MÜBALİĞƏSİZ GÖZƏLLƏŞƏN BÖLGƏ

Ağcabədi Avropa şəhərləri ilə müqayisə oluna bilər

 

Gəlin etiraf edək ki, təkcə regionların inkişafına dair Dövlət Proqramı ilə əlaqədar olaraq bölgələrə etdiyimiz səfərlər zamanı müşahidə etdiyimiz məqamları bir kənara qoysaq, onda məlum olar ki, hələ bu proqramsız da ölkə ərazisindəki magistral yolların yenidən qurulması, bərpası, təmiri və digər xidmətləri üzrə zaman-zaman kifayət qədər vəsait ayrılmış və müəyyən işlər də görülmüşdü. Təəssüf ki, bəzi rayonların ərazilərindən keçən əsas magistrallar o vaxt, elə indi də nədənsə "şikəst" vəziyyətdə olur. Əlaqədar təşkilatlar bu yolların tam əsaslı bərpasını ya gecikdirir, ya da kosmetik əməliyyatlarla bu işlərin icrasını başa çatdırırlar. Təəssüf ki, Beyləqandan Ağcabədiyə qədər olan və ümumiyyətlə, Beyləqan ərazisindən keçən dövlət əhəmiyyətli yolların vəziyyəti o qədər də ürəkaçan deyil. Xüsusilə, Bəhrəmtəpə-Ağcabədi yolundakı real vəziyyət həmişə mətbuatın diqqət mərkəzində olub, həmişə də sürücüləri hövsələdən çıxarıb...  

   Beyləqandan keçib Ağcabədi istiqamətində hərəkət etdiyimiz bu narahat yolun Ağcabədi sərhəddinə çatırıq. Necə deyərlər, burdan sonra rahat nəfəs almaq olar. Yol kənarı ilə əkilmiş təzə pöhrələr yolun rahatlığına əlavə bir dinclik də gətirir. Adamın bu səliqə-səhmandan səmimi deyim ki, gözləri də dincəlir. Biz rayon mərkəzinə daxil oluruq. İlk qarşılaşdığımız çayxanada, yəni yol kənarında maşını saxlayıb nəfəsimizi dəririk. Hər tərədə sayrışan işıqlar Ağcabədiyə xüsusi bir gözəllik verir. Açığı yadıma məşhur filmlərdən bir ifadə düşür. Həqiqətən də gözəl gecədir, həqiqətən də filmdə deyildiyi kimi, mavi gecələrdi!!! Doğrudur, mən nə Parisdə, nə də Avropanın keçmiş SSRİ hüdudlarından kənardakı şəhərlərinin heç birində olmamışam. Amma fəhmlə Ağcabədinin bu mavi gecələrini ekranlardan müşahidə etdiyim Parislə müqayisə etməyə çalışıram. Mənim bu müqayisəm kimlər üçünsə yersiz görünə bilər. Amma dəxli yoxdur. Çünki yaxın onillikləri xatırlayanda Ağcabədinin bərbad vəziyyətini göz önünə gətirəndə rahatca demək olar ki, bugünkü Ağcabədi doğrudan-doğruya Avropa şəhəridir, inkişaf etmiş bir bölgə, bir rayondu. Deməli, insan hər şeyə qadirdi. İstəyi, arzusu olsa, o, səhranı da gülüstan edə bilir. Necə ki, bu gün Ağcabədi faktiki olaraq ölkənin baş şəhərləriylə gözəllik yarışmasında önə çıxmaq, seçilmək imkanına malikdir. Bunu isə həm ağcabədililər, həm də onlara canyananlıqla, peşəkarlıqla, dövlətə və xalqa sədaqətlə, ən vacibi isə ölkə prezidenti cənab İlham Əliyevin tələb və tapşırıqlarını, etimadını yüksək səviyyədə doğrudan rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov öz komandası ilə birgə gerçəkləşdiribdi.  

   Ağcabədidə gecə gəzintisi mənə xüsusi zövq verdi. Demək olar ki, bütün küçələr al-əlvan işıqlara bürünmüşdü. Hətta rayonun, daha doğrusu, şəhərin ən arxa planda olan küçələrində belə yollar rahat, işıqlı, səkilər təmirli, yol boyunca fəaliyyət göstərən obyektlər isə tikinti, arxetuktura baxımından göz oxşayanmüasir...  

   İnsan üçün fəaliyyət şəraiti nə qədər rahat olarsa, onun ortaya qoyduğu nəticə də yüksək olar. Yəni əlinə-ayağına dolaşan, sənə problem yaradan olmadığı halda, sən də öz işini könül rahatlığı ilə, özü də səmərəli bir şəkildə görə bilərsən. Bundan ailə də, ətraf da, cəmiyyət də faydalanar. Bax, elə Ağcabədidə həmsöhbət olduğum adi vətəndaşların dilindən eşitdiyim sözlərin böyük əksəriyyəti rayondakı işgüzar mühitlə, qarşılıqlı anlaşma ilə icra strukturlarının tələbkar və qərəzsiz fəaliyyəti ilə, xüsusən icra başçısı Şahin Məmmədovun adamları dinləmək, qayğı göstərmək, onların müsbət işlərini qiymətləndirmək peşəkarlığı ilə bağlı idi. Hamı faktiki olaraq onun Ağcabədidə göstərdiyi xidmətləri tam səmimiyyəti ilə etiraf edirbugünkü Ağcabədinin bütün inkişafını, nailiyyətlərini icra başçısının əməyi ilə bağlayırdı. Konkret rəqəmləri dilə gətirən ağcabədili müəllim bildirdi ki, bu gün rayonda şahmat məktəbinin, sutkalıq istehsal gücü 20 ton olan süd emalı zavodunun, sutkalıq istehsal gücü 250 ton olan "Atena" Süd Məhsulları Kombinatının, 205 çarpayılıq xəstəxananın, Üzeyir Hacıbəyov adına Qarabağ Muğam Mərkəzinin, Heydər Əliyev adına Mədəniyyət və İstirahət parkının, Ağcabədi-Qaradolaq-Kəbrli yolunun, rayonun bütün yolları boyunca yaşıllıqların salınması, tikinti-abadlıqların aparılması məhz icra başçısının daimi nəzarəti altında həyata keçirilib.

      Bu gün Ağcabədi Taxta-Körpü istiqamətində, eləcə də Ağcabədi-Ağdam, Ağcabədi-Bərdə istiqamətlərində də rayonun ümumi mənzərəsi demək olar ki, bir tamlıq təşkil edir. Bunları sadalamaqda məqsədim görülən işlərin bütün rayon üzrə eyni templə, eyni tələbkarlıqla görülməsini oxuculara çatdırmaqdı. Təbii ki, Ağcabədidə bu gün görülən işlərin kökündə ölkə prezidentinin bölgələrə, o cümlədən də Ağcabədiyə olan diqqət və qayğısı dayanır. Təsadüfi deyil ki, biz Ağcəbədidə olduğumuz zaman rayonda YAP Ağcabədi təşkilatının VII konfransı keçirilirdi. Həmin konfransda çıxış edən Milli Məclis sədrinin müavini Bahar xanım Muradova birmənalı şəkildə Ağcabədidə qarşılaşdığı mənzərəni yüksək qiymətləndirib, görülən işlərə görə, rayon rəhbərliyinə, partiya fəallarına, Ağcabədi sakinlərinə öz təşəkkürünü bildirdi. Elə həmin konfransda çıxış edən rayon icra hakimiyyətinin başçısı Şahin Məmmədov da Ağcabədidə əldə edilən bütün uğurlara, onların ünvanına səslənmiş xoş sözlərə görə, Bahar xanıma təşəkkür etməklə hər bir uğurun arxasında ölkə prezidentinin tələbkarlığının dayandığını, etimadının durduğunu söylədi.  

   Bəli, bu gün bütün regionlarda yeni yerlərinin açılması istiqamətində müəyyən addımlar atılır. Bu işlərin görülməsində təşəbbüskarlıq missiyası daha çox rayon strukturlarının üzərinə düşür. Bu mənada Ağcabədidə təkcə dövlət sektorunun deyil, o cümlədən də kənd təsərrüfatı rayonu olan bu bölgə üçün xarakterik olan sahibkarlığın, fermer təsərrüfatının genişləndirilməsi üçünmüvafiq addımlar atılır. Məhz sahibkarlara göstərilən qayğının nəticəsidir ki, Ağcabədidə özəl sektor inkişaf edir, kənd təsərrüfatı məhsullarının istehsalı və çeşidi günbəgün çoxalır. Bu da öz növbəsində sakinlərin büdcəsinin artımına, onların maddi imkanlarının genişlənməsinə şərait yaradır. Bunu hiss etmək üçün rayondakı sosial-məişət obyektlərinə baş çəkməklə, rayonda fəaliyyət göstərən adamları, fermerlərlə həmsöhbət olmaq yəqin ki, kifayət edər. Mən Ağcabədidə olarkən millət vəkili, ağcabədililəri parlamentdə ləyaqətlə təmsil edən Tahir Rzayevlə də həmsöhbət oldum. Onun bir ziyalı, bir şair, bir ağcabədili kimi doğma yurdu haqqında söylədikləri, qazanılan uğurlardan fərəh duyduğunu aydınca hiss etdirirdi. Bu da təbiidir. Axı yaxşı , yüksək nəticə həmişə insanı üzüağ, başı uca edir. Elə Tahir müəllimin söylədikləri də xüsusi olaraq, rayon rəhbərliyinin sakinlərlə anlayışlı münasibəti ilə əlaqəli dedikləri məni öz təəssüratımda yanılmadığımı bir daha təsdiqlədi.  

   Doğrudan da bu gün Ağcabədi özünün çiçəklənən, inkişaf edən və hər kəsə nümunə olacaq bir zamanını yaşayır. Bu zamanın davamlı və hər kəsə xoşbəxtlik gətirməsini biz də ürəkdən arzu edirik. İnanırıq ki, elə məhz belə də olacaqdır.

 

Əbülfət MƏDƏTOĞLU

Ədalət.- 2011.- 21 dekabr.- S.7.