XALQIN
SAĞLAMLIĞINA VƏ GƏLƏCƏYİNƏ HESABLANAN
DÖVLƏT QAYĞISI
(mövzu
əsasında III yazı)
Dövlət
qayğısının uğurları
Azərbaycan dövlətinin və ölkə Prezidenti cənab İlham Əliyevin səhiyyəyə göstərdiyi qayğı digər sahələrdə olduğu kimi bu sistemdə də önəmli irəliləyişlərlə izlənməkdədir. Məhz bu siyasətin nəticəsidir ki, 2005-ci ildən etibarən Səhiyyə Nazirliyi sistemində geniş miqyaslı islahatlar həyata keçirilməyə başlandı.
İstər Bakı şəhərində, istərsə də regionlarda əksər tibb müəssisələrində yenidənqurma və bərpa işləri vüsət aldı.
Neçə-neçə tibb ocaqları, diaqnostika mərkəzləri tikildi. Köhnə, sanitar-epidemioloji rejimə uyğun olmayan müəssisələr ya söküldü, ya da standartlara uyğun şəkildə əsaslı təmir işləri aparıldı. Tibb müəssisələri müasir avadanlıqlarla, dərman və ləvazimatlarla təchiz olundu.
Tibb sahəsində daha böyük uğurlar qazanılması üçün bir sıra xarici ölkələrlə işgüzar münasibətlər quruldu. Görüşlər, təcrübə mübadilələri, yeniliklərin tətbiqi, kadr hazırlıqları və başqa tədbirlər ardıcıl şəkil aldı.
Elə bu yaxınlarda respublikamızın
paytaxtında keçirilən növbəti işgüzar
görüş qeyd olunan genişmiqyaslı tibb
islahatlarının uğurlu davamına bir nümunədir.
Xarici ölkələrlə əməkdaşlığa
xüsusi münasibətin vacibliyi
Azərbaycan Respublikasının Səhiyyə naziri Oqtay Şirəliyev daha çox əməkdaşlıq etdiyimiz qardaş Türkiyənin müxtəlif dövlət qurumlarının təmsilçilərindən ibarət geniş nümayəndə heyətini qəbul etmişdi.
Xatırladaq ki, Türkiyənin dövlət orqanlarını təmsil edən 15 nəfərdən ibarət nümayəndə heyətinin ölkəmizə səfəri Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu məsələləri üzrə Komissiya və Türkiyə Respublikasının Dövlət Kadrlar İdarəsi arasında qarşılıqlı təcrübə aparılması məqsədi daşıyırdı.
Qeyd edək ki, Səhiyyə Nazirliyindəki yüksək səviyyəli görüşdən əvvəl "Ambassador" mehmanxanasının konfrans zalında türkiyəli qonaqlar və Azərbaycan Respublikasının digər qurumlarının iştirak etdiyi müşavirədə "Azərbaycan Respublikasında səhiyyənin inkişaf istiqamətləri" mövzusunda prezentasiya edilmişdi.
Səmimi şəraitdə keçən görüşdə səhiyyə naziri Oqtay Şirəliyev iki ölkə arasında iqtisadi, ticarət və digər sahələrdə olduğu kimi, sosial sahədə, o cümlədən səhiyyə, tibb elmi və tibb təhsili üzrə də əməkdaşlıq əlaqələrinin nümunəvi olduğunu və bunun müstəsna əhəmiyyətini qeyd etmişdi.
Nazir hər iki ölkədə səhiyyə siyasəti və səhiyyə sistemlərinin təkmilləşdirilməsində, habelə genişmiqyaslı səhiyyə islahatlarının həyata keçməsində səhiyyə sahəsində çalışan dövlət qulluqçularının böyük əməyi olduğunu və bu işin nəhayət, nə dərəcədə məsuliyyət tələb etdiyini vurğulamışdı.
Nazir həm də ölkələrimizin rəhbərliyinin dövlət qulluqçularına göstərdiyi diqqət və qayğı haqqında da söz açmışdı.
Bütün bunlar son illərin əsas istiqamətlərində öz əksini yüksələn fərqlərlə göstərməkdədir.
Səhiyyəyə ayrılan vəsaitlər indi böyük rəqəmlərlə ifadə olunur
Əhalinin sağlamlığının qorunub saxlanmasına dövlətimizin son dərəcədə qayğı ilə yanaşmasını göstərən ən mühüm amil səhiyyəyə ayrılan büdcə vəsaitinin ildən-ilə artırılmasıdır.
Əgər 2009-cu ildə Respublika səhiyyəsinin ehtiyaclarına 502 milyon, 2010-cu ildə 509 milyon 273 min manat vəsait ayrılmışdırsa, 2011-ci ildə bu rəqəm 36,1 milyon artırılaraq 543 milyon 373 manat olmuşdur. Bunun 89 milyon manatı poliklinika və ambulatoriyaların, 273 milyon manatı xəstəxanaların maliyyələşdirilməsinə, 3,4 milyon manatı səhiyyə sahəsində tətbiqi tədqiqatlara sərf olunmuşdur. Daha 180 milyon manat vəsait isə səhiyyənin digər xidmətlərinə nəzərdə tutulmuşdur.
2011-ci ildə ilk dəfə olaraq Dövlət büdcəsindən vərəmlə mübarizə tədbirləri proqramının həyata keçirilməsinə 3 milyon manat vəsait ayrılmışdır.
Ucar səhiyyəsi də yeni inkişaf mərhələsindədir
Həqiqətən də son illər səhiyyə sahəsində əldə olunan uğurların möhkəm təməli formalaşır. Dövlət qayğısı bütün regionlar üzrə öz töhfəsini verir.
Ucar rayonunda da belədir. Reforma və struktur islahatları nəticəsində səhiyyənin imkanları artmış, xəstələrin stasionarlarda müalicəsi təkmilləşmişdir. Artıq xəstələrin müalicəsi üçün lazım olan ən vacib şərtlər - ərzaq, dərman təminatı xeyli yaxşılaşdırılmışdır.
Ucar rayon mərkəzi xəstəxanasına gənc və bacarıqlı həkim Zeynal Bayramlı rəhbərlik edir. Geniş dünyagörüşünə malik, yenilikçi mütəxəssis əhaliyə göstərilən səhiyyə xidmətinin daha da yaxşılaşdırılması üçün bütün imkanlardan səmərəli istifadə olunmasına çalışır. Z.Bayramlı ilə söhbətimiz zamanı o, görülən işlər və əlamətdar hadisələr barədə də geniş məlumat verdi:
- 2011-ci ildə Ucar rayonunda səhiyyə işinin təşkilində, infeksion xəstəliklərin profilaktikasında, islahatlatrın aparılmasında, səhiyyə obyektlərinin maddi-texniki bazasının yaxşılaşdırılmasında və bir sıra Dövlət Proqramlarının həyata keçirilməsi sahəsində müəyyən işlər görülmüşdür. Rayonun müalicə-profilaktika idarələri 80000 nəfərə yaxın əhaliyə tibbi xidmət göstərir. Hazırda rayon əhalisinə 4 xəstəxana, 11 həkim məntəqəsi, 11 tibb məntəqəsi tibbi xidmət göstərir. Rayonda 197 xəstəxana çarpayısı vardır. Bunlardan Rayon Mərkəzi Xəstəxanası 118, Uşaq Xəstəxanası 44, Akademik Zərifə Əliyeva adına Qazıqumlaq KSX-da 20, Bərgüşad KSX-da 15 çarpayı vardır. Əhalinin hər 10000 nəfərinə 24,6 çarpayı düşür.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDOĞLU
Ədalət.-
2011.- 22 dekabr.- S.7.