YENİ LAYİHƏMİZ: ÖMRÜMDƏKİ İNSANLAR

İSA İSMAYILZADƏ

 

Yola saldığım yetmiş yaş bəzi şeyləri anlatsa da,artıq yaşamağa davam edirəm.70 yaş az yaş deyil.Şükürlür olsun Allahıma, bu yetmiş ilin 69-nu sağlam və ağrısız başa vurduq və indi "incə bir yolun" başlanğıcından həyata davam edirəm.Bu yetmiş ilin ATA-ANA bölümünü hamı kimi yaşamışam. Bakı dünyamda bir çox hadisələr baş vermiş və mənim bu yetmiş yaşa çatmağımda,bu gün bu yazını yazmağımda çox böyük yardımçı insanlar olub. Geriyə baxandahəmin insanları bir daha xatırlamaq mənim üçün kədərli və çətin olsa da,deyim ki, həm də maraqlıdı.Bu insanların,bəzilərini itirsəm də, şairlər demişkən, onları yenə də canlı görürəm, bəziləri hələ də həyata davam edir və Allah onlara uzun ömür versin.BU YARADICI VƏ SIRADAN İNSANLAR haqqında düşünəndə çox zaman ən xoş məqamlar və anlar canımı isidir və həyata daha çox bağlanmalı oluram.Onların bəziləri mənim bədii yazılarımın adsız insanlarıdı,bəziləri haqqında əvvəllər də yazmışam və həmin yazılar da indi ayrı bir dad verir, bəziləri isə bu proyekti düşünəndə yaddaşımın alt qatından bir novruzgülü kimi boy verir.  

   Bu insanlar kimlərdi?  

   İsa haqqında bir neçə aspektdən, baxımdan danışmaq olar və İsa bu baxımların hamısından istedadlı bir ŞƏXSİYYƏT kimi qabarıqdı. Əlbəttə, bütün bu axımların, yanaşmanın ən başlıcası odur ki, İsa mənimlə yaşıd olsa da, mən ona böyük bir yaradıcı, yaşlı bir şair kimi baxmışam və buna heç də peşman deyiləm. Yəni İsanın hərəkəti (bunu belə başa düşmək lazımdır ki, mən ədəbiyyatı nəzərdə tuturam) mənim üçün numunə olub və mən ondan həqiqi mənada öyrənmişəm. İsa məndən qabaq universitetə qəbul olunub və mən ədəbiyyata gələndə, belə deyək ki, İsa artıq ədəbiyyatın içində idi.    

   İndiki kimi xatırlayıram ki, İsadan nəyi öyrənmişəm? İsa ən yaxşı şeirlərini yazanda, yəni deyək ki, Lermontov haqqında şeirində "GÜLLƏLƏNMİŞ DUYĞULAR" ifadəsini işlədəndə, mən onda hələ yuxuda idim və bu şeiri İsa dərnəkdə oxuyanda, özüm-özümə suallar verirdim ki, necə yəni "GÜLLƏLƏNMİŞ DUYĞULAR?" Bax, bunu mən heç cürə özümə aydınlaşdıra bilmirdim. Və get-gedə hər şey öz yerini tuturdu və mən gizli-gizli bu "güllələnmiş duyğular" nə olduğunu anlamağa, duymağa başlayırdım. İsanınsa əsil poeziya yolunda BİR ŞƏHİD olaraq getdiyinin şahidiydim.  

   Şübhəsiz, İsanın tünd xasiyyəti, heç nədən küsüb bir sözün içərisindən min söz çıxarmağı onun xeyrinə deyildi, ancaq deyim ki,bunu mən qəbul eləyirdim və qəbul eləyə-eləyə də təəccüblənirdim ki, İsada bu "sofuluq", bu "dəymədüşərlik" hardan yaranıb? Ola bilər, biz çox adam haqqında "istedadlı" sözünü deyirik, ancaq yeri gələndə, həmin adamların yaradıcılığından misal çəkməyə çətinlik çəkirik. İsa həqiqətən yaradıcı bir istedadın sahibiydi və belə deyim ki, onun bir az tünd xasiyyəti də məhz elə bu cür xarakterin məhsuludu.    

   İsadan çox adam, yaradıcı dediyimiz neçə-neçə adam narazı olurdu. Bu onun işi ilə bağlıydı. Və bu narazı adamlar (ən çox istedadsızlar) heç vaxt öz içlərinə baxmırdılar, baxanda isə yenə də İsanı günahlandırırdılar. Ancaq bir həqiqət də var ki, İsa bununla heç nə qazanmırdı. Əksinə, itirir və itirə-itirə də özünə daha çox yamanlıq eləmiş olurdu. Və mənə elə gəlir ki, bu yamanlıq da son illərdə onun yaradıcılığında özünü biruzə verirdi.  

    Mən insafı qırağa qoya bilmərəm. Onunla mənim incik günlərimdə də çox olub.Təsəvvür edin ki, İsa mənim atamın qəbri üstə ağlayıb, mən onun atasının məzarı üstündə olmuşam və bütün bunlara baxmayaraq, İsa mənə o qədər tələbkarlıqla yanaşıb ki, hətta mən bu tələbkarlığı başa düşə bilməmişəm və bunun ucbatından neçə illər biz kişiyə layiq olmayan bir hərəkətlə küsülü qalmışıq. Bu mənim üçün ağır olub. İsa üçün bilmirəm və hətta elə vaxtlar olub ki, mən onu dəfələrlə yuxuda görmüşəm və bu ayrılıq mənə çox əziyyət verib.    

   Hər halda, yaradıcı mühit İsaya qarşı həmişə amansız oldu. Çoxu belə fikirləşirdi ki, İsa müəllifləri incitməkdən çəkinmir. Mən bunu ən azı onun haqqında haqsızlıq hesab elyirəm.

      Belə nəzərə alaq ki, İsa bir ŞAİR kimi heç vaxt bəxt deyilən şeyin şirinliyini dadmayıb və mənə elə gəlir ki, bir neçə kitabın yiyəsi olsa da, lap iri həcmli əsərlərin müəllifi kimi tanınsa da, onda qəribə bir sənət doyumsuzluğu var. Lap adi bir həqiqəti deyim ki, İsa şair olaraq heç bir tənqidçi tərəfindən təhlil obyekti olmayıb və onun ədəbiyyatımızdakı əsil YERİ (mən bu sözü ürəkdən yazıram, bəli "YERİ") verilməyib.(Cəvanşir Yusiflinin 525-ci qəzetdə çıxan yazısını çox insaflı və istedadlı yazıçıydı). Əslində, İsaya heç nə verilmədi. (Zorla, paykeşliklə aldığı Komsomol mükafatından başqa) və İsanın bu günkü "qənimliyi" də məhz elə həmin o uzaq illərdən, o "DÖYÜLDÜYÜ" VAXTLARDAN, çoxları tərəfindən qəbul olunmadığı günlərdən,redaksiyaların qapılarından geri qaytarıldığı zamanlardan, bir şeirin qonararına neçə həftə yaşadığı illərdən başlanıb gəlmişdi.    

   İsa hər zaman bir az qaraqabaq, bir az küskün, bir az da gileyliydisə, onda hansı insafla biz onu qınaya bilərik. Və mənə elə gəlir ki, İsa hələ lap başqa bir yolla da taleyin amansız cilvəsinə tuş gəlmişdi.Bu da odur ki, İsanın ədəbi aləmdə başının üstünü tutan, başının üstünə kölgə salan bir KİMSƏSİ yox idi. Bu çoxlarında beləydi və mən bunu İsa üçün ona görə qabarıq verirəm ki, İsa həmin çoxluqdan bütün gücüylə və istedadıyla seçilirdi.Deyim ki, elə bunun özü də çox şeyləri deyir.

      Ən dəhşətlisi budur ki, təkcə qəzetlərimiz yox, lap elə mətbuatımızın elə sahələri var ki, İsaya qarşı çox etinasız olublar. Mən bilirəm ki, ola bilsin, elə adamlar var (bəlkə də yoxdu) bu diqqətsizliyin üstündən keçib gedər, ancaq mən açığını deyim ki, İsanın yaradıcılığına bu qəsdi, bu etinasızlığı ən azı öz xalqımızın (xalq yox, bir dəstə adamın) insafsızlığı hesab eləyirəm. Bu insafsızlıq inanın ki, İsanın lap elə İsa kimi layiqli yaradıcılarımızın nəinki ədəbi boyartımına, hətta fiziki boyartımına da mane olub. Özünün şeiri var: "MƏN BÖYÜK SEVİNCƏ ALIŞMAMIŞAM". Bax, bütün bunlar İsanın sonrakı həyat tərzində və yaradıcılığında (yaradıcılığında az) kök salmaya bilməzdi.  

   Mən İsanı o adamlardan hesab eləmirəm ki, bəzən yaxşılığı da pislik kimi qələmə verilir. Ancaq İsa bəzən ədəbi qiymətdə, NAŞİR kimi israfçılığa (burda yenə də bəlkə İsa haqlıdı) meyl eləyirdi. Şübhəsiz, təkrar edirəm ki, İsa bir NAŞİR kimi TƏLƏBKARDI, İNANCILDI, SƏRTDİ, bağışlamağı sevmirdi. Bu tələbkarlıq bəzən əndazəsini, sərhəddini keçirdi. İsa bax, bu zaman istər istəməz, PİS adam olurdu.  

   İndi İsanın şairliyi və şeirləri haqqında söhbət düşəndə, çox vaxt "keçmiş zamanda" danışırlar. Şair idi... Gözəl şeirlər yazardı. Və sairə. Ola bilsin, bu adamlar öz içlərində haqlıdırlar. Ola bilsin. Lap belə olan halda da İsa Azərbaycan ədəbiyyatında ŞAİR olaraq qalır. Mənim fikirimcə, bunu deyənlər onu unudurlar ki, əsrin bu çağında bütün dünyada sənətin və ədəbiyyatın özündə tənəzzüldü. Nəfəsdərmə dövrüdür. İndi altmışıncı, yetmişinci illərin TƏPƏRİ, MÜBARİZLİYİ, DiNMƏZLİYİ heç kəsdə yoxdur. İndi nə Rəsul Rza var...    

   Nə Əli Kərim var... nə də...  

   İsa istəsəydi, min oyun aça bilərdi sözün başına və mən buna tam əminəm. Ona görə əminəm ki,İsa çox istedadlı yazıçı kimi bütün bu söz oyunlarını və bicliklərini bizim hər birimizdən daha dərin, daha dəqiq duyurdu və başa düşürdü. İsanın yaradıcılığındakı bu motivlik indi bütün dünya ədəbiyyatında və Aəzərbaycan ədəbiyyatında durur. Bunu inkar etmək və danmaq olmaz.    

   İsa naşir kimi tələbkar olanda, elə bilirdi ki, böyük ədəbiyyat üçün nə isə bir iş görmüş olur. Nə? Hansı işi? Bax, bunu İsa bilirdimi, bilmirdimi-mənə aydın deyil. İsa bu vaxta qədər gördüyü işlərin hansı ləzzətini almışdı, hansı xeyrini görmüşdü, hansı mükafatla (zəhrimara qalsın bu mükafatı, bu da bir pilləkəndi) qiymətləndirilmişdi? Onunlamı ki, ƏLLİ BİR YAŞINDA iki otaq, bir evlə təmin olundu, "mükafatlandırıldı". Onunlamı ki, ƏLLİ BİR YAŞINDA hələ də redaktor müavini olaraq qalırdı Və jurnalın bütün məsuliyyəti onun boynundadı.Bu məsuliyyətlə, bu işlə də İsa olurdu pis KİŞİ, pis ADAM. Axı, gərək bu pis kişiliyin və pis adamlığın müəyyən hissəsini kimsə boynuna götürəydi. Vardımı elə bir adam? Vardı. Ancaq onu axtarıb-tapmaq qeyri-mümkündü. Haqlı-haqsız İsa həmişə "zərbə" altındaydı. Yamanlara çəpərdi.  

   Bu da bir taledi. İsa bu taledən qaça bilərdimi? Buna ən azı iradəsi çatardımı? Məncə, İRADƏSİ çatardı! Ancaq təkcə iradə ilə tale həll olunmur.  

   İsa üç uşaq atasıydı. Bir qadının HƏYATINA və YAŞAYIŞINA cavabdehdi. Böyük bir nəslin taleyində qabağa çıxan, tanınan, onların fikrincə, Bakıda hörməti olan, İŞ GÖRƏ BİLƏN, yarışa bilən bir insan hesab olunurdu. Bütün bunları nəzərə alanda, onun əzabkeş həyatına insanın rəhmi gəlir.  

   Bəlkə İnsan kimi aciziydi İsa?  

   Bəlkə yarınmağı, gözə girməyi bacarmırdı?  

   Bəlkə Bakı mühiti onu belə dəyişdirmişdi? Ona təzadlı bir həyat tərzi verdi?  

   Bəlkə...bəlkə...bəlkə...  

   Yox, nə deyirsiniz, deyin, İsa mənim gözümün içinə desə də ki, istəsəm sənin on şeirini verərəm və bircə şeirimi seçməsə də (bu çoxdanın söhbətidi və İsa da bilə-bilə ki, mənim də ailəm əziyyət çəkir və mənim başqa heç yerdən heç bir gəlirim yoxdu, bütün bunları bilə-bilə elə deməsi bizim on illik ayrılığımıza səbəb olub), mən onu həmişə ÖYRƏNƏ BİLƏCƏYİM ŞAİR, NAŞİR,REDAKTOR, YAZIÇI saymışam.  

   Əlbəttə, mən İsanın məhz bu cür deməsinə haqq qazandırmıram. Və onu da deyim ki, ona görə haqq qazandırmıram ki, İsa o zaman mənim şeirimdə elə şeyə irad tutmuşdu ki, istərsiniz, lap adını əllaməçilik qoyaq, bax, elə həmin əllaməçilik İsanın özündən mənə keçmişdi. Yəni "sərçələrin soyuq hamamı yağdı", "güllələnmiş duyğular" kimi nə bilim, daha tünd, daha qatı şeylər deyə bilən bir şair, indi bir naşir kimi mənə deyirdi: axı, nədi bu: "MƏNİ ÖLDÜRƏCƏK YAŞIL İNADIM" Axı, nədi bu YAŞIL İNAD? Nədi bu ədəbazlıq, Hoqqabazlıq?

      Mən sadəcə olaraq, quruyub qalmışdım. Qarşımdakı adamın mənə yazığı gəlmədiyini hiss eləyirdim... və hiss eləyə-eləyə fikirləşirdim ki, bəlkə atamın məzarı başında durduğunu yada sala, bəlkə Mustafa kişinin məzarı başına gəldiyimi xatırlaya...    

   ...yox, İsa inad eləyirdi və bir az bozarmışdı. Axı, mən onu tələbəlik illərindən tanıyırdım. Axı, demək olar ki, mən onun yanında böyümüşdüm.  

   Daha heç nə demək lazım deyildi. İsa inad eləyirdi və bozarmışdı. Mən susurdum. O, əsəbiləşirdi: ŞƏXSİ MÜNASİBƏTİN ƏDƏBİYYATA DƏXLİ OLMAMALIDIR. Belə deyərdi İsa. O Azərbaycan ədəbiyyatını ŞƏXSİ münasibətlərdən qorumaq üçün doğulmuşdu? Bilmirəm.  

   O zamanlar mən heç vaxt redaksiyaların kandarını yağır eləməmişdim. Bunu çox yaşıdım bilir və bunu Allah da bilir. Mən o jurnala məhz İsaya görə getmişdim, onu yaşıdım bilib getmişdim. Arxa bilib getmişdim.  

   Buna görə mən İsanı uzun illər bağışlaya bilmədim. Bağışlaya bilmədim, ona görə yox ki, məni çap eləmədi.Yox, vallah. Onun dönüklüyü məni yandırdı və mən deyirdim: İsa, bu boyda jurnalda güman ki, həmişə gözəl şeirlər vermək qeyri-mümkündür. Bəlkə, elə mənim də şeirlərimi o zəif şeirlər kimi çap eləyəsən...  

   İsa məni çox istəyib, lap çox. Bilmirəm, bunu onun özü bilibmi ki, məni çox istəyib ya yox, ancaq mən bunu hiss eləmişəm. Başımın üstündə Allah var.Mən də onu az istəməmişəm. Və məhz bu istəyin ucbatından inciklik illərində mən onunla üzbəüz gəlməyə çətinlik çəkmişəm. Qorxmuşam. ON İL MƏN "Azərbaycan" jurnalına ayaq basmamışam. Az vaxt deyil.Ancaq bütün bu illər ərzində mən İsa haqqında düşünmüşəm və ola bilər, ifrata da varmışam.  

   İsanın mənə elədiklərini mən heç vaxt dana bilmərəm. Bütün bunlar bəlkə də başqa vaxtın söhbətidir.  

   NOT: Maraqlıdır, mən bu yazını qurtarandan sonra onu bir neçə dəfə oxudum.Amma birdən məlum oldu ki, mən bütün yazı boyu İsa deyərək yazmışam və İsanın familiyasından heç yerdə istifadə eləməmişəm. Bu bəlkə, birinci ona görə olub ki, İsanı özümə çox yaxın hiss eləmişəm və ikincisi də artıq İsanın tanınmış bir ŞAİR olduğunu fikrimdə fırlada-fırlada familya yazmaq yadımdan çıxıb. İsa Gürcüstanın Qarayazısında doğulub, Mustafa kişinin oğludur. Familiyası İsmayılzadədi. ŞAİR İSA İSMAYILZADƏ.

 

Tofiq Abdin

Ədalət.- 2011.- 24 dekabr.- S.15.