Aşurbəyovun qeyri-adi arzusu

Dörd adı, bir məqsədi olan nadir məscidin tarixi

 

Daha bir məscid bərpa və yenidənqurmadan sonra dindarların istifadəsinə verildi.    

   Dekabrın 22-i Əjdərbəy məscidinin tarixində yeni səhifə açdı. Açılışla bağlı təşkil edilən mərasimdə dövlət başçısı İlham Əliyev, xanımı Mehriban Əliyeva, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə, Azərbaycanın və Şimali Qafqazın nüfuzlu din xadimləri, xarici dövlətlərin səfirləri iştirak etdilər.    

   Təntənəli törəndə bu məscidin digər ibadət ocaqlarından fərqlənən mühüm bir cəhəti bir daha vurğulandı. Bakının mərkəzində yerləşən bu dini abidə özəlliyi ilə dünyada nadir məscidlərdən biri sayılır. Ona görə də yaxın keçmişimizə ekskurs etməyə dəyər.

   Tarixi-nadir...  

   Həm dini, həm də nadir memarlıq abidəsi kimi tanınan Əjdərbəy məscidi ötən əsrin əvvəllərində inşa olunub. Dövrünün tanınmış xeyriyyəçilərindən sayılan Əjdər bəy Aşurbəyov Bakıda daha bir ibadət yeri tikmək fikrinə düşür. Xeyli axtarandan sonra indiki Səməd Vurğun küçəsindəki yeri, o zaman Qanlı təpə adlanan ərazini bəyənir və məscidin burada inşa edilməsini istəyir. Səxavətilə ad çıxaran Əjdər bəy Aşurbəyov tanınmış memar, Təzəpir və digər nadir memarlıq abidələrində iz qoyan Zivər bəy Əhmədbəyova məscidin layihəsini sifariş verir. İstedadlı memar bu sifarişə də yaradıcı yanaşır. Həm Məkkədəki müqəddəs Kəbə evinin, həm Kərbəla məscidinin, həm də Qüdsün elementlərini özündə əks etdirən bir layihə hazırlayır. Əjdər bəy həm də zövqlü insan olduğundan bu maraqlı layihəni bəyənir və tikintiyə başlamaq barədə tapşırıq verir.    

   Ötən əsrin əvvəllərini araşdıranlar üçün ən etibarlı mənbələrdən sayılan "Kaspi" qəzetinin məlumatına görə-təzə məscidin təməli 1912-ci ilin martında qoyulur. İnşaat işləri bir il müddətinə yekunlaşır. Yenə "Kaspi"nin köməyi ilə öyrənirik ki, məscid 1913-cü ilin dekabrında dindarların ixtiyarına verilir.    

   Əjdər bəyi həmişə ehtiramla yad edən Bakının yaşlı sakinlərinin xatirələrinə görə, məsciddə məşhur xeyriyyəçinin ayrıca otağı olub. O, dini ayinləri ailə üzvləri ilə birlikdə həmin otaqda icra edərmiş. Həmin otaq sonrakı dövrlərdə sökülsə də Əjdər bəy Aşurbəyovun məscidin girişindəki məzarını qorumaq mümkün olur.

  Vəhdət-sözdə yox, əməldə    

   Yazının əvvəlində Əjdərbəy məscidinin unikal bir dini abidə olduğuna işarə vurmuşdum. Daha geniş izahat verməyin zamanı yetişdi. Yeni bir ibadət yeri tikdirməklə adını tarixə yazdıran Əjdər bəy Aşurbəyov həm şiələrin, həm də sünnilərin bir məsciddə namaz qılmasını arzulayırmış. Məscidi də bu arzusunu həyata keçirmək üçün tikdiribmiş. Bir əsr ötməsinə baxmayaraq bu məscid öz missiyasını bu gündavam etdirir. İslam dininin hər iki məzhəbindən olan insanlar bu məsciddə eyni vaxtda namaz qılır, ibadət edirlər. Məhz buna görə də Əjdərbəy məscidi dünyada nadir məscidlərdən sayılır.    

   Azərbaycanda fəaliyyət göstərən müsəlman ölkələrinin səfirləri tez-tez bu müqəddəs yeri ziyarət edirlər. Deməli həm də vəhdətin sözdə yox, əməldə yaşadığını əyani görmək imkanı qazanırlar.    

   Azərbaycandakı tolerantlıq mühitini görmək üçün bundan yaxşı nümunə?    

   Adlar dəyişəndə məqsəd dəyişmir...  

   Əjdərbəy məscidi müxtəlif dövrlərdə ayrı-ayrı adlarla tanınıb. Aşurbəyovun yadigarına gah "Göy məscid" deyiblər, gah da Əjdərbəy məscidi. Bəzi sakinlər isə buranı "Tatar məscidi" kimi tanıyıblar. "Vəhdət" və ya "İttifaq" məscidi deyən bakılılar da var.    

   Məscidin müxtəlif cür adlandırılmasının səbəbi nə idi? Bu barədə də yazmağa dəyər.    

   Məscid istifadəyə verildiyi zaman günbəzi göz rəngdə olduğu üçün xalq arasında "Göy məscid" kimi adlanıb. Bu nadir memarlıq nümunəsini Bakıya bəxş etmək üçün şəxsi vəsaitini xərcləyən Əjdər bəy Aşurbəyovun xatirəsini yaşadan insanlar bura "Əjdərbəy məscidi" də deyiblər. Bayaq qeyd etdiyim kimi, Əjdər bəyin arzusuna uyğun olaraq burda İslam dinin hər iki məzhəbindən olan insanlar namaz qıldığı üçün məscid "Vəhdət" və ya "İttifaq" məscidi kimi də tanınıb. O ki qaldı "Tatar məscidi" məsələsinə...  

   Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal olunduqdan sonra bu unikal məscidin də qara günləri başlayır. Dini abidə uzun müddət təyinatı üzrə istifadə olunmur, baxımsız qalır. İkinci Dünya Müharibəsindən sonra Bakıda yaşayan tatarlar Stalinə məktub yazaraq dini ayinləri bu məsciddə icra etmək üçün onlara şərait yaradılmasını istəyirlər. "Humanist" Stalin tatarların bu xahişinə müsbət yanaşır və Əjdər bəy Aşurbəyovun yadigarı uzun illərdən sonra dindarların ixtiyarına verilir.    

   Əsas olanı budur ki, adı dəyişsə də məscidin məramı dəyişməyib. Əsaslı təmirdən və yenidənqurmadan sonra məscidin istifadəyə verilməsi münasibəti ilə təşkil olunan mərasimdə Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə öz çıxışında bu məsələni xüsusi vurğuladı. Dini-mənəvi dəyərlərə Azərbaycan dövlətinin göstərdiyi diqqət və qayğını minnətdarlıqla qeyd edən Şeyxülislam həzrətləri bildirdi ki, ayrı-ayrı zamanlarda müxtəlif adlarla çağırılmasına baxmayaraq bu məscid vəhdətə nail olmaq məqsədindən dönməyib və dönməyəcək.    

    Keçmişə sayğı, gələcəyə nümunə   

   Əjdərbəy məscidi kimi unikal dini abidə, nadir memarlıq nümunəsi bərpa və yenidən qurularaq dindarların ixtiyarına verildi. Dövlətin ayırdığı vəsait və göstərdiyi qayğıdan sonra ikinci həyatını yaşayan bu məscid həm də gələcək nəsillərə əmanət edildi.

   Açılış mərasimində çıxış edən ölkə başçısı İlham Əliyev bildirdi ki, Azərbaycan dövləti dini-mənəvi dəyərlərə sayğı göstərərək son illər Bibiheybət məscidini, Təzəpir məscidini yenidən quraraq dindarlara bağışlayıb. Həm dövlətin, həm də Heydər Əliyev Fondunun dəstəyi ilə digər dini abidələrə də diqqət göstəriləcək. Qafqazın ən qədim məscidi olan, bir zamanlar ermənilər tərəfindən yandırılan Şamaxıdakı Cümə məscidi, Gəncənin "İmamzadə" kompleksi də yaxın zamanlarda qapılarını dindarların üzünə açacaq.

   Bu addımlar keçmişə sayğı göstərməklə yanaşı, gələcək nəsillərə də bir nümunə olacaq.

 

Etibar CƏBRAYILOĞLU

Ədalıət.- 2011.- 24 dekabr.- S.10.