"Kaspi" 130 illiyini qeyd etdi

 

 

Dünən Beynəlxalq Mətbuat Mərkəzində "Kaspi" qəzetinin 130 illiyi ilə bağlı elmi-praktik konfrans keçirilib. Tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov cəmiyyətdə ictimai fikrin formalaşmasında qəzetin rolundan danışıb: "Əkinçi" qəzeti maarifçilik ideyalarını yaymaqla mətbuatın təməlini qoydusonradan bu ənənələri "Kaspi" qəzeti yaşadıb. Bu qəzet 10 minlik nüsxə ilə dövrünün ən tirajlı qəzeti olaraq yalnız Azərbaycanda deyil, Rusiyada, Yaxın Şərq ölkələrində yayılırdı".  

   Ə. Amaşov qeyd etdi ki, "Kaspi" qəzetinin səhifələrində dərc edilən məqalələrdə dövrün ziyalıları - Əlimərdan bəy Topçubaşov, Həsən bəy Zərdabi, Məhəmməd Şahtaxtlı, Əhməd Ağaoğlu, CeyhunÜzeyir Hacıbəylilər və digərlərinin imzaları görünüb: "Qəzet 1999-cu ildən təkrar dərc olunmağa başlayıb və ictimai fikrə təsir göstərib".    

   "Kaspi" qəzetinin təsisçisi Sona Vəliyeva qəzetin 130 illiyi münasibətilə elan edilən elmi araşdırmalar müsabiqəsinin "Kaspi" qəzeti tarixinin maraqlı məqamlarını üzə çıxardığını qeyd edib: ""Əkinçi" öz fəaliyyətini dayandırdıqdan sonra Həsən bəy Zərdabi öz ideyalarını "Kaspi"də həyata keçirib. Qəzet 1881-ci ildən 1919-cu ilədək fasiləsiz fəaliyyət göstərərək bütün düşüncə sahiblərini ətrafına toplaya bilib. 1897-ci ildə "Kaspi" mətbəəsi Hacı Zeynalabdin Tağıyev tərəfindən alınıb. "Kaspi"nin fəaliyyətinin böyük bir mərhələsi Əhməd Ağaoğlunun yaradıcılığı ilə bağlıdır".    

   S. Vəliyevanın sözlərinə görə, "Kaspi" qəzeti rus dilində çıxmasına baxmayaraq, xalqın milli təfəkkürünün dirçəlməsində, milli azadlıq hərəkatında, Xalq Cümhuriyyətinin yaranmasında Azərbaycan ziyalılarının təfəkkür mərkəzi rolunda çıxış edib.  

   Konfransda iştirak edən Cahangir Məmmədli "Kaspi" qəzetinin fəaliyyəti ilə bağlı elan olunan müsabiqə məqalələri sayəsində işıq üzü görən "Üç əsrin qəzeti" kitabdan danışdı. O bildirdi ki, bu kitab təkcə bir müəllifin deyil, orada əksini tapan məqalə müəlliflərinin birgə ərsəyə gətirdikləri qiymətli bir mənbədir.    

   Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli bildirib ki, "Kaspi" qəzeti öz sələfinin xəttini tutub: "32 tədqiqatçının elmi məqaləsi "Üç əsrin qəzeti" kitabında yer alıb. Bu kitab həm jurnalistlər, həm digər peşə sahibləri üçün Azərbaycan jurnalistikası tarixini öyrənmək baxımından önəmlidir".  

   Konfrans çərçivəsində tədqiqatçılar Səmayə Mövlayeva, Cahangir Məmmədli "Kaspi" qəzetinin keçdiyi tarixi yola nəzər salaraq öz fikirlərini bildiriblər.  

   Tədbirdə 12 məqalə müəllifi 300 manat, digər müəlliflər isə kiçik həcmli pul mükafatları ilə mükafatlandırılıblar. Konfransda "Kaspi" qəzetinin 130 illiyi ilə bağlı keçirilmiş elmi məqalələr müsabiqəsinin nəticəsi olaraq çap edilən "Üç əsrin qəzeti" kitabının təqdimatı baş tutub.

  

 

Gültəkin

Ədalət.- 2011.- 28 dekabr.- S.6.