Qloballaşma
dövründə milli-mədəni dəyərlərin və
adət-ənənələrin yad təsirlərdən
qorunması zərurəti
XX əsrin sonu - XXI əsrin əvvəllərində dünyada baş verən qlobal dəyişikliklər cəmiyyətimizdən də yan keçməyib. Bu isə istər-istəməz cəmiyyətin və xalqın milli dəyərlərinin inkişafında bəzi dəyişikliklərə və aşınmalara gətirib çıxarır. Qloballaşma prosesi elm, texnika, texnologiya ilə yanaşı milli kimliyi müəyyən edən mədəni-mənəvi amillərə də sirayət etməyə cəhd göstərir. Belə bir şəraitdə ilk növbədə nələri qorumaq lazım olduğu, hansı məsələlərdə konservator olmağın labüdlüyü müəyyənləşməlidir. Bu baxımdan müasir dövrdə ən aktual problemlərdən biri milli özünütəcrid və qloballaşma kimi iki kənar hal arasında optimal nisbətin tapılmasıdır.
Milli-mənəvi dəyərlərimiz deyəndə nələri başa düşürük və bu anlayış bizim qarşımızda hansı vəzifələri qoyur? Hər bir xalqın dili, tarixi, folkloru, ədəbiyyatı, dini, adət-ənənəsi, mədəniyyəti kompleks surətdə onun milli-mənəvi dəyərləridir. Azərbaycan xalqı milli- mədəni dəyərlərini, adət-ənənələrini yüz illər boyu qoruyub saxlayıb. Hətta Sovet dövründə belə milli sərvətimiz müxtəlif qadağalara, yasaqlara rəğmən, məhv edilə bilmədi, cilalanaraq nəsildən-nəslə, bu günümüzə gəlib çatdı. XXI yüzillik isə tarixə milli-mədəni və əxlaqi dəyərlərimizin ümumsivilizasiya kontekstində dəyərləndirilməsi və inteqrasiya prosesinin başlanğıcı kimi daxil oldu. İndi bizim qarşımızda bir tərəfdən milli köklərə, milli-mənəvi dəyərlərə qayıdış, digər tərəfdən də elmi-texniki inkişaf və informasiya cəmiyyətinin qoyduğu çağdaş tələblərə uyğunlaşmaq vəzifəsi durur. Hazırda bir çox xalqlar kimi, biz də bu mühüm problemlə üz-üzəyik. Ya öz mədəni dəyərlərimizi dünya xalqlarının diqqətinə çatdırıb onları dünyəvi, qlobal dəyər kimi təqdim etməli, ya da Avropa dəyərlərini qəbul etməliyik. Təbii ki, Azərbaycan birinci yolu seçib. Müvafiq sahədə dövlətin yürütdüyü siyasət, xüsusilə UNESCO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın aşıq, muğam sənətinin qorunması, inkişafı və təbliği istiqamətində fəaliyyəti, qazanılan uğurlar göz qabağındadır. Azərbaycanın muğam, aşıq sənətinin və ölkədə dövlət səviyyəsində qeyd edilən Novruz bayramının UNESCO-nun Qeyri-maddi mədəni irs üzrə reprezentativ siyahısına daxil edilməsi görülən işlərin bariz nümunəsidir. Beynəlxalq səviyyədə qazanılan bu uğurlar bir daha təsdiq edir ki, muğam, aşıq sənəti, Novruz bayramı Azərbaycanın milli-mədəni irsinin ən qədim nümunələrindən biridir.
"Buna hər zaman ehtiyac var"
"Qloballaşma
olsa da, olmasa da, hansı ictimai sosial quruluşda yaşasaq da,
milli-mədəni dəyərləri, adət-ənənələri
hər zaman qorumaq lazımdır. Çünki
bunlar millətin mövcudluğunun
daşıyıcılarından biridir". Bunu Milli Məclisin Sosial Siyasət Komitəsinin sədr
müavini Musa Quliyev deyir. Onun sözlərinə
görə, milləti başqa millətlərdən fərqləndirən,
özü edən xüsusiyyətlərin ən
başlıcası məhz bu dəyərlər, adət-ənənələrdir.
Ümummilli lider Heydər Əliyev də bizim
milli adət-ənənələrimizin azərbaycançılıq
ideyamızın tərkib hissəsindən biri olduğunu
müəyyənləşdirmişdi. Ona görə də
onları qoruyub yaşatmağa hər zaman ehtiyac var: "Təbii
ki, vaxt keçdikcə zaman və məkan təsiri nəticəsində
bəziləri sıradan çıxacaq, bəziləri daha dəyişilmiş
formada olacaq. Həqiqi milli keyfiyyətlər milləti
yaşadan, onu inkişaf etdirən keyfiyyətlərdir. Bu baxımdan, keçmişimizdən qalan, lakin tərəqqiyə
deyil, tənəzzülə xidmət edən cəhətləri
yaşatmaqdansa, onlardan xilas olmaq yolu tutulmalıdır. Lakin biz yenə də nəyin pozitiv, nəyin neqativ,
yaxud nəyin həqiqi, nəyin saxta olduğunu
aydınlaşdıra bilmək üçün
keçmişdən daha çox bu günümüzə və
gələcəyimizə, milli-mənəvi idealımıza
xidmət etməliyik. Amma əsas millətin
ruhunun daşıyıcıları olan,
türklüyümüz və islamla bağlı adət-ənənələri
yaşatmalıyıq".
Bəs bu dəyərləri yaşatmaq
üçün nə etmək lazımdır? Musa Quliyevin fikrincə, ilk növbədə məkan
olaraq kəndlərimizi qoruyub saxlamalıyıq. Bununla
yanaşı hər bir fərd üzərinə düşən
öhdəliyi yerinə yetirməlidir: "Təbii ki, dəyərləri
qoruyub saxlamağın konkret reseptini vermək çox çətindir.
Bəlkə də bu, mədəniyyətşünaslıq
elminin bir problemidir. Ümumiyyətlə
belə deyirlər ki, hər bir mədəniyyət şəhərdə
formalaşır. Amma hesab edirəm ki, adət-ənənələrimiz
daha çox kəndlərdə qorunub qalır. Təəssüf ki, qloballaşmanın bir təsiri
tək adət-ənənələrin dəyişilməsi
yox, həm də kəndlərimizin sıradan
çıxması ilə bağlıdır. Bu, tək bizdə belə deyil. Bütün
dünyada bu problem var. Kənd əhalisi daha çox
urbanizasiyaya məruz qalır, kəndlər boşalır.
Ona görə də
çalışmalıyıq birinci növbədə məkan
olaraq kəndlərimizi qoruyub saxlayaq. Bundan
başqa, toy məclislərində, bayramlarda, eləcə də
evdəki, ictimai həyatdakı davranışlarımızda
baba-nənələrimizin bizə öyrətdiklərini, biz
də öz balalarımıza, nəvələrimizə
öyrətməliyik. Uşaq valideynin
genini görkəmində, xasiyyətində
daşıdığı kimi, adət-ənənəni də
o cür daşıya bilər və
daşımalıdır".
Bütün coğrafiya boyug
Parlament üzvü
hesab edir ki, hər hansı qanun qəbul etməklə milli-mədəni
dəyərlərimizi, adət-ənənələrimizi
qorumaq, inkişaf etdirmək, dəyişdirmək olmaz. Qanunlar cəmiyyətdəki münasibətləri
hüquqi tənzimləyən bir sənəddir. Adət-ənənələr
isə qanundan daha möhkəm və qədim normalardır:
"Mən hesab etmirəm ki, hər hansı qanun qəbul etməklə,
ya da bir müddəa verməklə adət-ənənəni,
milli-mədəni dəyərləri qorumaq, inkişaf etdirmək,
dəyişdirmək olar. Əslində bu,
qanunvericilik orqanının işi deyil. Müəyyən
dövlət proqramının qəbul olunması, tövsiyə
xarakterli təkliflərin verilməsi ola
bilər. Amma hansısa qanun qəbul etməklə
milli-mədəni dəyərləri qorumaq absurd bir şeydir.
Müxtəlif ölkələrdə Azərbaycanın
diasporları və onların fəaliyyətinin bir tərkib
hissəsi olan milli-mədəni mərkəzlər var. Yoxdursa
da, gərək yaradılsın. Həmin mərkəzlərlə
bu sahəyə baxan qurumlar - başda Mədəniyyət və
Turizm, Gənclər və İdman nazirlikləri, Diaspor ilə
İş üzrə Dövlət Komitəsi daim əlaqə
saxlamalıdırlar. Azərbaycanın
milli-mədəni dəyərləri və adət-ənənələri
təkcə Azərbaycan Respublikası məkanında deyil,
bütün dünya azərbaycanlılarının birləşdiyi
coğrafiyada qorunmalıdır. Belə
olmasa, müəyyən müddətdən sonra azərbaycançılıq
əlaqəsi də itib gedə bilər. Əlbəttə
ki, son illər dövlət tərəfindən bu sahədə
ciddi addımlar atılır. Müxtəlif QHT-lər,
xüsusən də Heydər Əliyev Fondu tərəfindən
böyük işlər görülür. Bu,
azərbaycançılıq ideyasının bir tərkib hissəsidir".
Qloballaşma
dövründə milli-mədəni dəyərlərin və
adət-ənənələrin yad təsirlərdən
qorunması zərurətini əslində vətənini,
tarixini, xalqını sevən hər bir şəxs, hər
bir vətəndaş duymalıdır. İsveçrə
psixoloqu, mədəniyyət fəlsəfəsinə dair bir
sıra əsərlərin müəllifi Karl Qustav Yunq
yazır: "0 işi ki millət görür, o işi hər
bir insan da görür; və bir insan bu işi görürsə,
deməli bütövlükdə millət də
görür". Bu, bir növ fərdlə millət
arasında tarazlıq vəziyyətidir. Bu
tarazlıq ancaq bir halda pozula bilər - ayrı-ayrı adamlar
milli-mənəvi meyarlar sisteminə uyğun gəlməyən
hərəkətlər etdikdə. Bu uyğunsuzluq iki
istiqamətdə ola bilər. Kimsə millətin səviyyəsinə qalxa bilmir,
yaxud kimsə orta milli səviyyədən yüksəyə
qalxmaq və öz soydaşlarından indiyədək heç
kimin görə bilmədiyi işlər görməklə
milli inkişafa yeni impuls verir. Biz mədəni
dəyərlərimizə bundan sonra daha çox sahib
durmalı və onları dünyaya daha yaxşı
tanıtmalıyıq. Buna görə də
Azərbaycan elmi öz mədəni dəyərlərini -
bayramlarını, mərasimlərini, adət-ənənə
və rituallarını, aşıq
yaradıcılığı nümunələrini,
bütövlükdə zəngin folklor
yaradıcılığını qloballaşmaqda olan
dünyaya inteqrasiya etməli və dünyanın yeni
düzümündə öz layiqli yerini tutmalıdır.
Bunun üçün isə mədəni dəyərlərimizin
həm fəlsəfi, etik-estetik, həm də tarix və
folklorşünaslıq baxımından dünya elmi
standartlarına cavab verə biləcək səviyyədə
tədqiqatlara cəlb edilməsi vacibdir.
Dünyaya çıxış...
Bu gün mədəni-mənəvi
köklərimizə qayıdış istiqamətində,
milli mənsubiyyətimizin təkcə formal surətdə
deyil, həm də məzmun baxımından təsbit
olunması uğrunda aparılan mübarizə elmi-nəzəri
əsaslara malik olmalıdır. Milli-mədəni dəyərlərimizin,
adət-ənənələrimizin təbliği istiqamətində
televiziya və mətbuatın da üzərinə
böyük iş düşür. Efir məkanı
milli mənəviyyata yad elementlərlə dolduğu bir vaxtda
mənəvi mühitin qorunması problemi çox
aktualdır. Yerli televiziya
kanallarımızda milli-mədəni dəyərlərimizi,
adət-ənənələrimizi, folklorumuzu özündə
əks etdirən verilişlərin yayımına daha çox
yer ayrılmalıdır. Təbliğatdan söz
düşmüşkən, son dövrlərdə Azərbaycanda
çoxsaylı beynəlxalq tədbirlərin, idman
yarışlarının, musiqi festivallarının
keçirilməsi, ölkəmizə gələn turistlərin
ildən-ilə artması, eləcə də
"Eurovison-2012" mahnı müsabiqəsinin gələn
il Bakıda təşkil olunması bizə real bir şans
yaradıb. Bu şansdan yararlanıb milli-mədəni
dəyərlərimizi, adət-ənənələrimizi,
milli mətbəximizi, zəngin musiqi
yaradıcılığımızı xarici qonaqlara təbliğ
etməyin əsl vaxtıdır. Milli, mənəvi, mədəni
dəyərlərimizi, adət-ənənələrimizi
özündə əks etdirən müxtəlif suvenir və
xatirə əşyaları istehsal etməklə, küçələrdə,
televiziya kanallarında təbliğat xarakterli reklam və video
çarxlar yerləşdirməklə, gəzməli-görməli
yerlərimizə, tarixi məkanlarımıza info-turlar təşkil
etməklə bütövlükdə azərbaycançılığımızı
dünyaya göstərə bilərik.
Təbii ki,
hazırda bütün sivil xalqlar ümumbəşəri,
dünyəvi mədəniyyətə can atır. Amma hər bir xalq bilməlidir ki, ümumbəşəri
mədəniyyətə əliboş getmək olmaz. Belə olan halda həmin xalq qısa vaxt ərzində
ümumbəşəri mədəniyyətə heç nə
vermədən onun içərisində əriyib yox olacaq.
Ona görə də ümumbəşəri mədəniyyətə
milli töhfələrlə getmək zəruri şərtdir.
Belə olduqda milli və bəşəri mədəniyyətlər
birləşərək hər ikisi zənginləşər,
yeni zirvələrə qalxar. Mədəniyyət
estafet məşəli kimi nəsillərdən nəsillərə
ötürülməlidir. O qaçış bir an belə dayanmamalı, alov sönməməlidir.
Yalnız bu yolla xalq tarixi inkişafının
ardıcıllığını qoruyub saxlaya bilər.
Xəyalə
Muradova
Ədalət.-
2011.- 17 dekabr.- S.17.