QOŞA QANAD
Mənalı ömür kitabı
İndi zaman elə gəlib ki, yaşından, dünya görüşündən, cəmiyyətdəki yerindən asılı olmadan, insan istər-istəməz müxtəlif peşə sahibləri ilə, müxtəlif xidmət sahələri ilə təmasda olur, üz-üzə gəlir. Bu da öz növbəsində həm özünü, həm ətrafını, həm cəmiyyətdəki real durumu görməyə, qiymət verməyə imkan yaradır. Təbii ki, bütün hallarda insanın ən çox təmas qurduğu iki vacib sahə var ki, bunlardan yan keçmək mümkün deyil. Bu ilk öncə təhsil sahəsidir. Yəni əvvəl özün, sonra ailən, övladın və onların davamçıları bu sahəyə üz tutduqlarından, təhsil almalı olduqlarından sən də mütəmadi olaraq təhsildə baş verən hər bir olayla, hər bir uğurla maraqlanır, xəbərdar olur, hətta nöqsanları da bilirsən. Yəni bu təbii bir prosesdir.
İkinci sahə səhiyyədir. Özün, ailən, davamçıların, ətrafın vaxtaşırı həkimlərlə təmas qurur, onların yardımından, məsləhətlərindən bəhrələnirsən. Hətta sovet dönəminin ən məşhur şüarlarından biri olan "sağlam bədəndə sağlam ruh olar!" deyimi elə indinin özündə də günün aktuallığıdır. Elə bu aktuallıqdan çıxış edərək respublikamızın səhiyyə sahəsində əldə etdiyi uğurlar, yeniliklər, təbii ki, həm də nöqsanlar diqqət önünə gəlir.
Mən bu yazını yazmağa başlamazdan öncə bir neçə dəfə üz tutduğum və burda müalicə alan tanışlarla təmas nəticəsində öyrəndiyim bir gerçəkliyin, yəni Respublika Dəri Zöhrəvi Dispanserində olan mənzərəni yaddaşımda təzələdim. Çünki bu ünvan həmişə diqqət mərkəzində ola və istər-istəməz də oxucu qarşısına çıxardığım yazı ilə gərək reallığı həmahəng edə biləsən. Onda yazılan sözlə mövcud gerçəklik həm bir-birini tamamlayır, həm oxucunu, həm barəsində yazılanı, həm də bu dispanserdən şəfa alanları razı salır.
Öncə ordan başlayım ki, Respublika Dəri Zöhrəvi Dispanserinə artıq 4 ildir ki, Şahnaz xanım Baxşəliyeva rəhbərlik edir. Şahnaz xanım öz təbiəti və peşəkarlığı etibarı ilə insanlar üçün xoş ovqat yaradan, münasibət qurmağı bacaran bir ziyalıdır. Yəni onunla söhbət etmək, onunla fikir bölüşmək və bütün bu söhbət əsnasında da səmimi olmaq adi və normal haldır. Çünki ziyalı ailəsində böyümüş, 1973-cü ildə bugünkü Tibb Universitetini bitirib həkim-dermatoloq ixtisası almış Şahnaz xanım orta məktəbi olduğu kimi, ali məktəbi də yüksək qiymətlərlə başa vurmuşdu. Elə iş yeri də, yəni gənc həkim kimi interna keçməyi də məhz Respublika Dəri Zöhrəvi Dispanserində olmuşdur. Görünür, ilk addımın uğurlu atılması onu ömrün müəyyən dolanbaclarından sonra təkrar bu səhiyyə ocağına qaytarıb gətirmişdi.
Hələ sovet dönəmində istər Moskvadan, istərsə də respublikanın özündən gələn müxtəlif komissiyalar öz yekun rəylərində həmişə bu gənc mütəxəssisin peşəkarlığından, onun insanlarla davranışından ayrıca qeydlər etmişdilər. Bu qiymətləndirmə onu öncə şöbə müdirinin müavini, sonra isə şöbə müdiri vəzifəsinə irəli çəkilməsinə təkan vermişdi. Rəhbərlik bacarığı, tələbkarlığı, təşkilatçılığı, nöqsanlarla barışmazlığı 1999-cu ildə onun Respublika Səhiyyə Nazirliyinin Müalicə Profilaktika Baş İdarəsinin müdiri vəzifəsinə gətirib çıxarır. Şahnaz xanım bu vəzifədə 5 il özünü rəhbər işçi kimi, həm də bacarıqlı tələbkar kadr kimi təsdiq etdi. Məhz 2004-cü ildə 1 saylı şəhər poliklinikasında yaranmış gərginlik və bu müəssisədən daxil olan şikayətlər burada kadr dəyişikliyini labüd etdi. Şahnaz xanım poliklinikaya baş həkim təyin olundu. Bir ilə yaxın 1 saylı poliklinikada işləyən Şahnaz xanım yenidən öz əvvəlki baş idarəyə - Tibbi Yardım Şöbəsi adlanan idarəyə qayıtdı. 2 il sonra isə, yəni 2007-ci ildə Respublika Dəri Zöhrəvi Dispanserində aparılan yoxlamaların nəticəsinə müvafiq olaraq, Şahnaz xanım bu dəfə dispanserə baş həkim təyin olundu.
Artıq dispanserdə həmin o ötən illərin problemləri arxada qalıb. Burada çalışan 75 həkim, 40 tibb bacısı, 60 nəfər digər personal indi sözün həqiqi mənasında öz işləri ilə məşğul olurlar. Eyni zamanda, burada konsultativ diaqnostika, stasionar, fizioterapeya şöbələri, allerqoloji kabinet və digər kabinetlər müasir avadanlıqlarla təmin edilib, müasir laboratoriya fəaliyyət göstərir. İndi xəstələrə hər gün üç dəfə pulsuz yemək və dərman preparatları verilir. Şahnaz xanımla birlikdə təcrübəli həkimlər çalışır. Onlar öz qayğıkeşlikləri, işgüzarlıqları ilə həm xəstələrin, həm də bu sahəyə nəzarət edən insanların təşəkkürünü qazanıblar.
Bəli, bu gün Respublika Dəri Zöhrəvi Dispanserinə rəhbərlik edən Şahnaz xanım Baxşəliyeva 1973-cü ildən bu günə qədər olan bir həkim ömrünün müxtəlif məqamlarını bizimlə bölüşərkən bir məqamı xüsusi vurğuladı. Şahnaz xanım bildirdi ki, ilk növbədə yaxşı insan, sonra isə yaxşı həkim olmaq hər bir tibb işçisinin borcudur. Bunu özünə məqsəd, məram etməyən heç kəs hamı tərəfindən tam sevilə bilməz. Çünki yaxşı insan və yaxşı həkim qoşa qanaddır. Bu qanadlar qoşalaşanda məqsədə doğru qanadlanmaq, uğurlara imza atmaq asan, həm də mənalı olur.
Şahnaz xanım onu da bildirdi ki, o həm də xoşbəxt validenydir - bir oğul, bir qız anasıdır, üç nəvəsi var. Övladları da ali təhsillidir. Qızı da ağ xalat geyinir, anasının yolunu davam etdirir. Bəzən onlar həkim kimi hansısa bir xəstəliyi, bir müalicə üsulunu müzakirə və mübahisə də edirlər. Deməli, ömür kitabı maraqlı səhifələrlə, zəngin təcrübə və təəssüratla doludur. Sadəcə, bu kitabın müəllifi də elə onun özüdür. Mənalı ömrün sahibi olan gözəl həkim, gözəl insan Şahnaz xanım Baxşəliyevadır.
ƏBÜLFƏT
MƏDƏTOĞLU
Ədalət.-
2011.- 21 dekabr.- S.6.