O,
HƏMİŞƏ BİZİMLƏDİR !
Torpaqlarımız hələ də işğal altındadır. Şəhidlərimizin ruhu hələ də vətənimizin və işğal olunmuş torpaqlarımızın üstündə rahatlıq tapmadan dolaşmaqdadır. Düşmən tapdağı altında olan torpaqlarımız prezidentimizin apardığı daxili və xarici siyasət nəticəsində azad olunacaq. Biz buna əminik. Ermənilər üzərində qələbəmizə və bu günü bayram etməyə çox az vaxt qalıbdır. İgid və cəsur oğlanlarımız Ali Baş Komandanın, ölkə başçısı İlham Əliyev cənablarının əmrini gözləyirlər. Azərbaycan xalqı tarixən döyüşkən və mübariz olmaqla, dünya tarixinə qəhrəmanlıqla dolu səhifəni yazmışdır. Igidlərimizin öz dəst-xətti ilə əks etdirdikləri bu qəhrəmanlıq səhifələri gələcək nəsillərə bir örnək olacaqdır..
Torpaqlarımızın müdafiəsi, yad-elli işğalçılardan qorunması, ərazi bütövlüyümüzün bərpası igidlərimizin amalı olub. Təsadüfü deyil ki, Vətənimizi analarımıza bərabər tutmuşuq, oğullarımız onun uğrunda əsrlər boyu ölüm dirim savaşına qalxıblar.
Hələ sona çatmamış Qarabağ müharibəsi də ermənilərin Azərbaycan torpağına əsassız iddiaları və təcavüzü nəticəsində baş verdi. Vətən sevgisi Silaha sarılan mərd oğullarımızı ermənilərə qarşı mübarizəyə sövq etmişdir. Oğullarımız ölməkdən belə qorxmayaraq təcavüzə məruz qalmış torpaqlarımızı erməni işğalçılardan qorumaq üçün bütün səylərini birləşdirərək düşmənlə ölüm-dirim savaşına atıldılar. Çoxlu sayda itkilərimiz oldu. Bu da təbiidir, "Axı torpaq, uğrunda ölən varsa Vətəndir" deyib Türkün böyük şairi. Şəhdlərimizin qanı çilənmiş torpaqlarımızda qəhrəmanlıq toxumu səpilir, yeni-yeni igidlərimiz doğulur və düşmənlə vuruşa can atırlar. Gənclərimizin bu ruhda yaşaması üçün, buna qəhrəmanlıq dolu bir ömür yaşamış igidlərimizin həyat yolu işıq salır.
Həyatı və mübarizə yolu, qəhrəmanlığı və millətə sevgisi ilə gənclərimizə örnək olacaq oğullarımızdan biri də Azərbaycanın Milli Qəhrəmanı, cəsur zabit və kəşfiyyatçı Riad Fikrət oğlu Əhmədovdur. 1956 cı ilin dekabr ayını 20-də Bakı şəhərində ziyalı ailəsində dünyaya göz açmış Riad Əhmədov 1972-ci ildə Bakıdakı 134 saylı orta məktəbi bitirib Azərbaycan Dövlət Universitetinə daxil olmuşdur.1976-ci ildə universitetin hüquq fakültəsini bitirdikdən sonra Ədliyyə Nazirliyində əmək fəaliyyətinə başlamışdır.İşlədiyi müddət ərzində üzvü olduğu kollektivin tam hörmətini qazanmışdır. O, harada işləməsindən aslı olamayaraq yeganə arzusu hərbiçi bir zabit kimi vətənə xidmət etmək olmuşdur. Elə bu istəklə də o təhsilini davam etdirmək üçün 1982-ci ildən Minskdəki Ali Hərbi məktəbə daxil olmuşdur. Adı çəkilən məktəbi bitirdikdən sonra Dövlət Təhlükəsilik Komitəsində əks kəşfiyyatçı kimi fəaliyyətə başlamışdır. Dağlıq Qarabağda və ətraf ərazilərdə gedən döyüşlərdə yaxından iştirak edirdi. O, bu müddətdə əsl qəhrəmanlıq dolu bir ömür yaşayır.
Riad Əhmədovun şəxsiyyəti, Vətənə bağlılığı, düşmənə qarşı amansız olması haqda çox danışılıb, çox yazılıb və zaman keçdikcə də yazılacaq. Onun xatirəsi, onu tanıyanların yanında həmişə əziz olub. Üstündən illər keçsə də onunla bağlı xatirələr daima gənc qalır. Unudulmur və unudulmayacaq. Ondan söz düşəndə Vətənə sevginin necə olmasını, necə Vətən və millət uğrunda çarpışmanın gərəkliyini gözüm önünə gətirirəm. Bizi eyni amal uğrunda mübarizə aparmağımız bir araya gətirmişdi. Mən əziz dostumun bu gün aramızda olmamasını yaşaya bilmirəm. O, daima bizimlədir. Onun keçdiyi şərəfli həyat yolu çoxlarına örnək olub və olacaq.
Kifayət qədər lazımlı və mühüm bir sahənin işçisi olmasına baxmayaraq daima döyüş bölgələrinə can atması onun qəhrəmanlıq dolu bir həyat yaşamasına zəmin yaratdı. Göz açıb böydüyü ailənin saflığı hələ uşaq vaxtlarından ona sirayət etmişdir. Udduğu havanın, içdiyi ana südünün, aldığı ata öyüdünün hallalığı onu Vətənin dar günündə soydaşlarının yanında olmasına sövq edirdi. Təsadüfi deyil ki, ezamiyyət müddəti başa çatdıqdan sonra da döyüş bölgəsində qalır, geriyə - paytaxt Bakıya qayıtmırdı. Onu hər kəs tanıyırdı. Şuşada onun haqqında həmişə bəhs olunurdu. Şuşaya gəlişində əhalinin içərisində bir sakitlik, bir rahatçılıq yaşanırdı. Hər kəs bilirdiki, Əgər Riad Şuşadadırsa, demək hansısa uğurlu bir əməliyyat baş verəcək, girov götürülmüş sakinlərimiz azad olunacaq. Əməliyyatları birlikdə hazırlayardıq. Çox vaxtda birlikdə döyüş əməliyyatlarında iştirak edərdik. Üstündən illər keçməsinə baxmayaraq bu gündə özümü Riadla yan-yana düşmənə qarşı birgə hazırladığımız əməliyyatları həyata keçirdiyimiz anlara qayıdıram. Yaxşı yadımdadır, 1991-ci ilin dekabr ayını 9-da Xankəndi Kərkicahan istiqamətidə qanlı döyüş gedirdi. Şuşa polis batalyonun döyüşçüləri düşmənə kifayət qədər müqavimət göstərmiş və onları itkilərə məruz qoymuşdur. Bizim döyüşçülərdən də şəhid olanlar vardı. Həmin döyüşdə polis serjantı, əslən Quşçular kəndindən olan Teymurov Rizvan Rəhman oğlu da qəhrəmancasına vuruşaraq şəhid olmuşdur. Qüvvələrin qeyri-bərbər olması, həmin döyüşlərdə misilsiz qəhrəmanlıq göstərmiş Rizvanın meyidinin götürülməsinə mane olmuşdu. Ermənilər meyidi götürməyə heç cür imkan verməmişdi. Xəbəri Şuşada eşitdik, Riadla yeni bir döyüş planı hazırladıq. Riad Əhmədov,Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Mikayıl Gözəlov, polis batalyon komandiri Fərman Xəlilov, polis rəisini müavini Eldəniz Quliyev və mən bu planla yeni qüvvə ilə döyüşə atıldıq. Ermənilərə kifayət qədər itki verib mövqelərimizi bərpa etdik. Azərbaycanın Milli qəhrəmanı olan Rizvanın meyidini xilas edib Şuşaya gətirdik, ordan da mühasirədə olan Quşçular kəndinə vertalyotla aparıb, orada dəfn etdik. Riad Əhmədovun bu və ya digər mövzuda qəhrəmanlıqları çoxdur.
Ermənilər tez-tez təxribatlar hazırlayır, Şuşanın və ətraf qəsəbələrin yollarını bağlayır, körpüləri dağıdır, əlaqələrimizi kəsirdilır. Laçın və Şuşanı birləşdirən yolda belə hadisələr daha çox olurdu. Ermənilər pusquda dururdular, dinc əhalini öldürür, girov götürür onlar işgəncələr verirdilər. Xüsusi ilədə erməniləri yaşadıqları Qaladərsi və Kirov kəndlərində məskunlaşan erməni terrorçuları və boyevikləri bu iyrənc əməldən daha çox istifadə edirdi. Qaladərəsi və digər kəndlərdə dəfələrlə əməliyyatlar aparılıb, düşmənə layiqli cəza verilsədə bu hallar təkrarlanmaqda davam edirdi. Mənim əmim oğlu Rza və digər qəhrəman övladlarımız bu döyüşlərdə iştirak edib, şəhid olmuşdular.
Riad Əhmədovla qərara gəldik ki, Laçına gedib, Laçının polis rəisi ilə birlikdə yeni bir əməliyyat planı hazırlayaq ki, yolların mühafizəsini və müdafiəsini möhkəmləndirək. Ermənilər hansısa yolla bundan xəbər tutmuşdular. Sürücü Rövşən Əhmədov, Riad və mən Qladərəsinə çatanda pusqudakı ermənilər bizə hücum etdilər. Özümüzü itirmədik, Riadla mən maşından düşüb sayca bizdən çox olan düşmənlə döyüşə başladıq. Rövşənə isə göstəriş verdim ki maşını təlükəsiz yerə çəksin. Maşın xeyli ziyan dəysədə, sağ - salamat qaldıq. Üçlükdə düşmənin bir-neçəsini öldürdük. Həmin döyüşdə də Riadın soyuqqanlılığı, düşmənə qarşı barımazlığı özünü daha qabarıq göstərdi.
Yaxşı xatirimdədir,1991 ci ilin iyun ayı idi.Vəziyyət olduqca gərgin idi. Şuşa Ağdam yolu tam ermənilər tərəfindən bağlanmışdır.Baxmayaraq ki, o vaxt bütün yollar rus hərbiçiləri tərəfindən guya qorunurdu.Ancaq rus hərbiçilərinin ermənipərəst mövqeli olmaları neçə illər müddətində açıq-aşkar özünü göstərirdi.Şuşaya və ona yaxın yaşayış məntəqələrindəki azərbaycanlılar Bakıya gəlmələri üçün uzaq yol qət etməli olurdular. Belə ki, çətinliklə olsada Laçın, Qubadlı,Füzuli yolundan istifadə olunurdu. Bu da gediş gəlişə olduqca çətinlik yaradırdı. Belə günlərin birində bizə xəbər gəldi ki, rus hərbiçiləri azərbaycanlıları aldadaraq bildiriblər ki, Şuşa Ağdam yolu bizim nəzarətimizdədir, sərbəst gedib gələrsiniz. Rusların bu hiyləsinə inanan azərbaycanlılar rus hərbiçilərinin müşayiəti ilə Şuşadan Ağdama gələn maşın karvanı ermənilərin pusqusuna düşmüşdür və hər tərəfdən yollar bağlanmışdır.Heç bir yandan kömək yox idi, o vaxtki respublika rəhbərliyi əhalinin təhlükəsizliyinə biganə yanaşırdılar. Həddən artıq narahatçılıq var idi. Belə görünürdü ki, həmin vaxt yolda olan nə qədər azərbaycanlı vardısa onların sağqalma şansları çox az idi. Hətta bizim şöbənin əməkdaşlarından da həmin vaxt Xocalı ilə Xankəndi arasında ermənilər tərəfindən qətlə yetirilmişdilər.Bütün Şuşa camaatı böyük həyəcanla yolda olan qohumlarının taleyinin necə olacağını bilmirdilər. Biz də Şuşa polisi öz növbəmizdə təhlükəsizliyi təmin etmək üçün yerli batalyonla birgə həmin istiqamətə hücum planı həyata keçirdik. Biz Xankəndinin yaxınlığında Ağakörpüsü adlanan yerdə muhasirədə qalmış maşın karvanı ilə qarşılaşdıq. Birinci gələnlərdən vəziyyətin nə yerdə olduğu ilə maraqlananda onlar bildirdilər ki, hərbi formada azərbacanlı zabit yanında üç-dörd nəfərlə birlikdə gəlib rus hərbiçiləri və ermənilərlə mübahisə edirdiler ve biləndəki Şuşa istiqamətindən komək gəliryolun açılışı tezləşdi. Amma komeyin gəlişinə qədər,həmin azərbaycanlı zabitin şücaəti,qorxmazlığı,təkidi və hərbi bacarığı nəticısində rus hərbiçilərini neytral mövqeyə yönəldərək muhasirədə qalmış azərbaycanlıların həyatı təhlükəsizliyini təmin etmişdi. Beliki erməni silahlıları vəziyyətin ciddi olduğunu nəzərə alaraq həmin azərbaycanlı zabitin şücaəti nəticəsində öz mövqelərindən əl çəkərək,yolun açılmasına məcbur razılaşmalı oldular. Mühasirədə qalmış azərbaycanlılar bildirdilər ki, həmin azərbaycanlı zabit gəlməsəydi kişilər öldürülüb, qız-gəlinlər isə girov götürüləcəkdi.Tam olaraq yolda olan soydaşlarımızdan sonuncu gələnə qədər biz bilmədik ki, həmin azərbaycanlı zabit Riad Əhmədovdur. Axırda "UAZ" markalı avtomaşın gəldi şüşələri qırıq, əzik vəziyyətdə. Riad maşından əsl qəhrəman kimi düşərək bizimlə görüşüb,öpüşdü. Həmin günü biz onun qəhrəmanlığına heyran olduq.Girovluqdan azad olunanlar ondan ağızdolusu danışaraq, onun göstərdiyi şücaətləri yüksək səviyyədə qiymətləndirdilər. Söhbət gedərkən, mən ona dedim ki, sənin yolda olduğunu biz bilməmişik.Şükür Allaha ki, sən və bütün camaat bu mühasirədən qurtardı. Mən soruşdum ki, Riad hardan gəlirsən ,o dedi , mən Ağdamda idim xəbər verdilər ki, Şuşa camaatı mühasirəyə düşüb,mən də dərhal Allahı çağırıb onların köməyinə gəldim. Yolda Əsgərandan keçəndə erməni muqaviməti ilə qarşılaşdıq,amma mənim bir amalım vardı. Ne olursa-olsun mən özümü Xankəndinə həmvətənlilərimin köməyinə çatdırmalıydım. Bu hadisədən sonra onun əsl qəhrəman,qorxmaz, vətənpərvər,torpağına,millətinə bağlılığı bir daha özünü göstərmiş oldu.
Riadın belə qəhrəmanlıq dolu həyat səhifəsini danışmaqla, yazmaqla bitməz. Mən əminəm ki, Azərbaycanın qorxmaz oğlu, Milli Qəhrəmanı Riad Fikrət oğlu Əhmədovun həyatı daha ətraflı öyrəniləcək və gələcək nəsillərə nümunə göstəriləcək.
Mənim onunla dostluğum təkcə döyüş bölgələrindəki xatirələrimlə yekunlaşmır. Mən əziz dostumu bu gün də öz yanımda görürəm. Anası Bahar xanımla, bacısı Mehriban xanımla görüşüb Riadla bağlı xatirələrimizi paylaşmışıq. Onlarla görüşümdən sonra bu qənatə gəlmişəm ki, bu ailədə böyüyən oğul elə qəhrəman olmalıydı. Necə ki, Riad Əhmədov qəhrəmandır.
VAHİD BAYRAMOV
Təqaüddə olan polis polkovnik-leytenantı,
Şuşa Polis
Şöbəsinin sabiq rəisi
Ədalət.-
2011.- 20 dekabr.- S.6.