AKİF SƏMƏD

 

1.ETÜD      

    Tanışlıq      

  

   Sözündə özümü gördüm,  

   Özümdə Akif Səmədi.  

   Zülümdə fani dünyanı,  

   Dözümdə Akif Səmədi.  

  

   İlk tanışlığımız Tusi adına pedaqoji Universitetdə Tələbə dostum Sultan Ateyivin otağında oldu.Sultan:  

   -Məmməd bu incəli balasıyla tanışsınızmı?-deyib divanda oturmuş 50-55 yaşlı,(əslin də isə 30-35 yaşı olardı) lopa bığlı, çal saçlı ,gülər üzlü Akifi göstərdi. O ayağa durub mənimlə görüşdü. Təzəcə çapdan çıxmış "Uzaqlardan gəlirik" kitabını "Ən əsası İncəli olduğu üçün Məmməd bəyə"avtoqrafıyla mənə bağışladı və elə o gündən bağlandıq bir-birimizə.  

   Ağamalı Sadiq itgisiylə necə barışıb, Ağamalısız illəri necə yaşayacağım bir müəmma kimi hər an ürəyimi parça-parça etdiyi bir zamanda tapmışdım Akif Səmədi.Bax beləcə, Ağamalıya olan, Ağamalıdan qalan bütün həsrət və sevgilərimin ünvanı, səbir və dözüm yerim oldu arkadaşım Akif. Bir-birimizə müraciət idi "Arkadaş"sözü.  

   Şeir yazmağımdan xəbəri yox idi. Ancaq bütün yazdığı şeirləri ilk dəfə mənə oxuyurdu. Sözə münasibəti, sözə sevgilərimi görüb ,"Vallah sən ki, sözü belə duyursan, sən bizdən böyük şairsən"-deyərdi. Sonralar, yəni 2004-cü ildə "Dəmircioğlunu dindir" adli ilk kitabım nəşrə hazirlanan ərəfələrdə sirrimi açıb:-Kitaba da "Dəmirçioğlunu dindirmə" adını qoymuşuq, xoşuna gəlirmi? -dedim. O isə heç düşünmədən, "Arkadaş, dindirmə ni dindir eləsən yaxşıdır. Qoy kitabı açan səni dindirsin "-deyib xeyir-dua vermişdi.     

  

   2. ETÜD  

   

  

   Gözümün qabağında yazılan şeirlər  

   Evimizə dəvət etmişdim. İşlədiyim portretlərə baxmaq üçün gəlmişdi .Öz portretini görüb xeyli tamaşa etdi:  

   - Ayə,a qıvlasız, məni məndən gözəl işləmisən, bu nədid belə?-deyib, bütün portretləri nəzərdən keçirdi:  

   - Sən bu portretləri cəm halında "İnsan mənzərələri" adlı kitaba topla,-deyib "İnsan mənzərələri" kitabına həm ad qoydu, həm də ilk xeyir-duanı verdi. Bunu da əlavə eylədi ki, kitabın ön sözündə Hazim Hikmətə bir rəhmət oxuyub, ondan üzr diləyəsən. Çünki, bu ad ona məxzusdur-deyib tövsiyyəsini də əsirgəmədi. Sonra süfrə arxasına oturduq. Yemək arası birdən dayanıb, Məmməd, arkadaş, tez mənə bir kağız, bir qələm ver - deyib məni tələsdirdi. Dərhal məsələni başa düşdüm. Belə hallarla çox rastlaşmışdım. Söz gələndə qaçırmazdı,yerində cə tutub saxlamağı varıydı. Bu dəfə zarafata salıb, bir vaxtlar Ağamalı Sadiqin,"sən rəssamsan,lazımın olar"-deyib bağışladığı nazik,qəzet boyda olan ag vərəqlərdən birini gətirib bir neçə yerə qatladım. Cib dəftərçəsinə oxşayan kağızı ona uzadıb,al,nə qədər istəyirsən yaz -dedim. Bığaltı qımışdı, kağıza nəsə yazıb cibinə qoydu:

  

   -Sən zarafat elə, birdə görüşəndə görəcəksən bütün vərəqləri doldurmuşam deyib, zarafatımdan xeyli xoşhal oldu .Beş - üç gün keçməmişdi zəng vurdu:  

   -Məmməd,gözəl kişilərlə oturmuşuq. Qonaqlığı mən verirəm. Onlarla tanış olmaq istəyirsənsə gəl şotu ver, səninlə tanış edim - deyib mənə görüş yerini dedi. Məsələ aydin idi. Cibində pulu az olanda məni köməyə çağırardı.  

   Görüşdük. Şair dostumuz Kəmaləddin Qədimlə dostluğumuz elə o gündən başladı. Sonra əlini cibinə salıb:  

   -Ayə,kağızını da doldurmuşam-deyib,mənim qatlayıb düzəltdiyim " kitabçanı "cibindən çıxarıb, o üzə çevirib bir şeir oxudu, bu üzə çevirib bir şeir oxudu, kağız bütün açıldı. İlahi, mən verən o kağız, bir az əl dəsmalına, bir az cib yaylığına, bir azda salfetkaya oxşayırdı. Yağ ləkəsi,tər ləkəsi içərisində qaralı-ağlı şeirlər.  

   - Hə... kağız dolub, birində hazırla deyib, bir şeiroxudu.  

  

  

   Ya Rəbb, adamam, adıma  

   Canıma yazığım gəlsin.  

   Bu dünya xandı,mən qulu,  

   Xanına yazığın gəlsin.  

  

  

   Bir ulu,bir qədim səsdim,  

   Bilmirəm niyə tələsdim.  

   Qılıncam, qınımı kəsdim,  

   Qınıma yazığın gəlsin.  

  

  

   Ay qaranlıqdı, qar işıq,  

   Gecə gündüzə yaraşıq.  

   Qanım qanlara qarışıq,  

   Qanıma yazığın gəlsin.  

  

  

   oxuyur bu saz, bu tar. 

   Canımda qoymadı tutar.  

   Canımdan canımı qurtar,  

   Canıma yazığın gəlsin.  

  

  

   Yaz vaxtıydı. Hər yaz onunla səfərə çıxardıq. Son zamanlar xəstəliyi onu üstələyir, ayaqları şişir ,amansız öskürək amanını qırır, tənginəfəslik nəfəsini kəsirdi. su aşırımlarında hər döngə başı maşını saxladıb, " o nərgizdən bir qom al, oqulançardan,o bənövşədən... Beləcə nazıyla oynayırdım. Hamımız bilirdik, elə özü bilirdi bu dünyada onun vaxtı çox az idi.  

   İncəli səfərimizdən geri qayıdırdıq.Yolumuzu Qəbələ rayonundan saldıq. Qaradeyin kəndində, bacımgil yaşayırdılar. Onlara qonaq olmaq qərarına gəldik.  

   Yeznəmiz Rasim bəy bizi həmişəki kimi çox səmimi qarşıladı, yemək içmək məclisi gecə yarıya qədər uzandı.Birdən Akif:  

   - A Rasim,buralarda bulaq yoxdumu, bir əl üzümüzü yuyardıq, bir az sərin su içərdik,dedi. Rasim gecənin bu nisbində bulaqmı olar deyə düşünüb zarafatla:  

   - Niyə yoxdur Akif bəy.Qiblə bulağı elədirki, buz kimi, çox uzaqda deyil. Xətrin istiyir, durun gedək. Akifə bu söz bənd imiş kimi:  

   - Durun! Ayə bulağınızın gözəl adı var. Durun gedək bir az sərinləyək deyib, hamını ayağa qaldırdı. Gecə qaranlığında, əzəmətli bir ağacın altında yerləşən "Qiblə" bulağına adlamaq asan olmadı. Ayaqlarımız daşlardan sürüşüb, çeyilə,çamıra, batdı.  

   Akif ayaqlarını soyunub,yaxşıca yuyundu, sudan içib geri qayıtdıq.  

   Gecə öskürək bir anda aman vermədi yazığa. Demək olar ki, səhərə qədər arası kəsilmədən öskürdü. Yuxudan çox erkən durquzdu bizi.  

   - Ayə durun, görün quşlar gözəl oxuyur, bir şehli çəməndə ayaqyalın gəzin, bəsdi yatdınız-deyib hamımızı oyatdı. Bacım mənə yaxınlaşıb:  

   - Qardaş, bu adam qəribə adamdı. Səhərə qədər öskürdü, bunun ciyəri partlamadımı? İndidə elə gülür, zarafat edir, mat qalmışıq-deyib təəcübünü gizləyə bilmədi. Sonrada, iki uşaq gülə- gülə bizə yaxınlaşıb, Akif dayı, nasqıların bulaq başında qalıbmış, deyib islaq nasqıları Akifə uzatdılar. O da qımışıb:

      - A bala,məktəbinizə aparın, orada müzeyə qoyarlar- deyib,uşaqlarla zarafat etdi.

      Sonra üzünü mənə tutub:  

   - Arkadaş, siz yuxu bişirdiniz, məndə səhər-səhər bir şeir yazmışam,- deyib bu şeiri oxudu:  

  

  

   Uzanıb sübhə qədər,  

   Çəkirəm ah...Gecələr.  

   Gedir yenə qayıdır    

   Mənə sabah gecələr.  

  

  

   Gecəyə yiyə durmur,  

   Sabahın sağ sahibi.  

   Qaralar ağı yedi  

   Hardadı sahibi. 

  

  

   Ulduzlar ulduz deyil,

    Səbrim dara çəkilir.  

   Neçə bəyaz duyğunun    

   Üstündən qara çəkilir.  

  

  

   Görsəniz yoxam, deyin

   Ay tək batmağa getdi.  

   Öldü deməyin, dostlar  

   Akif yatmağa getdi.

  

   3. ETÜD  

  

  

   Mən gələnə qalmadı      

   Alma-ata şəhərinə işgüzar səfərə çıxmalıydım. 2004-cü ilin əvvəlləri idi. Görüşmək üçün Akif gilə getdim. Xeyli söhbətləşdik.  

   -Məmməd, gecmi gələcəksən? Sənsiz heç bilmirəm necə duracam. Məmməd İlqarı da özümdən küsdürmüşəm. Tez gələrsən, bizi barışdırarsan...-deyib susdu. Ayrıldıq. Beş-on addım gedib geri döndüm. Akif Arxamca mənə baxırdı.  

   - Məmməd, olaydı sən gələnə qədər ölməyəydim-deyib gülümsədi. Onu gözləri dolan görməmişdim. Üzümü çevirib, uzaqlaşdım, göz yaşımı gizləmək üçün...   

   İyul ayının 12-si bilet alıb Bakıya qayıdırdım.Təyyarədə oturub bizə paylanan qəzet-jurnalları vərəqləyirdim. Qəzet səhifəsinin birində Akifin şəkilini gördüm. Yazını oxuyanda, elə bil damarlarımda qanım dondu. Bir xanim yazar ( adı yadımda qalmayıb ) . Akifə xatirə yazısı yazıb, ağılarla, laylalarla İncəliyə gedən karvana, " Amandı, ay ildən əylən " Qım-qımısıyla bağrımın başını oyuq-oyuq elədi. Hönkürtümə yaxınlaşan stuardessa, əlimdəki kağıza, qara haşiyəli şəkilə baxıb,kor-peşman geri qayıtdı...   

   Məni qarşılamağa oğlum Daşqın gəlmişdi.O bu qara xəbəri mənə necə deyəcəyini bilmirdi. Bir-iki dəfə dili dolaşa-dolaşa isə demək istədi. Mən onu qabaqlayıb, bilirəm, oğlum bilirəm deyib, maşınına oturduq. Akif mən qayıdana qalmadı. Son anlarında yanında ola bilmədiyimə görə heç özümü bağışlaya bilmirəm. Şair dostum Şəmsi qoca, görəsən Məmməd Akif ayrılığına necə dözəcək deyibmiş. Sonra Akifə yazdığım qım-qımını oxuyub başını bulayıbmış.  

  

  

   Fil olan ağırdı,  

   Gül olan fağırdı

   Dil olan çağırdı  

   Göz olan ağladı... 

    Çağırma fələyi,  

   Kəfəndi bələyi.  

   Çat verən ürəyi  

   Köz olan ağladı  

  

  

   Bu etüdlər Akiflə keçən ömrüm çox tələsik cizgilərlə qələmə alınmış qısaca anları, xatirələridir. Bu xatirələrin isə sayı-hesabı yoxdur. Akif Səməd həm poeziyamızda, həm könüllərimizdə özünə bənzər,bənzərsiz bir iz ,bir yol qoyub gedənlərdəndir. "Amandır,ay gedən əylən" yaza bildi. Ancaq əylənə bilmədi. Çox tələsirdi. Cəmi dünya hesabı ilə 45 yaş yaşayıb, min illik, min il, düz Adəmdən Akif Səmədəcən yaşadı bu ağır taxtalı kişi.  

   Beləliklə mənə həsr etdiyi bir şeirlə sizlərlə sağollaşıram möhtərəm oxucular.

  

  

  

   DƏMİRÇİOĞLUYA

  

  

  

   Bütün yollar dolanıbdır dünyanı,  

   Kəndə dönür,kəndə dönür arxadaş.  

   Üz çevirməz bəndəsindən yaradan,  

   Bəndə dönür,bəndə dönür arxadaş.  

  

  

   Yanar ocaq bir dəfəlik ha sönmür,  

   Kül altında qor illərə ha sönmür,  

   Üzüdönük bircə dəfə ha dönmür,  

   Gündə dönür,gündə dönür arxadaş.  

  

  

   Qara qoçun sabahı yox, sabahı,  

   Qara acın pənahı yox, pənahı.  

   Qara saçın günahı yox,günahı,  

   Kündə dönür, kündə dönür arxadaş.  

  

  

   Səndən qabaq kimlər baxıb bu çaya,  

   hesaba gələsidi,nə saya  

   Yer firlanmır nə günəşə,nə aya.  

   Səndə dönür,səndə dönür arxadaş.  

  

  

   Nə yatıbsan bu sərində,kölgədə,  

   Səni gəzir ağrı dağı bəlkə də,  

   İmanlısı Akif olan ölkədə.  

   Dində dönür-dində dönür arxadaş.

 

Məmməd Dəmirçioğlunun təqdimatında

Ədalət.- 2011.- 24 dekabr.- S.18.