"İran dövlətini idarə edən türklər də gec-tez öz milli kimliklərini dərk edəcəklər"

 

Milli Məclis tərəfindən müzakirə olunan Azərbaycanın 2012-ci il dövlət büdcəsi artıq Prezident tərəfindən də imzalanıb. Hər il olduğu kimi bu dəfə də növbəti ilin büdcəsindən müxtəlif istiqamətlər üzrə xərclənəcək vəsaitlərin həcmi artırıldı. Eyni zamanda indiyə kimi dövlət büdcəsindən vəsaitin ayrılması nəzərdə tutulmayan yeni ünvanlar da oldu. Beləliklə də 2012-ci ilin dövlət büdcəsindən ayrılan vəsaitlərdən razı və narazı qalanlar olsa da məsələ bitdi. Digər bir tərəfdən də payız sessiyasında millət vəkillərinin daha çox müzakirə etdikləri, amma ortaq məxrəcə gələ bilmədikləri bəzi məsələlərin sona çatdırılması gələn ilə qaldı. Vətəndaş Həmrəyliyi Partiyasının sədri, millət vəkili Sabir Rüstəmxanlı ilə budəfəki söhbətimizdə həm parlamentdaxili, həm də bəzi aktual məqamlardan danışdıq.  

   Adam gərək nəyə qadir olduğunu bilsin  

   - Əvvəlki illərdən fərqli olaraq bu dəfə dövlət büdcəsindən Dağlıq Qarabağın Azərbaycanlı İcmasına da müəyyən qədər vəsait ayrıldı. Sizcə, nəzərdə tutulan məbləğlə fəaliyyəti narazılıq doğuran bu qurumu aktivləşdirmək mümkün olacaq?  

   - Bu yalnız icmanın işçilərinə əməkhaqqı kimi ayrılıb. Həmin vəsaitlə bundan başqa heç bir iş görmək olmaz. 500 min manatla nə iş görmək olar ki? Ümumiyyətlə götürdükdə isə bu icmanın fəaliyyəti son illərdə çox zəifləyib. İşğalın ilk illərində həmin rayonların icra başçıları çox fəal idilər və çox yaxşı da işləyirdilər. Eyni zamanda da icmanın əvvəlki rəhbərliyində təmsil olunanlar da kifayət qədər təcrübəli idilər.    

   - Deputat həmkarınız Rəbiyyət Aslanova bir müddət əvvəl Dağlıq Qarabağın Azərbaycanlı İcması barədə kəskin fikirlər səsləndirmişdi...  

   - İcmanın indiki rəhbərini mən o qədər də yaxşı tanımıram. Amma təşkili ilə bağlı səhv etmirəmsə Opera Balet Teatrında bir dəfə tədbir keçirilirdi, orada mən də qurumla bağlı öz etirazımı bildirmişdim. Ona görə ki, ən azı bir sıra protokol qaydaları vardır ki, onlara əməl olunmamışdı. Həmin tədbiri yarımçıq da tərk etmişdim. Bu adamların səsi çıxmır. Ən azı Dağlıq Qarabağ İcması kimi bir quruma seçiləndə nəzərə almaq lazımdır ki, bu adam, sabah gedib özünü müstəqil elan etmiş qurumun başçıları ilə oturub danışmalıdır. Beynəlxalq aləmdə hər iki tərəf oturub problemi müzakirə etməlidir və onları da kənardan 3-4 göz izləməlidir. Bu mənada belə bir quruma rəhbər seçiləndə də nəzərə alınmalıdır ki, bu adamların mürəkkəb olan bir işi görmək qabiliyyətləri varmı, mətbuatda bunların sözü eşidilirmi, Dağlıq Qarabağla bağlı gedən söz-söhbətlərlə bağlı onların mövqeləri varmı. Bütün bunların heç biri yoxdur axı. Mən bunların heç birini də mətbuatda görmürəm. Ancaq ümidlərini ona bağlayıblar ki, Azərbaycan prezidenti danışıqları aparır, görüşləri keçirir və dövlət başçısı nə deyəcəksə, bununla da məsələ həll olunacaq.  

   "Kimsə icazə gözləməməlidir"  

   - Sizcə problem təyin olunanlardadır?    

   - Əgər bacarmırlarsa, boyunlarına da belə bir məsuliyyətli işi götürməsinlər, desinlər ki, mən bunu bacarmaram. Dağlıq Qarabağdan kifayət qədər təcrübəli adamlar var ki, onlardan hansısa birini seçib icmanın başına gətirmək olar. Təkrar edirəm ki, indiki adamı mən tanımıram və tanımadığım şəxs barəsində də heç bir fikir səsləndirmək istəmirəm. Bəlkə də onun bu işlə bağlı kifayət qədər imkanı var, ancaq mən fəaliyyəti görmürəm. Fəaliyyətsizliyə əsasən də mən fikirlərimi səsləndirirəm. Dağlıq Qarabağ məsələsi çox ciddi problemdir və onun tənzimlənməsi üçün ATƏT-in Minsk qrupu fəaliyyət göstərir. İcmaya rəhbərlik edənlər Minsk qrupu nümayəndələri gələndə onlara öz etirazlarını bildirməli, iradlarını çatdırmalıdırlar. Bugünkü mənzərə isə elə təəssürat yaradır ki, sanki hamı taleyi ilə barışıb oturub. Halbuki Dağlıq Qarabağdan qovulan insanlar ildə ən azı 4-5 dəfə gedib sərhəd boyu düzülməli, bütün dünyaya öz torpaqlarımıza qayıtmaq istədiklərini bəyan etməlidirlər. Ağdam rayonunun Şotlanlı kənd sakini yaşlı bir kişi mənə deyir ki, ay oğul bax, o Soltanbud meşəsində kəndin qəbiristanlığı qalıb, orada mənim əzizlərim, böyüklərim yatır. Arada da heç nə yoxdur, erməni əsgərləri də görünmür, amma bu insanlar öz yaxınlarının qəbirlərini ziyarət edə bilmirlər. Niyə bu adamlar ora getməsinlər, niyə əzizlərinin məzarını ziyarət etməsinlər? Əgər onlar bunu etsələr dünya da görər ki, bu insanlar gecə-gündüz işğal altında qalan torpaqlarına qayıtmağa can atırlar. Bu həvəs yoxdur, ancaq ticarət, ev tikmək, ev almaq ən aktul məsələyə çevrilib. Elə yerlər var ki, orada artıq əsgərliyə getmək öz əhəmiyyətini yavaş-yavaş itirməyə başlayır. Hamının başı öz işinə qarışıb və sanki heç nə baş verməyib. Heç olmasa Bakıda məskunlaşan qarabağlıların müəyyən hissəsini Qarabağa yaxın ərazilərdə gözəl inşa olunan qəsəbələrə yerləşdirsinlər. Arada-sırada bu insanların səslərini çıxarması işləri ilə təbii ki, Qarabağ icması məşğul olmalıdır. Elə məsələlər var ki, onu prezident deyə bilməz və deməli də deyil. Xalqın ictimai rəyi, ictimai mövqe olduqca mühüm bir işdir. QHT olaraq Dağlıq Qarabağın Azərbaycanlı İcması bütün dünyada xalqın səsini eşitdirməlidirlər.  

   - Bu tipli etirazlara şəxsi təşəbbüs göstərilərsə, ona imkan verilərmi?    

   - 1988-ci ildə Topxana meşəsində ağacların qırılmasına etiraz olaraq millət küçələrə axışırdı. Onda buna icazə verilmişdi? Bu hakimiyyətin siyasətinə qarşı iqtidar-müxalifət davası deyil ki, hökumət buna icazə verməsin. Bu Azərbaycanın ümumi taleyidir və heç olmasa bu məsələdə dövlətlə razılaşdırılmış şəkildə səslərini qaldırmalıdırlar.  

   "Avropa layihəsi keçərli olub"  

   - Hərbi xidmət çəkməklə bağlı həvəssizlikdən danışdınız. Parlamentdə neçə müddətdir magistratura təhsili alanların hərbi xidmətə çağırılması ilə bağlı millət vəkilləri ortaq məxrəcə gələ bilmirlər. Bu məsələdə sizin mövqeyiniz necədir?  

   - Hərbi xidmətin müddətinin neçə il olmasından asılı olmayaraq, istər təhsildən əvvəl, istərsə də təhsildən sonra hər bir Azərbaycan gənci, özünü kişi sayan hər bir kəs əsgərliyini çəkməlidir. Ailənin tək övladı olan gənclərin hərbi xidmətə çağırılmaması ilə bağlı səsləndirilən fikirlərlə də razılaşmıram. Mən çoxuşaqlı ailədə doğulmuşam və bütün qardaşlarım da əsgərliyini çəkiblər. Şəhər mühitində ümumiyyətlə əvvəldən ailələrdə dünyaya az uşaq gətirilib. Artıq neçə illərdir kəndlərdə də çoxuşaqlı ailələrə rast gəlinmir. Çünki, Avropanın ailəplanlaşdırması layihəsi ilə buna imkan verilmir, qoymurlar Azərbayan ailəsində çox uşaq dünyaya gətirilsin. İndi belə bir şəraitdə birinin 5 oğlu olacaq və onların hamısı hərbi xidmətə çağırılacaq, amma hansısa ailələrdə bir uşaq dünyaya gələcək və onu da əsgərliyə aparmayacaqlar. Bu nə dərəcədə doğrudur, hansı məntiqə uyğundur? Hər bir ailədə heç olmasa 3-4 övlad dünyaya gəlməlidir. Əks təqdirdə ailələrdə az uşaqların dünyaya gətirilməsi millətin sayının getdikcə azalması ilə nəticələnəcək. Ən ciddi məsələlərdən biri də özü Azərbaycan vətəndaşı olub, amma bu gün xaricdə yaşayanlarla bağlıdır. Əgər onlar Azərbaycan vətəndaşlarıdırlarsa, o zaman onların övladları hərbi xidmətə çağırılmalı, Vətəni qorumaq borcunu yerinə yetirməlidir. Ən böyük güzəşt Türkiyədə olduğu kimi təhsil və digər vacib məsələlərlə bağlı qısamüddətli hərbi xidmət keçmək və qalan müddətin isə haqqının ödənilməsi ola bilər.    

   - Hərbi hissələrdəki vəziyyət də birmənalı qarşılanmır. Zaman-zaman arzuolunmaz halların şahidi oluruq. Müharibə şəraitində olan bir dövlətin ordusunda belə halların baş verməsini nə ilə izah etmək olar?  

   - Nə qədər ki, torpaqlarımızın işğal faktı aradan qalxmayıb, müharibə məsələsi bitməyib, ordumuzla bağlı məsələni davamlı olaraq müzakirə etməyə pis baxıram. Biz bu yolla bəzən düşmən əlinə fürsət vermiş oluruq. Amma baş verənlərə laqeyd qalmamaq da olmaz. Mən "Cavadxan" filminin hərbi hissələrimizdə əsgərlərimizə nümayiş etdirilməsi ilə bağlı Müdafiə Nazirliyinə müraciət etmişəm. Çünki bu bir vətənpərvərlik, qəhrəmanlıq filmidir. Amma nazirliyə ünvanladığım müraciətlə bağlı mənə cavab verilmədi. Hərbi hissələrimizdə kitabxanalar belə yoxdur. Bir müddət əvvəl hərbi hissələrimizdə kitabxanalar yaradılması üçün mən təşəbbüs göstərdim və 4-5 min kitab toplayıb Müdafiə Nazirliyinə göndərdik də. Bir kəlmə belə olsun hərbi hissələrimizə kitab verdiyimizə görə də söz deyilmədi.    

   - Bəs siz bu sükutun nə ilə bağlı olduğunun cavabını soruşmadınız?  

   - Əlbəttə ki, belə olmaz və yəqin cavab soruşulacaq. Mən bu sistemdəki inkişafı da görürəm. Daxili İşlər Nazirliyinin nəzdindəki hərbi hissələrdə, Sərhəd Xidməti Qoşunlarında, Müdahifə Nazirliyinin ordusunda silah-sursat, hərbi texnika baxımından, şübhəsiz inkişaf hiss olunur. Amma yaxından tanış olduğum Sərhəd Xidməti Qoşunları, Daxili İşlər Nazirliyinin tabeliyində olan hərbi hissələrlə müqayisədə Müdafiə Nazirliyinin ordusunda vəziyyət fərqlidir. Mən görürəm ki, hansısa qohumun, yaxının övladı əsgərliyə gedəndən bir-iki ay sonra valideynlərinə onu həmin hərbi hissədən qurtarmaları üçün yalvarır. Biz hansı əsrdə yaşayırıq, əsgərə bu nə münasibətdir? Mən bu faktı nazirliyin məsul nümayəndələrindən birinə da demişəm. O isə mənə inanmır, həmin hərbi hissəni nümunəvi hesab edir. Əgər nümunəvi hərbi hissədirsə, o zaman bu vəziyyəti necə başa düşək? Bu qədər narazılıq varsa, deməli bu elə-belə məsələ deyil. Ölüm, döyülmə, deyə bildiklərimiz və bilmədiklərimiz yetərincə məsələlər var. Ordu bütövlükdə arzuolunmaz hallardan çox-çox uzaq olmalıdır. Bəzən görürsən ki, kiçik bir şeydən ötəri hansısa hərbçi cəzalandırılır. Lakin bunun arxasında daha ciddi məqamlar dayanır ki, onlarla bağlı ölçü götürülmür. Şübhəsiz, bütün bunların qarşısı alınmalıdır.    

   - Milli Ordunun səviyyəsinin artırılması istiqamətində aparılan işlər yetərincədirmi?  

   - Son illərdə Azərbaycan NATO-nun apardığı bir sıra təlimlərdə iştirak edir. Beynəlxalq sülhyaratma korpusunda Azərbaycan hərbçiləri təmsil olunur. Hərbi təhsillə bağlı məsələlər də beynəlxalq səviyyəyə çatdırılır. Amma bütün bunlarla yanaşı ordumuzdakı vəziyyət barədə danışılanda adam narahatlıq keçirir.  

   "Bütün oyunlar Azərbaycanın üstündədir"  

   - Ötən həftə Ermənistan prezidenti Serj Sərkisyanın Fransada səfərdə olarkən səsləndirdiyi fikirlər və onun ardınca Fransa senatında qondarma soyqırım məsələsinin yenidən gündəmə gətirilməsi türklərə psixoloji təzyiq, yoxsa başqa məqsəddir?

      - Sərkisyan terrorçu bir ölkənin başçısı olmaqla, həm də özü əli azərbaycanlıların qanına batmış ən böyük terroristdir. Sərkisyan isterikadadır, Ermənistanın ağır vəziyyətdə olduğunu görür və yanında güclü bir dövlət başçısını gördükdə dili uzanır. Başqa bir vəziyyətdə olanda isə tamamilə ayrı mövqedə görünür. Türkiyə heç vaxt ermənilərdən üzr istəməyəcək. Ona görə ki, "soyqırım" deyə bir hadisə olmayıb. Rusiya-Türkiyə müharibəsinin getdiyi məqamda II Nikolay 200 min ermənini silahlandırıb türklərin üzərinə göndərmişdi. Ruslar daxildəki əlaltıları olan ermənilərdən bütün kəşfiyyat məlumatlarını alaraq dinc əhalini qırırdılar. Rus hərbi geyimini geyinən ermənilərin törətdiyi vəhşiliklərin izləri Türkiyənin bütün arazilərində bu gün də qalmaqdadır. Diri-diri adamların quyularda basdırılması, camiyələrdə od vurulub yandırılması faktları tarixdə qalır, gec-tez dünya da bunları biləcək.  

   - Nikolayların davamçılarının əlində bu gün də ermənilər alət olmadan xilas yolu tapa bilmirlər...  

   - Bu yaxınlarda Azəri Türk Qadınlar Birliyinin dəvəti ilə Belçikadan senatorlar Azərbaycana gəlmişdilər.    

   Onlar bura gələndə də elə erməri təbliğatçıları kimi davranırdılar. Amma burada gördükləri mənzərə, eşitdikləri tarixi faktlar onlarda böyük dəyişikliyə səbəb oldu və öz ölkələrinə qayıtdıqdan sonra qadın həmrəyliyi adına sülhyaratma prosesi istiqamətində görüşlər keçirməyi planlaşdırdılar. Belçika, Tiflis və digər ölkələrdə keçirilən həmin tədbirlərdə bizim xanımlarımız iştirak ediblər. Bakıda keçirilən görüşə ermənilər dəvət olunsa da onlar son ana kimi gəldiklərini bildirdilər, amma gəlmədilər. Ermənistan mətbuatı yazdı ki, Azərbaycan hökumətinin "səyləri" sayəsində erməni xanımlar Bakıya gəlməyib. Ermənistanda keçirilən görüşdən də bizimkilər imtina etdilər. Ermənilər özləri buna şərait yaratmaqla dünyaya göstərmək istəyir ki, azərbaycanlılar bundan yayınır. Sərkisyanın mövqeyi də onlardan seçilmir və sıradan bir erməni mövqeyidir. Azərbaycanda keçirilən beynəlxalq tədbirlərdə bir neçə dəfə Ermənistan tərəfin nümayəndələri də iştirak edib və heç kim də onlara toxunmayıb. Bundan əlavə Bakı erməni ilə doludur, ermənilər paytaxtda at oynadır, qohumları da gəlib-gedir. Qondarma soyqırım faktının bəzi dövlətlər tərəfindən təsdiqlənməsi tarixi faktlara söykənmir. Bu Türkiyəyə qarşı siyasi təzyiqdir.  

   - Bəlkə bununla Azərbaycandan istədiklərini almaq istəyirlər?  

   - Təbii. Türkiyənin diqqətini qondarma soyqırım məsələsinə yönəldirlər. Ermənistan dünyaya "soyqırım"a məruz qoyulduğunu, üstəlik də Dağlıq Qarabağdan çıxarılsalar, vəziyyətlərinin necə ağır olacağını bəyan edəndə əlbəttə ki, Qarabağ məsələsi arxa plana keçir. Bütün bu oyunların hamısı Qarabağın, Azərbaycanın üstündədir. Niyə neçə ilərdir "soyqırım" ada düşmürdü, amma Qarabağ məsələsinin gündəmə gəlməsi ilə qondarma qətliam da yada düşüb?     

   "DAK"-ı Azərbaycandan uzaqlaşdırmaq istəyirlər      

      - İlin sonu yaxınlaşır. DAK-ın növbəti qurultayı keçiriləcəkmi? DAK-da son baş verənlərin səbəbi nədir?  

   - DAK-ın növbəti qurultayı gələn il keçiriləcək. DAK-da baş verənlərə gəlincə, DAK-da heç nə baş vermir. DAK-ın İdarə Heyətinin 10 nəfər üzvü Azərbaycana gəlmişdi. Onların müxtəlif səviyyəli qurumlarla görüşləri də keçirildi və hamı da gördü ki, DAK öz yerindədir. Bu günlərdə də mən Almaniyada olmuşam və orada diaspor təşkilatları, Güney Azərbaycan siyasi təşkilatları ilə görüşlərimiz, məsləhətləşmələrimiz olub. DAK-a qarşı ciddi təzyiqlər var və bu təzyiqlərdən biri Azərbaycanın daxilindən gəlir. Mən sədr olandan sonra bütün ciddi cəhdlər DAK-ın Azərbaycan Respublikası ilə bütün əlaqələrin üzülməsinə yönəlib. Yəni DAK olsun kənar bir xarici təşkilat. Əlbəttə ki, bizimkilər bu gün deyirlər ki, DAK bizə aid olmayan xarici təşkilatdır və ona görə də biz tənqidlərə münasibət bildirə bilmərik. Amma indii vəziyyət bir qədər başqa cürdür və guya İranla problem yaratmamaq üçün müxtəlif yollara əl atılır. Hər halda bu Azərbaycanı bir növ bu məsuliyyətdən uzaqlaşdırmaq məqsədi güdür.    

   Halbuki, İran Azərbaycanda onunla bağlı bir kəlmə belə olsun söz deyilməsə belə, bu ölkə özünün mənfur siyasətini aparacaq. Yenə də İran Azərbaycan Respublikasını qəbul etmədiyini, onu özünün bir vilayəti kimi iddia edəcək. Bəli, Azərbaycan İran deyilən bir dövlətin vaxtı ilə bir vilayəti olub. Bu o dönəmlər idi ki, onda İran deyilən ölkənin başında azərbaycanlılar, Səfəvilər, Afşarlar, acarlar dayanırdı. Yəni dövlət bizim idi. Azərbaycan müstəqil bir dövlətdir və dünya tərəfindən tanındığı şəkildə də qəbul olunmalıdır. Dövlət yetkililərimizə, ziyalılarımızı və bütövlükdə hamımızı İran həqarət edir. İranda daim Azərbaycan dərdi var. Çünki bu ölkədə yaşayan 35 milyonluq əhali azərbaycanlılardır.    

   Ona görə də İranda Azərbaycan dövlətindən bir ehtiyatlılıq var və bizi təhlükə kimi gördüklərindən düşmən Ermənistanı gücləndirməyə çalışırlar. Ermənistana gecə-gündüz yardım etməklə Cənubi Azərbaycan məsələsində bizim əl-qolumuzu bağlamaq istəyirlər. Rusiya da, İran da bunu edir. Biz İranın daxili işlərinə qarışmırıq, sadəcə olaraq 35 milyonluq soydaşımızın haqlarının pozulduğunu arada-sırada gündəmə gətiririk.    

   Onsuz da 35 milyonluq bir millət yatmayıb və günün birində də sözünü deyəcək. İran dövlətini idarə edənlərin bir hissəsi də türkdür və onlar da gec-tez öz milli kimliklərini dərk edəcəklər. Ona görə də onlar Azərbaycan Respublikasına təzyiq göstərirlər və bununla DAK-ın buradan uzaqlaşdırılmasını istəyirlər. Hətta rəsmilərimizdən bəziləri 5-6 il əvvəl DAK-dan getmişləri ətraflarına yığıb DAK-a alternativ süni bir qurum yaratmaq istəyirlər. Bunun heç bir mənası yoxdur.

 

Gültəkin Qəhrəmanlı

Ədalət.- 2011.- 21 dekabr.- S.3.