"Ərizədə
mənə belə yazdırdılar: "Xahiş edirəm məni
işdən azad edin"
Tariyel Qasımov-tanınmış aktyor, xalq artisti. Yəqin ki, bundan artıq təqdimata ehtiyac yoxdur. Ən yaxşısı müsahibəyə keçməkdir.
"...mən onların birindən də razı deyiləm"
- Tariyel müəllim, hazırda sənət aləmində baş verənləri necə dəyərləndirirsiniz?
- Sizin suala bu gün səhnəyə qoyulmuş "Romeo və Culyetta" tamaşasıyla cavab verə bilərəm. Bu Şekspirin əsəridir. Vaxtilə bizim teatrda dəfələrlə səhnələşdirilib və indi də repertuarda var. Əvvəla, onu deyim ki, tamaşa bir saatdır gedir və tamaşaçılar sonradan zala doluşmaqla müəyyən narahatlığa səbəb oldular. Tamaşaçı ya vaxtında gəlməlidir, ya da gərək onları içəri buraxmasınlar. Düz bir saat idi ki, tamaşa gedirdi. Guya onlar bir saatdan sonra gəlməklə həmin tamaşadan nə başa düşəcəklər? İndi də keçək sualınıza.
Müstəqillik qazanandan sonra bütün strukturlar kimi, teatrlar, həmçinin də Mədəniyyət Nazirliyində rəhbərlik dəyişdi. Azərbaycan gənc müstəqil dövlət olduğundan hər şey yeni idi, sıfırdan başlamışdı. Amma indi dövlətimiz inkişaf edib, dünyada tanınır. Çox yaxşı yadımdadır ki, ulu öndərimiz Heydər Əliyev deyirdi ki, müstəqil Azərbaycan dünyaya günəş kimi doğacaq. Həqiqətən də elə oldu. Amma etiraf eləməliyik ki, hələ kinomuz geridədir. Kinodan bir xəbər yoxdur, çəkilənlər də çox zəifdir.
- Fikrinizdən belə bir şey anladım ki, sənət aləmində nələrsə baş verir. Amma bu da kifayət eləmir. Seriallardan söz düşmüşkən teleməkanımızda bir sıra yerli seriallar nümayiş etdirilir. Bəzi peşəkar rejissorlar isə bildirirlər ki, bu seriallar səviyyəsinə görə, özfəaliyyətdən bir qədər yuxarıdır. Siz necə düşünürsünüz?
- Gəlin belə danışaq. Mən indi çəkilən serialların birini də bəyənmirəm. Hələ sovet dövründə özfəaliyyət dərnəkləri, Xalq Teatrı var idi. Mən özüm də dərnəyə, özfəaliyyətə getmişəm. Yəni peşəkar səhnəyə özfəaliyyətdən gəlmişəm. Amma instituta girəndə püxtələşmiş aktyor kimiydim. Özü də həmin illərdə aktyorluq sənətinə, musiqiyə çox böyük həvəs var idi. İndi şoular da doludur. Müğənnilərin isə sayı-hesabı yoxdur. O ki qaldı seriallara, mən onların birindən də razı deyiləm.
"Elə kimin bir kamerası varsa,
elə bilir ki,bu kinooperatordur"
- Səbəb?
- Çünki bunlar özfəaliyyətdən
də aşağıdır. Əgər kimsə
belə düşünürsə ki, bu seriallar özfəaliyyətdən
səviyyəcə yuxarıdır, səhv edir. Çünki sovet dövründə özfəaliyyət
əməlli-başlı sənətlə məşğul
idi. Bu filmləri, serialları çəkənlər
kimlərdir? Gəlin rejissorlara və həmin seriallarda
rol alan aktyorlara baxaq. Bu
rejissorların heç biri kino məktəbi bitirməyiblər.
Hətta bir çoxları qeyri-ixtisas sahibləridir.
Amma vaxtilə bizim kino çəkən
bütün rejissorlarımız Moskvada Ümumittifaq
Kinematoqrafiya İnstitutunda təhsil alırdılar. Mən
dəqiq bilmirəm, amma deyəsən bizdə kinorejissorluq,
kinooperatorluq fakültəsi var. Təəssüf ki,
bunların heç biri ali məktəbi
bitirənə kimi film çəkilişlərində
iştirak etmirlər, özləri qısametrajlı film
çəkmirlər. Ona görə də
hamı əlinə götürüb kameranı,
başlayıb film çəkməyə. Elə kimin bir kamerası varsa, elə bilir ki, bu
kinooperatordur.
"Çox xoşbəxtəm
ki, həm "xalq artisti", həm də
"əməkdar
artist" fəxri adlarını sovet dövründə
almışam"
- Siz də xalq artistisiniz. Amma elə sizinlə yaşıd, tay-tuş olan
insanlar var ki, hələ də fəxri ad almayıblar. Həmin
şəxslərin əksəriyyəti belə
düşünür ki, fəxri ad məsələsi birdəfəlik
ləğv edilməlidir...
- Fəxri adlar artıq deyil. Amma fəxri adlara layiq olanlara bu adları versələr,
daha doğru olar. Təssüf ki, bu gün kim gəldi, fəxri ad veriblər.
- Gəlin onlardan ikisinin
adını çəkək...
- Mən ciddi aktyor olmuşam və
belə məsələlərə qarışmaq istəmirəm.
Çox xoşbəxtəm ki, həm "xalq
artisti", həm də "əməkdar artist" fəxri
adlarını sovet dövründə almışam. O
vaxt o adları qazanmaqdan ötrü ilk növbədə
xalqın məhəbbətini qazanmalıydın.
- Xalq artisti fəxri adını nə
zaman almısınız?
- 1991-ci ilin may ayında. Hələ Sovetlər Birliyi
dağılmamışdı.
- Bəs layiq olub fəxri ad
almayanların arasında kimlər var?
- Ad çəkməyəcəyəm.
Amma belə də yazın. Xalq
artisti Tariyel Qasımov deyir ki, Mədəniyyət Nazirliyi bilməlidir.
Fəxri adlara layiq olmayanlara fəxri adlar verilir.
"Cənnət Səlimova bizim
teatra baş rejissor təyin olunduğu vaxtdan aktyorlar qəti
etiraz eləmişdi"
- Gəlin bir az
da çalışdığınız Gənc
Tamaşaçılar Teatrından danışaq. Burda nə baş verir?
- Cənnət Səlimova
bizim teatra baş rejissor təyin olunduğu vaxtdan aktyorlar qəti
etiraz eləmişdi. Çünki onu
yaxşı tanımırdıq. Sonradan
düşündük ki, madam nazirlik, dövlət təyin
edib, razılaşdıq.
- O zaman etiraz bildirəndə
hansı səbəbi göstərmişdiniz?
- Deyim. Bu qadın gələn
kimi mənim quruluş verdiyim iki tamaşanı, həmçinin
də teatrın repertuarında olan bir çox
tamaşaları repertuardan çıxartdı. Əvəzində isə Kamera Teatrından gətirdiyi
tamaşaları saldı.
- Bəs o bu tamaşaları
repertuardan çıxaranda nə səbəb göstərmişdi?
- Guya bizim tamaşalar zəif idi. Bu istədi ki, özüylə gətirdiyi
aktyorları daha irəli çəksin.
- Bu öz tamaşalarını
tamaşaçıya və aktyorlara sırımaq anlamına
gəlmirmi?
- Bəs öz quruluş verdiyi
tamaşaları bizə sırıdı da. Ondan
sonra etirazlar başladı, televiziyada, mətbuatda çox
deyildi, yazıldı. Yalnız son vaxtlar məlum
oldu ki, bizim dediklərimiz doğruymuş.
- Teatrın bəzi aktyorları
deyirlər ki, Cənnət xanım səhnədə mizan qura
bilmir. İstərdim ki, bir az da teatrın
bu incəliklərindən danışasınız...
- Doğrudur. Şəxsən bu adam "Romeo və Culyetta"
tamaşasını səhnələşdirəndə elə
bilirdik ki, nəsə edəcək. Şəxsən
mən belə düşünürdüm. Mən özüm həmin tamaşada Hersoq
obrazını məşq eləmişəm. Cənnət Səlimova nə bir mizan verir, nə də
başqa şey. Tamaşada kim
ağzına nə gəlir danışır. Axı Azərbaycan
dilini bilmir... Dili bilmədiyinə görə də,
tamaşalar bu gündə alınır.
"Mənim bu yaşımda
oynadığım rolları heç bir gənc oynaya bilməz"
- Bəs rəhbərlik baş
rejissorla aktyorlar arasında baş verənləri necə
qarşılayır?
- Necə
qarşılamalıdır? Əgər Mədəniyyət
Nazirliyi təyin edibsə, müdiriyyət kimdir?
- Maraqlı bir məqama gəldiniz.
Necə düşünürsünüz,
teatrlarda baş rejissoru aktyorlar özləri seçsələr
yaxşı olmazmı?
- Əvvəllər
direktoru da, baş rejissoru da özümüz seçirdik.
Belə daha yaxşı idi. Əgər
özləri təyin edirlərsə də, kimi təyin etdiklərini
bilməlidirlər.
- Bir rejissor olaraq, Cənnət
xanımın Azərbaycan dilini bilməməkdən başqa
çatışmayan cəhəti hansıdır?
- Əvvəla onu deyim ki,
yaşım 65-dən çox olduğuna görə, məni
50 il işlədiyim teatrdan
çıxarıblar. Elədirsə, Cənnətin
75 yaşı var, onu niyə çıxarmırlar? Hələ də mənə qəribə gəlir.
Ona pis oluram ki, əgər bu hamıya aid idisə...
- Belə çıxır ki,
hazırda aktyor kimi heç bir fəaliyyətiniz yoxdur.
- Bəli. Siz dediyiniz
seriallara dəvət edilirəm. Amma
çəkilmirəm. Bu yaxınlarda Murad
Dadaşovun rəhbərlik elədiyi prodakşn 25 seriyadan ibarət
film çəkəcək. Orda çəkiləcəm.
- Bəs nə filmlərə
çəkilirsiniz, nə də işləyirsiniz. Necə dolanırsınız?
- Hazırda prezident təqaüdü
alıram. Prezidentimiz mənə 3 otaqlı mənzil
verib.
- Perspektiv vəd edən 3 aktyor və
ya aktrisasının adını çəkə bilərsiniz?
- Məni bu yaşımda
oynadığım rolları heç bir gənc oynaya bilməz.
- Bu qısqanclıq deyil ki?
- Qətiyyən. Ömür
boyu heç kimə nə paxıllıq, nə də
qısqanclıq eləməmişəm. Mənim
70 yaşım var. Bu tamaşada Hersoqu oynayırdım. Amma indiki aktyor o rolu oynaya bilmir. Çünki
yaş və təcrübə məsələsi var.
"Bəs niyə Qurban,
Şövqi,Naibə Allahverdiyeva
danışanda hər şey aydın eşidilirdi? "
- Maraqlıdır ki, bir çox
aktyorlar hansısa tənqidi fikir səsləndirirlər. Qarşı tərəfdən əks-reaksiya gələn
kimi geri çəkilirlər. Səbəb
nədir?
- Belə bir şey var. Onlar öz
yerlərindən qorxurlar. Mən isə qorxmuram
və deyirəm. Elə burda işləyəndə
də sözümü demişəm. Amma
məni işdən çıxarmaq üçün
yaxşı metod tapdılar. Ərizədə mənə
belə yazdırdılar: "Xahiş edirəm məni
işdən azad edin".
- Gəlin yenidən qayıdaq səslənmə
məsələsinə. Ola bilərmi ki,
aktyorlarının səsinin tamaşaçıya
çatmamasının bir səbəbi də akustikayla
bağlıdır?
- Bəs niyə Qurban,
Şövqi, Naibə Allahverdiyeva danışanda hər
şey aydın eşidilirdi? Sadəcə, Cənnət
Səlimova rejissor kimi sıfırdır. Biz
elə bilirdik ki, bu dahidir.
- Həmkarınız Ağaxan
Salmanlı bildirir ki, teatrda baş rejissor anlayışı
yanlışdır...
- Bircə onu bilirəm ki, bu adam teatra gələndən sonra bizi "ikinci
sort" aktyor kimi bir kənarda saxladı. Söhbət
teatr rejissorlarından gedirsə, Azərbaycanda Bəhram
Osmanovdan başqa kimsə gözümə dəymir.
- Bəs Azərpaşa Nemətov,
Mərahim Fərzəlibəyov, Yusif Əkbərov?
- Azərpaşa özünəməxsus rejissordur. Mərahim də yaxşıdır. Yusif isə dostum olduğuna görə adını çəkmədim. Deyəcəklər dostu olduğuna görə tərifləyir. Doğrusu, teatrdan getdiyimə görə, kiməsə qara yaxmaq istəmirəm. Jurnalistlər də bilir ki, kim yaxşıdır, kim pisdir.
"İndikilər nə teatr görüb, nə səhnənin iyini hiss edib"
- Heç şübhəsiz ki, teatrda baş verənlər yaradıcı mühitə də təsir göstərir. Bir ağsaqqal aktyor kimi çıxış yolunu nədə görürsünüz?
- Biz dahi sənətkarlar
görmüşük. Mən oxuyanda cəmi 3 professor var
idi.
- Amma indi 3 sıravi müəllim
var, qalanı professordur...
- Daha özünüz deyirsiniz də.
Mən sizinlə şərikəm. Ona
görə indikilərin yetirdiyi biz ola bilmərik.
Biz böyük sənətkarlardan dərs
almışıq. İndikilər nə
teatr görüb, nə səhnənin iyini hiss edib. Amma aktyorluqdan, rejissorluqdan dərs deyirlər.
Biz Yusif Vəliyevdən, Firəngiz Şərifovadan,
Süleyman Ələsgərovdan. Əli
Zeynalovdan, Ələsgər Ələkbərovdan öyrənmişik.
İndiki gənc nəsil bir balaca bizdən nəsə
öyrənmək istəyirdi. Bizi də
atdılar bayıra. Qorxuram ki, bundan sonra
teatr və kino sənəti daha da zəifləyə.
- Bu qədər maddi-texniki
bazanın qarılığında tamaşaçıya zəif
tamaşalar sırınırsa, bu onlara xəyanət deyilmi?
- Bu tamaşaçıya da, sənətə də, bu şəraiti yaradanlara da xəyanətdir. Gərək bu cür qayğının müqabilində ortaya sənət qoyasan. Amma bizdə yaşlıları işdən çıxarırlar. Guya ki, bu yenilikdir.
İntiqam
VALEHOĞLU
Ədalət.-
2011.- 23 dekabr.- S.6.