsinin astanasında olacağıq. Məntiqi nəticə isə odur ki, inkişaf etməkdə olan dünya öz yerini bilməlidir. Bilməyənin isə başına qapazı qoyub, yerini göstərirlər.
Gültəkin Qəhrəmanlı
Ədalət.-
2011.- 17 dekabr.- S.12-13.