Arxada qalan uğurlu il
Ən müxtəlif qayğılarla, ümidlərlə
dolu daha bir il tarixin
arxivinə verilməkdədir. Bir an kimi keçən bir il tarixi
baxımdan elə də böyük zaman deyil. Ancaq hər
saatı, hər günü qayğılar,
sevinclər, uğur və uğursuzluqlarla müşayət edilən
vaxt, zaman, nəhayət, son anda ilə çevrilən tarix elə də qısa olmur deyəsən. Və bu "bir illər"
insan ömründə
kifayət qədər
tutumlu zamandır.
Elə insan ömrünə sığınan dünyanın,
həyatın inkişafı
şübhəsiz insanlara
da minnətdar olmalıdır.
İnsanların
qurub-yaratdığı, bəzən
müxtəlif səbəblərdən
nəyəsə də
nail ola bilmədikləri,
ancaq ümumən sabaha isti bir
nəfəslə apardıqları
Cəlilabad rayonu daha uğurlu bir ili arxada
qoymaqdadır. Torpağa bağlı
əməksevər insanları
olan bu rayonun
çiyinlərinə məsuliyyətli
bir yük də düşüb.
Xeyli ərazisi İran islam
Respublikası ilə həmsərhəd Cəlilabad
siyasi rejimi başqa olan dövlətin təsirlərindən
də qorunmalıdır.
Heç
şübhəsiz ki,
bütün bunlara tarazlıq gətirməklə
yaşamaq elə də asan deyil.
Bütün bunlarla bərabər 200 mindən çox əhalisi olan Cəlilabad rayonu xeyli müvəffəqiyyəti
olan daha bir ili arxada qoymaqdadır.
Rəsmi rəqəmlər nə deyir
Ümumiyyətlə
Azərbaycan Respublikası
üçün uğurlu
olan 2011-ci il
Cəlilabad rayonu üçün də eyniyyət təşkil edir. "Azərbaycan Respublikası regionların
2009-2013-cü illər üçün
sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"nın həyata keçirilməsi istiqamətində
Cəlilabad rayonunda da iqtisadi sahədə
bir sıra uğurlar qazanılmışdır.
Tikinti-abadlıq işləri davam
etdirilmiş, əhalinin
sosial qayğılarının
həlli yolunda əsaslı tədbirlər
görülmüşdür. Təkcə bu ilin 9 ayı
ərzində Cəlilabad
rayonunda ümumi məhsul buraxılışının
həcmi 365 milyon 721 manat olmuşdur. Hər nəfərə düşən
məhsul istehsalının
miqdarı da böyüyərək 1850 manata
yüksəlmişdir. 2010-cu ilin müvafiq dövrü ilə müqayisədə istehsalın
həcmi 17,8 faiz çox olmuşdur. Ötən müddət ərzində
sənaye sahələrində
4 milyon 124 min manatlıq
məhsul istehsal edilmişdir.
Rayon iqtisadiyyatının
əsasını təşkil
edən aqrar sahədə də kifayət qədər irəliləyişlər var. Cəlilabadda
bu müddət ərzində kənd əməkçiləri tərəfindən
114,2 min ton taxıl, 79,1 min ton kartof, 1,7 min ton tərəvəz,
369 ton bostan məhsulu,
1369 ton meyvə, 3200 ton üzüm,
176 ton günəbaxan, 216 ton qarğıdalı istehsal
edilmişdir.
Heyvandarlığın inkişafı diqqət
mərkəzində saxlanılmışdır.
Nəticədə iri buynuzlu
mal-qaranın sayı
98907 başa, xırda
buynuzluların sayı
isə 122 min başa çatdırılmışdır. Cari ilin 9 ayı
ərzində 8746 ton ət,
47397 ton süd, 15 milyon
103 min ədəd yumurta,
318 ton yun əldə edilmişdir.
"Aqrolizinq"
Səhmdar Cəmiyyətinin
rayondakı aqroservis müəssisəsi kənd
sakinlərinə yaxşı
xidmət göstərməyə
davam etmişdir.
Sonda rayona 23 ədəd müxtəlif təyinatlı
kənd təsərrüfatı
maşınları gətirilmişdir.
Kənd təsərrüfatı istehsalçılarına
büdcə vəsaiti
hesabına 2 milyon 661
min manat subsidiya verilmişdir. Torpaq sahiblərinə
güzəştli şərtlər
daxilində 500 ton azot,
160 ton kalium gübrələri
satılmışdır.
Cəlilabadın
abadlığı da daim gündəmdədir
Bütün ölkədə olduğu kimi son illər Cəlilabad rayonunda da tikinti-abadlıq,
quruculuq işlərinin
miqyası kifayət qədər genişləndirilmişdir.
Cəlilabad şəhərində
Heydər Əliyev adına Yaradıcılıq
Mərkəzi, Dövlət
Bayrağı Meydanı,
Qaz İstismarı idarəsi, Hərbi məhkəmənin inzibati
binası inşa edilib istifadəyə verilmişdir. Hazırda bu istiqamətdə
işlər davam etdirilir. Olimpiya İdman Kompleksi,
Rayon baytarlıq İdarəsi,
Göytəpə Yanğın
Xidməti bölməsinin
inzibati binaları tikilib başa çatdırılmaq üzrədir.
Rayonun ən böyük küçələrindən olan
Qurtuluş küçəsində
yolun ətrafındakı
hasarlar müasir görkəmdə yenidən
qurulur.
Cəlilabadda yolların, küçələrin
təmir olunaraq müasir görkəmə
salınması əsas
qayğılardan olmuşdur.
Alar və Günəşli kəndlərində daxili
yollar əsaslı təmir edilmişdir.
Cəlilabaddan Yardımlıya uzanan
yolun 18 kilometri asfaltlaşdırılmışdır. Şəhərin özündə
də daxili yollara 39,9 min kvadrat metr asfalt
vurulmuş, 6,6 min kvadrat
metr sahəyə çınqıl döşənmişdir.
2011-ci ilin 3-cü rübünün
sonuna kimi rayonda ekoloji tarazlığı qorumaq üçün Cəlilabadın
yaşayış məntəqələrində
26 min, Ələt-Astara magistral
yolunun kənarlarında
isə 15 min ağac əkilmişdir. Bu proses indi də davam
etdirilir.
Torpaq uğrunda şəhid olanların ailələrinə,
Qarabağ müharibəsi
əlillərinə daim
yüksək qayğı
göstərən Cəlilabad
rəsmiləri son 5 il
ərzində onlar üçün bir 36, iki 16 mənzilli yaşayış evləri
tikmişlər. Kəndlərdə yaşayan 8 Qarabağ müharibəsi əlilinə
isə fərdi mənzil inşa etmişlər.
Unudulmayan sosial qayğılar
Rayon sakinlərinin
digər qayğıları
kimi sosial qayğıları da daim diqqət mərkəzində saxlanılır.
Bu ilin 9 ayı daxilində Regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramının,
digər tədbirlərin
həyata keçirilməsi
nəticəsində 645 nəfər
yeni iş yeri ilə təmin
olunmuşdur. Bu müddət
ərzində pensiyaçılara
22,8 milyon manat vəsait ödənilmişdir.
Ölkə Prezidenti İlham
Əliyev cənablarının
qayğı və təşəbbüsü ilə
həyata keçirilən
və iri layihələrdən olan ünvanlı sosial yardım proqramı da xüsusi diqqətlə həyata keçirilir. Bu proqram Cəlilabadda 3186 ailəni, ümumilikdə
isə 16118 nəfəri
əhatə edir.
Ailələrə 3 milyon 34 min manat
miqdarında yardım
göstərilmişdir. Bu isə hər
ailəyə orta hesabla 952 manat dövlət yardımı
deməkdir. Rayonda yaşayan
103 kimsəsiz, tək,
ahıl vətəndaşa
isə müxtəlif
növ sosial xidmətlər göstərilir.
Hazırda onlardan 57 nəfəri
şəhərdə, 47 nəfəri
isə kənddə yaşayır.
Rayon əhalisini
elektrik enerjisi ilə mütəmadi təmin etmək üçün arxada qalan ilin 9 ayı
ərzində kifayət
qədər işlər
görülmüşdür. Cəlilabad şəhərinin elektrik
təsərrüfatında yenidənqurma işləri
yekunlaşdırılmışdır.
Rayon mərkəzinin yeni salınmış yaşayış massivində
6 ədəd yeni transformator qoyulmuşdur.
Şəbəkənin daxili imkanları
hesabına Adnalı və Bədirli kəndlərində yeni yarımstansiyalar tikilmiş,
istismara yararsız 33 ədəd transformator təmir edildikdən sonra sistemə qoşulmuşdur.
Cəlilabad şəhərinin qaz təsərrüfatının işi
yaxşılaşdırılmış,
936 paqonnumetr orta və aşağı təzyiqli qaz kəməri yenisi ilə əvəz edilmiş, 3100 ədəd
"Elester" markalı
sayğac quraşdırılmış,
308 abonentə yeni qaz xətti çəkilmişdir. Cəlilabad qaz
paylayıcı stansiyasından
"Broyler" ASC-yə
9600 paqonnumetr yeni qaz borusu inşa
edilmişdir.
Sakinləri içməli su
ilə daha intensiv təmin etmək üçün Cəlilabad şəhərində,
Privolnoye, Üçtəpə
kəndlərində 585 metr
su xətti əsaslı təmir edilmişdir. Su quyularındakı elektrik avadanlıqlarına texniki
qulluğun səviyyəsi
artırılmışdır. Cəlilabad şəhərinin su-kanalizasiya
təsərrüfatının yenidən tikilməsi üçün hazırlıqlar
yekunlaşmışdır.
Burda təhsilə ayrıca diqqət var
Cəlilabad rayonunda son illər, daha dəqiq, 2004-cü ildən indiyə kimi "Azərbaycan Respublikası regionların
sosial-iqtisadi inkişafı
Dövlət Proqramı"na
əsasən 2972 şagird
üçün 9 məktəb,
360 şagird üçün
18 sinif otağı, Heydər Əliyev Fondunun köməyi ilə 1780 şagird üçün 5 məktəb,
digər mənbələr
hesabına 1000 şagird
üçün 5 məktəb,
320 şagird üçün
34 sinif otağı inşa edilmişdir.
2011-ci ildə də məktəb tikintisi davam etdirilmiş, 360 şagird üçün
Gülməmmədli kənd
orta məktəbinin tikintisi başa çatdırılmışdır. Rayonun Sabirabad kənd 1 və Cəlilabad şəhər 2 və 6 saylı orta məktəblərinin tikintisinə
başlanılmışdır. Çünzəli, Badamağac,
Günəşli, Privolnoye,
Közbulaq kənd məktəblərinin əsaslı
təmiri başa çatdırılmışdır.
Bu il rayonun ümumtəhsil məktəblərini bitirmiş
1235 nəfər tam orta
təhsil haqqında attestat, 2633 nəfər isə ümumi orta təhsil haqqında şəhadətnamə
almışdır. Cəlilabadlı
məzunların 232 nəfəri
ali təhsil
müəssisələrinə, 120 nəfəri isə orta ixtisas məktəblərinə
qəbul edilmişlər.
Sevindirici haldır ki, məzunlardan 16 nəfəri Cəmşid
Naxçıvanski adına hərbi liseyə, 4 nəfəri isə Heydər Əliyev adına hərbi ali məktəbə daxil olmuşdur.
Daha bir sevindirici hal ondan ibarətdir
ki, Azərbaycan Respublikası Prezidentinin
28 iyun 2011-ci il
tarixli Sərəncamına
əsasən Cəlilabad
şəhər 1 və
8 saylı məktəb
liseyləri 2011-ci ildə
"İlin məktəbi"
elan edilmişlər.
Bu ilin oktyabr ayında "Müəllim
günü" ərəfəsində
Ölkə Prezidentinin
Sərəncamı ilə
Cəlilabad şəhər
7 saylı tam orta məktəbin direktoru Elminaz Nadirova "Tərəqqi" medalı
ilə təltif edilmişdir. Şəhər
8 saylı məktəb-liseyin
dil-ədəbiyyat müəllimi
Qənimət Əhmədova
"Əməkdar müəllim"
fəxri adına
layiq görülmüşdür.
Heç
şübhəsiz ki,
bütün bunlar təkcə Cəlilabad
rayon təhsil şöbəsinə
deyil, bütünlükdə
rayonun pedaqoji ictimaiyyətinə verilən
böyük qiymətdir.
... Beləcə
xeyli uğurları olan Cəlilabad rayonu daha bir
ili arxada
qoymaqdadır. Əminik ki,
belə uğurların
sayı gələcək
illərdə daha çox olacaq.
Səxavət Məmmədli
Ədalət.-
2011.- 24 dekabr.- S.21.