"Şor-çörəklə
dolanırıq"
"Cənnət Səlimova elə
bilir ki, zövq də, baş da, yaradıcılıq da ancaq
bundadır"
Bu son bir neçə gün ərzində Gənc Tamaşaçılar Teatrıyla bağlı mənim imzam altında gedən üçüncü yazıdır. Yəni ki, mənim yazdığım. Daha doğrusu bunlardan biri yazı, digəri isə müsahibə olub. Yazdıqlarımın az da olsa oxucu marağına səbəb olması, şərh olunması təbii ki, xoşdur. Amma bəzi oxucuların yazdıqlarımın hansısa maddiyyatla bağlı olduğu haqda düşündüklərinə üzülürəm. Bir məsələni də qeyd edim ki, elə "Cənnətin cəhənnəmə çevirdiyi teatr" yazısından sonra Gənc Tamaşaçıların teatrının aktyorlarını telekanalların birinə dəvət edərək, bu barədə veriliş hazırlamışdılar. Təvazökarlıqdan nə qədər uzaq olsa da, bu da mənim üçün uğurdur. Amma belə fikirdə olanlar unutmasınlar ki, mən həmin yazıda kiminsə dediklərini yox, öz gördüklərimi yazmışdım. Elə bu müsahibənin də bir hissəsində sözügedən mövzuya toxunulub. Beləliklə, müsahibim Gənc Tamaşaçılar teatrının tanınmış simalarından biri, xalq artisti Ağaxan Salmanlıdır.
- Ağaxan müəllim, istərdim ki, suallara keçməzdən əvvəl bu gün teatr aləmində baş verənləri təhlil edəsiniz.
- Çox qəliz, çox mürəkkəb bir şeydir. Teatrda baş verənlər (fikirləşir). Elə də qəribə bir şey baş vermir. Bu gün teatr durğunluq dövrünü yaşayır.
- Yəqin ki, söhbət sənət durğunluğundan gedir. Çünki bu gün sizin teatrın texniki təchizatı, binası yüksək standartlara cavab verir...
- Mənim əvvəldə dediyim fikirlər ölkənin teatr həyatına aiddir. Hamı çalışır ki, yeni nəsə eləsin. Hətta bunun üçün xaricdən, o cümlədən Gürcüstan və Rusiyadan, Belarusdan mütəxəssislər də dəvət edirlər. Məsələn bizim teatrın rəssamı gürcüdür.
- Yerli mütəxəssislərlə onlar arasında hansısa fərq varmı?
- Heç bir fərq hiss olunmur. Eyni şeydir.
- Elədirsə,
xaricdən mütəxəssis
dəvət eləməyə
nə ehtiyac var?
- Onları ümidlə dəvət edirlər ki, teatra yeni nəfəs
gətirsinlər.
- Həmin mütəxəssislər gənclərdir?
- Bəli.
- Sizcə bizdə yeni nəfəs gətirəcək
gənclər yoxdur?
- Mənə elə gəlir ki, "Azdrama" bu mənada düzgün istiqamət götürüb. Orda direktor
İsrafil İsrafilov
bütün gənc aktyor və rejissorlara işləmək
imkanı yaradır.
Bu yaxınlarda gənc rejissor Mikayılın quruluşunda
"Xanuma" tamaşasını
təhvil veriblər.
Özüm baxa bilməsəm
də, səs-sorağı
gəlib çatıb.
Artıq
planımda var ki, gedib baxım.
- Əgər ayrı-ayrı böyük
teatrlardan söhbət
düşdüsə, istərdim
Musiqili Komediya Teatrındakı vəziyyət
haqda da danışasınız...
- Orda hələ ki, yeni bir şey
görmürəm. Yəqin ki,
onlar da axtarışdadırlar. Amma sensasiya
yaradacaq, maraq doğuracaq nəsə yoxdur.
- Mənə elə gəlir ki, gənc rejissorlara,
gənc rəssamlara, gənc aktyorlara imkan yaratmaq lazımdır, özlərini
təsdiqləsinlər.
- Şou
aləmində baş
verənlər insanların
gözü önündə
olduğundan daha çox diqqət çəkir. Amma mən bilirəm ki, teatrlarda elə qalmaqallar baş verir ki...
- Onun tamaşaçıya dəxli
yoxdur.
- Amma belə qalmaqallar bilavasitə yaradıcılıq
mühitinə, iş keyfiyyətinə
mənfi təsir göstərir. Dolayısıyla da tamaşaçıya
dəxli olur. Bilirəm ki, hazırda Gənc Tamaşaçılar
Teatrında da belə bir vəziyyət
yaşanır. Yəni baş
rejissorla aktyorlar arasında.
- Bilirsiniz, Cənnət Səlimova 72
yaşında adamdır.
Demək
olmaz ki, insan bu yaşdan
sonra kəşf edə bilməz, bilər. Ancaq çətindir də (gülür)
- Sizin dediyiniz "gənclərə
yol vermək" prinsipiylə yanaşsaq, Cənnət xanım gənclərə yol verməlidir? Əgər teatrda bu yerə layiq rejissor yoxdursa, başqa yerdən dəvət olunmalıdır.
- Respublikada
ola bilməz ki, yüksək səviyyəli rejissor olmasın. Məncə baş rejissor
məsələsində "baş" sözü artıqdır. Fikrimcə, bu
postu teatr sistemindən çıxarmaq
lazımdır. Çünki yaradıcı mühitə
pis təsir edir, birhakimiyyətlilik yaradır. Məsələn, Cənnət xanım
teatra gələndən
bütün tamaşaları
özü hazırlayır.
Nə mənə, nə ştatda olan digər rejissorlara-Rafiq Əliyevə, Nicat Kazımova, Ağalar İdrisoğluna imkan vermir və kənardan da heç kəsi dəvət eləmir.
- Sizcə nə çatışmır?
- İnanmsızlıq.
O inanmır ki, kimsə tamaşa hazırlaya bilər. Cənnət
Səlimova elə bilir ki, zövq
də, baş da, yaradıcılıq da ancaq bundadır.
Kimsə
bura girişsə, işləri korlayacaq.
Üç ildir ki, nə mən, nə də digər rejissorlar bir tamaşa hazırlamamışıq. Vəziyyətin belə olması
tamaşalarda primitivlik
yaradır. Kif atmış
tamaşalar səhnəyə
qoyulur.
- Bir zamanlar siz də
mətbuatda indi danışdığımız mövzu haqda fikirlərinizi bildirmişdiniz...
- Bunun tarixçəsi uzundur. Mən onu ona görə
tənqid eləmişdim
ki, müasir dramaturgiyamıza xor baxır, heç kəsi bəyənmir.
Mən düz bir il onu tənqid atəşinə tutandan sonra milli-müasir dramaturgiyamıza müraciət
elədi. O vaxta kimi "Şelkunçik".
"Yatmış gözəl", ay nə
bilim nə...belə uşaq tamaşaları qoyurdu.
Amma hər kəs bilir ki, bizim nağıllar
daha müdrikdir,
- Neçə
ildir Gənc Tamaşaçılar teatrında
işləyirsiniz?
- 1963-cü ildən.
- Bilirəm ki, qalmaqallardan sonra əməkdar artist Ayşad Məmmədov, əsas aktrisalardan olan Sonaxanım Əliyeva və digərləri burdan ayrılıblar. Siz belə bir şey düşünmürsünüz
ki?
- Mən 1971-ci
ildə 3 il
müddətində teatrdan
ayrılmışam və
3 il Mədəni Maarif Texnikumunda və İncəsənət
İnstitutunda pedoqoji fəaliyyətlə məşğul
olmuşam. Amma indi belə
bir fikrim yoxdu.
- Burdan nə qədər məvacib alırsınız?
- 250 manat. Amma müəyyən hissəsini
tuturlar və 200 manat alıram. Ancaq onun dəxli yoxdur. Aktyor heç vaxt,
heç bir formasiyada yaxşı dolanmayıb. Hətta
Ostrovskinin, Cəfər
Cabbarlının aktyorlara
həsr olunmuş pyeslərində də göstərilir ki, bu zümrə maddi cəhətdən yüksək təminatlı
olmurlar.
- Əlavə
gəliriniz var?
- Yox.
- Bəs...
- Şor çörəklə dolanırıq.
İntiqam VALEHOĞLU
Ədalət.-
2011.- 24 dekabr.- S.17.