Qəbələ II Beynəlxalq İncəsənət - Rəsm Sərgisinin açılışı oldu

 

Azərbaycan Mədəniyyəti Fondunun və SEBA (Seul-Baku) Azərbaycan-Koreya Mədəniyyət Mübadiləsi Assosiasiyasının birgə təşkilatçılığı ilə "Qafqaz Resorte" otelində Qəbələ II Beynəlxalq İncəsənət-Rəsm Sərgisinin açılışı olub.  

   APA-nın məlumatına görə "Sənət! Həyat! Torpaq!" mövzusunda keçirilən sərginin açılışında çıxış edən SEBA-nın sədri Ruhəngiz Heydərova tədbirin böyük əhəmiyyət kəsb etdiyini, mədəniyyətimizin genişmiqyaslı təbliği istiqamətində reallaşdırılan layihələrin davamı olduğunu bildirib. Ruhəngiz Heydərova qeyd edib ki, ötən illə müqayisədə builki sərgidə iştirak edən rəssam və heykəltəraşların, onların təmsil etdiyi ölkələrin sayının artması onu göstərir ki, bu layihənin ideyasına olan maraq ildən-ilə artır və bu isə öz növbəsində Azərbaycana, incəsənətimizə olan diqqətin daha bir göstəricisidir. Bu tədbir Azərbaycanla müxtəlif ölkələr arasında dostluq və mədəni əlaqələrin möhkəmlənməsinə şərait yaradır.  

   Mərasimdə Heydər Əliyev Fondunun nümayəndəsi Elmir Bağırov, Azərbaycan, Rusiya və SSRİ xalq rəssamı, akademik Tahir Salahov, Koreyanın ölkəmizdəki səfiri Li Ci Ha çıxış edərək sərginin mədəniyyətlərarası dialoqun tərkib hissələrindən biri olduğunu bildirib, bu incəsənət bayramının ənənəvi olaraq keçirilməsini arzulayıblar. Çıxışlardan sonra sərgiyə baxış keçirilib.    

   Sərginin tərtibatı, nümayiş olunan rəsm əsərləri və heykəltəraşlıq sənətinin nümunələri tədbir iştirakçılarında xoş təəssürat yaradıb. İki gün davam edəcək sərgidə nümayiş etdirilən əsərlərin əksəriyyətinin satışı nəzərdə tutulub. Sərgidə Azərbaycan, ABŞ, Almaniya, Avstriya, Böyük Britaniya, Fransa, Gürcüstan, İsrail, İtaliya, Koreya, Qazaxıstan, Latviya, Rusiya, Yaponiya, Çexiya, Slovakiya, Türkiyə və Ukraynadan 116 rəssam və heykəltəraş iştirak edir.

 

 

Ədalət.- 2011.- 20 dekabr.- S.8.