Dövlətin
kitab məsələsinə müdaxiləsi vacibdir
Elçin Hüseynbəyli:
"Hüseynbala Mirələmov üç kitabımın
sponsorudur"
"Ulduz"
jurnalının baş redaktoru Elçin Hüseynbəylinin
Kulis.az-a müsahibəsi
- Hazırda hansısa bir əsər üzərində işləyirsinizmi?
- Hazırda son romanım-"Yol ayrıcında qaçış"ın çapı ilə məşğulam. Ona görə də qıraq işlərə çox vaxt ayırmıram. Eyni zamanda qarşıdan 50 illik gəlir. 50 illik yubileylə bağlı bir sıra tədbirlər planlaşdırılır. Bundan başqa səfər qeydlərim var, son zamanlarda bir neçə ölkəyə səfərlərim olub. Rahat bir vaxtda səfər qeydlərimi məqalə şəklinə salmaq, mətbuatda dərc etdirmək istəyirəm. Biz həm də "Güney Qafqaz" almanaxı buraxırıq. Rus dilində çıxır və 5 ölkədə yayımlanır. Həm də cari işlərlə məşğulam.
- Dediniz ki, 50 illik yubileyinizlə bağlı tədbirlərin keçirilməsi planlaşdırılır. Təşəbbüs özünüzdən gəlib?
- Mən, ümumiyyətlə, özümlə bağlı təşəbbüs göstərmirəm. Əslinə qalsa bu görüşlər heç mənim 50 illiyimlə bağlı deyil. Sadəcə elə oldu ki, görüşləri 50 illiyin vaxtına saxladım. Bir çox yerlərdə, o cümlədən Bakı Dövlət Universitetində görüş planlaşdırılır. Anar müəllim Natəvan klubunda 50 illik yubilyemin keçirilməsi təşəbbüsünü irəli sürüb.
- Oxucular sizi məhsuldar
yazıçı kimi tanıyır. Yazdığınız
kitabların oxunma səviyyəsi sizi qane edirmi?
- İndiki mühitə,
ümumiyyətlə, dünyada gedən ədəbi proseslərə
baxsaq, kitablarımın oxunma səviyyəsini normal hesab etmək
olar. Dünyada kitaba maraq azalıb. Azərbaycanda isə cəmi 15-ə yaxın kitab
mağazası varsa, yazıçının kitabının
min nüsxə ilə çap olunması normaldır. Ancaq 100-150 kitab mağazası olsaydı, onda 10 min
tirajla kitab nəşr etdirmək mümkündür. Bu günlərdə Natəvan klubunda kitaba tətbiq
olunan əlavə dəyər vergisinin ləğvi ilə
bağlı tədbir keçirildi. Bu təşəbbüs
alqışa layiqdir və kitabın qiymətinin
aşağı düşməsinə təsir göstərə
bilər. Ancaq mən orda da dedim, təkcə
bu addım kitaba olan marağı istədiyimiz qədər
artırmayacaq. Dedim ki, biz nəşriyyat işinin və kitab
satış şəbəkəsinin yenidən qurulması,
inkişafı üçün ölkə prezidentinə
müraciət etməliyik. Mən əminəm
ki, dövlət başçısı bu müraciətə
biganə qalmayacaq. Nəşriyyat
işinin inkişafı və kitab satış şəbəkəsinin
inkişafı üçün dövlət proqramı olarsa,
ciddi uğur əldə etmək mümkünləşər.
Hətta oxucularla və yazıçılarla
işləyən bir qurumun da yaranması mümkündür.
Bəziləri deyirlər ki, yazıçı
kitabını özü satmalıdır, bu, dövlətin
işi deyil. Amma mən fərqli
düşünürəm, bunu deyənlər möhkəm
yanılırlar. Dövlətin kitab məsələsinə
müdaxiləsi vacibdir, belə olmasa bu istiqamətdə
inkişafı görməyəcəyik. Onu
da nəzərə almaq lazımdır ki, biz prinsipcə
büdcə dövlətiyik. Belə
olarsa, inanıram ki, zəhmətkeş, özünə inanan
yazıçıların maddi rifah halında böyük dəyişiklik
baş verər. Bəzən deyirlər ki,
kitabı reklam etmək lazımdır. Ancaq
mən belə fikirləşirəm ki, "Şah Abbas"
kimi bir romanın reklama ehtiyacı yoxdur. Çünki,
bu, artıq brenddir.
- Romanın adı brenddir, yoxsa
müəllif?
- Şah Abbasın
özü brenddir. Eləcə də
Əmir Teymur, Şah İsmayıl Xətai haqqında
yazılan tarixi romanların reklama ehtiyacı
olmamalıdır. Yetər ki, kitab
haqqında bir dəfə məlumat verilsin. Yəni bunların özünün artıq
reklamı var. Bunların sosial reklamı var. Ona görə də
belə kitabların reklama ehtiyacı yoxdur. Ümumiyyətlə, kitabın o zaman geniş reklama
ehtiyacı olardı ki, dediyim kimi kitab satış şəbəkəsi
geniş olsun. İndiki məqamda
kitabların reklamı effekt verməyəcək. Amma kitaba sevgini geri qaytarmaq üçün
keçirilən aksiyaları müsbət qiymətləndirmək
olar.
- Sizin kitabların qiyməti
neçəyədir?
- Təxminən 10 manat.
- Hesab etmirsiniz ki,
kitablarınızın qiyməti baha və camaatın cibinə
uyğun deyil.
- "Yol ayrıcında
qaçış" romanına qiyməti bir az
aşağı qoyacam, 5-7 manat arası. Ancaq
"Şah Abbas" üçün 10 manat da azdır.
Çünki mən o romanı yazanda iki il
əziyyət çəkmişəm. "Şah
Abbas" tarixi roman olduğuna görə onun bu qiymətə
satılması normal qarşılanmalıdır. Bir məqam
da deyim: indi çıxaq burdan, əgər mən təcili
"Neftçilər"ə getməliyəmsə, taksi məni
10 manatdan aşağı aparmayacaq. Bir adam
toya gedirsə, ən azı 50 manat pul atır. Həmin
pulla 5 dənə "Şah Abbas" almaq olar. Bu baxımdan da düşünmürəm ki, 10
manat böyük puldur.
- "Ulduz"
jurnalının keyfiyyətli çıxmaması ilə
bağlı çoxlu iddialar var. Bu iddialarla
razılaşırsınızmı?
- Əgər hərəkət
varsa, hərəkətə münasibətdə müxtəlif
fikirlər ola bilər. Biz
çalışırıq ki, "Ulduz" jurnalı ədəbi
palitramızı əhatə etsin. İkinci,
biz elə jurnal buraxmağa çalışırıq ki, onu
insanlar evinə apara bilsin. Mən elə
jurnal buraxıram ki, analarımız, bacılarımız
oxuya bilsinlər. Mən elə jurnal
buraxıram ki, yazılarda cümlələr Azərbaycan
dilində olsun. Nöqsanlar ola bilər,
ancaq biz Azərbaycan dilində jurnal buraxırıq. Ola bilsin, bəzi insanlar istəyirlər ki,
qırğın, dava-dalaş, yaxud pornoqrafiya olsun, biz buna getməyəcəyik.
Bəziləri gözləyir ki, iyrənc
pornoqrafiya yazanları təqdim edim. Ancaq
biz bunu etmirik və etməyəcəyik də.
- Müsahibələrinizin birində
isə belə bir fikir işlətmişdiniz ki,
yazıçılar "Ulduz"a yazı təqdim etməyə
həvəs göstərmirlər.
- Bu problem həmişə olub. Ümumiyyətlə, Azərbaycanda dəyərli
şairlərin, yazıçıların sayı o qədər
də çox deyil axı. Hətta onların
hamısı döşənib "Ulduz"a il
boyu yazsalar da yüksək səviyyəni saxlaya bilməyəcəklər.
Ona görə də "Ulduz" jurnalından
fövqəladə yazı gözləmək doğru deyil.
Azərbaycanda olan əksər istedadlı adamlar
bizim jurnalda çap olunur. Bizdə ancaq AYO
adlandırlan qrup çap olunmur. Onlar da
vaxtında küyə düşdülər. Müəyyən bir istiqamət şeçdilər,
müəyyən adamların yanlış düşüncəsinin
qurbanı oldular və "Ulduz"dan kənarda qaldılar.
İndi elə bil "Ulduz"da çap
olunmamaq onların boynuna düşüb. Onların
"Ulduz"da çap olunmamağı özlərinin
günahıdır. Çünki ənənəsi
olan jurnaldır, az-çox oxunur.
- Belə çıxır ki,
AYO-çuları cap edə bilərsiniz?
- Pornoqrafiya olmasa, bəli. Əslində pornoqrafiyanı, erotikanı da gözəl
yazmaq olar. Yəni peşəkar yazılar
olarsa, hətta orada erotika belə olsa çap edə bilərik,
heç bir problem yoxdur. Bəzi adamlar belə
fikirləşirlər ki, hər şeyi olduğu kimi yazmaq
peşəkarlıqdır. Üzr istəyirəm,
eşşəkdən ehtiraslısı yoxdur. Hər şeyi hamının gözünün
qabağında eləyə bilir. Bunu mətbuata
gətirməyin nə adı var? Bizim
ağlımız var, insan hər
düşündüyünü deməli deyil.
- Amma Anar müəllimlə
çay içmək istəyən gənclərin təklifinə
normal reaksiya verilmədi.
- Anar müəllim metrdir. Anar müəllimin əlini öpmək olar.
Necə ki, Türkiyədə hocanın əlini öpərlər
və heç kim də bunu əskiklik
saymaz. Siz dediyiniz məsələdə ranqlar və
tərəflər dəhşətli dərəcədə
qeyri-mütənasibdir. Anar və Qan Turalı, Anarla bir stol arxasında çay içmək, vallah
çox gülməlidir. Bu iddianın
özü məntiqsizdir. Müəyyən
bir səviyyəyə gəlib-çatmalısan ki, bunu iddia
edəsən, Anar müəllim oturduğu stolda bir qıraqdan
otura biləsən. Əgər desəydilər
ki, Anar müəllim bizim hocamızdır, onun əlini öpmək
istəyirik, bunu başa düşərdim. Amma Anar müəllimlə çay içmək
iddiası. Birinci gəlib Elçin
Hüseynbəyli ilə çay içsinlər, görək
çayı necə içirlər, qabiliyyətləri nəyə
çatır. Ondan sonra iddiaları olsun
ki, Anar müəllimin olduğu məclisdə biz də
iştirak edək.
- 2005-ci ildə "Ulduz"
jurnalının üz qabığında Hüseynbala Mirələmovun
şəkli dərc olunmuşdu. Bu şəkil
nə məqsədlə verilmişdi?
- Hüseynbala Mirələmov
Azərbaycanda normal yazıçıdır. Kim Hüseynbala Mirələmovu tənqid edirsə,
öz işidir. Hüseynbala müəllimin
onu tənqid edənlərdən fərqi ondadır ki, Mirələmovdan
fərqli olaraq onlar cümlə qura bilmirlər. Bu adam Azərbaycan dilində normal əsər
ortaya qoya bilir. O ki qaldı, bu əsərlərin nə dərəcədə
uğurlu olmağına, bu, mənim işim deyil, tənqidçilərin
işidir. Amma mən Mirələmovu kifayət
qədər normal yazıçı sayıram. O ki,
qaldı üz qabığında onun şəklinin verilməyinə.
Mən düşünmürəm ki, "Ulduz"un üz qabığında Röyanın, Rəqsanənin
şəklini versəydik camaatın xoşu gələrdi.
O zaman yazıçılardan bir
neçəsi deputatlığa namizədliyini irəli
sürmüşdü. Onlardan biri Rəşad Məcid,
o biri Hüseynbala Mirələmov idi. Biz
üz qabığında onların şəkillərini bir dəstək
olaraq verdik. Həmin nüsxə başqa
nüsxələrdən fərqli olaraq 5-6 dəfə
çox satıldı. Seçicilərə
paylandı, həm də bu yolla "Ulduz" jurnalı
insanlar arasında daha çox yayıldı. Burada qeyri-adi heç nə yoxdur.
- Amma biz bildiyimizə görə,
təşəbbüs Hüseynbala Mirələmovdan gəlib.
- Yox, həmin təşəbbüsü
Hüseynbala müəllimə şəxsən mən
vermişəm. Onu da deyim ki, indi Hüseynbala
müəllimi bəyənməyənlərə, o, vaxtilə
çox kömək edib. Kiminsə
kitabını çıxardıb, kiminsə xəstəsi
olub ona əl tutub. Çox adam bunu
etmir. Bu gün milyonu olan adamlar var ki,
üstünü örtür. Mirələmovun
xidmətlərini danmaq lazım deyil.
- Mirələmov şəxsən
sizə də kömək edib?
- O, mənim üç kitabıma
sponsorluq edib. Hüseynbala müəllim bu jesti
etdi, mən də deputat seçkilərində sizin dediyiniz
jesti etdim və burada qəbahətli bir şey yoxdur.
- Deyəsən,
Yazıçılar Birliyinin sədri olmaq iddianız var?
- Xeyr, belə bir iddiam yoxdur. Ola bilsin ki, kimsə məni sədr kimi görmək
istəyir. Ona görə sədr görmək
istəyirlər ki, Elçin Hüseynbəyli həm jurnalist,
həm publisist, həm də yazıçı kimi bazası
olan adamdır. Eyni zamanda Elçin
Hüseynbəylinin imici var. Beynəlxalq əlaqələri
var. Bütün bunlar görünür ki, mənim sədr
olmaq şansım haqqında müəyyən mülahizələr
yaradır. Ancaq Anar müəllim sədrliyə
namizədliyini verməzsə, bu barədə
düşünmək olar. Ancaq mən
heç vaxt deməmişəm ki, mən sədr olmaq istəyirəm.
Bizim sədrimiz Anardır, Anar olaraq qalır.
Mən gələcəkdə də Anarı sədr
görmək istəyirəm, bir daha. Anar
müəllim də mətbuata verdiyi açıqlamada bildirib
ki, mən hələ qərarımı verməmişəm.
Qurultay ərəfəsində Anar müəllim fikrini
açıqlayarsa, baxarıq-görərik kim
var, sədr kim ola bilər. Mən belə
düşünürəm ki, bu məsələdə
yazıçılar ağıllı hərəkət etməlidirlər.
- Bəziləri deyir ki, bir
adamın vəzifədə bu qədər qalmağı
doğru deyil, siz necə fikirləşirsiniz?
- Təbii ki, mən də o fikirlərlə
razıyam ki, bir adam vəzifədə, bir
yerdə çox qalmalı deyil. Bu, hər kəsə
aiddir, təkcə Yazıçılar Birliyinin sədrinə
yox. Postu tutan adam daima ordan
yapışıb qalmalı deyil. Sadəcə
olaraq hansı təhlükə var? Azərbaycan
ədəbi mühitində bir-birini qəbul eləməyən
çox sayda qüvvələr var. Anar yeganə adamdır ki,
bu qüvvələri bir araya gətirə bilər. Özünün tamahı yoxdur, hər kəsin
haqqını bilir və hər kəsin haqqını verməyi
bacaran adamdır. Bu baxımdan Anar əvəzsiz
adamdır. Bir-birini qəbul eləməyən
adamlar Yazıçılar Birliyində vəzifə
başına gəlsələr, ədəbi mühitdə
xaotik vəziyyət yaranacaq.
- Əsərlərinizin birində işlətdiyiniz "Şəhid olub, ölüb" cümləsi çox tez-tez sizə qarşı istifadə olunur. Ümumiyyətlə, bu cümlənin izahını verə bilərsiniz?
- Mən bir qədər fərqli təhsil almışam. Rus dilində yazan yazıçıları az oxumamışam. Məsələn, Dostoyevskinin özündə də belə bir cümlə var: "Onlar yumru, oval stolun ətrafında oturmuşdular". Bu, mexaniki səhvdir. Bir də assosiativ cümlə quruluşları olur və iki söz təkrarlanır. Bu, ingilis dilində daha çoxdur. Əslində "Şəhid olub, ölüb" tavtalogiyadır. Dilçilikdə tavtalogiya, söz təkrarı var. Ciddi bir şey deyil bu. İndi mənim bütün romanlarımın, hekayələrimin, publisistikamın, dram əsərlərimin içindən sizin yadınızda yalnız bu cümlə qalıbsa, mən yalnız təəssüf edirəm.
- Sifət cizgilərinizdən görünür ki, suallar sizi qane eləmədi...
- Bilmirəm, sizin saytın xüsusiyyətindəndirmi, yaradıcılıq istiqamətindəndirmi, daha çox intriqaya, xırdaçılığa meyllisiniz. Mənə elə gəlir ki, Azərbaycan yazıçısına Vətənimizin, cəmiyyətimizin problemləri haqqında sual vermək daha yaxşı olardı. Ümumiyyətlə, dünya kövrək bir dünyadır. ABŞ bütün günü İranı hədələyir. Sual vermək lazımdır ki, yazıçı bu haqda nə düşünür, nə ola bilər? Bilirsiniz, ən düzgün proqnozları çox vaxt yazıçılar verir. Bunlardan, bizim insanlarımızdan söhbət etmək olardı. Bizim Qarabağ dərdimizdən söhbət etmək mümkün idi. Mən qarabağlıyam və mənim hekayələyimi oxuyan adamlar bilir ki, bu mövzuda çox həssasam. Amma bizim söhbətimiz "filankəsin iti gəldi, filankəsin qapısındakı sürütməni apardı"ya bənzədi. Mən istəyərdim ki, daha dərin və daha intellektual söhbət edək.
Ədalət.- 2011.- 27 dekabr.- S.5.