ATA NİSGİLLİ MİSRALAR

 

...On yaşlı bir uşaq nə duya bildi,  

   Ağladı...gözünü nə yuya bildi...  

   Ata ölümünü bir röya bildi,  

   Həyat, ya da ömür budurmu,atam?!

  

  

  

   Təsirli misralardır, lap adamın ürəyini nanə yarpağı kimi titrədir. Eldar İsgəndərzadənin "Mənəm, sənsən, bir də O..." kitabının səksən doqquzuncu səhifəsində gətirdiyim bu bənd "Həyat ya ömür?" şeirindəndir. Poetik nümunə təkcə dünyadan nakam köçmüş ata nisgilli misralardan ibarət deyil. Şeir xeyirxah, qayğıkeş, daim el-oba dərdi-səriylə yaşayan bir insanın obrazını canlandırır. O səmimi şəxsi sağlığında bu sətirlərin müəllifi də yaxşı tanıyırdı. Eldarın atası Xeyrulla Mirmənsim oğlu 1976-cı ilin 18 iyununda Lerikdə qəflətən ürək çatışmazlığından dünyasını dəyişəndə, bütün rayon matəmə batmışdı. Necə deyərlər, el-obanın kisəsindən parlaq bir şəxsiyyət, işıqlı bir insan getmişdi...  

   Onda Eldar kiçik məktəbliydi, şeir yazmırdı, yalnız əzbərləyirdi. Savadlı, dərin erudisiyalı, həssas Xeyrulla isə ədəbiyyatçı deyildi. İnşaatçıydı o, kərpic-kərpic, daş-daş Bakıda, Lerikdə evlər, inzibati binalar ucaldırdı. Ancaq gözlənilmədən ömür sarayından bütün kərpiclər sürüşüb düşmüş, haqqın dərgahına qovuşmuşdu. Çox-çox sonra da Eldar bu hadisəni unuda bilməmiş, o vaxtsız ata ölümünü həzm etməyə çətinlik çəkmiş, ən nəhayət misra-misra obrazlı sözün yanıqlı ruhuna hopdurmaqla təsəlli tapmışdı:

  

  

  

   Həyatı bilməyib, dərdə baş əydim,

      Həyatı mən səndən öyrənməliydim...  

   Yüyürdüm öyrənim, üz üstə dəydim,  

   Həyat, ya da ömür budurmu, atam?!  

  

  

   Həqiqətən on yaşlı uşaq üçün ata itkisi "bir röyadır", acı yuxudur. Xoşbəxtlikdən, tale Eldarı "üz üstə" yıxılmış vəziyyətdə qoymadı, onun təcrübəsini artırdı, qələmini püxtələşdirdi, qəlbinin hərarətini, odunu-işığını çoxaltdı və onu şair etdi. Özü də yaxşısından. Həyatın özünəməxsus sərt qanunu var: yıxılmaq olmaz, büdrəsən, ayağa durmasan, qəddini düzəltməsən, sınarsan. Dərdi də Tanrı çəkənə verir, bəzən onun ağırlığı qamətini əysə də, gözünü açır, səni mətinləşdirir, bərkidir. Haqqında söhbət açdığımız şair "Elə bilmişəm ki..." şeirində həmin həyatı fəlsəfəyə özünün poetik cavabını da hazırlayıb:  

  

  

   Dərdimi dilimlə deyə biləndə,  

   Elə bilmişəm ki, dil açmışam mən.  

   Ağ saçı baharın çiçəyi bilib,  

   Elə bilmişəm ki, gül açmışam mən.  

  

  

   Eldar bir şair kimi nə qədər köhnə mövzularına sadiq qalsa da ("Bu torpaq", "Qarabağım", "Daha", "Xocalı ağısı", "Bulud", "Ay baba", "Sirli dərd", "Qərənfil", "Bu qaya, bu daş", "Lalələr", "Sözüm", "Anamın arzusu", "Təbiət çağırır" və s.) sözə yanaşmada, müraciətdə bir o qədər yenidir. Hər bir misrası, hər bir sətri belə poetik təfəkkürünün süzgəcindən keçir; "Daşam, qopmuşam mən sal qayalardan" söyləməklə köksündə doğulub boya-başa çatdığı yurdda "yamyaşıl ağac olmağa" hazırlaşır. Bu şair-vətəndaş hazırlığı min cür əzab-əziyyətdən, ağrı-acıdan keçir. Çünki Vətən parçalanıb, sinəsində Qarabağ boyda şırım açılıb. "Bir vaxt burda Xan oxuyub, indi ölüm-qan qoxuyur, kim bizə meydan oxuyur? Qoy dağılsın dağım-dağım, nə gündəsən, Qarabağım?" - sevginin bütün çalarlarının mənzərəsini oxucunun gözünün qabağına gətirir.  

   XX əsrin ikinci yarısında Azərbaycan şeirinin ən böyük sərkərdələrindən birinə - xalq şairi Məmməd Araza saysız-hesabsız poeziya nümunələri ünvanlanıb. Bəlkə də Məmməd Araza yazılan bədii nümunələrin sayı özünün əsərlərinin sayından qat-qat çoxdur. Əlbəttə, əsas şərt kəmiyyətdə deyil, bu, təbii qarşılanmalıdır. Eldar da böyük şairə dönə-dönə üz tutur. Sağ ikən ürəklərdə "Məmməd əmi" imicini formalaşdırıb heykəlləşən Araz təxəllüslü ustada həsr olunmuş seçmələr yüksək poetikliyi ilə başqalarının yazdıqlarından fərqlənir. Müəllifin ata-əmi niskilli misra və beytləri kitabda kifayət qədərdir, mən bu kədərin hardan qaynaqlandığı barədə sözümün başlanğıcında az-çox məlumat verdim. "Ay bala" müraciətindəki fəryadı isə Məmməd Əminin eyni harayı ilə təbii surətdə üst-üstə düşür, dərd-dərdə, nisgil-nisgilə, həyəcan-həyəcan, haray-haraya söykənir.  

  

  

   Məmməd əmi, "dayan" dedim, sənə mən,  

   Cavabında "oyan" dedin, mənə sən...  

   Yalan dedi, yalan satdı Sənə sən,  

   Ələ aldı, ələ saldı Məni mən...  

   Bu dünya düzələn deyil, ay baba!      

  

   "Mənəm, Sənsən, bir də O" da "Dostluq-zirvə" adlı bir şeir yer alıb. Şeirin, başlanğıcından kiçicik bir qeyd var, sanki nəsrlə verilmiş bu cümlə, bədii sözə keçmək üçün bir açardır. "Mən əsl dostluğu əmim, professor Əyyub İskəndərovla jurnalistikamızın ağsaqqalı Nəsir İmanquliyevin simasında gördüm..." Hər iki klassik Azərbaycan kişisi böyük dərrakə, ağıl, eyni zamanda, mərdlik, ziyalılıq mücəssəməsiydi. Mən Lənkəranda, Lerikdə bu müdrik şəxsiyyətlərin məclislərini izləmişdim, onların ikisini də gözəl tanıyırdım. Nəsir müəllim Əyyub Mirməsim oğlunu, o da ürək-qəlb dostunu yaxşı tamamlayırdı. Aralarında böyük yaş fərqi vardı, ancaq köklü-köməcli, aristokrat Nəsir İmanquliyev qətiyyən bu fərqi sezdirməzdi, təbiətcə çılğın, sərt Əyyubun bütün söylədiklərinə dözür, onu sevgiylə təmkinə çağırırdı. "Dostluq - zirvə"-də iki nəhəng, millətinə örnək ola biləcək şəxsiyyətlərin surətləri söz-söz hörülüb, misraların yaxasına düzülüb.

  

   Bir-birinə dost dedilər,  

   Çörəyi halal yedilər.  

   Iki deyil, bir idilər,  

   Əyyub əmim, Nəsir əmim.  

  

  

   ...Ürək, dərdin-qəmin nədi?!  

   Həzin, kövrək xatirədi...  

   Dostluğa bir abidədi -  

   Əyyub əmim, Nəsir əmim.  

  

  

   Yeri gəlmişkən, bu, günlərdə bütün Azərbaycan ictimaiyyəti görkəmli jurnalist-pedaqoq, diriykən məktəb yaratmış Nəsir İmanquliyevin yüz yaşını qeyd edir. O tədbirlərə mən də qatılmışam. Haqqında çəkilən sənədli telefilmdə, şəkillərdə 1987-ci ildə dünyasını cavankən dəyişmiş Əyyub İskəndərovu da Nəsir müəllimlə birgə dilsiz kadrlarda müşayiət eləmək mümkündür. Bir epizodu xatırlayım. Nəsir müəllim "Bakı-Baku" qazetlərinin baş redaktoru olarkən də, təqaüdə çıxandan sonra da Cənub bölgəsi ilə, mərhum dostu Əyyub İsgəndərovun övladları ilə, böyük qardaşı Hacı Şamillə əlaqələrini bir an kəsmir, onlara qayğısını əsirgəmirdi. Əyyubun böyük oğlu Elşadla isə əməlli-başlı dost olmuşdu. 1996-ci ildə Lerikdə "Ziyalı günü" adı altında böyük tədbir keçirilirdi. Lerikin o vaxtki icra hakimiyyətinin başçısı Novruz Novruzov (indi Şabranın icra başçısıdır) böyük hörmətlə mərasim iştirakçılarına ustad jurnalist-pedaqoq Nəsir İmanquliyevin də tədbirdə iştirakını vurğuladı və ilk sözü ona verdi. O, üzünü cənuba tərəf uzanan dağ silsiləsinə tutdu və dedi: "Mən də bu yerlərdənəm, o dağlardan azca o yandan", sonra boğazımı qəhər boğdu, nə fikirləşdisə, ustalıqla duzlu-məzəli zarafatlara keçdi...

  

  

  

   Bir ata boylanır məzar daşından,  

   Bilirəm, heç kim bu baxışı duymur...  

   Mənim gözlərimin yaş ağrısı var,  

   Nədəndir, kimsə bu yağışı duymur.

  

  

  

   Mən bu dağ önündə şam tək yanırdım,  

   Ürəyi göynəyir soyuq daşın da.  

   Boynu büküklüyə elə öyrəşdim,  

   Mən tər bənövşəyəm məzar başında.  

 

   Şair "Xoş günün dərdi" şeirini böyük qardaşı Elmana ünvanlayıb. Burda ənənəvi klassik heca şeirinin bütün tələbələrinə sədaqətlə riayət olunub; ancaq məsələ təkcə forma ilə bitmir. Əsas obrazların, epitet və metaforaların bəndlərdə ustalıqla yerləşdirilməsində, onların şairanə, təkrarsız istifadəsindədi. Eldar "Göz yaşlarıma" başlığı ilə xeyli şeir yazsa da ortaya qoyduqlarında hədər sızıltı, yersiz göz yaşı azdır, demək olar yoxdur. Xüsusən də misal çəkdiyim iki bənddəki sonuncu iki misra tapıntıdır. Ustad ozan-aşıq məktəbinin ən kamil nümayəndəsi Qurbanıdən tutmuş çağdaş şairlərimizəcən bənövşənin boynubüküklüyü barədə yüzlərlə poeziya nümunələri var. Eldarın bənövşəyə müraciəti isə özünəməxsus müraciətdir.    

   Sevgi-məhəbbət notları üstə köklənmək, keçmiş şirinli-acılı günlərin həsrətiylə alışıb-yanmaq, o xoşbəxt çağların nostalji hissləriylə yaşamaq bütün söz əhlinin sanki "peşə" vərdişidir. Eldar dostluqdan,uşaqlıq-gənclik yaşlarından, əbədi məhəbbətdən yazarkən ("Ucalıq", "Xalqım", "Eşqin fəsilləri", "Bir anın hökmü", "Həsrət nəğməsi", "Sevənlər", "Düşmüşəm" və s.) əndazəni itirmir, qətiyyən eyforiyaya qapılmır. Bədii sözü özününküləşdirir, fikirlərini hiss və duyğularının odunda cilalayır, ən yaxşılarını bişirib-düşürür, qazandan çıxarıb süfrəyə halal malı kimi qoyur. Və bu təmiz süfrəyə əl uzadırsan, görürsən, şairin qəlbinin və beyninin məhsulu həqiqətən dadlı-tamlıdır, boyat deyil.    

   Şair hansısa bir nadan əğyara sərrast surətdə tuşladığı misralarla belə cavab verir:

   ...Sən bu məhəbbətə sahib olmusan,  

   Mən bu məhəbbətdə döndüm qonağa.  

   ("Bir neçə söz")    

   Eldarın təbirincə, "mənim ki, kölgəmdə, sərinlik yoxdu, yanıram, kölgəmə məndən od yağır, çünki bir anın hökmüylə gələn məhəbbət, gör neçə illərdi yağır üstümə" deyim tərzi, obrazlı deyim tərzidir. Müəllif şeirlərinin birində ("Gözünü çək") uğursuz məhəbbətinin taleyinə acıyır və təsəllini də özü-özünə verməklə rahatlıq tapır: nəm olmaqdan gözünü çək.    

   Xalq deyim tərzində bol-bol istifadə yazıların ümumi ruhuna bir şirinlik qatır.  

   Səriştəli və istedadlı naşir Akif Dənzizadə Eldarın şeirlər toplusuna xüsusi tərtibat verib, sanki hər şeir bir ayrıca qəlib, ölçü-biçi daxilindədir.    

   Tanınmış şair, dramaturq Camal Yusifzadə isə "Mənəm, Sənsən, bir də O"-ya "Göz yaşına salam olsun!" adlı bitkin giriş sözü yazıb. Orda deyilir: "Eldar İskəndərzadə "içinə ağlamağı", mənəvi dünyasını içində daşımağı və onu poeziyaya çevirməyi bacarır. Göz yaşına salam olsun!!!"  

   Salam Allah kəlamıdı. Mən də kiçik qeydlərimin yekununda özünəxas poetik nəfəsi olan şair Eldar İskəndərzadənin yeni kitabını salamlayıram. Qoy oxucu qəlbinin bütün qapıları müəllifin söz yaradıcılığının üzünə açıq olsun!

 

Ağacəfər Həsənli

Ədalət.- 2011.- 23 dekabr.- S.6.