İradə İsaq: "Dəfələrlə intihar astanasına gəlib çıxmışam..."  

Teleaparıcı İradə İsaq Lent.az-a "Görünməyən tərəf"ini danışır  

  

   Teleməkanın "şou-biznes" adlı sağalmaz xəstəliyə büründüyü, onlarca öyüd-nəsihətə baxmayaraq tamaşaçıların gözünün, zövqünün korlandığı bir zamanda ekranda təsəlli verən bir sima göründü.    

   Araşdırmaçı jurnalistika ilə məşğul olan şəxsləri gündüzün işığında çıraqla axtarmalı olmuşuq. Buna cəsarət meyarını da əlavə etsək, intellektual tamaşaçının zövqüncə veriliş tapmaq həqiqətən də çətinləşər.    

   Belə tək-tük verilişlərdən birinin müəllifi isə ANS-in tanınmış siması İradə İsaqdır. Ötən aya qədər aparıcısı olduğu "Ölümündən 24 saat əvvəl" verilişindən kifayət qədər cəsarətli və ictimaiyyət üçün maraqlı mövzuları araşdıran bu xanım verilişinin adını dəyişdirsə də, - "Xəbərin izində" - dadında və keyfiyyətində heç bir dəyişiklik etməyib. Azərbaycan mediasına xas olmayan araşdırmaçı jurnalistika və cəsarətli mövzu seçimi bu verilişdə də özünü göstərir. Dediyinə görə, lap uşaqlıqdan həmişə siyasətlə, ictimai işlərlə maraqlanmağı xoşlayıb, hətta bir az irəli gedərək, uşaq yaşlarında "vunderkind" olduğunu, artıq 4-5 yaşlarından oxuyub-yazmağı, 7-8 yaşlarında isə ölkənin ictimai-siyasi xadimlərinin adlarını və cəmiyyətdə baş verən prosesləri bildiyini deyir.    

  

   Davamını İradə İsaq "Görünməyən tərəf"də Lent.az-a danışır...    

  

   "Uşaq vaxtı çox qara, zənci kimi qara bir qız idim"       

  

   ...5 yaşımdan, yəni ağlım kəsəndən, həmişə televizora baxırdım. Nərgiz Cəlilovanı xoşlayırdım. Unikal yaddaşım var idi, 4 yaşımda bütün əlifbanı öyrənmişdim. "Vunderkind" (fövqəladə istedadlı uşaq) olmuşam. Kiçik idim, məktəbə götürmək istəmirdilər. Çox çətinliklə məni 5 yaşımda məktəbə götürdülər. Qardaşım məndən bir yaş böyük idi və artıq dərsə gedirdi, mənsə oturub ağlayırdım, nə olar, məni də məktəbə aparın.    

   Sentyabrın 1-i doğum günümdür. Direktorun yanına getdik. Anam dedi, bu uşaq məni öldürür ki, dərsə getmək istəyirəm. Direktor mənim inad və biliyimə heyran qaldı, vurma cədvəlini də bilirdim. Axırda qardaşım Fuadla ikimiz bir sinifdə oxumalı olduq. Qonşuluqda Olya xala var idi, o məni rusca da öyrətmişdi.    

   ...Təsəvvür edin ki, 1988-ci ildə, mənim 8 yaşım olanda efirə gedən Milli Məclisin bütün müzakirələrini izləyirdim, siyasi xadimləri tanıyırdım. O vaxtkı bütün hadisələri hələ də xatırlayıram. Bun görə də siyasi hadisələri yaxşı bilirəm. Bəzən məndən yaşıdlarım soruşurlar ki, sən bu qədər siyasi hadisələri, yaxın tarixi necə bilirsən?! Bunların hamısı kitablarda da yoxdur axı. Mən bunu atama borcluyam. Biz ailəliklə bu hadisələri çox izləyirdik.  

   ...Uşaq vaxtı çox qara, zənci kimi qara bir qız idim. Əmimin həyat yoldaşı Atlas bibim həmişə mənə gülərdi, hətta şer də qoşmuşdu mənə: "A qara-qura İradə, sabunu yoxdur, ağarsın İradə..." Ərgənlik yaşına gəlmişəm, bibim atmacalı sözləri də unutmur, hamının yanında məni lağa qoyur... Mən də uşaq vaxtı kinli idim, heç nəyi unutmurdum. Bir gün oturub Allaha ürəkdən yalvardım, Allah, sənə qurban olum! Bilirəm, bu mümkün deyil, yenə də istəyirəm, mənim dərimin rəngini dəyiş! Buna elə bir qara övlad var ki, heç cür ağarmasın. Üstündən bir neçə il keçdi. Tətil üçün yenidən rayonumuza gedəndə heç kim məni tanımadı. Elə bil məni salmışdılar süd vannasına... Dərimin rəngi olmazın dərəcədə dəyişmişdi. Allahın möcüzəsini ilk dəfə onda gördüm. Bunu bütün qohumlarım, sinif yoldaşım təsdiq edə bilər. Allaha deyirdim, İlahi, sən mənə hər şey vermisən, ağıl, mehriban xasiyyət, lakin bu nə simadır?! Anam həmişə dərd edirdi ki: "Ay Allah, bu qızı heç kim almayacaq". Anamdan çox inciyib ağlayardım. Amma Allah məni pərt etmədi. Hətta o şəkillərə baxanda heç kim inanmır ki, bu mənəm... Hə, o bibimin də bir qız nəvəsi oldu. Mən ağardım, amma o yekə qızdır, hələ də qaradır. Özlərinə təsəlli vermişdilər ki, o da mənim kimi ağaracaq. Amma o ağarmadı (gülür). Amma heç bibimin indiyə qədər xəbəri yoxdur ki, bu qarğışı ona mən etmişəm və tutub. Bəlkə də mən dəri rəngini təbii dəyişən dünyada ilk insanam və Ginnesin Rekordlar kitabına da düşə bilərəm.

  

  

   "Çox kobud səsim və xarakterim olub"    

  

   ...Özümü çox dəyişdirmişəm. Amma bir dənə də olsun plastik əməliyyatdan istifadə etməmişəm. Məni sahib olduğum güclü İRADƏ dəyişib. Oğlan kimi dalaşqan və kobud idim. Bir şey də var. Kimsə məni tənqid edirsə, özü bilmədən mənə yaxşılıq edir. O kəsin dediyindən yaxşı insan olmaq üçün bütün gücümü səfərbər edirəm. İradəli insanam, bu adı mənə çox düz qoyublar. Çox kobud səsim və xarakterim olub. Səsimi düzəltdim, əvvəlcə alınmırdı, gülməli olurdum, səsim ciyildəyirdi və süni çıxırdı. 18 yaşından sonra gözəlləşdim. Səsim də dəyişdi, rəftarım da. Allaha çox dua edib yalvarmışam. Lap Göyçək Fatma çayda çimib gözəlləşib, məlahətli olan kimi.  

   ...O zaman efir məkanında yeni kanal - ANS yarandı. Və mən Mirşahinə vuruldum. Məhz bu cür jurnalist olmaq istədim. Araşdırmaçı, hadisələrin qaynar anında. Həmişə deyərdim ki, "Ay Allah, mənə nəsib edəcəksən Mirşahinlə işləməyi?" Lakin televiziyaya çox gec gəldim. Düz 25 yaşımda.  

  

   "O ailəsini qoruya bilmədiyinə görə sakit yaşaya bilmirdik"    

  

   ... Universiteti bitirdim. Sonuncu kursda, 23 yaşımda ailə qurdum. Oğlan uzaq qohumumuz idi. Zəif xarakterli insan idi. Məcbur olub ayrıldım. O ailəsini qoruya bilmədiyinə görə, sakit yaşaya bilmirdik.    

   Ayrılandan 6 ay sonra Səhiyyə Nazirliyində işə düzəldim. İş yerimə tanımadığım bir xanım gəldi, AzTV-də işləyirdi, adı Nəzakət idi. Mən televiziyaya necə düzələ biləcəyimi ondan soruşdum. Mənə dedi ki, bizdə qəbul başlayır. Dedi elə bil bəxtindəndir sənin, gəl. AzTV-də ümumi qəbul deyildi, səhər verilişinə aparıcı axtarırdılar. Getdim, Qulu Məhərrəmli məni gördü, dedi səni harada toz basmışdı, Allah elə səni televiziya üçün yaradıb. Yadımdadır, noyabrın axırı idi, 2005-ci il. Dekabrın 19-u heç bir hazırlıqsız efirə çıxdım. AzTV-nin tarixində belə şey olmamışdı. Qulu müəllim məni xüsusi hazırlaşdırmağa ehtiyac görmədi. "Bu qız çox istedadlıdır" dedi. Səhər efirində xəbərləri apardım. Sonra Qulu müəllimin fikri var idi, mənə səhər proqramının aparıcılığını versin. AzTV-də bir az incik düşdüm, çox xırda məsələ idi. Mən də küsəyən adam.    

   Ailəli olduğum vaxt İctimai Televiziyada müsabiqədən keçmişdim, həyat yoldaşım icazə verməmişdi işləyim. Orada rejissor Natiq Cavadzadə mənə dedi ki, səni İctimai kanaldan axtarırlar. Get bir ora, gör nə deyirlər. Sanki 25 ildən sonra bütün qapılar üzümə açıldı. Mən də rahat İctimai kanala getdim. Lakin nədənsə məni efirə çıxarmadılar. Yoldaşımdan ayrılandan sonra münaqişələr olmuşdu, fikirləşirdim ki, elə efirə çıxmasam yaxşıdır. Orda işləyəndən 2 il sonra "Azərbaycanlılar" adlı verilişi apardım. Elə oldu ki, orda da xətrimə dəydilər, dedim, daha işə gəlməyəcəm. Sabahı gün də işə getmədim.    

  

   "...Yox dedim. Məndə o cəsarət harda idi?!"    

  

   ... O vaxtlarda yazılı mətbuatı möhkəm izləyirdim. Günel Mövludu, Qan Turalını oxuyurdum və bəyənirdim.    

   Amma heç qəzetdə yazı yazmağa ürək etmirdim ki, birdən zəif alınar. İlk dəfə İradə Tuncayın bir gözəl yazısına email ilə münasibət bildirmişdim. O mənə cavab yazdı ki, fikirlərin dolğundur, tənqidlərin ağıllıdır. Bəlkə yazı yazasan bizim qəzetə? Yox dedim. Məndə o cəsarət harda idi?! İradə xanımın yanında yazı yazam. O, mənə bir yazı göndər dedi. Utana-utana birini göndərdim. Səhəri gün zəng vurdu ki, oxu yazını. Bir də gördüm ki, sabah yazımı çıxarıb "Ədalət" qəzetinə. Yazımın adı belə idi: "Mənim Yaradana yazığım gəlir". İradə xanım dedi ki: "Yazın xeyli bəyənilib və oxunub, redaksiyada dedilər ki, jurnalistikaya yeni nəfəs gəlib, hər həftə mənə yazı göndər". Bir gün də zəng vurdu, gəl qonorarını al. Dedim nə danışırız? Axı, mən qonorar üçün yazmamışdım. Çox sağ olsun. Bir müddət o qonorarla dolandım. O hiss edirdi ki, mən həssas adamam. Mən İradə Tuncaya çox borclu hiss edirəm özümü.  

   ... O arada 6 ay işsiz qaldım. Xasiyyətcə də elə insan deyiləm ki, gedəm qapı döyəm. Telejurnalist Azadə Balayeva ilə birlikdə ingilis dili kursuna gedirdik. Dedim, işsizəm. ANS-də görəsən bir yer olar? Dedi mən Mirşahin müəllimlə danışaram. Mirşahin müəllim məni qəbul etdi, deyəsən ilk baxışdan danışıq tərzimi, diksiyamı bəyənmişdi, göndərdi o vaxtkı baş redaktorumuz Afaq Vasifqızının yanına.    

   ... ANS-ə gələndə gördüm ki, sən demə burda mənim qəzetdəki imzamı tanıyırmışlar. Afaq xanım mənə dedi ki, Mirşahinlə məsləhətləşmişəm, sənə bir veriliş verə bilərik. Olduqca ağır layihədir. Mirşahin müəllim dedi ki, işə düzəlmək üçün bir şansın var. Bu verilişin reytinqi ilə birgə keyfiyyətini qaldırmalısan. Tapşırdılar siyahı yaz gətir. Mən özümü tamaşaçının yerinə qoydum ki, məsələn, tamaşaçı kimi Səxavət Məmmədov haqqında nəyi bilmək istəyər? Nəyi bilmək istəyirdimsə, o cür də proqramı hazırladım. İlk verilişin reytinqi çox yaxşı oldu. İkinci, üçüncü verilişlərin get-gedə reytinqi yüksəldi. Hətta "Son nəfəs" layihəsində işlənən personajları belə mənə yenidən həvalə etdilər.    

   ...Aspiranturaya girdim, böyük əziyyətlə. Hamı soruşdu nə qədər pul vermisən. Özü də onda heç məşhur deyildim. İnanın Allah elədi. Gecə-gündüz dua elədim. 2 adam üçün yer vardı. Mən 3-cü tələbə kimi qəbul oludum. Bu BDU-nun tarixində nadir hadisələrdən biridir. Və bu da İlahinin işidir. 

  

   Bu mənəm...

     

   ... Qəti paxıl insan deyiləm. Özümə çox mane olublar bu sənətdə. Nə qazandılar ki? Ümumiyyətlə, istedada mane olmaq istəyən ağılsız adamdır. İndi öz tələbələrimə əlimdən gələn qədər kömək etməyə çalışıram. İnsana yalnız yaxşılıq qalır.    

   ... Çox sayda sevənim, aşiqlərim var. Uzun bir siyahım var hətta. "Yox" dediyim insanları tanısanız deyərsiniz ki, "sən axmaqsan". Amma yox dediyim adamların heç biri də mənə nifrət etmir.    

   ...İstəyərəm yaxşı ailəm olsun. Yaxşı ailə qurmağa layiq insanam. Çatmadığım arzu bəlkə budur. Qız bürcündənəm. Mehriban və tez yola gələn insan kimi görünürəm, lakin xarakterli qadınam. İntellektual kişiləri xoşlayıram, gözəllik vacib deyil. Və çox təmiz insan olmalıdır, yəni gigiyenasına fikir verən.    

   ...Bu sözləri kiminsə xoşuna gəlmək üçün demirəm. Çox mərhəmətli və ədalətli insanam. Yağışın yağmasını, pis hava olmasını heç istəmirəm. Bilirsiniz niyə? Çöldə yatmağa məcbur olan biçarə insanları düşünürəm. Amma 4-5 min manat pul verib bir çanta alan insanları görəndə mat qalıram. Onlar kasıb qonşularının yanından ötüb bahalı paltarda, xarici maşınlara hansı əxlaqla, necə minirlər, anlamıram?!    

   ... Napoleonun bir sözü var: karyerada ucalmaq istəyirsənsə, sənə verilən qiymətə baxma və lazım olandan çox çalışmaqdan çəkinmə. Gözlə, mütləq zəhmətinin bəhrəsini görəcəksən. Bu mənim devizimdir.    

   ... Ruh adamıyam, amma göydə də yaşamıram. İçim ruh aləmində olsa da, ayağım yerdədir, ona görə də yaşamaq mənə ağır deyil. Axı bir pəncərə saxlamışam, tez-tez öz dünyama gedib gəlirəm.  

   ... Çox dostum var. "Ədalət" qəzetindəki Gültəkin Qəhrəmanlı ən yaxın rəfiqəmdir. Gültəkinlə heç vaxt küsülü olmamışam. Dost canlıyam. Pul xərcləməyi sevirəm. Pul qazana bilmirəm. Xəsis insanları sevmirəm, xəsis kişilərə nifrət edirəm. Heç vaxt xərclədiyim pula heyfsilənməmişəm.    

   ...Özümdə bəyənmədiyim xüsusiyyət... İnsanları özümə olduqca və tez yaxın buraxmağımdır. Heç kimi sınamaq yoxdur məndə. Amma öyrəndim və bilirəm ki, ilk saniyədən insanla sərhədli davranmaq lazımdır. O zaman artıq o da səninlə baryer gözləyəcək. İnsanlarımız nədənsə səmimiliyi "hər şey demək, etmək olar" kimi qavrayır. Guya indi başlamışam bu qayda-qanuna riayət etməyə, amma yenə də çox vaxt alınmır. Bu səbəbdən də axmaq və yersiz insanlar məni çox incidiblər. Yaxın bir dostumun yaxşı bir sözü var. İradə, sən antivirusunu gücləndirməlisən.    

   ...Bir də içimdəki uşağı hər zaman hiss edirəm, o, məni müsbət ruhlu saxlayır və ərköyün edir. Ərköyünlük bu uşağın işləridir, zarafatcıllığım, şənliyim, təravətli qalmaq da eyni zamanda.  

   ... Sirrimi saxlayan deyiləm, məndə belə bir baryer yoxdur. Əslində, elə bir sirrim də yoxdur. Nəyim də varsa, göz önündədir. Buna görə də, səmimi olmağı bacarıram.  

   ...Həyatım, sevgim, dəyərim oxumaqdır. Oxumağı, öyrənməyi dəlicəsinə sevirəm. İntellektual görünüşümü də məhz bu xüsusiyyətimə borcluyam.  

   ...Bir pis xarakterim də var. Gözümü adamlardan çəkmirəm. Adamların üzünə, hərəkətlərinə çox diqqətə baxıram, uşaqlıqdan beləyəm. Obyekt diqqətimi çəkdisə gözümü çəkmirəm.    

   ...Siyasəti, tarixi, ədəbiyyatı, coğrafiyanı və dil öyrənməyi çox sevirəm. Sözün çəkisi mənim üçün çoooox böyükdür.    

   ...Bu gün ən böyük arzum... Ev almaqdır. Qız bürcüyəm axı. Mənim öz yuvama ehtiyacım var, indi atamgillə qalıram. Amma ev-evə sığmaz axı. Yunisi bağrıma basıb, orda sakit yaşamaq istəyirəm. Görəsən, nə vaxtsa mənim evim olacaq?! İndi Allahdan bunu diləyirəm. Görək necə olacaq?  

   ...Heyvanları çox sevirəm. Anam məni "sən qızsan" devizi altında nə velosiped sürməyə, nə rolik sürməyə, nə də heyvan saxlamağa qoymayıb. Bu arzumu da həyata keçirdim. Oğlumun da arzusunu gerçəkləşdirib dovşan aldım. Bilsəydim dovşan belə gözəl heyvandır, çoxdan alardım.  

   ...Həyatımın mənası oğlum Yunis və anamdır. Onlar üçün yaşayıram. Və hətta bəlkə bu gün yaşayıramsa, bunu da onlara borcluyam, çünki dəfələrlə intihar astanasına gəlib çıxmışam.

      ..."Facebook"da çox aktivəm. Bəzən dostlarım mənə 5000-ə yaxın dostu düzgün saymadıqlarını bildirirlər. Axı, onlar mənim tamaşaçılarımdır. Həm də tənqidləri mənim üçün çox vacibdir.    

   ...Məni bu gün ölkəmizdə baş alıb gedən savadsızlıq qıcıqlandırır. Nəzakətsiz insanlara dözə bilmirəm. Heç dəxli olmadan, məni tanımadan mənə "sən" deyən insanları qəbul etmirəm. "Facebook"dadırsa dostluqdan mütləq çıxarıram. Özüm qəti şəkildə bir insanla xeyli münasibət saxlamasam, ona "sən" demərəm.

      ...Bir qüsurum da var. Yaddaşım zəifləyib. Hətta o gün bir qrup yoldaşımı gördüm, adını xatırlaya bilmədim, axıra qədər də utandım soruşmağa ki, deyəcək "şöhrət azarı bu qızı nə günə qoyub?"  

   ...Bir arzum da var, onu bir mən, bir Allahım bilir...

 

 

 

Ədalət.- 2011.- 22 dekabr.- S.3.