Nailə
İslamzadə: "Onları efirdən
yığışdırsan, hər şey
yoluna düşəcək"
"Mən
aparıcılara bir şeyi
demək istəyərdim..."
Milli.Az xəbər portalının TRT Avaz-da "İşte kadın" verilişinin aparıcısı, əməkdar artist Nailə İslamzadə ilə müsahibəsi.
- Nailə xanım, bu gün televizora baxırsınız?
- Vaxt azlığından az baxıram, amma baxanda da əsəbləşdiyim bəzi şeylər olur deyə, çalışıram, lap az-az baxım.
- Uzun illər televiziyada çalışan birinə tamaşaçı olmaq çətin deyil?
- Bir musiqiçi xarici çalınan musiqini necə həmən hiss edərsə, peşəkar aparıcı da danışıqdakı çatışmazlığı hiss edir və bu, əsəbə çox toxunur.
- Xüsusi olaraq baxdığınız televiziya kanalı var?
- Konkret baxdığım kanal yoxdur. Demək olmaz ki, bu kanal yaxşıdır, o biri pisdir. Verilişin pisi və yaxşısı var.
Gözəl, reytinqli və yaxşı verilişlər hazırlamaq olar. Yaxşı verilişlər var. Sadəcə, bir neçə veriliş və aparıcı var ki, onları efirdən yığışdırsan, hər şey yoluna düşəcək. Ad çəkmək istəmirəm, bunlar əsasən şou tipli verilişlərdir. Əyləncəli verilişlər lazımdır, amma əyləncənin də ana xətti olmalıdır. Əyləncədir deyə bayağı, şit söhbətlərə yer verilməməlidir. Televiziyada hər sözü söyləmək olmaz.
Mən aparıcılara bir şeyi demək istəyərdim. Demirəm ki, yaxşı aparıcıyam, bu qiyməti tamaşaçılar verirlər. Amma mən həmişə proqrama hazırlaşıb çıxırdım və danışanda fikirləşirdim ki, mənə, məsələn, akademik Bəkir Nəbiyev, Fuad Qasımzadə baxır. Mənim ixtiyarım varmı onların qarşısında özümü bu formada aparım? Dəmir parçasına baxıb danışaraq, qarşında dayanan auditoriyanı görmək, özü də ən yüksək təbəqəni görmək lazımdır. Bax bunun məsuliyyətini hiss etmək lazımdır. Bir də bu problemin bir həlli var. Aparıcı seçəndə fikir vermək lazımdır ki, o üç dil bilsin. Azərbaycan, rus, ingilis. Bu dillərin üçünü də bilən insanın dünyagörüşü, savadı mütləq olacaq.
- Siz dövlət tədbirləri də aparırdınız...
- Onun məsuliyyəti tamam başqadır. Tam əminliklə deyə bilərəm ki, mənə qədər və məndən sonra əlində kağızsız səhnəyə çıxan aparıcı olmayıb. Səhnəyə həmişə mətni mənimsəyib çıxmağa çalışırdım. Mən çox şadam ki, elə şeylər var ki, televiziya tarixində onu təkcə mən etmişəm... Bu, məsuliyyət və peşəkarlıq istəyir.
- Bu gün sizə bütün türk dünyası baxır, AZTV-dəki həmkarlarınız hərdən bəzi kanallarda görünürlər...
- Mən istəməzdim o görünənlərin bəziləri kimi verilişlərdə iştirak edim. Hər kəs indiyə kimi qazandığı hörməti qoruyub saxlamağı bacarmalıdır. Efirdə görünmək xatirinə hansı verilişı gəldi, aparmamalıdır, haraya dəvət etdilər, getməməlidir. O ki qaldı mənə, bir dəfə bir kanaldan dəvət oldu. Getdim, danışdım... Bir şey ki, pula, sponsora bağlıdır, mən o işi görə bilmirəm. Əvvəl Azərbaycanın dövlət televiziyasında işləmişəm, indi də Türkiyənin dövlət televiziyasında işləyirəm, TRT AVAZ-da. Mənim üçün verilişi hazırlamaq mənəvi qidadır, onun maddi tərəfləri və PR işi ilə məşğul olmaq mənlik deyil.
- Siz həm də rabitə və informasiya texnologiyaları nazirliyində çalışırsınız. Televiziyadan nazirliyə getmək çətin deyil?
- Hər ikisi dövlət orqanıdır. Mən yenə də əvvəlki işimi görürəm. Bu TV-dən uzaq iş deyil, ssenarilər yazmaq, filmlər, sujetlər, reklam rolikləri... sadəcə olaraq mən görünmürəm...
- TV-də keçən ömür haqda memuar yazmaq fikriniz var?
- Düşünürəm ki, adam bir az yaşlananda bununla məşğul olur. Açığı, ağlımdan keçməyib... Mənə bir dəfə dedilər ki, "Ailələr, talelər" verilişindən kitab hazırla. Düzü, mən bir az PR məsələlərinə laqeyd yanaşıram. Amma yazmağa çox şey var.
- Geyiminizi xüsusi zövq ilə seçirsiniz...
- Mən hansısa tədbir üçün heç vaxt xüsusi paltar almaram. Həmişə ehtiyatda paltarım var. O vaxtlar elə olurdu ki, efir və dövlət tədbirləri üçün nəyisə tikdirirdim. Uyğun səhnə paltarları tapmaq çətin olurdu.
- Bu qədər işin arasında evdə mətbəxə girməyə vaxtınız olurdu?
- Ailəyə heç vaxt laqeyd yanaşmaq olmaz. Mən ümumiyətlə, ailə ilə işi tarazlaşdırmağı bacarmışam. Onlar da çox sağ olsunlar ki, həmişə məni başa düşüb, dəstək veriblər. Oğlum başqasının bişirdiyini yemir deyə hər şeyi özüm bişirirəm. Olub ki, 5-6 saatlıq canlı yayımda paltar qırışmasın deyə oturmamışam, hündürdaban ayaqqabı ilə ayaq üstə, səhnəyə kağızsız çıxırdım deyə mətni mənimsəmək... Çox gərgin olurdum. Bütün bunlardan sonra yorğun evə çatan kimi uşaq üstümə qaçırdı ki, "Ana, səni gözləyirdim, filan şeyi bişir də..." Ana işdən gec gəlib deyə uşaq ac qalmamalıdır. O vaxtlarından danışıram, indi yekə kişidir...
- Sizi bir az da ana kimi
tanıyaq... Deyilənə
görə, çox anlayışlı anasınız...
Sizdə
övlad-valideyn münasibətləri
necə qurulub?
- Mən heç vaxt oğlumun istəyinə qarşı çıxmamışam.
Həmişə onu başa düşməyə çalışmışam.
Amma o da ağıllıdır,
məni üzüqara
edəcək şeylər
etmir. Valideynlə övlad arasında
münasibətlər düz
qurulmayanda bu çox vaxt nəsilllərin qarşıdurmasına
gətirir. Məsələn,
cavan qız qısa geyinmək istəyəndə... Əgər qəşəng
fiqurası varsa, aşırı olmamaq şərti ilə niyə də yox? Oğlum sırğa taxmaq istəyirsə... Əlbəttə, istəməzdim mənim oğlum sırğa taxsın, elə taxmır da. Amma bir müddətlik
özümü onun yerinə qoymalıyam...
- "Yaşı olmayan xanım" fikri ilə razısınız?
- Buna iki tərəfdən yanaşmaq
olar. Birinci, xanımın yaşı
olmamalıdır. O həmişə
baxımlı olmalıdır.
Nə qədər işi olsa da. Ona görə də qadın işləməlidir
ki, özünü səliqəli saxlamağa
məcbur olsun. Mən istəyərdim ki, lap evdar xanım
da günün sonunda özünə bir az vaxt ayırsın. 5 dəqiqə əllərinə,
dırnaqlarına, 5 dəqiqə
üzünə. Bir də
hər qadın özü öz yaşını bilib, ona uyğun geyinməlidir. Hər bir
yaşın özünə
uyğun geyimi olmalıdır. İndi
mən durum qırmızı
bant bağlayım, cavan qızlar kimi makiyaj edim...
Bunu mütləq nəzərə
almaq lazımdır.
- Sizin üçün
"yaşı olmayan
xanım" kimdir?
- Flora Kərimova,
Ajda Pekkan, Şeron Stoun.
- Nailə İslamzadə "yaşı
olmayan xanım" kimi hansı sirlərini paylaşa bilər? Xanımlar sizin kimi görünmək üçün
nələrə diqqət
etməlidirlər?
- Bu, həyat tərzidir. Siqaret çəkməmək, spirtli içkilər içməmək lazmdır.
Düzgün yatmağı bacarmaq
lazımdır. Qıvrılıb yatmaq insana xoş
gəlsə də, çalışıb üzü
yuxarı yatmaq lazımdır. Üzlərini nəm saxlasınlar.
Üz nəmlənərsə, həmişə
qəşəng olacaq.
İdmanla məşğul olmaq lazımdır. Əsas yemək deyil, əsas yeməyin verdiyi kaloriləri yandırmağı bacarmaq
lazımdır. Mən evdə
bütün işimi özüm görürəm,
bu mənə kömək edir. Bir də templi yerişlə məşğulam.
Təbii
ki, gözəl olmaq asan məsələ
deyil. Ümumiyyətlə, qadınlar yaşlandıqca
üzdəki qırışlardan
qorxmasınlar. Əgər içinizdə
gözəllik varsa, mütləq üzünüzə
yansıyacaq və qırışlar onun yanında hiss olunmayacaq.
- Nənə olmağa tələsmirsiniz?
- Oğlum hələ evlənməyib,
yaşı çox deyil. Hərdən mənə deyirlər
ki, niyə evləndirmirsən? Bir oğlun
var, bir gəlinə baxa bilməyəcəksən? Sabah evləndirərəm.
Amma mən erkən evliliyin tərəfdarı
deyiləm. İstər qız,
istər oğlan, evliliyin maddi və mənəvi məsuliyyətini daşımağa
hazır olmalıdır.
Oğlumdan narazı deyiləm,
ağıllıdır. Amma yenə də bunu o özü istəməlidir.
Ədalət.-
2011.- 22 dekabr.- S.8.